Salehə zövcənin sifətləri – 1`ci hissə

Əziz bacım, həyatının gözəl keçməsi üçün və axirətdə xoşbəxtlərdən olmağın üçün mütləq bu məqaləni oxu və əməl et.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Bu yazımızın mövzusu saleh zövcənin sifətləridir. Lakin, adından asılı olmayaraq bu mövzu sadəcə ailəli və ya ailə qurmağa hazırlaşan qadınlara xitab etmir. Bu mövzu o qədər önəmlidir ki, qızlarını gözəl şəkildə tərbiyələndirmək istəyən valideynlərə, tərbiyəçilərə və insanlara xeyri öyrətməkdə həris olan hər kəsə xitab edir. Belə ki, insan saleh zövcənin sifətlərini öyrəndikcə, artıq bu sifətləri digər insanlara da və bu xeyirlər cəmiyyətdə yayıldıqca, Allahın müvəffəqiyyəti sayəsində cəmiyyət islaha doğru addımlamağa başlayacaq. Lakin cəmiyyətin islahı üçün hər bir fərd islaha ilk öncə özündən və öz ailəsindən başlamalıdır.

Müasir dövrdə qadın əvvəllər heç vaxt üzləşmədiyi qədər çox fitnələrlə üz-üzədir. Təəssüflər olsun ki, geniş şəkildə yayılmış bu təhlükələrə məruz qalmaq üçün qadının artıq evdən belə çıxmasına ehtiyac yoxdur – qadın öz evində qərar tuta-tuta bu fitnələrlə qarşılaşa bilər. Qadın öz otağında oturduğu halda televizorun ekranı, internet, müxtəlif jurnallar və digər vasitələrlə bu fitnələr onun dininə, əxlaqına, şərəfinə, namusuna, tərbiyəsinə, imanına, özünüdəyər hissinə və hətta ağlına zərər vura bilər.

İlk öncə bilməliyik ki, insanın islahı bu iki əsasa qayıdır:

1. İlk olaraq insan bilməlidir ki, hidayət verən, doğruya yönəldən Allahdır. Hər şey Onun Əlindədir. Biz bütün xeyirlərə nail olmaq üçün Onun müvəffəqiyyətinə möhtacıq. Uca Allah buyurur: “…Allah kimi doğru yola yönəldərsə, o, doğru yoldadır. Kimi də azdırarsa, ona doğru yolu göstərən bir yaxın adam tapa bilməzsən.” (“əl-Kəhf” surəsi, 17) Bir başqa ayədə isə Uca Allah buyurur: “Allah əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola yönəldir.” (Yunus, 25) Buna görə də hidayət, müvəffəqiyyət, insanların islah Onun Əlindədir. O nə istəyirsə, o da olur. Güc və qüvvət yalnız Onunladır.

2. İkincisi isə, insan bu yolda səy və cəhd göstərməlidir. Xeyrə çatmaq üçün müvafiq vasitələrdən və səbəblərdən tutunmalıdır. Bu, islaha nail olmaq üçün mühüm səbəbdir. Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur: “Sənə fayda verən şeyə həris ol və Allahdan yardım dilə!” (Muslim, 2664)

“Fayda verən şeylərə həris ol” – yəni, hidayətin hasil olması üçün mövcud olan səbəblərdən tutun.
“Allahdan yardım dilə” – yəni, Ona etimad et, Ona təvəkkül et, Ondan yardım dilə və Onun sənə yardım edəcəyinə, səni doğru yola yönəldəcəyinə ümid et. Bu, nail olmaq istədiyimiz bütün xeyirlə doğru addımlayarkən bilməli olduğumuz 2 mühüm əsasdır.

3. Həmçinin daima xatırlamalı olduğumuz mühüm qaydalardan biri də odur ki, bütün xeyirlərin və insana gələn faydaların mənbəyi Allahın Kitabı və Onun Rəsulunun (salləllahu aleyhi va səlləm) Sünnəsidir. Məhz bu səbəbdən xeyirə çatmağı arzulayan hər bir kəsə Quran və Sünnəyə tabe olmaq vacib edilmişdir. Uca Allah Quran barədə buyurur:

“Həqiqətən, bu Quran (insanları) ən doğru yola yönəldir…” (“əl-İsra”, 9)

Sünnə barədə isə Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur:

“Özümdən sonra sizə elə iki şey buraxıram ki, onlardan sonra siz azmazsınız. Bunlar, Allahın Kitabı və mənim sünnəmdir (yolumdur).” (Şeyx Albani, “Sahihul Cəmi” (2937) kitabında hədisin səhih olduğunu bildirmişdir)

4. 4-cü qayda isə – Allah qorxusudur. Bütün ibadət və itaətlər məhz bunun üzərində qurulmuşdur. Qadın bilməlidir ki, o, qeyd olunacaq saleh zövcənin sifətlərinə sırf Allahı razı salmaq, Onun rızasına çatmaq üçün əməl etməlidir. Ərin razılığını qazanmaq isə, bundan sonra qəsd edilən bir məqsəd olmalıdır. İlk öncə Allahın razılığını qarşısına məqsəd qoymaq qadının bu sifətlər üzərində sabit qalmasına yardım edəcəkdir inşəAllah. Belə olan halda, hətta əri tərəfindən ona qarşı bir haqsızlıq üz versə də, qadın bu sifətləri tərk etməyəcək. Çünki qadın bu gözəl sifətlərə əri onunla yaxşı davranır deyə yox, əksinə, Allahı razı salmaq üçün yiyələnmişdi.

Salehə zövcənin sifətləri

1. Barəsində bəhs edəcəyimiz ilk xüsusiyyət, Uca Allahın “ən-Nisə” surəsində zikr etdiyi saleh zövcənin sifətləridir.

Uca Allah buyurur: “….Əməlisaleh qadınlar Allaha itaət edər və qorunması lazım gələn şeyləri Allahın himayəsi sayəsində qoruyub saxlayarlar….” (“ən-Nisə”, 34)

Bu ayə bizim üçün dəlildir ki, saleh qadın, özündə bu 2 sifəti cəm etmiş qadındır:

1-ci sifət onunla Allah arasında olan bağla,
2-ci sifət isə onun öz həyat yoldaşı (əri) ilə olan münasibətləri ilə əlaqəlidir.

1. Qadının Allahla olan bağı haqqında ayənin “Allaha itaət edər” qismində zikr edilmişdir. Belə ki, ayədə gələn قَانِتَاتٌ kəliməsi Allaha itaətdə və ibadətdə davamlı olmaq, fərz əməllərə və dinin vaciblərinə önəm vermək və onlara qarşı səhlənkar davranmamaq mənası kəsb edir. Bütün bunlar bu sifətə daxildir.

2. İkinci məqam isə, qadının öz əri ilə olan münasibətlərinə aiddir. Bu barədə Uca Allah belə buyurur: “ …qorunması lazım gələn şeyləri Allahın himayəsi sayəsində qoruyub saxlayarlar”. Yəni, ərinin haqqını həm olduğu, həm də olmadığı zamanlarda qoruyarlar. Belə ki, qadın ərinin malını, yataqdakı haqlarını və bütün digər haqq və hüquqlarını qoruyar. Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurmuşdur: “Əgər qadın 5 vaxt namazını qılar, Ramazan orucunu tutar, cinsi orqanını (Allahın haram buyurduqlarından) qoruyar və ərinə itaət edərsə, Cənnətə onun istədiyi qapısından daxil olar.” (İbn Hibbən öz səhih əsərində (4163) rəvayət etmişdir. Şeyx Albani isə “Sahihut-Tərğib” əsərində (1931) hədisi “həsən li-ğayrihi” adlandırmışdır.)

Yuxarıda qeyd etdiyimiz ayədə gələn “Allahın himayəsi sayəsində” kəliməsi isə ona dəlalət edir ki, salehə qadın bu sifətlərə öz bacarığı, fərasəti, ağlı və ya dərrakəsi ilə çatmır, əksinə, yalnız Allahın yardımı, asanlıq verməsi və müvəffəqiyyəti ilə çatır.

İmam Əhmədin “Musnəd” əsərində rəvayət etdiyi hədisdə isə Peyğəmbər (salləllahu aleyhi va səlləm) belə demişdir: “Əgər qadın beş vaxt namazını qılar, Ramazan ayının orucunu tutar, övrətini (zinadan) qoruyar və ərinə itaət edərsə, ona belə deyilər: Cənnətə onun istədiyin qapısından daxil ol!” (İmam Əhməd, “Musnəd”, 1661)

Bu vəd qadın üçün böyük bir müjdədir! Bir əlinin barmağı ilə saydığı bu dörd əməl sayəsində ona “Cənnətə onun istədiyin qapısından daxil ol!” deyiləcəksə, öz nəfsi üçün xeyir istəyən qadın nəfsini bu dörd əmələ yönəltməyə diqqət göstərməlidir. Bunlar beş vaxt namaz, Ramazan orucu, qadının öz namusunu və ərinin haqlarını qorumasıdır. Bilmək lazımdır ki, qadının islahının kökündə Rəbbi ilə öz arasında olanların islahına durur. Ona gözəl şəkildə itaət etmək, Ona doğru şəkildə yaxınlaşmaq, Ona ibadətdə davamlı olmaq – qadının səadətinin, bütün həyatının, o cümlədən də ailə həyatındakı müvəffəqiyyətinin, övladlarının islahının və gözəl yaşayışının sirri məhz bunlardır.

Buna görə də öz nəfsinə xeyir istəyən qadın və ya öz qızları və himayəsi altında olan qadınlara xeyir istəyən əmr sahibləri onları doğru yola və ibadətlərdə davamlılığa həvəsləndirməyə çalışmalıdırlar. Xüsusən də vacib əməllərə, 5 fərz namaza, Ramazan orucuna qarşı ciddi yanaşılmalıdır və hədisdə gələn “Övrətini qoruyarsa…” kəlməsinə istinadən qadının iffəti və şərəfinə təsir edəcək bütün şeylərdən uzaq durmalarına xüsusi diqqət yetirməlidirlər. Həmçinin, Allah bir qadını ona münasib bir həyat yoldaşı ilə ruziləndirərsə, qadın onun haqları barəsində də Allahdan qorxmalıdır. Evliliyinin əvvəlindən artıq özünü Allahın haram buyurduqlarından qorumalıdır.

Bu mövzuya toxunmuşkən, bir məsələni də qeyd etmək yerinə düşərdi. Günümüzdə çox rast gəlinən hallardan biri də odur ki, qadın ailə qurduqda bir çox məsələlərdə israfa yol verir. Bir çox qadınlar ailə qurmağa hazırlaşarkən zahiri görünüşə həddindən artıq önəm göstərirlər. Yaxın rəfiqələrinin, ətrafdakı digər qadınların etdiklərinə qibtə edərək “Filankəs belə etdi”, “Filankəsin toyunda belə etdilər” kimi fikirlərlə israfa yol verirlər. Bununla da evliliyin artıq ilk addımlarından israfçılıq, bəzən isə hətta Allahın haram buyurduğu qadağalar hasil olur. Bütün bunlar isə ilk gündən ailədə bərəkətin azalmasına və ya tamamən yox olmasına səbəb olur…lakin əgər qadın və ya ailəsi bu növ israflardan və günahlardan uzaq olsalar, yeni qurulan ailə üçün Allah tərəfindən xeyir və bərəkət hasil olar. Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurmuşdur: “Ən xeyirli nikah – ən asan olanıdır.” (Şeyx Albani “Silsilətus-Sahihə” əsərində (1842) hədisi “səhih” adlandırmışdır)

Buna görə də qadın da, valideynləri də, evlilikdə də, toy mərasimində də çətinlikdən asanlığa qaçmalı, təvazökarlıqdan, yumşaqlıqdan tutunmalı və israfdan uzaq durmalıdırlar. Evlilikdə asanlıq olarsa, israfdan və haramlardan uzaq durularsa, bu, həmin evliliyə bərəkətin gəlməsinə səbəb olar. Lakin əgər evlilik israf, günahlar və asiliklərin müxtəlif növləri ilə başlayarsa, bu da Allah qorusun, bərəkətin yox olmasının ən böyük səbəblərindən biri olar.

2. Salehə zövcənin digər bir xüsusiyyəti isə – onun lənətlənmiş şeytandan qorunması, uzaq durmasıdır.

Şeytanın bu dünyadakı məqsədi fəsad törətməkdir. İnsanın dinində, əxlaqında, rəftarında, ictimai əlaqələrində, qardaşlığında və bütün xeyir işlərdə fəsad törətməkdir. Hər yeni gün o, öz ordusunu bu tapşırıqlarla vəzifələndirir və insanların üzərinə göndərir. Səhih Muslimin rəvayət etdiyi bu hədis barəsində diqqətlə düşün! Cabir bin Abdilləh Peyğəmbərin (salləllahu aleyhi va səlləm) belə dediyini rəvayət edir: “Həqiqətən də İblis öz taxtını suyun üzərində qurur, daha sonra isə öz ordusunu (fəsad törətmək üçün) yollayır. Ordusu arasında ən yaxın mənziləyə sahib olan, onlardan ən çox fitnə törədən olur. (Yəni, ordusundan ona ən yaxın olan, insanlar arasında ən böyük fitnə törədən olur) “Onlardan (ordusundan) biri gəlib belə deyər: “Mən belə-belə etdim.” İblis isə belə deyər: “Sən heç nə etmədin!” (Ordusundan) digəri isə gəlib belə deyər: “Bir insanı arvadından ayıranadək onları tərk etmədim (yəni onları ayırdım).” Nəticədə iblis onu özünə yaxınlaşdırar və belə deyər: “Sən necə də yaxşısan!” (Muslim, 2813)

Bu məqamda saleh zövcənin (eyni şəkildə kişinin də) üzərinə düşən vəzifə, bu həqiqəti yaxşıca dərk etməsidir. O bilməlidir ki, onların ayrılmaları üçün çalışan gizli bir düşmən var. Elə bir düşmən ki, onlar onu görmür, amma o, onları görür. Elə bir düşmən ki, insanın bədənində qanın damarlarda dolaşdığı kimi dolaşır. Daima onlara vəsvəsə verir, tələlər və hiylələr qurur, həm qadının, həm də kişinin qəlbinə vəsvəsələr, şübhələr salmağa davam edir. Qarşısı alınmadığı halda bu vəsvəsə və şübhələr onlar arasında ədavətə və ayrılığa gətirib çıxardır… Məhz buna görə də, sünnədə şeytandan qorunmaq üçün bir çox vasitələr varid olmuşdur. Həm evə girərkən, həm insanlarla davranışda, həm qəzəb anında, həm də şeytandan qorunmağa ehtiyac duyulan hər bir hal üçün xüsusi əməllər və zikrlər varid olmuşdur.

Beləliklə, salehə zövcənin xüsusiyyətindəndir ki, o, şeytanın hiylələrindən və ailələrin dağılması ilə nəticələnən vəsvəsələrindən uzaq dursun. Neçə-neçə ailələr vardır ki, orada geri dönüşü olmayan ayrılıqlar məhz şeytana itaət etmək və onun vəsvəsələrinə tabe olmaqla baş verib. Lakin əgər həm kişi, həm də qadın lənətlənmiş şeytandan Allaha sığınsaydılar və onun vəsvəsələrindən uzaqlaşmağa çalışsaydılar, bu ayrılıqlar baş verməzdi. Neçə-neçə ailələr vardır ki, şeytana tabe olduqları üçün boşanıblar, fitnəni törətmiş şeytan isə İblisin yanına gedərək məhz bu əməli sayəsində onun yanında olan məqamının (dərəcəsinin, mənziləsinin) ucalmasına nail olmuşdur. Burada sizin diqqətinizi faydalı bir məqama yönəltmək istəyirəm: sizin görmədiyiniz, amma sizi görən həmin bu gizli düşmən böyük bir təcrübə sahibidir. Günümüzdə hər hansı bir şirkətdə və ya iş yerində çalışan insanlar ən çoxu 50-60 illik təcrübəyə malik olurlar. Amma İblisin təcrübəsinə, insanları yoldan çıxarmasına, onların arasına ədavət salmasına nəzər yetirsək görərik ki, bu, əsrlərə dayanan bir təcrübədir. Vəfat edərək dəfn edilmiş neçə-neçə insan vardır ki, lənətlənmiş şeytanın dəvətinin əsirləri və onun törətdiyi fəsadların bəhrələri olublar. Məhz buna görə də müsəlman bir ailənin özünü şeytandan qoruması və ondan uzaq durması zəruridir.

3. Salehə zövcənin sifətlərindən biri də, əri ona baxdığı zaman həm öz duruşu ilə, həm öz görünüşü ilə, həm də öz libası ilə onun qəlbinə sevinc salmasıdır.

Həmçinin saleha zövcə öz nəfsini ərinə itaət etməyə və onun əmrlərinə (istəklərinə) nifrət bəsləmədən, təkəbbürlük göstərmədən, lovğalıq etmədən cavab verməyə öyrəşdirməlidir. Peyğəmbərdən (salləllahu aleyhi va səlləm) “Hansı qadın daha xeyirlidir?” soruşulduqda, o, belə demişdir: “Əri ona baxdığı zaman onu sevindirən, əmr etdiyi zaman ona itaət edən və ona nə öz nəfsində, nə də malında sevmədiyi şeyləri etməklə müxalif olmayan qadın.” (“Sunən Nəsəi”, 3231. Şeyx Albani hədisi səhihləşdirmişdir, bax: “əs-Silsilətus Sahihə”, 1838)

Gördüyümüz kimi bu hədisdə ən xeyirli qadın, əri ona baxdığı zaman onu sevindirən qadındır. Buna isə ən çox qadının öz zahiri görünüşünə diqqət göstərməsi səbəb olur. Lakin günümüzdə çox təəssüflü hallardan biri də odur ki, qadınlar yalnız bayıra çıxdıqda və ya hər hansı bir məclisə, qonaqlığa getdikdə bəzənir və özlərini gözəlləşdirirlər. Ərləri evə gəldikdə isə, geyilməkdən köhnəlib cırılmış paltarlarda, pis qoxulu, saçları dağınıq və ikrah hissi oyadan digər hallarla ərlərinin qarşısına çıxırlar. Halbuki bu ər qadının hər dəfə bayıra çıxdıqda bəzənib düzəndiyini, zinətlərini taxdığını görür…bu halda kişinin o qadına qarşı hansı istəyi qalar? Qəlbi ona necə rəğbət göstərər? Həmçinin bir çox qadınlar daima itaətkar, şükr edən olmaq əvəzinə əksinə, daim nədənsə (və ya ərindən) narazı, şikayətcil, qəzəbli olur və evdəki ab-havanı gərginləşdirirlər. Təbii ki, bütün bunlar kişini qapıda narazı üzlə qarşılamaqla başlayır. Kişi hər dəfə evə gələrək bu cür ab-hava, bu cür rəftarla rastlaşdıqda artıq nə ailəsi, nə də evi onun rahatlıq tapacağı bir məkan olmur. Beləliklə qadın özü öz əlləri ilə ailə münasibətlərində soyuqluq yaradır. Ailə həyatında bu cür davranışlar məhz qadının səfehliyinə və fərasətsizliyinə dəlalət edir”

Səhih Muslimdə gələn hədisdə Cabir (radıyəllahu ənhu) Peyğəmbərin (salləllahu aleyhi va səlləm) belə dediyini rəvayət edir: “Sizdən biri səfərdən gecə gəldiyi zaman əhlinin yanına gecə qəfildən gəlməsin.” Peyğəmbər (salləllahu aleyhi va səlləm) sözünə davam edərək belə demişdir: “Ki, qadın təmizlənsin (övrətindəki tüklərini qırxsın) və saçı-başının dağınıqlığını toparlasın deyə.” (Muslim, 715) Bu hədisdə qadın üçün incə bir məqam gizlənmişdir. Bu da qadının öz ərini – xüsusən də əri səfərdən gəldiyi zaman – gözəl görünüşdə, təmiz və gəlişinə hazır şəkildə qarşılmasının mühüm olmasıdır. Ərin gəlişi hazırlaşmağı, evi səliqə-səhmana salmağı, toparlamağı tələb edən məqamlardandır. Necə ki, Aişə (radıyəllahu ənhə) buyurur ki, Peyğəmbər (salləllahu aleyhi va səlləm) səfərdən gəldiyi zaman mən divardakı boşluğa bir pərdə (örtük) asmışdım. Onun üzərində (canlıların) sürəti var idi. Peyğəmbər (salləllahu aleyi va səlləm) onu gördükdə söküb çıxardı və belə dedi: “Qiyamət günü ən şiddətli əzaba düçar olanlar Allahın yaratmasına bənzədənlərdir (şəklini çəkənlərdir).” Aişə dedi: “Sonra biz ondan bir və ya iki yastıq etdik.” (Buxari, 5954. Muslim, 2107)

Bu hədisi oxuduqda belə bir sual yaranır: Aişə (radıyəllahu ənhə) o pərdəni nə üçün asmışdı? Peyğəmbərin (salləllahu aleyhi va səlləm) evə girdikdə evdə nə isə bir dəyişiklik, gözəllik görməsi üçün. Bu hədisdən belə bir fayda çıxarırıq ki, qadın evini daim təmiz saxlamalı və səliqə-səhmana salmalıdır. Ərinin gəlişi üçün özü hazırlandığı kimi, evini də hazırlamalı və beləcə onu gözəl şəkildə qarşılamalıdır. Bütün bunlar salehə qadının sünnədə varid olan sifətlərindən hesab olunur.

Həmçinin Ənəs bin Məlik (radıyəllahu ənhu) Peyğəmbərin (salləllahu aleyhi va səlləm) belə dediyini rəvayət edir: “Sizə Cənnət qadınları barəsində xəbər verimmi?” (Yəni öz tərifəlayiq xüsusiyətləri ilə cənnət əhlindən olacaq qadınlar barəsində sizə xəbər verimmi?) “Hər bir ərini sevən və çox uşaq dünyaya gətirən qadın. Həmçinin o qadın ki, qəzəbləndikdə və ya ona bir pislik toxunduqda və ya əri ona qəzəbləndikdə (əlini onun əlinin içinə qoyaraq) belə deyər: “Budur əlim sənin əlindədir və sən (məndən) razı olmadıqca mən yuxuya getməyəcəm.” (“əl-Mucəmul Əusat”, 1743. Şeyx Albani hədisi səhihləşdirmişdir, bax: “əs-Silsilətus Sahihə”, 3380)

Lakin çox təəssüflər olsun ki, bəzi qadınlar bir-iki və hətta daha çox gecələr boyunca sanki heç nə olmamış kimi küsülü şəkildə yata bilir. Bəzən bu hətta aylarla davam edir. Əri isə bu vaxt ərzində ona qəzəbli, ondan narazı olur. Qadın isə sanki onunla heç bir bağlılığı yoxmuş kimi rahat şəkildə öz həyatına davam edir. Sanki bir gün Allahla görüşməyəcək və bu barədə heç soruşulmayacaqdır

4. Salehə zövcənin növbəti bir neçə xüsusiyyətləri isə bu hədisdə varid olmuşdur: Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur: “Qadınlarınızın ən xeyirliləri Allahdan qorxduqları təqdirdə ərini çox sevən, (çox) uşaq dünyaya gətirən, mülayim (üzüyola) və ərinə dayaq (dəstək) olan qadınlardır. Qadınlarınızın ən şərliləri isə (naməhrəmlərin yanında) bəzənib-düzənən və təkəbbürlü olan qadınlardır. Onlar münafiq qadınlardır. Onlardan yalnız ala (ağ ləkəli) qarğaya bənzəyənləri cənnətə daxil olacaqlar.” (“Sunənul Beyhəqi”, Şeyx Albani hədisi səhihləşdirib, bax: “əs-Silsilətus Sahihə”, 1849)

(Qeydburda qəsd qara paltar deyil, qarğaların içində bu növ ala qarğa nadir halda tapıldığı kimi, qadınların içində də itaətkar, hədisdə olan pis vəsflərin hamısından uzaq olan qadınlar belə nadir tapılır.)

Bu hədisdə salehə zövcənin sifətlərinə bir diqqət et!

Ərini sevən – bu xüsusiyyət bir qadında ola biləcək ən gözəl və tərifəlayiq xüsusiyyətlərdəndir. Sevgi dolu olmaq – sevgi, qayğı və nəvaziş kimi gözəl sifətləri özündə ehtiva edir. Buna da ən çox haqqı çatan ərdir. Ən çox ər haqlıdır ki, qadını onu sevsin, ona qayğı göstərsin, gözəl kəlimələrlə, xoş davranışı ilə, xoş rəftarı ilə, həmçinin öz görünüşü ilə onun hislərini, sevgisini qazanmağa çalışsın.

Sevgini birüzə vermək həm sözlə, həm görünüşlə, həm əməllə, həm əxlaqla, həm də davranışla olur.

Uşaq dünyaya gətirən – yəni çoxlu uşaq dünyaya gətirən. Bu da həmçinin qadına xas çox gözəl xüsusiyyətlərdən biridir. Çox uşaq dünyaya gətirən qadın ən xeyirli qadınlardan hesab olunur. Lakin əgər bir qadın bu məsələdə Allah tərəfindən hansısa bir xəstəliklə və ya qüsurla, sonsuzluqla imtahan olunarsa bu, qadına əsla zərər verməz, çünki bu onun əlində olmayan bir şeydir, ondan asılı olmayan bir məsələdir. Allah buna görə onu hesaba çəkməyəcək və bu onun salehliyinə zidd bir sifət olmayacaqdır.

Lakin əgər qadın uşaq dünyaya gətirə bilən birisidirsə, lakin özü buna (heç bir ciddi və zəruri səbəb olmadan) mane olar, zürriyətin artmasının qarşısını özü alarsa və ya bunun üçün səy göstərərsə, bu ona zərər verər. Çünki Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurmuşdur: “Ərini sevən, (çox) uşaq dünyaya gətirən qadınlarla evlənin. Çünki mən Qiyamət günü ümmətlərin önündə sizin çoxluğunuzla fəxr edəcəyəm!” (Şeyx Albani hədisi səhihləşdirmişdir. Bax:“əl-İrva”, 1784) Buna görə də qadına gərəkdir ki, övladlarının çoxluğu üçün səy göstərsin, bunun üçün səbəblərdən tutunsun, həmçinin onların tərbiyəsi və gözəl yetişməsi üçün cəhd göstərsin. Eləcə də qadın çalışmalıdır ki, toplumda onun əli ilə saleh oğullar, islah edən dəvətçilər mövcud olsun. Qadın bunu ailə həyatına daxil olduğu ilk vaxtlardan ummalı, istəməlidir. O düşünməlidir ki, inşəAllah Rəbbim məni bu hidayətdə öndə gedəcək nümunəvi övladlarla ruziləndirəcək. Elə bir övladlarla ki, onlar müsəlman alimlərdən, xeyirə dəvət edən kəslərdən olacaqlar. Beləliklə də o qadına ən birinci onun bu saleh niyyətinə görə, daha sonra isə bu yolda göstərdiyi cəhdlərə görə savab yazılacaqdır.

  • Alimlər qeyd edir ki, qadın bir uşaqdan sonra növbəti uşaq arasında çox uzun olmayan bir zaman müddətində qoruna bilər. Körpəsinə baxması, hamiləlik və doğuş sürəcindən sonra özünə gəlməsi üçün. Lakin bu halda da qadının qorunmasından ərinin xəbəri və buna razılığı olmalıdır və bu qorunma ömürlük olmamalı və yalnız icazəli, mübah və sağlamlığa ciddi zərər verməyən yollarla olmalıdır (-tərc).

Mülayim (üzüyola) – yəni kobud və sərt olmayan, əksinə üzüyola, ərinə itaət edən, ona itaətdən boyun qaçırmayan, təkəbbürlük etməyən, özünü üstün görməyən, itaətkarsızlıq və lovğalıq etməyən qadın.

Ərinə dayaq (dəstək) olan – ərinə dəstək olan, ona daim təsəlli edən və onun yanında olan qadın. Xeyirdə və Allaha itaətdə, ona fayda verəcək şeylərdə və onun saədətinə səbəb olan şeylərdə ona yardım edən qadın.

Allahdan qorxduqları təqdirdə – yəni bütün sadalanan bu sifətlər yalnız və yalnız qadın Allahdan qorxduğu təqdirdə ona fayda verər. Yəni əgər qadın bütün bu sifətlərə Allahdan qorxduğu üçün yox, əksinə hər hansı dünyəvi bir mənfəət üçün sahib olarsa, bu ona fayda verməz. Bu sifətlər yalnız onda ona fayda verər ki, o, bunlarla Allahın razığını umar.

Qadınlarınızın ən şərliləri isə (naməhrəmlərin yanında) bəzənib-düzənən – yəni öz zinətlərini, gözəlliyini izhar edərək, ətirlənərək naməhrəmlərin önünə çıxır. Bununla da şeytanın hədəfinə çevrilir. O qadın vasitəsi ilə şeytan bir çox fəsadlar törədir, kişiləri yoldan çıxartmağa çalışır. Beləliklə qadın evindən bu cür halda çıxdığı zaman iblisin ordusuna çevrilir.

və təkəbbürlü olan qadınlar – burada bəzənib-düzənərək çölə çıxmaqdan sonra təkəbbürlülüyün zikr edilməsində bir hikmət vardır. Bu da odur ki, bəzənib-düzənərək, ətirlənərək çölə çıxan qadın əsla təvazökarlıq sifəti ilə evdən çıxmaz. Əksinə təkəbbürlü, özünü bəyənmiş halda evdən çıxar. Bununla da o, qadının ən gözəl zinəti olan həya və təvazökarlıq sifətlərini itirmiş olar. Həya libasının yerinə təkəbbürlük libasını, təvazökarlıq libası yerinə özünü bəyənmək, qürurlanmaq libasını geyinmiş olar. Bu da onun həm özünə həm də ailə həyatına böyük zərər vurmuş olar.

Bu sifətlər ən şərli qadınların sifətləri olaraq hədisdə zikr edilmişdir. Daha sonra Peyğəmbər (salləllahu aleyhi va səlləm) belə deyir: “Onlar münafiq qadınlardır. Onlardan Cənnətə yalnız qarğanın çox nadir növü olan ağ ləkəli qarğalar qədər daxil olacaqlar.” – bu növ qarğaların ayağında və qanadlarında ağ ləkə olur. Bu qarğalar çox nadir növ qarğalardır. Qara qarğalara nisbətdə isə lap azdırlar. Bu növ qarğalara rast gəlmək çox çətindir. Bu hədisdə də bu cür qadınlardan çox azının Cənnətə daxil ola biləcəyi qeyd edilir. Bu da onların necə təhlükədə olduqlarını göstərir.

Başqa bir hədisdə Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur: “Ey qadınlar toplumu! Sədəqə verin və istiğfarı (Allahdan bağışlanma diləməyi) çoxaldın! Çünki mən Cəhənnnəm əhlinin çoxunun sizdən ibarət olduğunu gördüm.” (“Buxari” 304, 1462. “Muslim”, 79)

Nə üçün Peyğəmbər (salləllahu aleyhi va səlləm) Cəhənnəm əhlinin əksəriyyətinin onlardan ibarət olduğunu görmüşdür? Sünnədə varid olan və Cəhənnəm əhlinə xas olan, məzəmmətlənmiş sifətlərə, böyük günahlara nəzər yetirdikdə görürük ki, qadınların əksəriyyəti bu sifətlərə önəm vermir, diqqət etmir. Yəni o şeyləri edir, lakin bu sifətlərin Cəhənnəm əhlinin sifətlərindən olduğunu düşünmürlər. Sanki heç Allahla görüşməyəcəklər, sanki heç hesaba çəkilməyəcəklərmiş kimi o əməlləri edirlər. Hətta aralarında bu barədə elmi olan, hədis çatmış qadınlar da vardır ki, onlar da buna məhəl qoymurlar.

Bu hədislərdən birində İbn Ömər belə deyir: “Peyğəmbər (salləllahu aleyhi va səlləm) qaynaq edənə və etdirənə, həmçinin döymə döyənə və döydürənə lənət etmişdir.” (“Buxari” 5947. “Muslim” 2124)

Digər hədisdə isə İbn Abbas belə deyir: “Allah Rəsulu (salləllahu aleyhi va səlləm) özlərini qadına bənzədən kişilərə və özlərini kişiyə bənzədən qadınlara lənət etmişdir”. (Buxari, 5885)

Bu və digər hədislərdə müəyyən sifətlərlə bağlı lənətin gəldiyini görürük. Bir əmələ lənətin gəlməsi isə o əməlin böyük günahlardan olmasına dəlalət edir. Bununla belə bir çox qadının bu cür günahlara düşdüklərini, hətta bunu öz aralarında adiləşdirdiklərini görə bilirik. Baxmayaraq ki, bu əməllər lənətə və Allahın rəhmətindən uzaq düşməyə səbəbdir. Onlar sanki heç Allahın hüzurunda durmayacaqlar, heç bu əməllərə görə soruşulmayacaqlar, sanki heç bu dünyadan köçməyəcək və bir çuxura (qəbirə) qoyulmayacaqlar, sanki heç onların üzərinə torpaq tökülməyəcək və o gün saleh əməllərindən başqa heç nəyə ehtiyac duymayacaqlarmış kimi bu əməlləri rahat şəkildə edirlər. Halbuki gün gələcək və onlar anlayacaq ki, Allaha asi olacaq, Onu qəzəbləndirəcək heç bir əməli etməyə, bunlara rəğmən heç bir günahı işləməyə dəyməzdi. Amma o gün gec olacaq və nə dönüş, nə də tövbə qapısı açıq olmayacaqdır.

Gördüyümüz kimi bəzi xüsusiyyətlər məzəmmətlənmişdir və onlardan uzaq durmaq lazımdır. Odur ki, bilmədən o sifətlərə sahib olub Allahın qəzəbinə uğramamaq üçün bu sifətləri bilmək hər bir kəsin üzərinə vacibdir. Bu yerdə şair buyurur:

Mən şəri şər üçün öyrənmədim,
Ondan qorunmaq üçün öyrəndim.
Kim şəri tanımazsa əgər,
Ona düşər.

Şeyx AbdurRazzəq əl-Bədr (həfizahullah)`ın Salehə zövcənin sifətləri kitabından cüzi ixtisarla və cüzi əlavələrlə tərcümə edilmişdir.

Ardı var inşəAllah…

Tərcümə etdi: senxatirlat.com saytının rəsmi heyəti

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar