Məhərrəm ayında qoluna parça (əski) bağlayanlara nəsihət 

«Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz.» (Hud, 107)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Dəyərli oxucu və ya bu ayda qoluna qara bağlayan kimsə! Qoluna bağladığın o parçanı nə üçün bağlamısan? – deyə soruşsam, müxtəlif səbəblər deyə bilərsən.

1) Sən ya bu “qara parça”nı Məhərrəm ayı münasibətilə bağladığını deyəcəksən.
2) Ya o parçanı bağlayanda niyyət tutduğunu, parça öz-özünə qırılarsa, niyyətinə çatacağın – mənasında olduğunu deyəcəksən.
3) Ya da o parçanı “bərəkət” üçün asdığını deyəcəksən.
4) Ya da heç “Özüm də bilmirəm niyə bağlamışam qoluma, dedilər ki, molla deyib qolunuza bağlayın, mən də bağlamışam” deyəcəksən.
5) Ya da başqa bir etiqadla bunu etdiyini deyəcəksən.

Bu bəhanələr sənə qoluna qara bağlamağa bir əsas vermir.

Əgər bu parçanı sadəcə Məhərrəm ayı münasibətilə bağladığını desən, deyərik ki, «Nə Allah, nə Onun Rəsulu buns əmr etməyiblər, nə də heç imamların özləri belə şeyləri etməyiblər.» Bu kimi əməllər sonradan çıxmış xurafat əməllərdir ki, ağıllı dindar belə şeyləri etməz. Məhərrəmlikdə qola qara bağlamaq İslam dinində yoxdur. Ümumiyyətlə “qara paltarın”, “qara rəngin” yas, matəm əlaməti olduğunu deməyin dində bir əsli yoxdur. İslamda ağ və qara rəngli paltarlar geyinmək ən çox bəyənilən rənglərdən hesab olunur. Xüsusən də qara paltar qadınlar üçün daha çox bəyənilən rənglərdəndir. Lakin, bəyənilən rəngi tərk edib ancaq yasla məhdudlaşdırmaq doğru deyil. Yasda qara geyinmək, qara rəngli paltarlara üstünlük vermək müsəlmanların adətindən olmamışdır. Bu, sonradan yaranmış, Peyğəmbərin, əhli beytin, səhabələrin və imamların etmədiyi bir bidət (din adına sonradan uydurulmuş bir yenilik) əməldir ki, alimlər bunun xristyanlardan müsəlmanlara keçdiyini demişlər.

Yox əgər desən ki, mən bu qara parçanı bağlayanda “niyyət etmişəm” ki, parça nə vaxt özü qırılıb düşsə, o zaman niyyətimə çatacam – (hansı ki, çox adam buna görə edir); Deyərik ki, bu əməl ən azından şirkə aparan yoldur. Ən pisi isə qəlbi Allaha yox, bir “əski parçasına” bağlayıb onun xeyir verəcəyinə inanmaq olduğu üçün şirkdir. Allah isə bütün günahları bağışlayır şirki isə bağışlamır.

Allah Elçisi (salləllahu aleyhi va səlləm) buyurmuşdur: «Kim bir şey asarsa, ona həvalə olunar.» (Tirmizi, 2072)

Xeyir vermək və zərərin qarşısını almaq yalnız Allaha aiddir. Hədisdən də göründüyü kimi Allahdan xeyir ummağı unudub üzərinə bağlanan, asılan şeylərdən xeyir umanı Allah tərk edər, elə o əşyalara həvalə edər və yardımsız qoyar. Məgər xeyir istəyən insanın Allaha yönəlmək vaxtı gəlib çatmadımı? İnsan dərk etmirmi bu parçaları qoluna taxmaqla nəinki xeyir əldə edir, əksinə, Allahı qəzəbləndirir.

Uca Allah Qurani-Kərimdə buyurmuşdur: «Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz.» (Hud, 107)

Biz bu ayələri oxuyarkən necə Allahdan başqasına yönəlirik?

Bu parçalarda xeyir vermək yoxdur. Qaldı ki, şərrin qarşısını alsın. Görəsən biz niyə bir ehtiyacımız olan kimi əlimizi qaldırıb Allaha dua etmirik? Məgər o bizə şah damarımızdan da yaxın deyilmi? Bizim Ondan başqa köməkçimiz ola bilərmi?

Məgər Allah buyurmurmu ki, «Qullarım Məni səndən soruşsalar, Mən onlara yaxınam. Mənə dua edənin duasını Mənə yalvardığı vaxt qəbul edərəm.» (əl-Bəqara, 186)

Niyə Allaha dua etmirik və parçalara, əskilərə yönəlirik? Bunu heç özünə sual verdinmi?

Əgər desən ki, o “qara parçanı” qolumdan bərəkət üçün asmışam, deyərik ki, Allahı və Elçisini qəzəbləndirən, şəriətə zidd olan bir əməldə “bərəkət” olmaz, qaldı ki, günaha vəsilə edilən hansısa əşyada və ya parçada bərəkət olsun.

Allah Elçisi (salləllahu aleyhi va səlləm) buyurmuşdur: «Kim üzərindən bir şey asarsa, Allah onun işini tamamlamasın.» (Əhməd, 4/154 )

Hədisdən anlaşıldığı kimi Peyğəmbəimiz (salləllahu aleyhi va səlləm) Allahı qoyub xeyir cəlb etmək və ya şərdən qorunmaq üçün öz üzərindən hansısa bir şeyi asanlara, bağlayanlara bəddua edir ki, Allah onların işlərini tamamlamasın. Sən isə bunu bilə-bilə necə bir parçadan “bərəkət” uma bilərsən?!

Ya da desən ki, heç özüm də bilmirəm bu qara parçanı qoluma niyə bağlamışam – deyərik ki, «onda aç onu qolundan və tulla bir yana, çünki, onun sənə bir faydası yoxdur.»

Bir də başqa hansı etiqadla bu parçanı bağlasan yenə də onun sənə faydası yoxdur. (Xəstəliyi dəf etmək kimi) Necə ki, bir dəfə Allah Elçisi (salləllahu aleyhi va səlləm) qolunda sarı rəngli metaldan qolbaq olan bir kişini görüb soruşdu: – Bu nədir? – O dedi: Zəifliyin qarşısını almaq üçündür. Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurdu: «Onu çıxar, çünki, o sənin zəifliyini daha da artırır. Əgər bu qolbaq qolunda ola-ola ölsən, heç vaxt xoşbəxt olmazsan!» (Əhməd, 4/445)

Çünki, həmin şəxs qəlbini Allaha deyil bir qolbağa bağlamışdı və ona xeyir verəcəyinə inanırdı. Ona görə də Allah Elçisi (salləllahu aleyhi va səlləm) o kişini bu əməldən çəkindirdi və bu əməlin təhlükəsindən xəbər verdi.

Başqa bir hədisdə buyurmuşdur: «Kim üzərindən bir şey asarsa, o artıq Allaha şərik qoşmuşdur.» (Əhməd, 4/156)

İbn Əbi Hatim Huzeyfədən (radıyəllahu ənhu) rəvayət edir ki, o qızdırmadan qorunmaq üçün qoluna parça bağlayan bir kişi görür və o parçanı qoparır, sonra isə bu ayəni oxuyur: «Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir.» (Yusuf, 106)

Sonda Allahdan istəyirik ki, səni haqqa tabe olanlardan etsin və bu məqaləni oxuduqdan sonra xurafatlara, mövhumatlara son qoyub əsil müsəlmanlar kimi şirkdən, mövhumatdan uzaq olasan!

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin magistr tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar