Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:
İnsan bu dünya həyatına Allah Əzzə və Cəllə`yə ibadət etmək üçün, Onu təkləşdirmək üçün gəlmişdir. Lakin bəzi insanlar bu şərəfli vəzifədən Allahın hikməti ilə məhrum olmuşlar. İnsanlardan bir qismi isə öz istəkləri ilə bu vəzifəni öz üzərlərinə götürərək, Allaha qulluq və ibadət etməkdən doymurlar. Bəli, sözün əsl mənasında – doymurlar. Lakin (bizim əksəriyyətimiz kimi) bir qism insanlar da, bu vəzifəni öz üzərlərinə götürsələr də, bəzən çox səhlənkarlıqlar edib Allaha ibadətdə zəifləyirlər. Onların qəlblərində gündən günə iman nurunun necə söndüyünü müşahidə etmək mümkündür. Beləki, onlar ibadət etsələr də o ibadətdən həzz almır, onun şirinliyini dadmırlar. Allahın əmrlərinə boyun əysələr də, adətə çevrildiyindən bunun həqiqi mənasını dərk etmirlər. Getdikcə qəlblərindəki o iman nuru zəifləyir…
Lakin Uca Allah bu qism insanlardan kimə rəhm edərsə, onu qaldırmaq üçün, onu ayıltmaq üçün ona sarsıdıcı sıxıntılar göndərər. Baxarsan ki, Allah bir qulunu bir müddətdən bir sınayar. Bəzən sınaqlar kiçik, bəzən orta, bəzən də (zahirdə) çox ağır olur. İbnul Qayyimin (Allah ona rəhmət etsin) dediyi kimi, “Qul Allahı həqiqi şəkildə tanıyarsa, Onun isim və sifətlərinin mənasını həqiqi şəkildə dərk edərsə, anlayar ki, ona üz verən hər bir çətinlik, hər bir sıxıntı ona olan xeyirlərdən bir xeyirdir…” (əl-Fəvaid səh. 132)
Bir düşünək! Ey sıxıntı ilə sınanan qul! Sən deyildinmi Rəbbindən “Yə Rabbi mən zəifləyərkən məni tənha buraxma…” deyən? Sən deyildin mi, Rəbbindən imanının güclənməsini istəyən? Sən deyildin mi, qəlbindəki iman toxumunu becərtməyə çalışan amma bacarmadığından Rəbbinə üz tutub Ondan kömək diləyən?! SƏN İDİN…və bu gün də Rəbbin sənin duanı qəbul edib sənə istədiklərini verdi. Nə fərqi var hansı yolnan? Ola bilsin arzu etdiyin yolnan olmasın. Ondan daha gözəl yol ilə Rəbbin bunu etdi. Səni, Ona xuşu ilə ibadət edənlərin sırasına qatdı. Səni əməlinlə çata bilməyəcəyin dərəcələrə sınayaraq qaldırdı. Sənin günahlarını Cəhənnəm əzabı ilə yox, bu keçici dünyanın, oyun və əyləncə olan dünyanın xəfif ağrıları ilə səndən qaldırdı. Rəbbin sənə sən istədiyindən də çox xeyir bəxş etdi. Xoşbəxt olmayıb da nə edəcəksən?
Nə bilirsən? Bəlkə bundan sonra Rəbbin səni təmizləyib ağlına belə gətirmədiyin dərəcədə xoşbəxt edəcək. Nə olsun sən istədiyin zaman, məkan və s. ilə yox?! Sənin Rəbbin ki الحكيم (Hikmət sahibi) və العليم (hər şeyi Bilən)’dir. O bilir amma sən bilmirsən. O qeybdən xəbərdardır amma sən xəbərdar deyilsən. Neçə qızıl güllər var ki, gözəl, barverən torpağa əkildilər amma sonunda solub heç nə oldular. Kim bilə bilərdi? Heç kəs.. Zahirən hər şey gözəl görsənsə də Rəbbin bilir sən isə bilmirsən.
Şeyxul İsləm İbn Teymiyyə (Allah ona rəhmət etsin) zindana atıldı…bütün həyatı zindanlarda keçdi…hətta evlənməyə belə vaxt tapmayıb dünyasını dəyişdi…bir zindandan o biri zindana köçürülürdü…və hər zindan da əvvəlkindən betər idi…bir gün onun böyük tələbələrindən biri o (Allah ona rəhmət etsin), bir zindandan başqa bir zindana köçürülərkən ona xatırladıb, nəsihət etmək üçün onun yanına gəldi…tələbə şeyxinə nəsihət edərək buyurdu: “إن هذا المقام – مقام الصبر – Həqiqətən bu məqam – səbr (etmək) məqamıdır!” Bu anda Şeyxul İsləm İbn Teymiyyə (Allah ona rəhmət etsin) çönüb ona baxaraq belə dedi: “لا! إن هذا مقام – مقام الشكر – Xeyr! Həqiqətən bu məqam şükür (etmək) məqamıdır! Bil ki mən, içərisində olduğum bu nemətin şükrünü vermək üçün bu zindanlar dolusu Allah yolunda infaq etsəm də Allahın mənə verdiyi bu nemətin şükrünü ödəyə bilmərəm.” Subhənəllah…bir düşün! Nə üçün şükür edirdi?! Çünki Rəbbini tanıyırdı. Bilirdi ki, Rəbbindən gələn hər bir şey gözəldir. Anlayırdı ki, ona gələn onun düşmənindən yox…ona rəhm edən məxluqlardan yox…ona digər məxluqlardan çox rəhm edən valideynlərindən yox…ona valideynlərindən də çox Rəhmli və Mərhəmətli olan Ərhəmur Rahimindən (Rəhmlilərin ən Rəhmlisindən) gəlmişdir. Sevinməyib, şükür etməyib də, nə edərdi ki?!
Anlamaq lazımdır ki, möminə üz verən hər bir şey onun xeyrinədir. Necəki Rasulüllah (Allahın ona salavat və salamı olsun) buyurur: “Möminin işinə təəccüb edirəm! Həqiqətən onun bütün işləri onun üçün xeyirlidir! Əgər başına sevindirici bir iş gələrsə şükr edər və bu onun üçün xeyirli olar, əgər başına müsibət gələrsə səbr edər və bu da onun üçün xeyirli olar. Bu da yalnız möminə xasdır.” (Muslim)
Diqqət et! Hər iki hal, hər iki vəziyyət o 2 şərt (nemətə şükür və imtahana səbr) ilə insanın xeyrinə olur. Həyatını da 2 xeyir üzərində sürən niyə üzülsünki?
Elə isə, Rəbbin haqqında gözəl zənndə ol…
“Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qalacaqsan.” (əd-Duhə 5)
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha
Senxatirlat.Com saytının rəsmi heyəti