Peyğəmbərin sünnəsi də vəhydəndir!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Sünnə vəhy deyil, ona görə də biz yalnız vəhy olan Qurana tabe olmalıyıq:

Bu şübhənin cavabı: Sünnə necə vəhy deyil ki, bu Quran ayələri sünnənin vəhy olduğunu bildirir. Söhbət hədis elmi əsasında Allahın izniylə qondarma və təhriflərdən qorunmuş sünnədən gedir. Uca Allah buyurur: «O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir.» (ən-Nəcm, 3-4) Bu ayədə peyğəmbərin danışığı vəhy adlandırılır.

İbn Kəsir (Allah ona rəhmət etsin) təfsirində bu ayənin mənası barədə danışarkən hər iki məsdərin də peyğəmbər tərəfindən doğru şəkildə çatdırılmasına işarət edir.
Həmçinin, eyni ayələrin təfsirində imam Muhəmməd əl-Əmin əş-Şinqiti peyğəmbərin ﷺ funksiyasının yalnız Quranı çatdırmaq olmadığını, onun bəzi məsələlərdə ictihad edə biləcəyinə deyərək buna aid bəzi dəlilləri gətirir; Tövbə surəsi, 43 və əl-Ənfal, 67.

Təfsirçi alim Abdur-Rahmən əs-Sədi yuxarıda qeyd etdiyimiz ən-Nəcm surəsinin üçüncü və dördüncü ayələrinin təfsirində demişdir: Bu ayə həmçinin ona da dəlalət edir ki, Sünnə Allahdan olan bir vəhydir. (Təysirul-Kərimir-Rahmən, səh 973).

Həmçinin, Təfsirul-Muyəssər kitabında deyilir: «Quran və Sünnə yalnız Allah tərəfindən elçisi Muhəmmədə etdiyi vəhydir.» (Təfsirul-Muyəssər, səh 526)

Tabe olmağa gəldikdə isə bizə yalnız Qurana tabe olmaq əmr olunmamışdır. Quranla bərabər müsəlmanlara hədislərə (sünnəyə) də tabe olmaq əmr olunmuşdur.

Gəlin görək Qurani-Kərimdə Allah bizə nəyə tabe olmağımızı əmr edib? Uca Allah buyumuşdur: «Allaha və Peyğəmbərə itaət edin ki, bəlkə sizə rəhm olunsun.» (Ali İmran, 132) Peyğəmbərə itaət isə onun sağlığında da olur, o öldükdən sonra da olur.
İstər peyğəmbərin sağlığında, istər də ölümündən sonra haqq yol budur.

● Əgər Qurani etiraz edərək desə ki, “bu ayə peyğəmbərin zamanına aiddir” – onun cavabında deyərik ki:

Birincisi: Əgər elə olsaydı, Muhəmməd peyğəmbər ﷺ son peyğəmbər olmaz və qiyamətə kimi onun şəriətinə tabe olmaqla insanlar mükəlləf olmazdılar. O şəriət ki, onun böyük hissəsinin izahı quranda deyil, məhz hədislərdədir. (Bax: «Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir.» (Əhzab, 40) Sonuncu peyğəmbərin ﷺ şəriəti isə Qiyamətə kimi qüvvədə olmalıdır. Bunu inkar etmək isə alimlərin icmasıyla küfrdür.

İkincisi: Peyğəmbərin ﷺ vəfatından sonra da xəlifələr yalnız Quran və hədislərdə bir hökm tapmadıqdan sonra özləri ictihad edirdilər! Hədislər peyğəmbərin sağlığına aid idisə, onda onun vəfatından sonra bu necə baş verirdi?! İslam xəlifələri niyə peyğəmbərin ﷺ vəfatından sonra da onun hədislərini həyata keçirirdilər?

Dəyərli oxucu! Allah açıq-aydın şəkildə buyurub ki, Öz nazil etdiyi Quranın bəyanını (izahını) da özü verəcək. Bu da hədislər yoluyladır. Bu barədə ayə belədir: «Biz onu oxuduğumuz zaman sən onun (Quranın) oxunuşunu izlə. Sonra, sözsüz ki, onu izah etmək də Bizə aiddir.» (Qiyamət, 18-19) Bu ayədə Allah buyurur: «sən onun (Quranın) oxunuşunu izlə» Məsələn; peyğəmbər «zəkat verin» (əl-Bəqərə, 43) ayəsini izlədi. Allah isə sonra deyir ki, «onu izah etmək də Bizə aiddir» Çox gözəl. Biz bu məqamda Quraniyə sual veririk: Zəkatın necə veriləcəyini, hansı maldan nə qədər çıxarılacağının izahını indi bizə Quranda göstərə bilərsinizmi? Haydı göstərin!…Göstərə də bilməzsiniz. Lakin, biz sizə mötəbər hədislərdə bu izahı göstərə bilərik.

Çəkdiyimiz zəkat misalı və başqa yüzlərlə misal göstərə bilərik ki, Quranın izahı mötəbər hədislərdə mövcuddur. Deməli, bu hədislər vəhy olan mötəbər sünnədir. Çünki, bu izahları peyğəmbər özündən etmirdi. Qurani-Kərimin təfsirləri buna misallarla zəngindir.

Bu söhbətin əvvəlində demişdik ki, peyğəmbərin danışığı da vəhydəndir. Buna dəlil olaraq ən-Nəcm surəsi 3-cü və 4-cü ayələri göstərmişdik. Növbətli fayda isə odur ki, Allah sonra belə buyurur: «Sözsüz ki, onu (Quranı) izah etmək də Bizə aiddir.» Quranı izah etməyi Allah özünə aid edir. Bu isə bir növ sünnəni Özünə aid etmiş olur – deməkdir. Bu aid etmə Quranın izah edilməsinin peyğəmbərə tapşırılması yoluyla baş vermişdir. Yəni, Allah Cəbrayıl mələyi vasitəsilə Quranın mənalarını peyğəmbərinə izah etmiş, peyğəmbər də sünnəsi yoluyla o mənaları bizə çatdırmışdır. Beləcə, Allahdan gələn izah da vəhy sayılır və peyğəmbər yoluyla bizə çatdırılmış olur. Uca Allah buyurur: «Sənə də Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr.» (ən-Nəhl, 44) Beləcə biz bu izahı hədislərdə tapmış oluruq.

Həmçinin, «Sözsüz ki, onu (Quranı) izah etmək də Bizə aiddir.» ayəsi barədə ibn Kəsir alimlərdən bir qisminin belə dediyini nəql edir: «Sonra Quranı sənin dilinlə izah etmək bizə aiddir.» Eyni ayənin təfsirində yenə ibn Kəsir imam Qatadənin belə dediyini rəvayət edir: «Quranın halalının izahı, haramından və günahından çəkindirmək və itaətin izahı bizə aiddir». Həmçinin, ibn Abbasdan da rəvayət olunur ki, o bu ayənin təfsiri barədə dedi: «Quranı sənin dilinlə izah etmək bizə aiddir.» (Təfsirul-Quranil-Azim, ibn Kəsir, 23/504) İbn Abbas (Allah ondan razı olsun) səhabələrin içində Quranın mənalarını ən yaxşı bilən, peyğəmbərimizin ﷺ haqqında dua edib: «Allahım ona təvili (təfsiri) öyrət!» dediyi səhabədir.

O cümlədən də Uca Allah buyurmuşdur:

«Allahın evlərinizdə oxunan ayələrini (Quranı) və hikməti (Peyğəmbərin qoyduğu qayda-qanunu) xatırlayın. Allah (möminlərə) lütfkardır, (bəndələrinin bütün əməllərindən) xəbərdardır!». (Əl-Əhzəb, 34).

«Allah sənə Kitabı və hikməti (Quranı və Sünnəni) nazil etdi və bilmədiyin şeyləri sənə öyrətdi. Allahın sənə olan lütfü böyükdür». (Ən-Nisə, 113).

İmam Şafi (Allah ona rəhm etsin) bu ayələr barədə buyurmuşdur:

«Allah Təala kitabı zikr etmişdir və o, Qurandır. Həmçinin, hikməti zikr etmişdir və Quran elminin əhlindən razı olduqlarımın belə dediklərini eşitmişəm: “hikmət Allah elçisinin (salləllahu aleyhi və səlləm) sünnəsidir». («Ər-Risələ», 111).

Əgər biz Quranı Muhəmməd peyğəmbərin ﷺizahından başqa bir izahla anlamağa çalışsaq, hədislərsiz, sünnəsiz bu yola çıxsaq, Qurandan uzaqlaşmış olar, Quranın əmrini tərk etmiş olarıq. ən-Nəhl surəsi 44-cü ayə bizə: «Sənə də Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən» (ən-Nəhl, 44) əmrini verərkən, biz bu əmri inkar etmiş olarıq. Bu əzəmətli əmrdən açıq-aydın görünür ki, Allah bizə öz Elçisinin ﷺ Qurana etdiyi izahla getməyimizi əmr edir. Bu izah isə sünnədə vardır. Sünnəni inkar edən elə bu ayə kimi onlarla Quran ayəsini də inkar etmiş olur.

Əgər insan düşünsə ki, Quran, Muhəmməd peyğəmbərin ﷺ sünnətində gətirdiyi bütün gözəl əxlaqları, əqidələri, hökmləri, müamilələri əvəz edəcəkdir, onda o insan Məhəmməd peyğəmbərin ﷺ bir elçi kimi göndərilmə missiyasını inkar etmiş olar. Onda əlimizdə olan Quran bu sünnədə olan təfsilatı vermək üçün ən azı indiki Quranın üç qatı olmalı idi. Allah əbəs yerə buyurmamışdır ki: «Allah möminlərə, öz aralarından onlara Allahın ayələrini oxuyan, onları günahlardan təmizləyən, onlara Kitabı və Hikməti (Sünnəni) öyrədən bir Elçi göndərməklə mərhəmət göstərmişdir. Halbuki əvvəllər onlar açıq-aydın azğınlıqda idilər.» (Ali İmran, 164)

«Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir.» (Əl-Əhzəb, 21).

Gəlin bu ayəyə fikir verək! Əgər Peyğəmbərin ﷺ sünnəsi bizə gəlib çıxmayıbsa, biz ondan necə örnək, nümunə götürək? Belə halda biz necə onun yoluyla gedək və ona necə itaət edək? Bu zaman biz necə onun bizə verdiklərini götürüb qadağan etdiklərindən çəkinək?!

«Əgər Muhəmməd bəzi sözləri özündən uydurub Bizə aid etsəydi, Biz onu sağ əlindən yaxalayar, sonra da şah damarını kəsərdik.» (əl-Məaric, 44-46)

Bu ayəni oxuyan bir insan, Allahın təhdidini görən insan görəsən bundan sonra peyğəmbərin ﷺ nəyi isə vəhyə zidd olaraq özündən halal və ya haram etməsinə, onun nəfsinə, havasına uyub şəriətdə nəyi isə səhv izah etməsinə etiqad edə bilərmi? Haşa, əlbəttə ki, yox! Şəkk yoxdur ki, o «Sadiqul-Əmin» olan peyğəmbərdir.

O zaman bu peyğəmbərin hərəkətləri, sözləri və feilləri də bu ilahi iradəyə tabe olacaqdır ki, onun dinlə əlaqəli olan sözü, feili və ya susması yalnız Allahdan bildiriş və öyrədilmə yolu ilə mümkündür. İslami anlayışa görə isə məxluqla (yaradılmışla) Xaliqin (Yaradanın) bu cür rabitəsi yalnız vəhy yolu ilə mümkündür. Bunun üzərinə sünnənin də vəhydən olduğuna inanırıq. Çünki, sünnə vasitəsilə Allahın şəriətinin təfsilatlarının öyrədilməsi və xəbər verilməsi gerçəkləşir ki, bu da Allahdan xəbər verilmə və öyrədilmə yoluyla baş verir. Məsələn; məşhur Cəbrail hədisində Cəbrail insan cildində peyğəmbərin yanına gəlib suallar verib getdikdən sonra peyğəmbər buyurur: «Bu gələn Cəbrail idi. sizə dininizi öyrətməyə gəlmişdi» (Muslim)

Hədislər Quranın işığında:

«Biz hər bir elçini, Allahın izni ilə, ona məhz itaət edilsin deyə göndərdik.» (ən-Nisa, 64)

Allah bəzi peyğəmbərlərinə səmavi kitablar göndərmiş, bəzilərinə səhifələr göndərmiş, bəzilərinə isə hədisləri vəhy etmişdir, onların kitabları olmamışdır. Bu hədislər onların şəriətləri və əhkamları olmuşdur. İsmayıl, İshaq, Yunus, Lut, Hud və başqa peyğəmbərlər bu növdən olan peyğəmbərlərdən olmuşlar. (Mənbə: Hucciyyətul-Hədis ən-Nəbəvi, Muhəmməd İsmayıl, səh 110) Onların sünnəsinə müxalif olanlara əzab nazil olmuş və Qiyamətə kimi rüsvay edilmişlər. Quranda həmin peyğəmbərlərin hansısa kitabının olduğu qeyd edilməyib.

Həmçinin, Allah öz peyğəmbəri Muhəmmədə iki cür vəhy (Quran və Sünnə) göndərmişdir. Allah buyurur: «Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik.» (ən-Nisa, 163)

Müxtəlif vəhy yolları:

Uca Allah vəhy yollarını bəyan edərək buyurur: «Allah insanla ancaq vəhylə və ya pərdə arxasından danışır, yaxud bir elçi göndərir və o da Allahın izni ilə Onun istədiyini vəhy edir.» (Şura, 51)

Mümkündür ki, keçmiş peyğəmbərlərin hamısı ayədə qeyd olunan üç vəhy yolu ilə deyil bu yollardan yalnız biri ilə vəhy olunsunlar. Lakin, Məhəmməd peyğəmbərə vəhyin nazil olması haqqında açıq-aydın bu ayədə danışılır:

«Onu sadiq Ruh (Cəbrail) endirdi – sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan.» (əş-Şuəra, 193-194)

Buradan Quranın sünnənin, peyğəmbərin sözlərinin əhəmiyyətinin bilinməsi üçün bunu ifadə etməsinə ehtiyac yaranmışdı. Quranı nazil edən Allaha bu gələcək problemlər, ravilərin əzbəri, adilliyi, naqisliyi, istisna halları, illələri gizli deyildi. O zaman hədislərin belə əhəmiyyətinin olması barədə Quranda bu qədər ayələr nazil olmazdı.

Qurani-Kərimdə hədislərin iki cürə qeyd olmasını görə bilərik.

Birincisi: Peyğəmbərə ﷺ itaətin Allaha itaətdən müstəqil şəkildə qeyd olunduğu ayələr.
İkincisi: Allahın ayələrindəki məqsədlərin yalnız hədislər yoluyla tamamlanacağının xatırladıldığı ayələr.

Hər iki növ hədisləri ehtiva edən ayələri burada qeyd edəcəyik:

Birinci qəbildən olan ayələrdən bəziləri:

1 – «Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar.» (ən-Nisa, 65)

Bu ayə Sünnənin hüccət olmasına ən aydın dəlillərdən biridir. Bu Allahın vəhyi ilə təsdiqlənmişdir. Burada Allahın hökmündən deyil, peyğəmbərin verdiyi hökmlərdən söz açılmışdır. Peyğəmbərin ﷺ hökmünün yalnız onun zamanına aid olduğunu deyənlər isə bu ayədəki kimi heç bir sıxıntı keçirmədən tam təslim olmamış kəslərdir.

2 – «Biz hər bir elçini, Allahın izni ilə, ona məhz itaət edilsin deyə göndərdik.» (ən-Nisə, 64)

Bu ayə itaət və tabeçiliyi peyğəmbərliyin həqiqi məqsədi etmişdir. Əgər bir kimsə peyğəmbərliyə və ya bu peyğəmbərə iman gətirər, lakin, ona itaəti və tabeçiliyi zəruri görməzsə, deməli, həmin şəxs ən aşağı halda peyğəmbərliyin həqiqi qayə və məqsədindən cahil qalmışdır. Bir şeyin qayə və məqsədini inkar etmək isə o şeyin faydasını və özü-özlüyündə xeyir verməsini inkar etməkdir.

3 – «Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür.» (əl-Əhzab, 36)

Bu ayə dəlalət edir ki: peyğəmbərin hökmünü qəbul etmək imanın doğru olması üçün şərtdir. Həmçinin, Peyğəmbər ﷺ bir hökmü verdiyi zaman şəxsi seçim yeri qalmır. Hər kimsə də peyğəmbərin bir məsələdə hökmünü bilə-bilə öz seçimində israr edərsə, ona açıq-aydın zəlalətə düşmək vəd edilmişdir.

4 – «Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar.» (Nur, 63)

Peyğəmbərin hökmlərindən hiylə və üzürlər gətirib qaçmaq icazəli deyildir. Bu münafiqlərin sifətlərindəndir. Bu ayədə peyğəmbərin əmrinə qarşı çıxanlara şiddətli əzab vəd edilmişdir.

5 – «Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, sizə rəhm edilsin.» (Nur, 56)

«Namaz qılıb zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır.» (əl-Mucədələ, 13)

Bu ayələrdə də peyğəmbərə itaət, onun sünnəsinə tabeçiliyə diqqətlər yönəldilir. Allah kimin sünnəyə rəğbətli olduğunu, kimin də sünnədən yayınmaq istədiyini bilir.

6 – «De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”.» (Ali İmran, 31)

Peyğəmbərin ardınca getmək, ona itaət etmək isə həm onun sağlığında, həm də vəfatından sonra mümkündür. Vəfatından sonra isə bu tabeçilik Sünnəyə tabeçilik ilə gerçəkləşir.

7 – «Cəbrail sənə Quranı nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə! Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir. Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə. Sonra, sözsüz ki, onu izah etmək də Bizə aiddir.» (Qiyamət, 16-19)

Quranın izahı isə peyğəmbərin ﷺ vasitəsilə olduğu üçün sünnə də vəhydən hesab edilir. Çünki, bizə məlum olan odur ki, Quranı peyğəmbər izah edib. Bu izah sünnədə gəlmişdir. Allah isə bu izahı özünə nisbət etdiyi üçün sünnə də vəhydəndir.

8 – «Biz onu (Quranı) sənin dilinlə asanlaşdırdıq ki, onunla müttəqilərə müjdə verəsən və inadkarlara xəbərdarlıq edəsən.» (Məryəm, 87)

Peyğəmbərin diliylə Quranın asanlaşdırılması isə Quranın Sünnə ilə izahıdır.

9 – «And olsun batmaqda olan ulduza! Sizin yoldaşınız nə haqdan azmış, nə də yoldan çıxmışdır. O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir. Bunu ona çox qüvvətli olan öyrətdi.» (ən-Nəcm, 1-5)

Bu ayədə peyğəmbərin ﷺ azğınlıqdan və zəlalətdən qorunması qeyd olunmuşdur. Sonra isə onun danışığının hamısının vəhydən olduğu, həmçinin, nəfsin istəklərindən uzaq olduğu qeyd olunmuşdur.

İkinci qəbildən olan ayələrdən bəziləri:

Qurani-Kərimdə bəzi ayələr də vardır ki, bu ayələr hədislər olmadan tam izah olunmamış qalır və bu da bizə hədislərə olan zərurəti ortaya çıxarır. Bu ayələrdən:

1) «Həqiqətən, Allah yanında ayların sayı on ikidir. Bunu da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır.» (ət-Tövbə, 36)

Bu dörd ay Quranda mücməl olaraq varid olmuşdur. Bu aylarda döyüş, döyüşə başlamaq və mübahisə etmək qadağan edilmişdir. Lakin, Qurani-Kərimdə on iki ayın adları yoxdur. Bu dörd ay barədə təfsilat da qeyd edilməmişdir. Lakin, bu təfsilatı hədislərdə və ya ərəblərin tarixində tapmaq mümkündür. Biz indi bilmirik ki, Quranilər bu iki mənbədən hasına istinad edəcəklər.

2) Növbəti ayədə Uca Allah buyurmuşdur:

«Etdikləri əməlin əvəzində Allahın cəzası olaraq oğru kişinin və oğru qadının əllərini kəsin! Allah Qüdrətlidir, Müdrikdir.» (əl-Maidə, 39)

Əl sözü ərəb dilində dırnaqdan çiyinə kimi olan məsafəni əhatə edir. Quran isə əli kəsməyi əmr etdi, lakin, oğrunun əlinin haradan kəsiləcəyini qeyd etmədi. Elmi təvatür yoluyla (bir çox səhabələrin rəvayət etdiyi hədislər) sabitdir ki, oğrunun əli onun biləyinə kimi kəsilə bilər. Bu hədd isə sünnə üzərində qurulmuşdur. Əgər sünnə inkar olunsa, gərək əllərin çiyinlər tərəfdən kəsilməsinə inanaq və ya başqa özünə nisbət olunacaq məsdər axtaraq. Bu da Qurandan sünnə barədə edilən bir çağırışdır. Yəni, Quran özü Sünnənin izahı olmadan izah olunmayacaqdır. Bu da özlüyündə dəlildir ki, Sünnə bir məsdər kimi hüccətdir.

3) «Namaz qılın və zəkat verin». (əl-Bəqərə, 43)
Qurani-Kərimdə namaz və zəkat əmrləri olduqca çox təkrarlansa da, lakin, namazın vaxtlarının, rükətlərinin, vaciblərinin, sünnələrinin, tək və cüt rükətlərin, səsli və səssiz olanlarının necə qılınması izah edilməmişdir. Bu namaz barədədir. Eyni zamanda da Quranda zəkat barəsində də onun illik hansı maldan, hansı puldan nə qədər çıxarılmasının izahı barədə də bir izah yoxdur. Ona görə də sünnəni bir kənara qoyaraq, sünnəyə ehtiyac yoxmuş kimi Qurandakı bu ayələri özbaşına izah etmək istəyənlər uğursuzluqla üzləşmişlər. Ona görə də Quranın özü Sünnənin izahını tələb edir.

4) «Ey libasına bürünüb örtünmüş peyğəmbər! Az bir hissəsi istisna olmaqla gecələr namaza dur! Onun yarısını, yaxud ondan bir az əskilt.» (Muzzəmmil, 1-3)

Həmçinin, buyurmuşdur: «Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan insanların bir qismi bəzən gecənin üçdə ikisindən az, bəzən yarısını, bəzən də üçdə birini ibadət üçün durursunuz.» (Muzzəmmil, 20)

Həmçinin, buyurmuşdur: «Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər.» (Səcdə, 16)

Qurani-Kərimdə nafilə namazların növləri və ya qılınış şəkli barədə məlumat yoxdur. Duha namazı, vitr namazı, istixarə namazı, məscidi salamlama (təhiyyət) namazı, təravih namazı və s. barədə məlumat və ya təfsilat yoxdur.

Quranilər nafilə ibadətləri inkar etməklə qul ilə Rəbbi arasına girmiş olur və insanları bu böyük xeyirdən məhrum etmiş olurlar. Sünnədə gündəlik beş namazdan əvvəl və sonra qılınan nafilə namazları hansı ki, cəmi 12 rükət edir, onlar hədislərlə təkid edilmiş bu sünnətləri qəbul etmirlər. Hansı ki, Quran özü də nafilə namazlara işarət edir. Yuxarıda bu ayələrdən bəziləri qeyd edilmişdir.

İstifadə edilmiş mənbələr:

Qurani-Kərim.
Səhihi Muslim.
Sunəni Əbi Davud.
Təfsirul-Muyəssər.
Təfsirul-Quranil-Azim. İbn Kəsir.
Teysirul-Kərimur-Rahmən. əs-Sədi.
Quraniyyun, nəşə’uhum, aqaiduhum…
Təfsiru İbn Kəsir, Təfsirul-Quranil-Azim.
Quraniyyun va Şubuhətuhum həvləs-Sunnə.
Difəan anis-Sunnə, Abdul-Ğani Abdul-Xaliq.
Hucciyyətul-Hədis ən-Nəbəvi. Muhəmməd İsmail əs-Sələfi.

Yazdı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar