Murciələr kimlərdi?

Ümmətimdən iki firqə mənim bulağıma yaxın buraxılmayacaq və Cənnətə daxil olmayacaqlar. Onlar – Qadərilər və Murciələrdir!

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Murciələr – iman mövzusunda Əhli-Sünnədən ayrılmış bir firqədir. Murciələr barəsində sünnədə səhih bir dəlil varid olmayıb. Lakin şeyx əl-Əlbəni (Allah ona rəhmət etsin) murciələr barəsində olan bu hədisin səhihliyini gücləndirərək buyurur: Ənəs ibn Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Ümmətimdən iki firqə mənim bulağıma yaxın buraxılmayacaq və Cənnətə daxil olmayacaqlar. Onlar – Qadərilər və Murciələrdir!» (ət-Tabərani «əl-Əusat» 1/253. Hədis həsəndir. Bax. «əs-Silsilətu-s-Sahihəh” 2748)

İlk nəsillərin imamlarının bizlərə xəbər verdiyi kimi, Murciələr Əhli Sünnəyə bir çox iman məsələlərində müxalif olmuşlar.

İmam Əhməddən (Allah ona rəhmət etsin) “Murciələr kimlərdir?” – deyə soruşduqda, o belə cavab verdi: «O kəslər ki, imanın yalnız sözdən ibarət olduğunu iddia edirlər!» (əl-Xalləl “əs-Sunnəh” 959)

Həmçinin Sufyən əs-Səuri (Allah ona rəhmət etsin) buyurur: «Bizimlə murciələr arasında üç fərq vardır:

1. Biz deyirik: “Söz və Əməl imandandır”, onlar isə deyirlər: “İman – yalnız Sözdən ibarətdir!”

2. Biz deyirik: “İman, artıb azalır”, onlar isə deyirlər: “İman, nə artır nə də, azalır!”

3. Biz deyirik: “Münafiqlik mövcuddur”, onlar isə deyirlər: “Münafiqlik deyə bir şey yoxdur!”» (“Sıfəətu-n-Nifəəq” 74)

İməm İbnu-l-Cəuzi (Allah ona rəhmət etsin) buyurur: «Murciələr iddia edirlər ki, şəhadət gətirən bir kəsin heç bir əməli olmasa belə o Cəhənnəmə daxil olmayacaqdır! Bu sözləri ilə onlar, günahı olan Tövhid Əhlinin Cəhənnəmdən çıxarılacaqlarından xəbər verən səhih hədislərə müxalif olmuşlar. Murciələr üçün insanlar (iman cəhətdən – tərc.) eynidirlər. Beləki, onlar üçün Həccəcin imanı Cəbrayılın (Ona Allahın salamı olsun) və Peyğəmbərin (Ona Allahın salavat və salamı olsun) imanına bərabərdir!» (“Təlbisu-l-İblis” 103)

ƏbdurRahmən ibn Məhdi (Allah ona rəhmət etsin) buyurur: «İrcanın ilk təzahürü – istisnaların tərk olunmasıdır!» (əl-Xalləl «əs-Sunnəh» 3/598)

Yəni ki, “Sən Möminsən?” – deyə soruşduqda, “İnşəAllah möminəm” və ya “Ümid edirəm” demək əvəzinə, əminliklə “Bəli” – deyə cavab vermək.

İməm əl-Əcurri (Allah ona rəhmət etsin) buyurur: «Alimlərdən bizə çatmışdır ki, Sünnə əhlinin xüsusiyyətlərindən biri də, İman məsələlərində olan “İstisna”dır. Əlbəttə ki, bu istisna şübhədən doğan bir istisna deyildir. Allah bizləri iman məsələlərində olan şübhələrdən qorusun! Beləki bu istisna, insanın özünü kamil iman sahibi adlandıraraq tərifləmək qorxusundandır!» («əş-Şəri`əh» 136)

İməm ibnu-l-Mubəərak (Allah ona rəhmət etsin) buyurur: «Murciələr saleh əməllərinin qəbul olunduqlarını iddia edirlər. Lakin mən bilmirəm, mənim saleh əməllərim qəbul olunur, yoxsa yox.» («əs-Silsilətu-s-Sahihəh» 7/153)

Yuxarıda gətirilənlərə əsasən murciələrin əsas xüsusiyyətlərinin bunlar olduğunu demək olar:

1. “İman nə artır, nə də azalır” – iddiasını etmək.

2. Zahiri əməlləri imana daxil etməmək. (QEYD: Zahiri əməlləri imanın kamilliyindən adlandırmaq, yəni ki, zahiri əməllər İmanın gücləndirilməsi üçündür, zahir əməllərin olmaması imanın əslinin getməsi demək deyil, yəni kamilliyi üçündür demək, əməlləri imandan saymamaq deyildir! – tərc.)

3. Hər bir müsəlmanın, kamil iman sahibi olmasını iddia etmək. (Şəkk yoxdur ki zahiri əməllərsiz, iman kamil ola bilməz. Kim zahiri əməllərsiz, İmanın kamil olduğunu iddia edərsə, artıq murciyələrə müvafiq olmuşdur. Murciyələrə görə, zahiri əməllərin olub olmaması, imana heç bir təsir etmir. Lakin Əhli Sünnəyə görə, zahiri əməllər olmasa, iman naqisləşir, Əhli sünnə Əməlləri imana daxil ediblər deyə, məhs bu səbəbdən də əməllərin olmaması ilə, imanın zəifləməsini, naqisləşməsini deyiblər. Əgər Onlar, (Əhli sünnə) əməlləri imana daxil etməsə idi, əmələrin olmaması ilə, İmanın zəifləməsini deməzdirlər. Onlar (əhli Sünnə) əməlləri İmandan gördükləri üçün, əməllərin yoxluğu ilə imana təsir etdiyini demişlər. Bu fərq olduqca mühümdür. – tərc.)

4. Nəinki kiçik günahlara, həmçinin böyük günahlara da etinasız yanaşmaq və günahların imana xələl gətirmədiyini (təsir etmədiyini) iddia etmək. Məhz bu səbəbdən, murciələr müsəlman bir kəsin, Cəhənnəmə girməyəcəyini iddia edirlər.

Həmçinin deyə bilərik ki, murciəliyin bu növü indiki müsəlmanlar arasında geniş yayılmışdır. Beləki, onlar Uca Allah tərəfindən vacib buyurulan əməllərin demək olar ki, hamısını təkr edərək, Allahın Rəhməti və Bağışlanma sifətinin hədsiz olduğuna güvənirlər. Şübhəsiz ki, bu, murciələrin təhlükəli ideologiyalarındadır.

5. İman məsələlərində istisna etməyin, yol verilməz olduğunu iddia etmək. Yəni ki, “Mən inşəAllah Möminəm” deməyin yol verilməz olduğunu iddia etmək. Çünki murciələr, bunu iman məsələlərində şübhəyə nisbət edirlər ki, o da (yəni, iman məsələlərində şübhə etmək – tərc.) küfrdür.

6. Küfrün yalnız etiqadda olduğunu iddia etmək. Lakin, Əhli Sünnə küfrün həm etiqadda, həm sözdə, həm də, əməldə olduğunu iddia edir.

7. Hər bir müsəlmanın saleh əməllərinin mütləq şəkildə qəbul olunduğunu etiqad etmək. Halbuki, Əhli-Sünnə söyləyir ki, biz buna əmin deyilik, sadəcə ümid edirik.

Bu, sələflərin və ümmətimizin imamlarının bu haqda danışdıqları, murciələrin ən əsas azğınlıqlarındandır.

Murciələr öz aralarında 3 qrupa bölünürlər:

Birinci qrup – o kəslərdi ki, onlar imanın yalnız qəlbdə (yəni, etiqadda) olduğunu iddia edirlər! Onları həmçinin, “Cəhmiyyələr” də, adlandırırlar.

İkinci qrup – o kəslərdi ki, onlar yalnız sözü imana daxil edirlər. Bu tərifi imana, yalnız “Qaraamitah” adlanan bir firqə verir.

Üçüncü qrup – o kəslərdi ki, imana yalnız sözü və əməli daxil edərək, onun (imanın) nə artıb, nə də azalmadığını iddia edirlər. Alimlər bu fikirdə olan kəslər sırasına Əbu Hənifəni və onun tərəfdarlarını aid edərək, onları “Fuqahəəu-l-Murciəh” deyə adlandırmışlar.

Murciələrə bu tərifi, Şeyxu-l-İsləm İbn Teymiyyəh “əl-İmən” kitabının 184-cü səhifəsində, İməm Əbu-l-Həsən əl-`Əşəri “Məqalət əl-İsləmiin” kitabının 1-ci cildinin 213-cü səhifəsində və əş-Şəhristəni “əl-Miləl və-n-Nihəl” kitabının 1-ci cildinin 139-cu səhifəsində vermişdir.

İlk iki qrup – cəhmiyyələr və qaraamitahlar – o kəslərdilər ki, onlar, “Ğulətu-l-Murci`əh”, yəni, ifrata varmış Murciələr adlandırılmışlar.

Üçüncü qrupa gəldikdə isə, onlar ortayönlü murciələrdir. Şeyxu-l-İsləm ibn Teymiyyəh Əhli Sünnə ilə bu kəslərin (Fuqahəəu-l-Murci`əh) arasında olan ixtilafı, dildə olan ixtilaf saymışdır. Çünki, onlar günahların işlənməsinə və ya vaciblərin tərk olunmasına görə insanın cəzaya layiq olduğunu inkar etmirlər. Həmçinin, O (Allah ona rəhmət etsin) onların Əhli Sünnədən olduqlarını da söyləmişdir. Şeyxu-l-İsləm İbn Teymiyyəh (Allah ona rəhmət etsin) buyurur: “Əməlləri tərk edənin qınağa və cəzaya layiq olduğunu iddia edənlərlə ixtilafa düşmək mənasızdır. Lakin hər halda, onlar (fuqahəəu-l-murciəh) bu məsələdə Quran və Sünnəyə müxalif olmuşlar!” («Məcmu`u-l-Fətəvə» 7/181)

Həmçinin Şeyxu-l-İsləm İbn Teymiyyəh (Allah ona rəhmət etsin) buyurmuşdur: «Bilmək lazımdır ki, Əhli Sünnə arasında olan bu məsələdəki (əməlin imandan olub olmaması) ixtilafların əksəriyyəti – Dildə olan İxtilaflardır. Çünki, İmanın (əməl olmadan) yalnız sözdən ibarət olduğunu deyənlərdən biri və birincisi olan Həmməd ibn Əbi Suleymən, eləcə də Kufədən olan fəqihlər və onun ardınca gedənlər də, başqa imamlar kimi etiqad edirlər ki, günah edən kəslər, qınağa və cəzaya layiq olanların sıralarına daxildirlər! Onlar imanlarının Cəbrayılın (Ona Allahın salamı olsun) imanı kimi kamil olduğunu iddia etsələr də, bununla yanaşı, onların hər biri əməlsiz və ya günahlarla olan imanın da, cəzaya layiq olduğunu etiqad edirlər. Necəki, buna Əhli Sünnə də etiqad edir!» («Məcmu`u-l-Fətəvə» 7/297)

Bəzi kəslər isə əməli imanın tərkib hissəsinə daxil etməməsinə və imanın artıb azalmadığını iddia etməsinə baxmayaraq, onlar günahların cəzaya və təhdidə apardığını qəbul edirdilər.

Onların iddiasına görə, azalan iman deyildir. Çünki, imanın azalması şübhənin olduğunu göstərir ki, bu da küfrdür. Bu səbəbdən də, onlar imanın deyil, təqvanın (Allah qorxusunun), insanın halının və s. azaldığını deyirdilər.

Lakin, bu fikirlər səhvdir və əksər Sələflərin dediklərinə ziddir. Axı bir müsəlmanın namazı imandan saymayaraq, (yaxud, namazı iman adlandırmayaraq) onu imana daxil etməməsi necə məqbul ola bilər?!

Həmçinin, diqqətinizi bu günlərdə Sələf alimlərinin caiz ixtilaf saydığı məsələlərdən olan məsələlərin murciəlik kriteriyalarına daxil olmasına yönəltmək istərdim. Misal olaraq, doktor Səfər əl-Həvəlinin (Səudiyyə Ərəbistanında olan ixvan alimlərindən biridir. Əsrimizin böyük şeyxlərindən olan , mufti Şeyx ibn Bəzz (Allah ona rəhmət etsin) ixvan fikirləri yaydığına görə onun həbs fərmanını vermişdir. Lakin Şeyx ibn Bəzz ölüm ayağında olarkən onu azadlığa buraxdırır. Çünki Şeyx ibn Bəzz (Allah ona rəhmət etsin) bilirdi ki, o öldükdən sonra onun həbs etdiyi insanı azadlığa buraxmağa heç bir kəs curət etməyəcəkdir. – tərc.) çox təhlükəli, Əhli Sünnə arasında böyük bir qarışıqlığa səbəb olan və həmçinin də, Şeyx Albanini ircalıqda ittiham etdiyi sözlərini gətirmək olar: «Namazı tərk edəni kafir görməyən, özü hiss etməsə belə mürciəlikdən təsirlənən birisidir!» («Zahiratu-l-İrcə» 2/651)

Həmçinin o deyir: «İslamın ərkanlarını tərk edənin təkfiri ilə razılaşmayanların ən birinciləri – murcə`ələrdir!» («Zahiratu-l-İrcə» 2/657)

Lakin bu məsələlərdə, sələflər arasında məşhur və məqbul ixtilaf vardır ki, bunu da bizlərə bir çox imamlar çatdırmışlar!

Əhli Sünnə yuxarıda sadalanan xüsusiyyətləri murciəliyə aid edirdilərsə, indiki zamanda – necəki, bunu Şeyx Muhəmməd Səid Raslən (Allah onu qorusun) buyurur: «Əhli Sünnəyə müxalif olanlar, murciələrə yalnız iki fərqli xüsusiyyət mənsub ediblər ki bunlar da:

1. Allahın hökmü ilə hökm verməyən hakimi təkfir etməmək.
2. Namazı tərk edəni, hətta səhlənkarlıqdan və ya tənbəllikdən tərk etsə belə kafir görməmək.»

Şeyx Muhəmməd Səid Raslən öz xütbəsində buyurur: «Əgər sən bu iki şeyə görə insanı təkfir etsən, o zaman Əhli Sünnənin düşmənləri səni murciə saymayacaqlar!» («Səvəiq əl-mursələ `alə əhli-l-İrcə» 44)

Əslində isə, Əhli Sünnə aşağıda sadalanacaqları iddia edənləri murciələrlə heç bir əlaqəsi olmadığını etiqad edir:

1. “Əməllər imana daxildir!” – deyən kəs murciə deyildir!

İməm İbnu-l-Mubərakdan “Sən Murciələrin rəyindən tutunursan?” – deyə soruşduqda, o dedi: «Mən, Sözün və Əməllərin imana daxil olmasını iddia etdiyim halda, necə murciə ola bilərəm?!» (əl-Xalləl «əs-Sunnəh» 964)

Məhz bu səbəbə görə, Mis`ər ibn Qıdamın istisna məsələsində murciələr kimi iddia etməsinə baxmayaraq (O iddia edirdi ki, “Mən inşəAllah möminəm” demək caiz deyil), onun (Mis`ər ibn Qıdamın – tərc.) əməli imandan saydığına görə İmam Əhməd onu murciə saymırdı. Şeyxul İsləm ibn Teymiyyə buyurur: «İstisna etməyənlər (“Mən inşəAllah möminəm” deməyənlər) belə deyirdilər: “Mən öz imanımda şübhə etmirəm!”. Mis`ər ibn Qıdam da həmçinin “Mən öz imanımda şübhə etmirəm” deyirdi. Lakin İməm Əhməd deyir: “O murciə olmayıb, çünki murciələr deyirlər ki: “Əməl imandan deyil”, lakin o “Əməl imandadır” deyirdi.”» («Məcmu`ul Fətəvə» 13/37)

2. İmanın artıb azaldığını iddia edən kəs murciə deyildir!

İməm ibnu-l-Mubərak buyurur: «İmanın söz və əməl olduğunu və həmçinin imanın artıb azaldığını deyən birisi murciəlikdən qurtulmuşdur!» («Tabəqat əl-Hənəbilə» 2/40)

İsmə`il ibn Sə`id danışır: «Mən İməm Əhməddən imanın artıb azalmasını iddia edən kəs haqqında soruşduqda o belə dedi: “Belə bir kəsin murciəliklə heç bir əlaqəsi yoxdur!”» (Abdullah ibn Əhməd «əs-Sunnəh» 1/307, əl-Xalləl «əs-Sunnəh» 3/581)

İməm əl-Bərbəhəri buyurub: «İmanın sözlər və əməllər olduğunu və artıb azaldığını iddia edən bir kəs, tamamilə murciəlikdən xilas olmuşdur!» («Şərhu-s-Sunnəh» 67)

Həfiz ibn Həcər (Allah ona rəhmət etsin) İbn Həzmin (Allah ona rəhmət etsin) belə dediyini nəql edir: «İbadətin imandan olduğunu və imanın artıb azaldığını deyən, həmçinin, iman gətirən bir kəsi günaha görə küfrdə ittiham etməyən və həmçinin onun əbədi Cəhənnəmdə yanacağını iddia etməyən birisi, başqa sözlərdə murciələrə müvafiq olsa belə, o kəs murciə deyildir!» («Fəth əl-Bəri» 7/153)

VACİB QEYD:

Burada sizin diqqətinizi vacib bir məsələyə yönəltmək istərdik. Günümüzdə bəzi alimlər deyirlər ki, əməlləri imana daxil etmək dedikdə, əməllərin tərk olunmasını böyük küfr saymaq nəzərdə tutulur. Həmçinin onlar deyirlər ki, əgər bir kəs imanın söz, əməl və etiqad olduğunu iddia edərək zahiri əməlləri tərk edən kəsi kafir saymırsa o insan öz sözlərinə zidd olmuşdur!

Lakin həqiqətdə, biz görürük ki, indiki imamların bu fikri onların özlərinin icma etdiyi rəyə müxalifdir!

Birincisi – SƏLƏF`lərdən heç kəs deməmişdir ki, “Zahiri əməlləri tərk edənin kafir olduğunu iddia edən birisi murciəlikdən qurtulmuşdur!” Əksinə, onlar: “İmanın söz, əməl və etiqad olduğunu və onun artıb azaldığını etiqad edən kəs, tamamilə murciəlikdən qurtulmuşdur!” – demişlər.

Onların (SƏLƏF`lərin – tərc.) belə bir kəsi murciəliyə mənsub etməmələrinin əsas səbəbi odur ki, belə bir kəs əməllərin imandan olmasını etiqad edir. Beləliklə iman artıb və azalır. Saleh əməllə artır, onları tərk etmək və günah işlər görməklə isə azalır. Buna görə də, nəzərdə tutulan, nə ifrata varmış, nə də ortayönlü murciələrin etmədiklərini etməkdir ki, bu da zahiri əməlləri imanın tərkib hissəsinə daxil etməkdir.

Məhz bunun nəticəsində, murciələr zahiri əməlləri imana daxil etməyərək günahların imana xələl gətirmədiyini, müsəlmanın dağlar boyda günahları olsa belə, heç vaxt Cəhənnəmə daxil olmayacağını və s. kimi təhlükəli azğınlıqları ortaya çıxartdılar.
Yuxarıda qeyd olunan İbnul Mubərakın sözlərindən də, görürük ki, o, murciə olduğunu iddia edənlərə rəddiyə kimi, zahiri əməllərinin tərkinin böyük küfr olduğunu etiqad etdiyini yox, məhz əməllərin imana daxil etdiyini vurğulayır!

Məhz bu səbəbdən, Mis`ər ibn Qıdamın əməlləri imandan saymasına görə İməm Əhməd onu murciə saymırdı. Baxmayaraq ki, Mis`ər murciələr kimi, “Mən inşəAllah möminəm” deməyin caiz olmadığını iddia edirdi. Şeyxul İsləm ibn Teymiyyə buyurur: «İstisna etməyənlər (“Mən inşəAllah möminəm” deməyənlər) belə deyirdilər: “Mən öz imanımda şübhə etmirəm!”. Mis`ər ibn Qıdam da həmçinin “Mən öz imanımda şübhə etmirəm” deyirdi. Lakin İməm Əhməd onun haqqında belə deyir: “O murciə olmayıb, çünki murciələr deyirlər ki: “Əməl imandan deyil”, lakin o “Əməl imandadır” deyirdi.”» («Məcmu`ul Fətəvə» 13/37)

Ey müsəlmanlar! Bu məsələyə xüsusi diqqət yetirib onu mənimsəyin!

3. Küfrün sözdə, əməldə və etiqadda olduğunu iddia edən bir kəs murciə deyil!

4. Günahların imana xələl gətirdiyini iddia edən bir kəs murciə deyil!

5. Özünün mütləq olaraq mönim olduğunu iddia etməyərək, “Mən yalnız əhkamlara görə möminəm” və ya “Mən inşəAllah möminəm” deyən kəs murciə deyil!

İsmə`il ibn Sə`id danışır ki: «İmam Əhməddən “Mən əhkamlara görə, varisliyə əsasən möminəm, lakin Allah yanındakı məqamımdan xəbərsizəm” deyən bir kəsin halı barəsində soruşduqda o mənə “Belə insan murciə deyil” – deyə cavab verdi!» (əl-Xalləl, «əs-Sunnəh» 987)

Beləliklə bizdə, sələflərin sözlərindən götürülmüş murciələrin və Əhli Sünnə alimlərinin ittifaq etdiyi murciəliklə heç bir əlaqəsi olmayanların xüsusiyyətlər mövcuddur.

Həmçinin bəzi xüsusiyyətlər də vardır ki, Əhli Sünnə imamlarından heç kəsin bunu murciəliyə mənsub etməməsinə baxmayaraq indiki zamanda o xüsusiyyətləri murciələrə nisbət edirlər. Bunlar da, namazı tənbəllik səbəbi ilə tərk edəni kafir görməmək, həmçinin Allahın hökmü ilə hökm verməyəni kafir adlandırmamaq və s. digər məsələlərdir. Ubeyd əl-Cəbiri (Allah onu qorusun) nə gözəl söyləmişdir: «Bu günümüzdə isə, sən namaz qılmayana kafir deməsən, murciə olacaqsan! Lakin əslində bu azğınlıq və murciəlik məsələlərində cahillikdir!» (Qulaq as: «Dərsu: Əqıdətu-s-Sələf»)

Şeyx ibn Bəzzi, əl-Əlbənini və həmçinin Şeyx ibn Useymini (Allah onlara rəhmət etsin) bəzi cahillərin bu əsrin murciələri hesab etmələrini də misal kimi göstərmək olar. Səbəb isə, onların, Allahın hökmü ilə hökm verməməyi kiçik küfrə nisbət etmələri idi. Hətta belə bir sual Şeyx Əbdul`Əziz ər-Racihiyə də ünvanlanmışdı: «Şeyx ibn Bəzzin, əl-Əlbəninin və Şeyx ibn Useyminin Allahın hökmü ilə hökm verməmək barəsində olan sözləri, bu əsrin murciələrinin sözüdürmü?!» («Təbri`ə kibər əl-`Uləmə lil-Əlbəni minəl ircə»)

Bu sözlərdən sonra şeyx Nəsır əl-Əqilin dediklərini xatırlatmaq necə də yerinə düşərdi: «Hər murciəlikdə ittiham olunan, murciə deyildir! Xüsusən də, indiki zamanda! Mən deyirəm ki: Həqiqətən də, təkfir əhli və ifrata varanlar, o kəslər ki, xavaric məzhəbinə aiddirlər və ya xavaric məzhəbinə aid olmasalarda, əsma və əhkamlarda sələfləri saymayanlar, alimlər və elm tələbələri ilə həmfikir olmayanları “Onlar murciələrdir” deyə ittiham etməyə başladılar! Və ən çoxda bu Allahın hökmü ilə hökm verməyən, dost və düşmənçilik və s. məsələlərə aiddir. Və həmçinin bu ittihamlara özünü elmə nisbət edən, lakin bu yolda tam baş açmayanlar da var. Həmçinin qeyd etmək lazımdır ki, bəzi böyük elm tələbələri olub ki, təkfir məsələləri haqqında yazdıqda, onlarla bəzi məqamlarda razılaşmayanları, sələflər arasında olan ixtilaflı məsələlərdə murciə adlandırdılar! Və araşdırmalardan sonra, məlum oldu ki, əslən bu məslələrin murciəliklə heç bir əlaqəsi yoxdur!» ( «əl-Qadəriyyəh vəl-Murci`əh» 121)

Eləcə də, daha bir xüsusiyyət də var ki, bu xüsusiyyəti müasir Səudiyyə alimləri murciələrin xüsusiyyəti kimi görüblər ki, bu xüsusiyyət də: Zahiri əməlləri tərk edənin kafir olmamasını iddia etməkdir. Bu haqda kifayət qədər danışılıb. Bu məsələdə imanın qəlb, dil və əməldən ibarət olduğunu və onun artıb azaldığını deyən Əhli Sunnə imamları arasında, məqbul bir ixtilaf vardır! Şeyx ƏbdulLətıf ibn ƏbdurRahmən Əli Şeyxin sözlərini xatırlatmaq kifayətdir: «Əhli Sunnə arasında zahiri əməlləri tərk edənin hökmü barəsində – bu kəsin kafir olub, olmaması haqda- ixtilaf vardır!» («əd-Duraru-s-Səniyə» 1/479)

Bir şeyi də nəzərinizə çatdırmaq istəyirik ki, Muhəmməd əd-Dəusari, Şeyx ƏbdulLətıf ibn AbdurRahmənin bu sözləri haqqında belə deyib: “O, bu sözləri dedikdə bütün zahiri əməlləri (cinsu-l-`əməl) nəzərdə tutmayaraq, ümumi danışmışdır.” Lakin, necə ki zikr etmişdik, belə bir üslubla sənin fikrinə müxalif olan alimlərin müxtəlif sözlərini şərh etmək mümkündür. Beləki Şeyx AbdulLətıf açıq-aydın, birmənalı olaraq və heç bir istisna etmədən “zahiri əməlləri tərk edənin” (ə`məəlü-l-cəvəric) demişdir!

Beləliklə, şəhadət istisna olmaqla, islamın qalan dörd rukununu (namaz,zəkat,həcc,oruc) tərk edənin hökmü barəsində məqbul bir ixtilaf vardır ki, bu barədə ibn Teymiyyəh dəfələrdə buyurub ki: «Müsəlmanlar ittifaq etmişlər ki, iki şəhadəti gətirməyən insan kafirdir! Lakin qalan dörd rukuna gəldikdə isə, onlar bu barədə ixtilaf etmişlər!» («Məcmu`ul Fətəvə» 7/302)

İslamın rukunlarından (şərtlərindən) başqa zahiri əməllərə gəldikdə isə, onları tərk edəni Əhli Sunnədən heç kəs təkfir etməyib!

Həfiz ibn Racəb deyir: «İslam və İmandan (İslamın şərtlərindən) başqa şeyləri tərk edən insan, Əhli Sunnə və-l-Cəmə`ənin rəyinə görə, İslamdan çıxmır! Buna yalnız xavariclər və onlara oxşar digər bidət əhli müxalif olar!» («Şərh Sahih əl-Buxari» 1/26)

İrca və Murciəlik barəsində bizim dövrümüzdə çox şey deyilmişdir. Lakin digər məsələlərdə olduğu kimi, bu məsələdə də, üstünlüyü sələflərə vermək və onların keçmədiyi sərhədləri keçməmək gərəkdir. Xüsusən də, iman məsələlərində. Axı indiki zamanda da iman və onun tərifi sələflərin dövründəki kimidir. Bu səbəbdən də, “müasir murciə xüsusiyyətləri” deyə bir xüsusiyyətlər gətirməyə ehtiyac yoxdur. Necə ki, İməm Əhməd öz vaxtında demişdir: «Bizdən əvvəl elm sahiblərinin demədiyi bir şeyi dilinə gətirmə!» (əl-Xalləl «əs-Sunnəh» 965)

Axı murciəliyin tərifinə açılmış bu geniş qapılar, mötəbər imamların murciəliyə mənsub olmasına səbəb oldu! Bu şeyxlərdən, Şeyx əl-Əlbənini, Şeyx ibn Bəzzi və Şeyx Useymini zikr etmək olar!

İməm ƏbulFədl əs-Səksəkinin sözlərini gətirmək necə də yerinə düşərdi: «Namazı tənbəllik səbəbilə tərk edən şəxs müsəlmandır ki, bu da məzhəbdə olan ən doğru rəydir! Lakin, mənsurilər Əhli Sunnəni bu rəyə görə Murciə adlandıraraq belə deyirlər: “Onların bu sözü ona dəlalət edir ki, onlar əməli imandan görmürlər!» («əl-Burhən» 35)

Şeyx Albani, onu ircalıqda ittiham edən Səfər əl-Həvəli haqqında yazır: «Baxmayaraq ki, o özü bilirdi ki, mən murciələrə hətta ən kiçik məsələlərdə belə müxalifəm, yenə də, məni (ircalıqda) ittiham edirdi. Mən deyirəm ki, iman artıb azalır və yaxşı əməllər də imandandır. Deyirəm ki, “Mən inşəAllah möminəm” demək caizdir. Bunların hamısı da, murciələrin iddialarına müxalifdir. Lakin bunlara baxmayaraq, o məni bir neçə dəfə ircalıqda ittiham etdi! Mən deyərdim ki: Necə bu günümüz dünənimizə bənzəyir! Bir gün, bir kəs ibn əl-Mubərakə belə bir sual ilə muraciət etdi:
– Zina edib şərab (içki) içən haqqında nə deyə bilərsən? Belə bir kəs, iman gətirmiş sayılırmı?
İbn əl-Mubərak belə dedi:
– Mən onu imandan çıxartmıram!
Sual verən:
– Bu qoca yaşda sən murciə oldun!
İbn əl-Mubərak isə cavabında belə dedi:
– Həqiqətən murciələr mənim dediyimi demirlər! Mən deyirəm ki, iman artıb azalır, murciələr isə deyir: “Bu belə deyil!”. Onlar (Murciələr) iddia edirlər ki, onların yaxşı əməlləri qəbul olunur, mən isə bilmirəm mənim əməllərim qəbul olunur yoxsa yox! Sənin isə, əlinə lövhə alıb alimlərin yanında oturmağa (onlardan elm almağa) ehtiyacın var!» («əs-Silsiləh əs-Sahihəh» 7/153)

Alimləri murciəlikdə ittiham edən kəslərin əksəriyyəti, özləri murciəliyin xüsusiyyətləri altına düşürlər. AbdurRahmən ibn Məhdi belə deyib: «İrcanın ilk təzahürü – istisnaların tərk olunmasıdır.» (əl-Xalləl «əs-Sunnəh» 3/598)

İndi isə Şeyx Əbdul-Məlik ər-Ramədaninin “Mədərikun-Nəzar” kitabında dediyi bu sözləri üstündə düşünün: «Kim həmişə heç bir istisna etməyərək “Səid Qutub şəhiddir”, “Filankəs şəhiddir” deyir?!»

Əgər bu istisna deyilsə, elə isə nədir?!

Həmçinin murciələrin daha bir xüsusiyyətindən söhbət açmaq istərdik ki, bu da – müsəlmanların başçısına qarşı çıxmaqdır! Murciələr təkfir məsələsində xavariclərə müxalif olsalar da, müsəlmanların başçısına qarşı çıxmaq məsələsində onlarla (xavariclərlə-tərc.) həmrəydirlər! Murciələrin nə üçün insanları buna (hakimə qarşı çıxmağa-tərc.) çağırmasını Allah bilir, lakin biz bilirik ki, sələfilər bu xüsusiyyəti murciələrə mənsub edərək, müsəlmanların başçısına qarşı çıxanlara murciə deyirdilər!

Sufyən ibn `Uyəynə və əl-Əuza`i demişlər: «Həqiqətən murciələr insanları hakimə qarşı çıxmağa səsləyirlər!» («əs-Sunnəh» 1/218/368)

İbn əl-Mubərakdan, onun murciə olması haqqında soruşduqda, o belə cavab verdi: «Mən necə murciə ola bilərəm ki, mən müsəlmanların başçısına qarşı çıxmağı caiz görmürəm?!» (İbn Şəhin «əl-Kitəbul-Lətıf» 17)

Diqqət edin! Görün ibn əl-Mubərakı neçə dəfə murciəlikdə ittiham etmişdilər!

İməm Əhməd buyurub: «Həqiqətən XAVARİCLƏR murciədirlər!» («əs-Sunnəh» 74)

Məhz bu səbəblərə görə də, “murciəli”yə kimin daha yaxın olmasına bir daha nəzər yetirmək lazımdır!

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Senxatirlat.Com saytının rəsmi heyəti

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar