Seriala baxaraq ömrünün xəzinətək dəqiqələrini puç edənlərə

Müsəlman kəs gündüzü və gecəsində Allaha itaəti artırmalıdır. Xüsusən boş hesab etdiyi vaxtlarını Allaha ibadət edərək doldurmalıdır.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Günümüzdə bir çox müsəlmanların bu cür faydasız və eyni zamanda dini və dünyavi cəhətdən zərərverici məşğuliyyətlərlə vaxtlarını puç etməsini nəzərə alaraq, bu mövzuya qısa da olsa toxunmağı lazım bildik.

İlk öncə serialın hökmü barəsində danışaq. Beləki, bir çox İslam alimlərindən onlar barəsində soruşulduqda, cavab “Haramdır, olmaz, icazəli deyil” olub. Bu alimlərdən bəziləri: İbn Bəzz, İbnu Useymin, Suleyman ər-Ruheyli (rahiməhuməllahu və həfizah). Səbəbi isə inşəAllah aşağıda zikr olunacaqdır.

Daha sonra isə insanı seriala baxmağa nələrin sövq etdiyinə bir nəzər salaq. Beləki buna cəlb edən səbəblərdən bəziləri bunlardır:

  1. “Bekarçılıq” – bir insan gündəlik olaraq məşğul olacağı bir məşğuliyyət tapmadıqda vaxtını sözün əsl mənasında öldürməyi qərara alır. Bunun ən asan və nəfsə ən xoş olan yollarından biri də, seriallara baxaraq vaxtı “öldürməkdir”. Çox təəssüflər olsun ki, müsəlmanlardan elələrini görürük ki, Allaha nə qədər möhtac olduqlarını bildikləri halda və ötən hər dəqiqə ilə ölümə daha da yaxınlaşdıqlarını bildikləri halda yenə də vaxtlarını bu cür faydasız və eyni zamanda zərərli olan məşğuliyyətə sərf edirlər.

Həlli: Müsəlman kəs gündüzü və gecəsində Allaha itaəti artırmalıdır. Xüsusən boş hesab etdiyi vaxtlarını Allaha ibadət edərək doldurmalıdır. Hətta bu, telefonda quran dinləməklə belə olsa, bunu etməlidir. Yetər ki, o vaxtını faydasız və günah olan əməllərlə keçirtməsin. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “İki nemət var ki insanlar o nemetlərdən qafildirlər: boş vaxt və sağlamlıq.” (Buxari, 6412)

  1. “Depressiya” – bəzən insan sıxıntılarla üzləşdikdə, onları doğru qarşılamır. Görürsən ki, sıxıntıdan qurtulmaq üçün, fikrini yayındırmağa səbəblər axtarmağa başlayır. Əksər hallarda isə, Allahın rəhm etdiyi kəslər istisna olmaqla, insanların çoxu bunu günah olan əməllərdə axtarırlar. Musiqi, içki, siqaret, zina və s. Bunlardan biri də seriala baxmaqdır ki, bu da bu günümüzdə sadalanan digər əməllərdən daha əlçatandır ki, bu da ona yönələnən insanların sayını çoxaldır. Beləki, insan seriala baxmaqla müəyyən müddətlik problemlərini unudur, fikri yayınır, çəkdiyi acı azalır…. Lakin nə vaxtadək? Əlbəttə ki, bütün dünyavi ləzzətlərdə olduğu kimi, burada da əldə olunan bu ləzzət – qısamüddətlidir. Hətta seiralın bitdiyi saniyədə bütün acıların yerinə qayıdacağı qədər – qısadır.

Həlli: Bir insan, ona sıxıntı üz verdikdə, mömininlərin onu necə qarşılamalı olduğunu öyrənməlidir. Beləki, hər şeyə ilk öncə Tövhiddən başlamalıdır: hər şeyin Allahın izni ilə baş verdiyini, Allahın insanlara zərrə qədər də olsa zülm etmədiyini, Allahın fellərində mütləq bir hikmətin olduğunu xatırlamalıdır. Daha sonra isə, sıxıntının gəlmə səbəblərini araşdırmalıdır – bu da şübhəsiz ki, insanın öz nəfsindən hasil olan günahlarıdır. İnsan nəfsinə qayıdaraq, etdiyi günahları aşkarıamalı daha sonra isə o günahlardan tövbə ilə qurtulmalıdır, etdiklərinə görə peşman olmalı və bir daha onlara qayıtmamağa dair əzm etməlidir (qəti qərara gəlməlidir). Və nəhayət işləri idarə edən, xoşbəxtlik və asanlığı verməyə qadir olan, tövbələri və duaları qəbul edən Allaha dönüb, sıxıntısının qalxmasını və asanlığın gəlməsini Ondan istəməlidir. Şübhəsiz ki, bunları edən kəs, qəlb rahatlığına nail olmuş və səadətə çatmış olur. Çünki Uca Allah buyurur: “Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.” (ər-Ra`d, 28)

  1. Gecələri oyaq qalmaq, yuxusuzluq – əslində burada təfsilat var. İnsan bu səbəbdən iki cür istifadə edə bilər:

1) Allahın qəzəbinə səbəb olacaq şəkildə – gecəni haramlarla, asiliklərlə, günahlarla, faydasız məşğuliyyətlərlə keçirdərək.

2) Allahın razılığını qazana biləcək şəkildə – gecəni namaz qılmaqla, quran oxumaqla, faydalı kitab mütaliə etməklə, elm öyrənməklə və bir sözlə Allaha ibadət etməklə keçirdərək.

Nə xoş ikincilərin halına! Lakin o kəslər ki, gecələrini seriala baxmaq kimi məşğuliyyətlərə sərf edirlər, bilsinlər ki, onlar üçün yuxu daha xeyirlidir. Beləki yataraq mübah əməl etmiş, seriala baxaraq isə haram əməl etmiş olurlar. Əlbəttə ki, mübah və haram əməl arasında qaldıqda, mübah əməli seçmək vacibdir.

Əsas səbəblərin bunlar olduğunu düşünərək, keçirik serialın zərərlərinə ki, bu da nəsihətin əsas hissəsidir…

Seriala baxmağın zərərlərindən:

  1. Dini qeyrətin ölməsi.

İnsan seriallarda göstərilən haramlara baxaraq, o haramlara qarşı səssiz qalır. İlk vaxtlarda haram səhnələr görəndə gözlərini yumurdusa, qəlbində narahatçılıq keçirirdisə, getdikcə bu əməldə davamlılıq haramları onun gözündə adiləşdirir. Halbuki bu, bir möminə yaraşmayan bir əməldir. Çünki Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) Əbu Səid əl-Xudrinin rəvayət etdiyi hədisdə belə buyurmuşdur: “Sizdən biriniz bir munkər gördükdə, onu əli ilə dəyişdirsin. Əgər bacarmasa, dili ilə dəyişdirsin. Əgər (onu da) bacarmasa, qəlbi ilə dəyişdirsin. Və bu da imanın ən zəifidir.” (Muslim)

  1. Qulaqların musiqi eşitməsi.

Seriala baxmaq əsnasında, orada göstərilən musiqi səhnələrinə də insan eyni ilə səssiz qalır. Dediyimiz kimi, bir günahı davamlı şəkildə etmək insanda ona qarşı olan ikrah hissini öldürür, yox edir. Hətta bir müddət sonra, Allah qorusun, insan on günahı sevməyə və ona aludə olmağa başlayır. Bəli, ola bilsin bir müsəlman ilk dəfələrində musiqi səsləndiyi səhnələrdə musiqinin səsini alsın, lakin getdikcə bu “səs alma” halları azalır və hədd o dərəcəyə çatır ki, insan artıq o səhnələri rahat şəkildə heç nə etmədən izləyir.. Amma hər şey görsəndiyi kimi rahat deyil.. Kaş o insan, bu əməli ilə Rəbbinin qəzəbini necə qazandığını, cəzaya layiq görüldüyünü, həlakedici uçurumun kənarına yaxınlaşdığını və bir gün oradan aşma ehtimalı ilə üz-üzə qalmasını bir bilsəydi…

Muhəmməd (salləllahu aleyhi va səlləm) buyurur: “Bir zaman ümmətimdən zina etməyi, (kişilərə – red) ipək paltar geyinməyi, içki içməyi və çalğı alətləri dinləməyi halal sayan bir qrup ortaya çıxacaqdır.” (Buxari, 1892)

İbn Həcər (rahiməhullah) “Fəthul Bəri” kitabında bu hədisi şərh edərək belə buyurur: “Musiqi və onunla məşğul olanlara gələn bu ciddi ittihama bax. Onların əməlləri haram olan zina etmək, içki içmək və (kişilərə – red) ipək paltar geyinməklə birlikdə zikr edildi. Musiqinin haram olması barədə bundan başqa bir hədis gəlməsəydi də bu hədis təkbaşına kifayət edərdi.” (İbn Həcər əl-Əsqaləni, “Fəthu-l-Bəri”, 10/55)

  1. Zinaya meylin yaranması.

Bu əməlin ən zərərli, ən çirkin tərəflərindən biri də odur ki, orada zina səhnələri nümayiş olunur. Beləki, əslində sağlam fitrətin gizlədilməsini tələb etdiyi əməlləri, o serialda insanların gözü önündə nümayiş elətdirirlər. Beləliklə də müsəlmanlar bu əməllərin bu şəkildə edilməsinin az qala normal olması fikrinə də gəlmə təhlükəsi ilə üz-üzə qalırlar ki, bu fikirə düşən müsəlmanlar da heç də az deyil. Hətta ən dəhşətlisi odur ki, müsəlman qadınlar və kişilər öz iffətlərini kənara qoyaraq, bu əməli icra etmələri barədə fikirləşir, ağıllarında canlandırırlar. Lakin bu təkcə ağılda canlandırma ilə bitmir! Bu cür xəbis səhnələrin əsas fəsadı, insanı zinaya meyl elətdirərək, onu zinaya salmaqdır. Bəli, kimsə zinaya düşməyə bilər, lakin zinaya azca əli çatan birisi üçün, bu səhnələr açıq-aydın təlim və həvəsləndirmədir. Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur: “Həqiqətən, zinadan Adəm oğlunun payına düşən əzəldən yazılmışdır. Və o, istər-istəməz buna düşəcəkdir. Gözün zinası (harama) baxmaqdır. Qulaqların zinası – (haramı dinləməkdir). Dilin zinası (haram) danışmaqdır. Əlin zinası – (harama) toxunmaqdır. Ayağın zinası – (haramın ardına) düşməkdir. Nəfs də arzuluyur və istəyir. Cinsiyyət üzvü isə ya bütün bunları təsdiqləyir, ya da yalanlayır.” (Buxari, 6243; Muslim, 2657. Ləfz İmam Muslimə məxsusdur). Uca Allahdan afiyət diləyirik!

Əsasən bu tələyə insanlar arasında gənclərin düşdüyünü görmək olar. Beləki, fitri ehtiyaclarını ödəmək üçün, bu səhnələrdən və orada insanlara adiləşdirilmiş halda nümayiş olunan və hətta Allahın rəhməti ilə bu günümüzədək ölkəmizdə böyüklər tərəfindən belə yaxşı qarşılanmayan “sevgili” anlayışından təsirlənərək, bir çox günahlara düşürlər. Lakin Allahın rəhm etdiyi kəs o kəsdir ki, ziyanın yarısında olsa belə, Allahın rəhməti ilə geri dönən, tövbə edəndir.

  1. Evlərin dağılması, boşanmaların artması.

Bir qadın serialda yalan və əksəriyyəti haram üzərində qurulmuş eşq səhnələrini öz həyatında da görməyi arzulayır. Sonra isə dönür öz ailəsinə və görür ki, həmin o “gəzməklər”, “hədiyyələr”, “səyahətlər”, “maşınlar”, “pullar” və qadın “azadlığı” pərdəsi altında insanlara təqdim olunan müəyyən öhdəliklər və s yoxdur. Nəticədə isə həyat yoldaşının ona etdiyi yaxşılıqları unudur, özünü bədbəxt, evə həbs olunmuş, alçaldılmış, zülmə məruz qalmış bir qadın olaraq hiss edir. Bu hisslər onda artmağa davam etdikcə evdə əvvəllər problem olmayan məsələlər, əsas problemlərə çevrilir. Davalar, narazılıqlar, söz-söhbətlər və “problemlər” artır. Bu şeylər isə əsasən sonunda boşanmaya gətirib çıxardır ki, bu da özündə bir çox zərərləri cəm edir.

Eləcədə seriala baxmaqda boşanmalara səbəb olacaq daha bir səbəb vardır. Bu, ötən səbəbdən daha da dəhşətlidir. Beləki seriallarda evli bir qadının, başqa bir kişini sevməsi səhnələri və belə bir qadının əri tərəfindən zülmə məruz qalmış qadın kimi göstərilməsini müşahidə etmək olar. Bu isə bir qadının iffətini itirməsinə, ərinə xəyanət etməsinə və ən əsas da Allahı qəzəbləndirməsinə səbəb olur.

Düşünürük ki, bu qədər zərərləri zikr etmək bu əməli tərk etmək üçün kifayət olacaqdır.

Bu əməli tərk etmək üçün isə:

  1. Allahdan yardım diləyin ki, sizə o əməldən uzaq qalmağa yardım etsin.
  2. Dua edin ki, Allah qəlbinizdə həmin əmələ qarşı bir ikrah hissi yaratsın.
  3. O əmələ gedən bütün yolları özünüz üçün bağlayın (televizor, youtube və s).
  4. O əmələ adi baxan və o əməli edən kəslərlə əlaqədə araya məsafə qoyun.
  5. Özünüzü faydalı işlərlə məşğul edin.

Müvəffəq edən isə Allahdır.

Hazırladı: senxatirlat.com saytının rəsmi heyəti

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar