Şiələrin Ramazanda Quranı başlarına qoyub dua etmək bidəti

Bu yazımız bizim bu bidəti edənlərə cavabımızdır.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Şiələrin Ramazanın qədir gecələrində Quranı başına qoyub dua etməsini müdafiə edən bir yazını oxuduq. Bu yazımız bizim bu bidəti edənlərə cavabımızdır.

Əhli Sünnənin tarix kitabına nisbət edib oxşar məzmunlu bu rəvayəti öz bidətlərinə dəlil gətirmək istəyirlər. Rəvayət belədir:

«Əbdul-Əziz b. Abdullah əl-Uveysi bizə rəvayət etdi, İbrahim b. Sad bizə Şubədən, o da Əbu Aun Muhəmməd b. Abdullahdan, o da Əbdur-Rəhman b. Qeysdən, o da Əbu Saleh Hənəfidən nəql edilmişdir ki, Əli ibn Əbu Talibin müshəfi götürüb başına qoyduğunu gördüm. [O qədər yaxında idim, yaxud: o qədər dəqiqliklə görürdüm ki, red.] hətta müshəfin vərəq(lər)inin hərəkət etdiyini görürdüm. Sonra Əli dedi: “İlahi, onlar bunun içindəkiləri ümmət arasında yerinə yetirməyimə mane oldular, Sən onun içindəkilərin savabını mənə ver.” Sonra dedi: “İlahi, mən onlardan bezdim (usandım), onlar da məndən bezdilər (usandılar). Mən onlara nifrət etdim, onlar da mənə nifrət etdilər. Onlar məni öz təbiətimdən və əxlaqımdan başqa bir şeyə; məndən görünməyən (başqa) bir əxlaqa (davranışlara) vadar etdilər. Mənə onlardan daha xeyirli olanları ver. Onlara da məndən daha pis olanını ver. İlahi, onların qəlblərini duz suda (əriyib) öldüyü kimi öldür.” İbrahim dedi: “(Bunula) Kufə əhlini nəzərdə tuturdu.”»

(Əbu Yusif Yaqub b. Sufyan əl-Fəsəvi, əl-Marifə və ət-tarix, c.2, s.751; Məktəbə əd-Dar, Mədinə, 1410; təhqiq: Əkrəm Diya əl-Uməri,

İbn Kəsir əd-Diməşqi, əl-Bidayə vəən-Nihayə, c.8, s.12; Məktəbə əl-Maarif, Beyrut)

CAVAB:

Birincisi: Peyğəmbər (salləllahu aleyhi və səlləm) bunu etməyib və Onun necə dua etməsi ümmətə məlumdur.

İkincisi: Bu məqalədə rəvayətdə qeyd olunan “Kufə əhlinin” şiə yox, başqaları olduğuna diqqətləri yayındırma var. Halbuki, bu rəvayətin məzmununa bənzər rəvayət elə şiə kitabı Nəhcül-Bəlağə kitabında var ki, Əli Kufədəki öz təfdarlarını xəyanətdə ittiham edir. Bu rəvayətdə də elə həmin xəyanətkarlardan danışılır. Düzdür, biz Kufənin tamamilə şiələrdən ibarət olduğunu da demirik. Orada xəvariclər də var idi. Başqa kiçik tayfalar da var idi. Amma, özünü Əlinin tərəfdarları (şiələri) adlandıranlar az deyildilər. Əlinin çıxışı da məhz onun öz tərəfdarlarına yönəlmişdi. Kifayət qədər dəlillər var ki, burada tənqid olunanlar, Əli tərəfindən bəddua olunanlar elə özünü Əlinin şiəliyinə nisbət edənlərə aiddir. Əvvəldə gətirilən və aşağıda gətirəcəyimiz dəlil də bu qəbildəndir.

Üçüncüsü: Əlinin (radıyəllahu ənhu) yanında sayca üstünlük təşkil edənlərin xəvaric və ya başqa tayfalardan olduğunu demək özü də bu iddianı edənləri pis vəziyyətdə qoyur və əcdadlarına ləkə yaxılmış olur. Deməli, sadə dildə etiraf edirlər ki, onlar nə sağlığında Əlinin yanında olmayıblar, nə də öləndən sonra ona sadiq olmayıblar. Peyğəmbərin sünnəsini tərk edən bir tayfadan nə gözləmək olar ki?

Dördüncüsü: Əgər belə bir əməl (Quranı başa qoyub dua etmək) sünnə olsaydı, bunu Həsən, Hüseyn, Fatimə və başqa əhli-Beyt üzvləri (radıyəllahu ənhu) edərdilər. Yenə də bu onlardan nəql edilməyib. Baxmayaraq ki, rəvayətlərdə dəfələrlə onların dua etmələri vəsf olunmuşdur.

Əhli beytin özü də buna istinad etməyib və bunu dəlil gətirməyiblər. Çünki, onlar sünnədən bilinən duanı edirdilər.

Beşincisi: İbadətin əsli tövqifidir. (Yəni, İbadətdə yenilik qəbul edilmir) Yəni, Quran və Sünnətdən dəlil olmadıqca heç kim ibadətin vəsfini dəyişə bilməz, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ibadəti, duanı və s. nə cür edibsə, o cür də olmalıdır. Çünki, dua ibadətdir. Dua, ya səcdədə edilir, ya da əlləri göyə qaldırıb edilir. Amma, Quranı qaldırıb başa qoymaqla dua etmək Peyğəmbərdən gəlməyib, Əlinin belə etməsi isə bu tarixi rəvayətə əsasən, qarşısındakı xəyanətkar insanları danladığı vaxt baş vermişdi. Belə edərək onların diqqətini çəkməklə daha təsirli çıxış etmək istəmişdi. Yoxsa “Elə əhli sünnə mənbəsinə nisbət olunan bu duada Əli yalnız “Kufə əhlinə” bəddua edir. Orada qeyd olunmayıb ki, bu qədr gecəsində olub. Üstəlik bu hadisə bir dəfə baş verib. Əli özü bunu sünnətə çevirməyib. Əgər Əli bunu sünnətə çevirib daim etsəydi, onda biz heç şiələri bidətdə və dəlili yalnış anlamaqda ittiham etməzdik. Əksinə, Əli daim öz duasını Peyğəmbərin etdiyi kimi etmiş, bundan sonra da bir də Quranı başına qoyub dua etməmişdir.

Altıncısı: Əli (radıyəllahu ənhu) bu feli etdikdə yəni işarət edirdi ki, bu Kufə əhlindən olan şiələr Qurana müxalif oldular və mənə bu Quranla ümmət içində hökm etməyə mane oldular. Beləcə, Əli Quranı başına qaldırmaqla özünün Quran haqqındakı sözünə diqqəti daha da cəlb edib daha təsirli çıxış etməkçün etmişdi. Yoxsa, Əlinin (Allah ondan razı olsun) Quranı başına qaldırması heç də bu cür dua etməyə dəlil deyildir.

Yeddincisi: Həmçinin, bu qissədə şiələrin əleyhinə daha bir dəlil var. Kaş ki, bu rəvayətlə sevinməyəydilər. Çünki, bu rəvayətdə Əli başına qaldırdığı Quranın təhrif (şiələrin alimlərinin iddia etdikləri kimi) olduğunu demir. Əksinə, başına qaldırdığı Quranın haqq olduğuna işarət edir və təəssüflənir ki, bu Quranla hökm verməyinə mane oldular. Həmçinin, Əli (Allah ondan razı olsun) demir ki, bu Quran dəyişilib və təzə Quranla on ikinci imam gələcək. Həmçinin, Əli (Allah ondan razı olsun) Fatimənin Quranından da danışmadı. Bu etiqadı bəzi şiələr inkar etsələr də, şiə kitabları Quranın təhrif olduğu (sonradan dəyişdirildiyi) barədə məlumatlarla doludur. Bu barədə dəlilləri çoxaltmaq olar. Sadəcə birini yazırıq:

Şiə şeyxi Talib Musəvi əl-Cəzairi “Qumminin Şərhində” yazır:

“Lakin, digər keçmiş və sonrakı alimlərin və mühəddislərin sözlərindən görünür ki, onlar Quranda naqislik olduğunu söyləyiblər. Belələrinə Kuleyni, Bərqi, Əyyaşi, Nümani, Fürat ibn İbrahim, Əhməd ibn Əbu Talib ət-Təbərsi, Məclisi, Seyyid Cəzairi, Hürr Amili, Fütuni, Seyyid Bəhrani kimiləri misal gətirmək olar.” (Təfsirul-Qummi, müqəddimə, səh 23-24)

Kufə Əhli kimdir? Əli Quranı başına qoyub dua edəndə qarşısındakılar şiə olmayıbmı? Elə isə bu onların öz əleyhinə dəlil deyilmi? Baxaq görək şiələrin öz kitablarında nə yazılıb?

Əli (radıyəllahu ənhu) Kufə Əhlinə deyir:

“Ey bədənləri qalıb ağılları getmiş, fikirləri müxtəlif, hökmdarları onlardan bəlalar görmüş tayfa! Sizin hökmdar (yəni, mən Əli) Allaha itaət edir, siz ona asi olursunuz; Şam əhlinin hökmdarı (yəni, Müaviyə) Allaha asilik edir, onlar isə ona itaət edirlər. Allaha and olsun ki, Müaviyə sizi onlarla dinarı dirhəmlə xırdalayan kimi dəyişməyə razı olsaydı, sizin onunuzu verib onlardan birini alardım. Ey Kufə əhli! Mən sizdə bir üç şey görmüşəm, bir də iki şey: qulaqlarınız var karsınız, diliniz var lalsınız, gözləriniz var korsunuz; üz-üzə gələndə doğru danışmazsınız, dara düşəndə bir-birinizə qardaş köməyi göstərməzsiniz! Sizi görüm başınız batsın! Ey çobanları itmiş dəvə sürüsünə bənzəyənlər! Bir tərəfdən bir yerə toplayanda o biri tərəfdən dağılışırsınız. Allaha and olsun ki, mən indi sizinlə birlikdəyəm, ancaq təsəvvür edirəm ki, vuruş başlasa, döyüş qızışsa, siz ibn Əbu Talibdən aralanıb qabaqdan qıçlarını aralamış qadının qıçları kimi hərəniz bir yana gedərsiniz.” (“Nəhc əl-bəlağə”, səh.141,142)

Bu rəvayətdə Əlin (radıyəllahu ənhu) Müaviyəni (radıyəllahu ənhu) Şam əhlinin hökmdarı adlandırır. Həmçinin, məlumdur ki, Şam Əhli tamamilə Müaviyəni dəstəkləyirdi. Kufə isə Əli və tərəfdarlarının hökmü altında idi. Elə bu rəvayətdə də Əli Kufə Əhlinə səslənirdi.

İbn Teymiyyənin “Minhəc əs-Sunnə” kitabına nisbət edib guya “Kufədəki o vaxtkı şiələrdən bu günküləri ayırmaq istəyərək məqalə hazırlayan şəxsə deyirik ki: “Bəli, bu günkü şiələr İbn Teymiyyənin dediyi kimi o şiələrin nəsilindən gəliblər.” Onlar ilk şiələri təmsil ediblər. Bunu inkar etməyiniz sizi ziddiyyətə salır və əksər alimlərinizin qəbul etdiyi şiəliyin yaranma tarixinə ziddir. Bəzi alimləriniz şiəliyin hətta, Peyğəmbər dövründə belə olduğunu desə də nə siz, nə də biz buna inanmırıq. Kufədəki şiələrə Əlinin xitab etdiyini dansanız onda şiələrin ulu babalarının kim olduğunu danmış olacaqsınız. Ya da razılaşırsan ki, Əlinin şiələri həmin vaxt Kufədə olmayıblar və ona xəyanət edib qaçıblar!

Öz məqaləndə sən çalışmısan ki, Əlinin Quranı başına qoyub dua edərək Quranla hökm verməsinə mane olan Kufə şiələrini tənqid etməsindən fikirləri yayındırasan. Beləcə, öz əleyhinizə olan dəlili lehinizə istifadə edəsən. Lakin, tarixi faktlar sənin dediyinin əksini göstərir. Sən yəqin ki, həmin dövrdə Müaviyənin Şamda olduğunu, Əlinin isə Kufədə olduğunu (Kufənin hakimi olduğunu) bilirsən. Necə ola bilir ki, Əlidən Osmanın qatillərini tələb edən Müaviyə, sizin iddianıza görə isə “yanında sünnilərin toplaşdığı” Müaviyənin yanında olanlar sünnilər idi. Yəqin, onda Əlinin yanında olanlar da sünnilər idi, eləmi? Bəs Əlinin Quranı başına qoyub bəddua etdiyi şiələr harda idilər? Onda belə çıxır ki, siz etiraf edirsiniz ki, Əlinin vaxtında şiələr olmayıb. Necə də ziddiyyətə düşürsünüz.

Müaviyə (radıyəllahu ənhu) 20 il öz xilafətindən əvvəl Şamda (Ömər və Osmanın xilafəti dövründə) valilik etmiş, böyük hərbi uğurlar qazanmışdı. Özü də sonradan 20 il xəlifə olur. Hamısı cəmi qırx il edir. Ona görə də Şam Əhli tamamilə 20 il valilik etmiş bir şəxsin dayağında durmuşdular (Müaviyənin xiafətindən əvvəl).

O dövrdə Əlinin Kufədə olmadığını və Kufədə öz tərəfdarlarına xitab etmədiyini yalnız tarixdən bixəbər olan biri deyə bilər.

Əli (radıyəllahu ənhu) Kufə şiələri haqqında başqa yerdə belə deyir:

“Ey ruhları fərqli, qəlbləri dağınıq, ağıllarını itirmiş insanlar, mən sizi (şiələri) haqqa yönəldirəm, siz isə keçi kimi qaçırsınız.” (Nəhcul-bəlağə, səh 138, 131 -ci xütbə. Mubahilə çapı, Bakı 2006)

Bu barədə rəvayətlər çoxdur. Sadəcə çox uzatmaq istəmirik.

Səkkizincisi: Şiələr Əliyə də xəyanət ediblər. Artıq Əlinin bu barədə sözləri ilə tanış oldunuz. İmam Hüseynin (Allah ondan razı olsun və bizi onunla birgə həşr etsin) qatilləri, ona çoxlu məktub göndərib onu hakimə qarşı çıxardan, onu yarı yolda qoyub qaçanlar da şiələr idilər.

Əhli beytdən olan Müslim ibn Aqili də Kufə şiələri xəyanət edib tək qoydular və düşmənə qarşı aciz qoyub tərk etdilər. Elə bu da onun ölümünə səbəb olmuşdu.

Əhli beytdən olan Həsən ibn Əliyə (Allah ondan razı olsun) xəyanət edənlər, onu miniyi üzərində ikən yaralayıb yerə yıxanlar da Kufə şiələri idilər.

Bu xəyanətləri bir-bir yalnız şiə mənbələrindən sübut etmək mümkündür.

Əgər fərz etsək ki, bu rəvayət doğrudur, amma, bu rəvayətlə duada Quranı başın üstünə qoymağa istidlal etmək (dəlil gətirmək) doğru deyil. (İstər Ramazanda, istər də təziyə günlərində.) Artıq Əlinin bu əməli nə üçün etdiyini də yuxarıda izah etdik.

Doqquzuncusu: Şiələri bu bidətə salanların öndə gedənlərindən biri də ibn Tavusdur ki, “İqbalul-Əaməl” kitabında bu məsələyə toxunur və onlara bu bidəti təklif edir. Şiəliyə çoxlu xurafatları gətirib şiəliyi bu günkü hala salanlardan biri olan ibn Tavus Mehdi ilə görüşdüyünü də iddia edirdi. O, özündən müxtəlif ibadətlər də icad edirdi.

Hətta, şiə şeyxlərindən olan Əl-Xonsari “Rovda’tul-Cənnət” (4/318) kitabında ibn Tavusun özündən yeni ibadətlər ixtira etməsini etiraf edərək deyir: “

:” يرى نفسه مأذونا في جعل وظائف مقررة لمواضع مكرمة ومواقف صالحة , كما أنه يذكر أعمالا من عند نفسه ” !

“O, özünü şərəfli məkanlara və yaxşı yerlərə müyyən vəzifələri təyin etməyə icazə verilmiş şəxs kimi görürdü. Necə ki, o özü-özündən əməllər (ibadətlər) qeyd edirdi.”

Təəccüblü olanı odur ki, şiələr Kufə əhlindən olan əcdadlarının tənə olunduğu rəvayəti özlərinin xeyirinə dəlil gətirmək istəyiblər. Amma, bu rəvayətdəki Əlinin (radıyəllahu ənhu) əcdadlarına etdiyi nəsihəti unudublar ki, Əli Kufə şiələrinə nəsihət edir və onların xata üzərində olduğunu deyir: “Necə ki, əhli sünnə mənbəsinə istinadən gətirdikləri dəlildə də Əli bunu bəyan edir.”

Amma, onlar yenə Musanın yanında olan və Musaya əziyyət edən qardaşları kimi Əlini sevdiklərini iddia edirlər. Əlinin yolundan isə həqiqətdə uzaq düşənlərdir. Nə zahiri görünüşləri Əliyə oxşayır, əksinə, Əliyə oxşamaq istəyən saqqal saxlayan öz alimlərini nədənsə vəhhabi adlandırmırlar. Nə də əməlləri Əli (radıyəllahu ənhu) kimi Sünnəyə müvafiq deyil.

İndi sual veririk: Nəyə görə Əli (radıyəllahu ənhu) başqa vaxt dua edəndə Quranı başına qoymadı və məhz Qurandan uzaq düşənlərə xatalarını başa salarkən Quranı başına qoydu?

Deməli, bu tarixdə bir dəfə baş vermiş xüsusi bir hal idi. Allahın bəsirət verdiyi kimsə üçün artıq cavab aydındır. Yoxsa, öz kitablarında Əlinin əllərini göyə qaldırıb dua etməsi barədə heç bir rəvayət yoxdurmu? Bütün bu rəvayətləri qırağa atıb xüsusi halda etdiyi bir əməli dəlil gətirmələri sizcə də qəribə deyilmi?

Onuncusu: Bir də məqalə hazırlayan şəxs “Əhli sünnəni” nasibilikdə ittiham edir. Halbuki, nasibi Peyğəmbərin (salləllahu aleyhi va səlləm) Əhli Beytinə (radıyəllahu ənhu) düşmənçilik edənlərdir. Şiələrin Əhli Beyt sevgisini önə çəkmələrinə baxmayaraq, onların tarixdə neçə dəfə Əhli Beyt nümayəndələrinə xəyanət edib onların ölümünə səbəb olmalarını tarix oxuyanlar yaxşı bilir. Nasibilərə gəldikdə; alimlərdən bəziləri onların xəvariclərdən bir qövm olduğunu, bəziləri isə şiələrdən olan bir qövmə nisbət olunduğunu demişdirlər. Buna baxmayaraq biz nasibilər barədə doğru rəyin xəvariclərdən olan bir toplum haqqında deyilmiş olduğu qənaətindəyik. Əhli sünnəyə “nasibilik” nisbəti isə böhtandan başqa bir şey deyil. Buna ən azı Əhli Sünnə kitablarındakı Əhli-Beyt sevgisinə dəlalət edən çoxsaylı rəvayətlər sübut edir.

Yazdı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar