Sübh namazından sonra yatmaq – Şeyx Abdur-Razzəq əl-Bədr

Müsəlman kəsə sabah vaxtını tənbəllik, halsızlıq, yeyib-içmək kimi şeylərlə keçirtmək yaraşmır. Saleh sələflərimiz sabah vaxtında yatmağın nə olduğunu bilməzdilər.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Əgər insan ruzilərin paylaşıldığı, fəzilət və bərəkət vaxtı olan sabahını (fəcr namazı girəndən günəş qalxanadək olan vaxt) itirərsə, gününü itirmiş olar. Çünki onun tezdən etdiyi əməlləri bütün gününə şamil olur. Buna görə müsəlman kəsə sabah vaxtını tənbəllik, halsızlıq, yeyib-içmək kimi şeylərlə keçirtmək yaraşmır. Saleh sələflərimiz sabah vaxtında yatmağın nə olduğunu bilməzdilər.

İbnul Qayyim (rahiməhullah) belə deyir: “Onlar (saleh sələflər) bütün gecəni səfərdə, şiddət və çətinlik içində keçirdikdə belə, fəcr namazından sonra yatmazdılar – günəşin çıxmasını gözləyər və sonra yatardılar.”

Bütün bunlar fəzilət vaxtı olan fəcr namazından, günəş çıxana qədər vaxtı qorumaq üçündür. Bu vaxt – bərəkət, fəzilət, Uca Allahı zikr etmək vaxtıdır. Beləliklə, sələflər bu vaxtı yuxu, tənbəllik, yeməklə zay etməzdilər. Əksinə, onlar sünnədə varid olan, xüsusən də təsbih və s. bunun kimi zikrləri etməkdə davamiyyətli olardılar.

Əbu Vəil Şəqiq ibn Sələmə, Səhih Muslimdə, rəvayət olunan hədisdə belə deyir: “Fəcr namazını qıldıqdan sonra İbn Məsudu görmək üçün onun evinə yollandıq. İçəriyə daxil olmaq üçün izn istədikdən sonra bizi qarşılayan qulluqçu izn verildiyini xəbər verdi. Lakin biz izn verildikdən sonra bir müddət gözlədik, sonra içəriyə daxil olduq. Bizi görən İbn Məsud: “sizə izin verildikdən sonra sizi gecikdirən nə oldu?” – dedi. Biz isə cavabında: “Ev əhlindən kiminsə yatdığını zənn edərək narahat etmək istəmədik.” O isə (Allah ondan razı olsun), belə dedi: “Mənim ailəmin qəflətdə olduğunumu zənn etdiniz?”

Bu sözün mənası odur ki, fəcr namazından sonra yatmaq – qəflətdə olmaq deməkdir. Nə İbn Məsud, nə də ki onun ailə üzvləri bu vaxtda yatmazdılar.

Əbu Vəilin rəvayətinin davamı: “Daha sonra ibn Məsud zikr etməyə başladı. Bir müddət keçdikdə qulluqçudan günəşin çıxması barədə soruşdu. Çıxmadığını bildikdə, zikr etməyə davam etdi. Daha sonra bir daha günəşin çıxması barədə soruşduqda, qulluqçu ona: “bəli, artıq çıxmışdır” – dedikdə, İbn Məsud belə dedi: “Bizim günümüzü bağışlayan və günahlarımıza görə bizi həlak etməyən Allaha həmd olsun.”

(Şeyx Abdur-Razzəq) Bu sözə diqqət yetirin. İbn Məsud (radıyəllahu ənhu) “bizim günümüzü bağışlayan və günahlarımıza görə bizi həlak etməyən Allaha həmd olsun” sözlərini deyəndə gün bitmişdirmi? Yoxsa hələ başlanğıcında idi? Diqqət yetirin! İbn Məsud, günün başlanğıcını Allahı zikr etməklə keçirdiyi halda bu sözləri işlətdi. Nəyə görə İbn Məsud “günümüzü” dedi? Çünki kim sabahını qoruyarsa, bütün gününü qorumuş olar. Baxmayaraq ki, bundan sonra duha, günorta, axşam çağı vaxtı irəlidədir, İbn Məsud bu surətdə Allaha həmd etdi.

“Bizim günümüzü bağışlayan və günahlarımıza görə bizi həlak etməyən Allaha həmd olsun.”

Buradan gözəl, mühüm bir fayda götürürük: sabahını qoruyanın bütün günü (Allah tərəfindən) qorunar. Bu da saleh sələflərimizin günün bu hissəsinə göstərdikləri əhəmiyyətin sirridir. Səhərini salamat keçirənin gündüzü də salamat olar. Onlar sabahlarının qiymətini bilər və onu dəyərləndirərdilər. Son zamanlarda yaşayan insanlar isə bu vaxtın dəyərini itirdilər. Ola bilsin ki, əksər insanların yuxuda keçirdikləri ən çox sevdikləri vaxt fəcr namazından sonradır. Onlar az sonra işə getməli olsalar belə, yarım saatlıq olsa belə, yuxunu qaçırmazlar. Baxmayaraq, bu yarım saat onlara nə bir fayda, nə də gümrahlıq verməz, əksinə, cismini zəiflədər, tənbəllik, yorğunluq və halsızlığını artırar. Bütün bunlara baxmayaraq, yenə də bu vaxtı yatmaqda keçirər. Doğru olan isə bu vaxtı Allahı zikr etməklə keçirməkdir.

Deməli öyrəndiyimiz o oldu ki, saleh sələflərimiz bu fəzilətli vaxtın dəyərini bilib, onu Allahı zikr etməklə qoruyardılar.

Burada belə deyərik: “Hamımıza Peyğəmbərimizdən (salləllahu aleyhi va səlləm) varid olan zikrləri öyrənmək və özümüzü onlara alışdırmaq gərəkir. Sonda bu əmələ bağlanaraq ondan üz döndərməyimiz və yaxud onu tərk etməyimiz mümkün olmasın.”

Bu zikrləri davamiyyətli edərək, günümüzün ilk vaxtını qoruyaq. Həmçinin əsr namazından sonra günəş batanadək axşam zikrlərini də etməliyik.

(SİTATIN SONU)

Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) deyib:

“Kim günəş çıxandan qabaq və günəş batandan qabaq 100 dəfə ‘Subhənallah’ desə, bu onun üçün 100 dəvədən daha əfzəl olar. Kim günəş çıxandan qabaq və günəş batandan qabaq 100 dəfə ‘Əlhəmdulilləh’ desə, bu onun üçün Allah yolunda istifadə olunan 100 atdan daha əfzəl olar. Kim günəş çıxandan qabaq və günəş batandan qabaq 100 dəfə ‘Allahu Əkbər’ desə, bu onun üçün 100 qul azad etməkdən daha əfzəl olar. Kim günəş çıxandan qabaq və günəş batandan qabaq 100 dəfə ‘Lə iləhə illəllah vəhdəhu lə şərikə ləh, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şey`in qadir’ desə, Qiyamət günü bundan daha əfzəl əməllə gələn olmayacaq, yalnız bunun kimi və ya bundan artığını deyəndən başqa.” (Şeyx əl-Albani, “Sahih ət-Tərğib vət-Tərhib”, 658. Hədis həsəndir)

Səhər və axşam zikrlərini, həmçinin sünnədə varid olmuş digər duaları  “Müsəlmanın qalası” adlı kiçik kitabcada tapa bilərsiniz.

Uca Allah hər birimizi Onu zikr etməyə, Ona şükr etməyə və Ona gözəl şəkildə ibadət etməyə müvəffəq etsin!

Şeyx Abdur-Razzəq əl-Bədr (həfizahullah) – Subh namazından sonra yatmaq: DİNLƏ

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar