Tövhidi pozan və onu naqisləşdirən məsələlər

Şeyx AbdurRazzəq əl-Bədrin (həfizahullah) "Min Məalimit-Təuhid" kitabından

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Tövhidi pozan və onu naqisləşdirən məsələlər vardır; Tövhidi pozan o şeylərdir ki, bu şeylər əməlləri və bütünlüklə dini batil edir. Bu şeylər; Allaha küfür etmək, ona şərik qoşmaq və xalis olan nifaqdır. Həm küfrün, həm şirkin, həm də böyük nifaqın növləri vardır. Bu növlərin hər biri tövhidi pozan məsələlərdir. Bunlar tövhidin əslini pozur və onu əsasından məhv edir; Böyük şirk, böyük küfr, böyük nifaqın hər biri növləri ilə birlikdə tövhidi pozur və onu kökündən məhv edir. Uca Allah buyurur: «Həqiqətən münafiqlər cəhənnəmin ən aşağı qatında olacaqlar.» (ən-Nisə, 145)

Uca Allah buyurur: «İmanı inkar edənin əməlləri boşa çıxar və o, axirətdə ziyana uğrayanlardan olar.» (Maidə, 5)

Uca Allah buyurur: «Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan.» (Zumər, 65).

Tövhidi naqisləşdirən şeylər isə o şeylərdir ki, onlar sadəcə tövhidi naqisləşdirir, tövhidi batil etmir və onu kökündən yox etmir; bu da kiçik küfr və əməli nifaqdır. Buna misal hədisdə varid olduğu kimidir. Buxari və Muslimin öz səhihlərində Əbu Hureyrənin rəvayət etdiyi hədisdə Rəsulullah ﷺ buyurur ki: «Münafiqin əlaməti üçdür: danışan zaman yalan danışar, vəd verdiyi zaman vədinə xilaf çıxar və əmanətə xəyanət edər.» Bunlar tövhidi naqisləşdirən məsələlərdir. Bir qulda bunlar olarsa, onun tövhidi və imanı naqisləşər. Eyni zamanda kiçik şirk və şirk olan sözlər də olarsa; əgər insan bunun həqiqətini qəsd etməzsə, yalnız dili ilə deyərsə, bu da tövhidi naqisləşdirir. Lakin, bu əməlin həqiqətinə etiqad edərək deyərsə, bu, böyük şirk olar və tövhidi pozar.

Buna görə də, hər bir möminin üzərinə vacibdir ki, tövhidə riayət etsin, tövhidi pozan və naqisləşdirən şeylərdən uzaq dursun. Şeyx Abdur-Rahmən ibn Həsən (rahimahullah) demişdir: “Bil ki tövhidin əksi şirkdir və bunun da üç növü vardır: Böyük şirk, kiçik şirk və gizli şirk”.

1) Birinci növ – Böyük şirk. Böyük şirkə dəlil Uca Allahın bu ayəsidir: «Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur.» (Nisə, 48),

Uca Allah buyurur: «Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir”– deyənlər artıq kafir oldular. Məsih isə demişdir: “Ey İsrail oğulları! Rəbbim və Rəbbiniz olan Allaha ibadət edin! Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır.”» (Maidə, 72)

Şirkin dörd növü vardır:

1. Duada edilən şirk; Buna dəlil Uca Allahın bu ayəsidir: «Onlar gəmiyə mindikləri zaman, dini yalnız Allaha məxsus edərək, Ona yalvarırlar. Allah onları xilas edib quruya çıxaran kimi, yenə də Ona şərik qoşurlar.» (Ənkəbut, 65)

2. Niyyətdə edilən şirk; Bu da insanın qəlbində bir şeyi istəməsi və qəsd etməsidir, buna da dəlil Uca Allahın bu ayəsidir: «Kim dünya həyatını və onun bərbəzəyini istəyirsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar orada zərər çəkməzlər. Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar.» (Hud, 15-16).

3. İtaətdə edilən şirk; Buna dəlil isə Uca Allahın bu ayəsidir: « Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini, bir də Məryəm oğlu İsanı tanrılar qəbul etdilər. Halbuki onlara ancaq tək olan İlaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa məbud yoxdur. O, bunların şərik qoşduqları şeylərdən uzaqdır.» (Tövbə, 31). Bu ayə açıq dəlilidir ki, bu da Uca Allaha asilikdə alimlərə itaət etməkdir. Bu, onlara dua etmək deyildir. Necə ki, Rəsulullah ﷺ Adiy ibn Hətimə bu ayəni açıqlamışdır, o zaman ki, bu haqda soruşanda deyir ki: Biz onlara ibadət etmirik, Rəsulullah ﷺ isə bu ibadəti onlara asilikdə itaət etmək olduğunu açıqlayır.

4. Sevgidə edilən şirk; Buna dəlil də Uca Allahın bu ayəsidir: «İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər.» (Bəqərə, 165) bu ayəyə qədər: «…onlar heç vaxt Cəhənnəm odundan çıxa bilməyəcəklər.» (Bəqərə, 167)

2) İkinci növ – Kiçik şirk; bu da riyadır, buna dəlil isə Uca Allahın bu ayəsidir: «Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın.» (Kəhf, 110)

3. Üçüncü növ – Gizli şirk; Buna dəlil Rəsulullahın ﷺ bu hədisidir: «Ümmətimdə bu şirk qaranlıq gecədə qara daşın üzərindəki qara qarışqanın ayaq izlərindən daha gizlidir.» Bunun da kəffarəsi Rəsulullahın ﷺ bu duasıdır: «Ey Allahım, bildiyim halda hər hansı şeyi Sənə şərik qoşmaqdan Sənə sığınıram və bilmədiyim günahlarıma görə Səndən bağışlanma diləyirəm»

Küfr iki cürdür:
1. Dindən çıxaran küfür; bunun da beş növü vardır:

1) Birinci növ: Yalanlamaq küfrü, buna da dəlil Uca Allahın bu ayəsidir: «Allaha qarşı yalan uyduran və yaxud özünə haqq gəldikdə onu yalan sayan kəsdən daha zalım kim ola bilər? Cəhənnəmdə kafirlər üçün yermi yoxdur?» (Ənkəbut, 68)

2) İkinci növ: Təkəbbürlük küfrü və təsdiqləməklə yanaşı üz döndərmək, buna da dəlil Uca Allahın bu ayəsidir: «Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– dedikdə, İblisdən başqa hamısı səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu.»

3) Üçüncü növ: Şəkk küfrü, bu da zənn küfrüdür, buna dəlil Uca Allahın bu ayələridir: «O özünə zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm. O Saatın gələcəyini də zənn etmirəm. Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!” Onunla söhbət edən yoldaşı isə dedi: “Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni kişi qiyafəsinə salmış Rəbbinə küfrmü edirsən?» (Kəhf, 37)

4) Dördüncü növ: Üz döndərmək küfrü, buna da dəlil Uca Allahın bu ayəsidir: «Bu ona görədir ki, onlar iman gətirdikdən sonra kafir oldular. Sonra da onların qəlbinə möhür vuruldu. Artıq onlar anlamırlar.» (Munəfiqun, 3)

2. Kiçik küfür; Bu, dindən çıxarmayan küfürdür: Bu da nemətin küfrüdür, buna da dəlil Uca Allahın bu ayəsidir: «Allah təhlükəsizlik və əmin-amanlıq içində olan bir diyarı (Məkkəni) misal çəkir. Ona öz ruzisi hər yerdən bol-bol gəlirdi. Lakin o diyarın əhalisi Allahın nemətlərinə nankorluq etdi, Allah da onları etdikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü.» (Nəhl, 112). Uca Allah buyurur: «O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur.» (İbrahim, 34)

Nifaqın iki növü vardır: Etiqadda olan nifaq və əməldə olan nifaq.

1. Etiqadi olan nifaqın altı növü vardır: Peyğəmbəri yalanlamaq və ya peyğəmbərlə gələn bəzi şeyləri yalanlamaq, Peyğəmbərə nifrət və ya peyğəmbərlə gələn bəzi şeylərə nifrət etmək, Peyğəmbərin dininin zəifləməsinə sevinmək və ya Peyğəmbərin dininin zəfərinə sevinməmək; yuxarıda qeyd olunan altı növdən biri kimdə olarsa, cəhənnəmin ən alt qatında olar. Bu parçalanmadan və nifaqdan Allaha sığınırıq.

2. Əməldə olan nifaq: Danışanda yalan danışar, mübahisə etdikdə asilik edər, əhdinə vəfa etməz, əmanətə xəyanət edər, vəd verəndə vədinə xilaf çıxar.

 (Şeyx AbdurRazzəq əl-Bədrin (həfizahullah) “Min Məalimit-Təuhid” kitabından)

Tərcümə etdi: Mədinə Beynəlxalq İslam Universitetinin tələbəsi, Nail Paşayev

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar