Rəhmli və Mərhəmətli Allahin adi ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:
Allahu Əzzə və Cəllə buyurur: «Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt (gələcək)?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır». (əl-Bəqarah 214)
Digər ayətdə isə: «Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik».(əl-Ənbiyə 35)
Həmçinin: «Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə mujdə ver». (əl-Bəqarah 155)
Ayətlərdən məlum olduğu kimi Uca Allah insanı müəyyən vaxtda və müəyyən yerdə şərlə və xeyirlə imtahana çəkir. Uca Allah əl-Bəqarah sürəsindəki ayətin sonunda isə, səbr edənlərə müjdə verilməsini əmr edir. Həmçinin Muhəmməd (Allahın ona salavat və salamı olsun) onları müjdələyərək buyurur: «Savabın böyüklüyü imtahanın böyüklüyü ilədir. Allah bir qulunu sevərsə onu imtahan edər. Kim razı qalsa, Allah ondan razı qalar. Kim qəzəblənib razı qalmasa, Allah ona qəzəblənər». (ət-Tirmizi, Albəni həsənləşdirib)
Müsəlmanın imtahan olunmasında faydalar çoxdur. Bunlardan bəziləri:
1. Bu imtahan Allahın həmin müsəlmanı sevməsinə işarədir. İmtahan nə qədər böyük olsa deməli Allah onu daha çox sevir. Bir şərtlə ki, müsəlman bu imtahandan üzü ağ çıxmalıdır. Məhz bu səbəbdən də ən çox imtahan olunanlar Peyğəmbərlər idi.
2. Bu imtahan həmin müsəlman üçün savab qazandırır.
3. İmtahandan üzü ağ çıxandan Allah razı olar.
4. Həmin müsəlmanın günahlarına kəffarədir.
5. İmtahanın şiddətlənməsi və çətinləşməsi çıxış yolunun yaxınlaşmasına, asanlığın tezliklə gəlməsinə bir işarədir. Buna dəlil, Uca Allahın bu ayəsidir: «Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt (gələcək)?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır» (əl-Bəqarah 214)
Adəm övladı,ona bir sıxıntı və ya bəla üz verdikdə onu aradan qaldırmaq üçün bir çox vasitələrdən istifadə edir. Lakin əksəriyyətimiz cahilliyimiz səbəbi ilə kədəri sevinclə əvəz etməyə Qadir olan Rəbbimizi unudaraq faydası olmayan vasitələrə əl atırıq. Və beləliklə sıxıntı üzərinə sıxıntı əlavə etmiş oluruq. Lakin Allahın rəhməti sayəsində, İslam dini bizlərə sıxıntı anında nə etməli olduğumuzu bildirib.
İlk öncə sən, Allahın izni olmadan heç kəsin sənə nə fayda nə də zərər verə bilməyəcəyini bilib hər şeydən əvvəl ümidini yalnız Allaha yönəltməlisən. Necə ki, Uca Allah, insana fayda və zərər verməyə Ondan başqa heç kəsin qadir olmadığını bildirərək buyurur: «Əgər Allah sənə bir zərər vurmaq istəsə, bunun qarşısını Ondan başqa heç kəs ala bilməz. Əgər sənə bir xeyir toxundursa, (hec kəs Ona mane ola bilməz). O, hər şeyə qadirdir» (əl-Ənəm 17)
Eləcə də, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) sevimli səhabəsi olan İbn Abbasa (Allah ondan razı olsun) nəsihət edərək buyurur: «Allahı qoru, Allah da səni qorusun. Allahı qorusan, Onu qarşında taparsan. İstədikdə, yalnız Allahdan istə, komək dilədikdə, yalnız Allahdan kömək dilə. Bil ki, insanlar sənə fayda vermək ucun bir yerə toplansalar, Allahın yazdığından başqa bir şeylə sənə fayda verə bilməzlər. Həmcinin sənə zərər vermək ucun bir yerə toplansalar, Allahın sənə qarşı yazdığından başqa bir şeylə sənə zərər verə bilməzlər. Qələmlər qaldırılmış, səhifələr qurumuşdur» (ət-Tirmizi, 2516, Albəni, Sahih əl-Cəmi, 7834)
Bunları bildikdən sonra, insan Rəbbinin izni olmadan heç kəsin ona nə fayda nə də, zərər verə bilməyəcəyinə yəqin şəkildə inanmalı, və ümidini yalnız Rəbbinə yönəltməlidir. Daha sonra insan ona fayda verəcək səbəblərə əl atmalıdır. Bu səbəblərdən bəzilərini zikr etmək istərdik. Bunlardan biri duadır. Dua etmək çətinlik zamanı təsəlli üçün ən asan əməl hesab edilsə də insanların çox az bir qismi buna əməl edir. Bunun əsas səbəbi isə, dua vasitəsi ilə nələrə nail ola biləcəklərindən qafil olmalarıdır. Allahın Kitabından və Sünnədən bizə çatan xəbərlərə görə, dua hətta qədəri belə dəyişə bilər (qeyd etmək lazımdır ki, insanın dua etməsi də qədərdəndir).
Sıxıntı və ya bəla üz verdikdə nə etməli olduğumuz barədə Quran və Sünnədə bir çox məlumatlar varid olmuşdur. Allahu Tə`ələ buyurmuşdur: «Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır» (əl-Bəqarah 155-157)
Eləcə də Muhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bəla üz verdikdə nə deməli olduğumuzu bizlərə bildirərək buyurur: «Allah üçün guclu mömin zəif mömindən daha yaxşı və daha sevimlidir. Onların hər birinin öz xeyri var. Sənə fayda verən şeylərə həris ol, Allahdan kömək dilə və aciz olma. Başına bir iş gələrsə demə ki, əgər belə-belə etsəydim….(belə olardı). De ki: “Qadəru Llahi və mə şəə fə’ələ – Bu, Allahın qədəridir, O nəyi istədi onu da etdi”. Çünki, «Əgər» sözu şeytana qapı açır» (Muslim)
Digər Hədisdə isə buyurur (Allahın ona salavat və salamı olsun) : «Əgər bir müsəlmana müsibət baş verərsə və Allah-təala ona əmr etdiyini: “İnnə liLləhi va innə ileyhi raaci’un. Allahummə, əcirni fi musıbəti və-xlif li xayran minhə – Həqiqətən də, biz Allahınıq və ona tərəf də qayıdacağıq. Ey Allahım, mənə bu müsibətə görə əcr ver və ondan xeyirlisini mənə əvəz et” deyərsə, Allahu Tə`ələ mütləq ona müsibətindən xeyirlisinin əvəzini verər» (Muslim, 918; əbu Dəvud, 3119)
Bu anda çox mühim bir məsələyə toxunmaq istərdik. Bu da, sıxıntı anında duaların qəbul olmasıdır. Bəzi insanlar bu anda dua etsələr belə, duaları qəbul olunmur. Bunun ən əsas səbəbi isə odur ki, insanların əksəriyyəti firavanlıq günlərində Rəbbini unudur və yalnız sıxıntı və ya bəla üz verdikdə Rəbbinə dönürlər. Lakin Uca Allah onlardan bu bəlanı və ya sıxıntını uzaqlaşdırdıqda, yenidən əvvəlki hallarına qayıdıb, əvvəlcə Kimə dua etdiklərini unudarlar.
Necə ki Uca Allah Qurani Kərimdə buyurur: «İnsana bir zərər toxunduqda Rəbbinə üz tutub təkcə Ona yalvarır. Sonra Allah Özündən insana bir nemət verəndə o, əvvəlcə kimə yalvardığını unudur və (insanları) Allahın yolundan çıxartmaq məqsədilə Ona şəriklər qoşur. De: “Küfrünlə (bu dünyada) bir az dolan. Şübhəsiz ki, sən Cəhənnəm sakinlərindənsən!» (əz-Zumər 8)
Həmçinin digər ayətdə: «İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi» (Yunus 12)
Eləcə də, Dahhək (Allah ona rəhmət etsin) buyurmuşdur: «Allahu Təalanı xoş anlarınızda xatırlayın ki, O da sizi çətin anlarınızda xatırlasın. Necə ki, Yunus (Allahın ona salamı olsun) Allahı xoş anlarında Ona ibadət edərək və s. xatırlayardı. O vaxt ki, balıq onu uddu Allahu Təala onu balığın qarnından sağ-salamat xilas edərək belə buyurdu: «Əgər o, Allaha tərif deyənlərdən olmasaydı, balığın qarnında Qiyamət gününə qədər qalardı». (əs-Saffət 143-144) Həmçinin Firon yer üzündə fitnə-fəsad törədər və Allaha ibadət etməyərək Onu xatırlamağı unutmuşdu. O vaxt ki, dənizdə boğulmağa başladı dedi: “İndi Allaha iman etdim” Lakin Allahu Tə`ələ onun imanını qəbul etməyərək buyurur: «İndimi? (Ölüm qabağı, bütün var-dövlətin, hakimiyyətin əlindən çıxdıqdan sonramı iman gətirirsən?) Halbuki əvvəllər (Allaha) qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun!» (Yunus 91) Kim Allahı xoş və firavan günlərində tanımazsa Allahu Təala da onu ağır günlərində nə dünyada nə də ki, axirətdə tanımaz». (İbn Racəb Nuuru-l-İqtibəs səh. 43)
Əbu Dərda (Allah ondan razı olsun) buyurur: «Şən günlərində Allaha dua et ki, O da sənin duanı çətin günlərində qəbul etsin». (Musannəfu Əbdir-r-Razzəq 11/180)
Həmçinin insan dua etdiyi zaman, duasının qəbul olmasından ümidini üzməməlidir. Çünki adətən insan, məsələnin (sıxıntının,bəlanın,xəstəliyin və s.) ağırlığına aldanıb ümidsizliyə qapanır. Lakin unudur ki, onun hər şeyə Qadir olan Rəbbi vardır. Belə etmək heç də müsəlmana yaraşan hal deyildir. Çünki anlamaq lazımdır ki, insana sıxıntını göndərən Allah, tezliklə istədiyi quluna asanlıq göndərməyə qadirdir. Dəfələrlə müşahidə olunmuşdur ki, bizlərə hələ ki, əlacı məlum olmayan xərçəng xəstəliyinə tutulmuş bəzi insanlar, Allaha üz tutaraq şəfa diləmişlər və Allahu Tə`ələ da onlara öz mərhəmətini əsirgəmədən, heç bir tibbi müalicə olunmadan şəfa verərək həkimləri şok vəziyyətinə salmışdır!
Həmçinin baxın, Zəkəriyyə (Allahın ona salamı olsun) qoca və zövcəsi də sonsuz olduğu halda Allahu Tə`ələyə səmimi dua edərək Ondan övlad tələb edir: «Elə oradaca Zəkəriyyə Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən”». (Əli-İmran 38) Allahu Tə`ələ də onun duasını qəbul edərək ona oğul bəxş etdi: «O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar: “Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, (qövmünün) ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir”». (Əli-İmran 39)
Və sonunda Uca Allahın verdiyi bu vədi unutma: «Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir». (Şərh 5-6) Əgər Allahın vədləri haqqında bilmək istəyirsənsə, «Allah Öz vədinə əsla xilaf çıxmaz» (əl-Həcc 47) Həmçinin digər ayətdə: «Səbr et! Həqiqətən, Allahın vədi haqdır. Günahının bağışlanmasını dilə, axşamüstü və sübh çağı Rəbbini həmd ilə təriflə». (əl-Ğaafir 55)
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha
Senxatirlat.Com saytının rəsmi heyəti