Sabitlik üçün səbəblərdən – gündəlik Qurandan müəyyən miqdar oxumaq

Özünə gündəlik Qurandan oxunacaq müəyyən bir miqdar təyin et və nə olursa olsun, onu tərk etmə.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Ölənə qədər dindən möhkəm tutunmağın səbəblərindən biri də gündəlik olaraq Qurandan müəyyən hissənin (virdin) oxunmasıdır. Özünə gündəlik Qurandan oxunacaq müəyyən bir miqdar təyin et. Az qala hətta qiyamətin baş verəcəyini bilsən belə de: “Nə olur olsun, mən bu günlük Quranımı oxuyacağam.”

Bu miqdarın oxunması üçün müəyyən bir vaxt ayır və nə olursa olsun onu tərk etmə.

Sən soruşacaqsan ki: “Gündəlik olaraq müəyyən bir miqdarın oxunmasının bizi sabit edəcəyinə dəlil nədir?”

Bəli, gündəlik Qurandan müəyyən bir miqdar oxumaq səni sabit edəcək. Üstəlik bununla Allah sənə haqqı və batili ayırd etmə qabiliyyəti verəcək. Bunu, Uca Allah Furqan surəsində zikr edib.

Uca Allah belə buyurur: “Kafirlər dedilər: “Nə üçün Quran ona bir dəfəlik bütünlüklə nazil olmadı?”” (Furqan, 32)

Yəni ki, niyə Quran Tövrat və İncil kimi bir dəfəyə enməyib?

O zaman Allah Əzzə və Cəllədən cavab nazil oldu: “Biz onu sənin qəlbini möhkəmləndirmək üçün tədricən nazil etdik və onu ən gözəl şəkildə (ayəbəayə) izah etdik.” (Furqan, 32)

Nə üçün tədricən nazil etdik? “Biz onu sənin qəlbini möhkəmləndirmək üçün tədricən nazil etdik…”

Bu ayə ona dəlalət edir ki, Quranın hissə-hissə göndərilməsi Allah tərəfindən Peyğəmbər (salləllahu aleyhi va səlləm) və əshabı üçün bir sabitlikdir. Ona görə də kim buna riayət edərək, gündəlik olaraq Qurandan müəyyən hissə oxuyarsa, bu onun üçün Allah tərəfindən bir sabitlik olar.

“Biz onu sənin qəlbini möhkəmləndirmək üçün tədricən nazil etdik.” Allahu Əkbər!

Quran və Sünnəyə bağlılıq – elmi cəhətdən sabitlikir, insanın əmr olunanları yerinə yetirməsi isə (onun üçün) əməl cəhətdən sabitlikdir, Quran oxumaq isə qəlb üçün təmizlik və sabitlik, köks üçün isə genişlikdir. Bundan daha yaxşı nə ola bilər? Allahu Əkbər!

Həfiz ibn Kəsir (rahiməhullah) öz təfsirinin ön sözündə bir hədis zikr edib. Bu hədis həmçinin İmam Əhmədin “əl-Musnəd” əsərində və eləcə də başqalarında qeyd olunmuşdur. Bu hədisə görə “nümayəndələr ili”ndə Peyğəmbərin (salləllahu aleyhi va səlləm) yanına insanlar gəlirdi. O (salləllahu aleyhi va səlləm) da işa namazından sonra onların yanına gəlib, onlara Quran və Sünnəni öyrədirdi.

Hədisi rəvayət edən deyir ki, bir gün Peyğəmbər (salləllahu aleyhi va səlləm) gecikir. O (salləllahu aleyhi va səlləm) gəldikdə isə biz dedik: “Yə Rasuləllah, sən gecikmisən”. Peyğəmbər (salləllahu aleyhi va səlləm) cavab verdi: “Bəli (doğrudur), mənim yanıma filan qəbilənin nümayəndələri gəlmişdi və məni gündüz oxuyacağım miqdarı (virdi) oxumaqdan yayındırdılar və mən də o miqdarı tamamlamadan sizin yanınıza çıxmaq istəmədim.”

Subhənəllah! Peygəmbərin (salləllahu aleyhi va səlləm) gündəlik oxuduğu miqdarı (virdi) var idi. Onu bitirmədən öz qövmünün yanına çıxmadı.

Bu hədisi rəvayət edən deyir: “Biz bildik ki, səhabələr Quranın tam oxunmasını hissələrə bölüblər və onlardan bunu necə etdiklərini soruşduq.”

Əslində, dərindən düşünsək, Allah səhabələri yalnız Peyğəmbərin (salləllahu aleyhi va səlləm) köməkçiləri olduqlarına görə ucaldaraq, onlara yalnız buna görə üstünlük verməyib. Baxmayaraq ki, onların Peyğəmbəri (salləllahu aleyhi va səlləm) görmələri özü özlüyündə böyük bir üstünlükdür, lakin burada digər səbəblər də var, bu səbəblərdən bəziləri onlarda olan elmi və əməli üstünlüklər idi.

İndi isə düşün gör onlar Quranı necə oxuyurdular? Bu hədisi rəvayət edən deyir: “Biz Rasulullahın (salləllahu aleyhi va səlləm) səhabələrindən soruşduq ki, siz Quranın oxunmasını necə hissələrə bölürsünüz?”

Həmin insanlar “nümayəndələr” ilində gəliblər. Bu, Hicri ilə 9`cu ildir. Deməli, səhabələr 9 ildir Quran oxuyurdular. Bəs onlar onu necə oxuyurdular?

Səhabələr cavab verdilər: “Biz, Quranın oxunmasını 3, 5, 7, 9, 11, 13 hissəyə və mufəssalə* bölürük.”

7 günə onlar Quranı tam oxuyurdular. Subhənəllah! 1–ci gün onlar 3 surə oxuyurdular: “əl-Bəqara”, “Ali-İmran”“ən-Nisə”. 2–ci gün sonrakı 5 surəni, 3–cü gün sonrakı 7 surəni, 4–cü gün sonrakı 9 surəni, 5–ci gün sonrakı 11 surəni, 6–cı gün sonrakı 13 surəni, “Qaf” surəsinə qədər. 7–ci gün ″Qaf″ surəsindən ″ən-Nəs″ surəsinə qədər. 7 günə onlar Quranı tam oxuyurdular. Bu, səhabələrin bir çoxunun halı idi.

Bu bölgünü onlar bu sözlərdə cəm etmişdilər: “فَــمِــي بِــشَــوْق”
[FəMİ BiŞəUQ] – dodaqlarım kədər içində.
(Quran oxuma sırası ilə):

F – əl-Fətihə
M – əl-Məidə
Y – Yunus
B – Bənu İsrail (əl-İsra)
Ş – əş-Şuəra
V – Vas-Saffət
Q – Qaf

Beləliklə, onlar Quranı hissə-hissə tam oxuyurdılar. Bununla da Əzəmətli və Uca Allah onları yalnız fitnələr və şəhvətlərə qarşı yox, həmçinin onları rumlular və farslara qarşı da möhhəmləndirib, dözümlülük verdi.

Bu dözümlülük sayəsində səhabələrin əməllərinə heç bir bidət qarışa bilmədi, Uca Allah onlardan razı olsun.

Nəticə isə odur ki, biz hər gün Qurandan müəyyən bir miqdar oxumalıyıq.
______________

* Ərəb sözü olan “mufəssal” “fəssalə” feilindən əmələ gəlib. Fəssalə – hissələrə bölmək. Burada “mufəssal”- öz aralarında “Bismilləhir Rahmənir Rahim” sözləri ilə bölünmüş qısa Quran surələridir.

Bu yazı, Muhəmməd Hişəm Tahirinin
“Min əsbəbis səbəti aləd dini həttəl məmət – Qira`ətu
virdin yəumiyyin minəl Qur`ən”
adlı mühazirəsindən mənaca tərcümə olundu

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar