Nə üçün namaz qılmırsan, ey insan?

«Namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir.» (əl-Ənkəbut, 45)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

  • Namaz qılmayan insanlara bir sual vermək istəyirəm; Ey namaz qılmayan insan, sən nəyə görə namaz qılmırsan axı?
  • Hansı səbəblərə görə namaz qılmırsan?!
  • Məgər səni namazdan yayındıran oğul-uşağındırmı?
  • Yoxsa, səni namazdan yayındıran var- dövlətindirmi?
  • Yoxsa, tutduğun vəzifədirmi?
  • Yoxsa, var dövlət sahibi olmasan da gündəlik qazanc əldə etmək istədiyin işindirmi səni namazdan yayındıran?
  • Yoxsa, səni namaz qılacaqsan deyə qınayacağından qorxduğun dostlarındırmı səbəb? Onlara görəmi namaz qılmırsan?!..
  • Yoxsa, insanların qınağındanmı qorxub namaz qılmırsan?!
  • Bu suallar barədə heç düşündünmü?
  • Sənə aləmlərin Rəbbinə səcdəyə etməyə nə mane olur axı?
  • Məgər Allah Qurani-Kərimdə sənə namazı vacib etməmişdirmi?
  • Məgər Allah sənə Qurani-Kərimdə namaz وأقيموا الصلاة «namaz qılın» deyə buyurmamışdırmı?

«Namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə ibadətlərin ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir.» (əl-Ənkəbut, 45)

Məgər Allah Qurani-Kərimdə buyurmamışdırmı ki,

«Həqiqətən də namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir.» (ən-Nisə, 103)

Məgər bunları heç eşitməmisənmi? Məgər Allahın ayələrini heç oxumamısanmı? Məgər Allah Təala Qurani-Kərimdə buyurmayıbmı ki:

«Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.» (əz-Zəriyət, 56)

Allahın bu əmrini eşitmədinmi?

Artıq səndən bir neçə sual soruşdum; Birinci sualda soruşdum ki, məgər səni namaz qılmaqdan yayındıran sənin oğul-uşağındırmı? Allahu Təalə Qurani-Kərimdə mal-dövlətin fitnə (sınaq-imtahan) olduğunu buyurmuşdur. Bu dünya nemətləri gərək bizə Allahı unutdurmasın! Nemətlər Özüylə bərabər şükür də gətirməlidir.

Uca Allah buyurur:

«Mal-dövlətiniz və övladlarınız yalnız və yalnız bir sınaqdır. Böyük mükafat isə Allah qatındadır.» (ət-Təğabun, 15)

Ey namaz qılmayan insan! Səni namazdan yayındıran var-dövlətindirmi?! O mal-dövlət ki, səndən öncə də neçə-neçə var-dövlət sahibləri gəlib keçmişlər və o var dövlət onlara heç bir fayda verməmişdir.

Fironun və Qarunun mal dövləti onlara bir fayda vermədi, onları Allahın imtahanından xilas etmədi, sənimi xilas edəcək?!

Alimlər deyirlər ki, kim dünyaya, başçılığa görə namazı tərk edərsə, o şəxs Fironla həşr olunacaq!
Hər kim isə vəzifəyə, işinə görə namazı tərk edərsə, Fironun vəziri olan Haman ilə birgə həşr olunar!
Hər kim də mal-mülkünə görə, dünya malına və şəhvətlərinə görə namazı tərk edərsə, o kimsə Musa peyğəmbərin zamanında yaşayan mal-dövlət sahibi olan Qarunla birgə həşr olunacaq. Onun malı hər kəsdən çox olsa da ona fayda verməmişdi.

Ey namaz qılmayan insan! Gecə-gündüz qazandığın ruzidən yalnız mədənə gedəcək qədəri, özün və ailənə xərcləyəcəyin qədəri sənə qalır. Qalanı isə israfa, əyləncə, dünya bər-bəzəyinə və s. xərclənir. Bəzən isə Allahı qəzəbləndirən haram işlərə sərf olunur. Pulunu belə yerlərə xərcləmək üçün gecə-gündüz çalışırsan, yorulursan, amma, səni yoxdan var edənə səcdə etmirsən! Bu barədə heç düşündünmü?

Ey namaz qılmayan insan! Yoxsa, səni namaz qılmaqdan yayındıran sənin dost-tanışların, “niyə namaza başladın?” deyə sual verəcək insanlardırmı? Məgər dostların qiyamət günündə sənə fayda verəcəklərmi? Gecə-gündüz sənə “namaz qıl, tövbə et” deyən ibadət əhli olan yaxınlarına isə:
 “Mən sonra qılacam, hələ cavanam və ya mənlik deyil” kimi cavablar verirsən. Məgər təqaüdə (pensiyaya) çıxmağımı gözləyirsən?! Birdən təqaüdə (pensiya) vaxtına gəlib çata bilməsən, onda neyləyəcəksən?! Uca Allah Qurani Kərimdə buyurur:

«Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.» (Ali İmran, 185)

Bu dünyada səni qınayacaq dostların sənə heç bir fayda verməyəcəklər. Uca Allah Qurani-Kərimdə buyurmamışdırmı:

«O gün insan qaçacaq öz qardaşından, anasından, atasından, arvadından və övladlarından! O gün onlardan hər birinin yetərincə işi olacaqdır.» (Əbəsə, 34-37)

Xülasə; hərkəs öz hayında olacaq.

Sənə namaz qılmağı qadağan edən dostların barədə soruşsam ki, onlar sənin xeyrinimi istəyirlər?
Deyəcəksən: Bəli.
Yenə bu məqamda səndən soruşacağam ki, sənin dostun sənin odda yanmağına razı olarmı? Deyəcəksən: Yox.

Lakin, bil ki, sənin əsil dostların iman əhlidir ki, onlar səni bu dünyada ikən ibadətə çağırırlar. Sənə xeyir istəyən insanlar elə onlardırlar! Sən isə buna əhəmiyyət vermirsən! Qiyamət günü artıq gec olacaq!

«Onları burax, qoy vəd olunduqları günə qovuşanadək batil işlərə dalsınlar və bir müddət əylənsinlər.» (əz-Zuxruf, 83)

Həqiqi səadət ani ləzzətlərdə deyil. Həqiqi ləzzət əbədi ləzzətdədir. Lakin, bu dünyada da qəlb rahatlığı istəyirsənsə, Allaha ibadət et, çünki, qəlb rahatlığı pulla alınmır. Allahsız həyatda sıxıntı var, qalıcı acılar var. Necə ki, Uca Allah buyurur:

«Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik”.
O deyəcək: “Ey Rəbbim! Mən dünyada görürdümsə, indi nə üçün məni kor olaraq gətirdin?”
Allah deyəcək: “Elədir! Çünki sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün də sən beləcə unudulacaqsan!”» (Ta Hə, 124-126)

Sən isə yenə “dostlarım və ətrafım” – deyirsən. Başqa bir ayədə isə Uca Allah buyurur:

«Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim!
Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım!
Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır.» (Furqan, 27-29)

Bəli, həmin çətin və əzəmətli gündə: «Kaş ki, filankəslə dost olmayaydım» – deyəcəksən. Bu gün namaza mane olan dostlarını görməyəcəksən. Çünki, hər kəs öz hayında olacaq!

Yoxsa, qəlbinmi təmizdir? Namaza ehtiyacınmı yoxdur? Allaha and olsun ki, nə qəlbin təmizdir, (günahları yığmaqla qəlb təmizlənmir) nə də namaza ehtiyaclı olmaqdan heç kim uzaq deyil. Biz ibadət üçün yaranmışıq. Yalnız Allaha ibadət etməyə! Pula, bütə, qəbirlərə, kefimizə, əyləncəmizə ibadətə deyil.

Ona görə də bil ki, sənə «Niyə namaz qılmırsan?» deyildikdə səni yayındıran bir neçə “bəhanələr” var.
Amma, bu “bəhanələr” heç zaman qurtarmayacaq, bu dünya isə daim sənin başını qatacaq, beləcə görəcəksən ki, həyatın qurtardı:

«Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki, gömülməklə qəbirləri ziyarət etdiniz.» (Təkəsur, 1-2)

Ey namaz qılmayan insan! İstəyərsənmi aqibətin bu cür olsun?! Yoxsa, Allah Təalanın namaz qılanları təriflədiyi kimi sənin də aqibətin xeyirli bir sonluq olsun?! Niyə də ki, bu gün bu xatırlatmadan və bu tövsiyədən istifadə edib Allaha tövbə etməyəsən?! Niyə Allaha tərəf qayıtmayasan? Ey insan! Bu barədə düşün və Allaha tövbə et!

Namaz qılmaq çox gözəl əməldir! Namaz səni zahirən və batinən təmizləyir!

Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur:

«Əgər sizdən birinin qapısı yanından çay axarsa və o insan gündə beş dəfə o çayda çimərsə, onun bədənində bir çirk (kir) qalarmı?
(Səhabələr) Dedilər: Xeyr, onda bir çirk (kir) qalmaz.
(Peyğəmbər) buyurdu: Beş vaxt namaz da belədir. Allah onunla günahları silər.» (Buxari, Muslim)

Təbii ki, bu təmizlənmə kiçik günahlar üçün olur. Böyük günahlardan təmizlənmək üçün isə tövbə etmək lazımdır. Allahdan istəyirik ki, bu yazını oxuyanlar üçün faydalı etsin və bizi lütfündən məhrum etməsin. Gəlin bu yazını namaz qılmayan insanlara, yaxınlarımıza, dost və tanışlarımıza göndərək! Kim bilir bəlkə tövbəyə müvəffəq olsalar, bəlkə bizdən daha yaxşı imanlı müsəlmanlar ola bilərlər! Şübhəsiz ki, hidayət ən böyük nemətdir, Allah onu istədiyinə verər. Gəlin biz də bu yazını paylaşaraq bu xeyirin yayılmasına vəsilə olaq!

Yazdı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar