Mədinə şəhərindəki Osman quyusu

«Kim Rumə quyusunu qazarsa (və ya genişləndirərsə), ona cənnət vardır.» (Səhihul-Buxari, 2778)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Mədinə şəhərində yerləşən «Osman quyusu» «Bi’ri Rumə» adı ilə tanınır. Lakin, məşhur adı elə «Osman quyusu»dur. Osman quyusu Mədinə şəhərinin şimali qərbi tərəfində, əqiq vadisi yaxınlığında yerləşir yerləşir. Məscidi-Nəbəvidən (Peyğəmbər məscidi), yəni, Peyğəmbər məscidindən təxminən 4 km, «Qibləteyn» məscidindən isə 1 km uzaqlıqda yerləşir. Hal-hazırda Mədinədə «əl-Əzhəri» küçəsində yerləşir.

Osman quyusu Peyğəmbərin dövründə və ondan əvvəllər də Mədinənin bolsulu şirin su hövzəsi kimi tanınırdı. Bu quyunun suyu Mədinədəki başqa quyulardan fərqli olaraq qurumur, daim bolsulu olurdu. Quyunun dərinliyi 35 metr, su dərinliyi 29 metr, eni isə 4 metrdir. Əldə etdiyim məlumata görə bu suyun tərkibi və dadı «Zəmzəm» suyuna yaxındır.

Həmin quyu hal-hazırda xurmalıqlar və yaşıllıqlar içərisində olan Osman bağının daxilindədir ki, bu ərazi bütünlüklə həmin quyunun suyu ilə suvarılır, bağın daxilində əkinçiliklə də məşğul olurlar. Bu ərazi böyük bir ərazini əhatə edir ki, orada minlərlə xurma ağacı vardır.

Peyğəmbər (salləllahu aleyhi va səlləm) Mədinəyə gəldikdə müsəlmanların içməli su ehtiyacını ödəmək üçün müsəlmanları Rumə quyusunu almağa rəğbətləndirir və belə deyir: «Kim Rumə quyusunu alar və müsəlmanların istifadəsinə verərsə, ona cənnət vardır.» (Tirmizi, 3703 və Tirmizi bu hədisə «həsən» demişdir; Nəsəi, 3607)

Buxaridə keçən ləfzdə isə deyilir: «Kim Rumə quyusunu qazarsa (və ya genişləndirərsə), ona cənnət vardır.» (Səhihul-Buxari, 2778)

Məlumdur ki, Osman (radıyəllahu ənhu) sonradan bu quyunu almış və səhmana salmışdır. Təbii ki, Peyğəmbərin bu rəğbətləndirməsindən sonra Osman (radıyəllahu ənhu) Rumə quyusunun yarısını 12000 dirhəmə alır və müsəlmanların istifadəsinə verir. Bu alış verişə əsasən müsəlmanlar bir gündən bir bu quyudan istifadə edə bilərdilər və quyunun yarısını almaq dedikdə də bu nəzərdə tutulur. (Sonradan quyunu bütünlüklə alır, bu barədə söhbət açacağıq)

Quyunun əvvəlki sahibi barədə tarixi mənbələrin bəzisində onun Ğifar qəbiləsindən olduğu, bəzisində isə onun bir yəhudi olduğu deyilir. Xülasə olaraq, həmin şəxs quyunun yarısını Osmana satdıqdan sonra artıq görür ki, müsəlmanlar öz növbələrində olan gündə quyudan su ehtiyaclarını qarşılayır, onun növbəsi olan gündə isə ondan su almırlar.

Həmçinin, həmin şəxs quyunun suyunu insanlara qarşılıqsız verməyərək satırdı. Həmin şəxs görür ki, artıq müsəlmanlar onun növbəsi olan gündə ondan su almırlar və Osmana deyir ki:

– Quyumu ziyana saldınız, qalan hissəsini də məndən al!

Beləcə, Osman (radıyəllahu ənhu) ondan quyunun qalan hissəsini 8000 dirhəmə alır və quyunu bütünlüklə müsəlmanların istifadəsinə verir. Osman isə bu xeyirxah əməli ilə Peyğəmbərin müjdəsini qazanır. O müjdə isə bu idi: «Kim Rumə quyusunu alarsa, ona cənnət vardır!» Osmanın (radıyəllahu ənhu) Allah yolunda etdiyi səxavətliliyi, xeyirxahlılığı təkcə bununla bitmir.

Bir dəfə Peyğəmbər (salləllahu aleyhi va səlləm) demişdi: «Kim «Usrə» ordusunu təchiz edərsə, ona cənnət vardır.» (Səhihul-Buxari, 2778) Yenə Osman özünü qabağa verərək Usrə ordusunu öz şəxsi hesabına təchiz etmişdir.

Dəyərli müsəlmanlar! Sonda qeyd etmək istəyirik ki, bu məlumatlar əsasən tarixi əhəmiyyətli məlumatlardır. Ona görə də hər kimə həcc və ya ümrə ziyarəti etmək nəsib olarsa, onların tarixi yerlərə gedib vaxt itirərək ibadətin əsas məqsədindən yayınmaları doğru deyil. Çünki, Məkkə və Mədinə şəhərində qısa bir vaxtda qalmağa imkanı olan zəvvarlar çalışıb bu qısa vaxtı ibadətlərini düzgün şəkildə, vaxtlı vaxtında yerinə yetirməklə dəyərləndirməlidirlər. Məkkədə (Kəbədə) qılınan bir namaz yüz min savab, Mədinədə (Peyğəmbər məscidində) qılınan namaz isə min dəfə başqa məscidlərdə qılınan namazdan artıq əcr gətirir. Bundan başqa quran oxumaq, zikrləri etmək, elm öyrənmək və s. bu xeyirləri əldən vermək olmaz. Bu yerlərə gəlmək kimə nəsib olarsa, bütün vaxtını gəzməli-görməli tarixi yerlərə, bazarlara və s. deyil ibadətə ayırmaları tövsiyə olunur.

Bunu ona görə qeyd etdik ki, müqəddəs yerlərdə olan tarixi yerlərdən bəhs edərkən bunları deməliyik ki, hətta ziyarətçilərimiz elə bilməsinlər ki, bu yerlərə getmək lazımdır və ya getməyə rəğbətlənib qrup rəhbərlərinə əziyyət verməsinlər. Müqəddəs yerlərdəki bu və digər tarixi yerlərə getmək nə vacib, nə də müstəhəbdir. Amma, soruşulsa ki, Mədinə şəhərində haraları ziyarət etmək müstəhəbdir? Deyərik ki, məscidlərdən Peyğəmbər məscidi, Quba məscidi, qəbirlərdən isə Peyğəmbərin qəbirini, iki dostunun (yanındaca dəfn olunan iki xəlifənin) qəbri, Bəqi qəbirstanlığı və Uhud şəhidlərinin dəfn olunduğu Uhud qəbirstanlığını ziyarət etmək müstəhəbdir.

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin magistr tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar