Tövhid nədir?

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Uca Allah buyurur: “Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım.” (əz-Zəriyət, 56)

Tövhid – insanların və cinlərin yaranma qayəsi, hədəflərin ən ucası, xeyirlərin ən böyüyü və şərrin uzaqlaşmasına səbəb olacaq ən böyük ibadətdir.

Müsəlman olan bir insanın ən birinci öhdəliyi, borcu və Allahın onun üzərində olan ən böyük haqqı məhz Tövhiddir.

Muaz bin Cəbəl (radıyəllahu ənhu) buyurur: “Bir gün mən uzunqalığın üzərində Peyğəmbərin (salləllahu aleyhi va səlləm) tərkində oturmuşdum və o (salləllahu aleyhi va səlləm) mənə dedi: “Ey Muaz! Sən bilirsənmi Allahın qullar üzərində, qulların da Allah üzərində haqqı nədir?” Dedim: “Allah və Rəsulu daha yaxşı bilir.” Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurdu: “Allahın bəndələri üzərində olan haqqı odur ki, onlar Ona ibadət etsinlər və Ona heç nəyi şərik qoşmasınlar. Bəndələrin Allah üzərində olan haqqı isə odur ki, Ona heç nəyi şərik qoşmayanlara əzab verməsin.” Mən dedim: “Ey Allahın Rəsulu, insanları müjdələməyimmi?” Dedi: “Mujdələmə, yoxsa onlar arxayınlaşarlar.” (Buxari, Muslim).

Böyük İslam alimlərinin və bir çox elm əhlinin Tövhid barəsində dediyi sözlər isə Tövhidin müsəlmanın həyatında necə böyük bir yer tutduğunun göstəricisidir.

İbnul Qayyim (Allah ona rəhmət etsin) belə buyurur: “İxlas və Tövhid qəlbdə bitən ağacdır. Onun budaqları əməllərdir. Onun meyvəsi isə dünyada xoş həyat, axirətdə isə əbədi olan nemətlərdir. Cənnətin meyvələri nə kəsilməz nə də ki toxunulmaz olduğu kimi, eləcə də tövhidin və ixlasın dünyada olan səmərəsi də beləcədir. Eləcə də şirk, yalan, riyakarlıq qəlbdə bitən bir ağacdır. Onun meyvələri isə dünyada qorxu, kədər, qəm və qaranlıq bir qəlblə yaşamaqdır. Onun axirətdəki səmərəsi isə Zəqqum ağacı və əbədi olan əzabdır.” (“Fəvaidu əl-Fəvaid”, səh. 164).

İbn Teymiyyə (rahiməhullah) buyurur: “Qulun qəlbində Tövhid nə qədər güclənərsə, imanı da, rahatlığı da, təvəkkülü və yəqini də bir o qədər güclənər.” (“Məcmu` əl-Fətəva”, 35/28).

Şeyx Suleyman ər-Ruheyli (həfizahullah) buyurur: “Tövhid bizim üçün – susuzluğun üzərindən içilən sərin sudan da daha sevimlidir…” (Peyğəmbər məscidi, “Kitəbut Təuhidin” şərhi, 15 Zul Qa’dəh – 1437h).

Şeyx AbdurRazzəq əl-Bədr (həfizahullah) buyurur: “Əgər bizdən soruşsalar ki, tövhid müsəlmanın həyatında hansı yeri tutur? Biz deyəcəyik ki: Tövhid elə müsəlmanın həyatının özüdür! Onsuz müsəlman üçün həyat yoxdur…” (Şeyxin “Məkənətut Təuhidi fi həyətil muslim” adlı mühazirəsindən alıntı).

Tövhidə zidd olan isə şirkdir. Şirk – Allahla yanaşı ibadətdə kimisə Ona şərik qoşmağa deyilir. Bir müsəlman Tövhidi doğrultmaqda nə qədər səy göstərməlidirsə, bir o qədər də şirkdən uzaq olmağa çalışmalıdır. Çünki şirk üzərində, şirkdən tövbə etmədən ölmək insanın Cənnətdən əbədi şəkildə məhrum olmasına səbəbdir. Necəki Uca Allah buyurur: “Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur.” (ən-Nisə, 48)

Uca Allahdan Tövhidi təhqiq etməyə və şirkdən uzaq olmağa müvəffəq etməsini istəyirik. Eləcə də duaları qəbul edən Allahdan bizlərə haqqı haqq olaraq göstərib ona tabe olmağa, batili isə batil olaraq bizlərə göstərib ondan uzaq durmağa müvəffəq etməsini istəyirik. Həqiqətən Allah hər şeyə qadir və istənilməyə haqqı çatan yeganə məbuddur!

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Senxatirlat.Com saytının rəsmi heyəti

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar