«Lə iləhə illəllah» kəlməsinin fəziləti

«Rəbbin yalnız Ona ibadət etməyi əmr etdi». (əl-İsra, 23)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

«Lə İləhə İlləllah» – şəhadət kəlməsi özündə söz və əməli cəm edir.

❓Sual: «Lə İləhə İlləllah» təkcə dil ilə tələffüz etməkdənmi ibarətdir, yoxsa, bu söz eyni zamanda əməli də özündə gərəkdirir?

❗Cavab: Bu kəlmə insanların tələffüz etdikləri ən əzəmətli və ən əfzəl kəlamdır, bu kəlmə söz və əməldən ibarətdir, bu sözü sadəcə tələffüz etmək isə kifayət etmir.

Əgər bu sözü sadəcə tələffüz etmək kifayət etsəydi, o zaman münafiqlər də müsəlman hesab olunardılar, çünki, onlar da bu kəlməni tələffüz edirdilər. Lakin, bununla yanaşı onlar kafir idilər, hətta, cəhənnəmin ən aşağı təbəqəsindədirlər. Çünki, münafiqlər bu kəlməni etiqadsız və bu kəlməyə iman etmədən, təkcə dilləri ilə deyirdilər. Bu kəlmə dil ilə tələffüz etməklə bərabər, Allahdan başqa ibadətə haqq məbud olmadığına qəlbin etiqadı və qəlbin imanının olmasını da gərəkdirir.

Eyni zamanda, gərəklidir ki, fərz əməlləri yerinə yetirməklə və günahlardan çəkinməklə bu kəlimənin haqları əda olunsun. Çünki, bu, «Lə İləhə İlləllah» kəliməsinin haqqıdır.

Necə ki, bu haqda Rəsulullah ﷺ demişdir: «İnsanlar Lə İləhə İlləllah deyənə qədər onlarla vuruşmağa əmr olundum, əgər bu kəlməni deyərlərsə, islam haqqı müstəsna olmaqla, canlarını və qanlarını məndən qorumuş olarlar. Haqq-hesaba çəkilmələri isə Allaha aiddir».

Başqa bir ləfzdə isə: «İnsanlar Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və mənim də Allahın Rəsulu olduğuma şahidlik edənə, namaz qılana və zəkat verənə qədər onlarla vuruşmağa əmr olundum. Əgər bunları edərlərsə, İslamın haqqı müstəsna olmaqla, qanlarını və mallarını məndən qorumuş olarlar, haqq-hesaba çəkmək isə Uca Allaha aiddir». (Hədisin səhihliyində ittifaq edilmişdir).

Nəticə budur ki, bu kəlmə gərək yəqinliklə, elmlə və ona əməl etməklə bərabər deyilsin, sadəcə tələffüz edilərək deyil. Çünki, yəhudilər də, münafiqlər də bu sözü deyirlər. Lakin, bu söz onlara bu kəlməyə əməl və etiqad edənədək fayda vermir. Gərək Allahdan başqa ibadətə layiq haqq məbudun olmamasına da etiqad edilsin.

İnsanların ibadət etdiyi şeylər, onlardan bütlər, ağaclar, daşlar, qəbirlər, peyğəmbərlər, mələklər və ya qeyriləri olsun, Allahdan başqa ibadət olunanların hamısı batildir, bu, Əziz və Cəlil olan Allaha şərik qoşmaqdır. Lakin, iman etmək isə tək olaraq Allahın haqqıdır.

«Lə İləhə İlləllah» kəliməsinin də mənası məhz budur; Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Necə ki, Uca Allah buyurur: «Bu belədir. Çünki Allah Haqdır. Kafirlərin Ondan başqa yalvardıqları isə batildir. Həqiqətən, Allah Ucadır, Böyükdür». (əl-Həcc, 61)

Uca Allah buyurur: «Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!». (əl-Bəyyinə, 5).

Uca Allah buyurur: «Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən yardım diləyirik». (Fatihə, 4)

Uca Allah buyurur: «Rəbbin yalnız Ona ibadət etməyi əmr etdi». (əl-İsra, 23)

Uca Allah buyurur: «Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz». (əz-Zumər, 3)

Rəsulullah ﷺ buyurmuşdur: «Kim – Lə İləhə İlləllah – deyər və Allahdan qeyri ibadət olunanları inkar edərsə, malı və canı haram olar». Muslimdə keçən başqa bir ləfzdə isə Rəsulullah ﷺ belə buyurmuşdur: «Kim Allahı ibadətdə təkləşdirər və Allahdan qeyri ibadət olunanları inkar edərsə, malı və canı haram olar». Bütün bunlar da dəlalət edir ki, tövhid (Allahı bütün ibadətlərdə təkləşdirmək) və iman (etmək) yalnız Allaha məxsusdur.

▪ «Lə İləhə İlləllah» kəliməsinin fəziləti haqqında Quranda varid olan ayələr

1. Bu kəlmə ən uca kəlmədir; Uca Allah buyurur: «Allahın sözü ucadır». (ət-Tövbə, 40)

2. Bu kəlimə haqq olan dəvətdir; Uca Allah buyurur: «Haqq çağırış yalnız onadır». (ər-Rad, 14)

3. Bu kəlmə gözəl sözdür; Uca Allah buyurur: «Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz (lə ilahə illəllah) kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir». (İbrahim, 24)

4. Bu kəlmə möhkəm sözdür; Uca Allah buyurur: «Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar. Allah zalımları sapdırar. Allah istədiyini edər». (İbrahim, 27)

5. Bu kəlmə təqva kəliməsidir; Uca Allah buyurur: «Allah Öz Elçisinə və möminlərə mənəvi rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu». (Fəth, 26)

6. Bu kəlmə yaxşı əməl hesab olunur; Uca Allah buyurur: «Hər kim yaxşı əməllə gəlsə, ona daha yaxşısı (Cənnət) verilər. Onlar o gün dəhşətli qorxu hissindən uzaq olarlar». (ən-Nəml, 89)

7. Bu kəlmə möhkəm bir ipdir; Uca Allah buyurur: «Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar». (əl-Bəqərə, 256)

8. Bu kəlmə ən gözəl sözdür; Uca Allah buyurur: «Qullarıma de ki, sözlərin ən gözəlini danışsınlar». (əl-İsra, 53)

9. Bu kəlmə gözəldir; Uca Allah buyurur: «Ən gözəl olanı təsdiq edirsə». (əl-Leyl, 6)

10. Bu kəlmə əbədi qalan yaxşı əməldir, Uca Allah buyurur: «Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxımından daha əfzəldir». (əl-Kəhf, 46)

11. Bu kəlmə İbrahim Peyğəmbərin (aleyhissələm) özündən sonra etdiyi daimi kəlmədir; Uca Allah buyurur: «O bunu öz nəsli arasında daimi qalacaq bir kəlmə etdi ki, bəlkə doğru yola qayıtsınlar». (əz-Zuxruf, 28)

12. Bu kəlimə haqdır; Uca Allah buyurur: «Müşriklərin Onu qoyub yalvardıqları tanrılar şəfaət verə bilməzlər. Mənasını bilərək haqqa şəhadət verənlər isə istisnadır». (əz-Zuxruf, 86)

13. Bu kəlmə ən uca misaldır; Uca Allah buyurur: «Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur». (ər-Rum, 27)

14. Bu kəlmə ən doğru yola yönəldəndir; Uca Allah buyurur: «Həqiqətən, bu Quran insanları ən doğru yola yönəldir». (əl-İsra, 9)

15. Bu kəlimə əhdir; Uca Allah buyurur: «Mərhəmətli Allahdan əhd almış kəslərdən başqaları şəfaət etməyə qadir olmazlar». (Məryəm, 87)

16. Bu kəlmə xalis dindir; Uca Allah buyurur: «Bilin ki, xalis din Ona məxsusdur». (əz-Zumər, 3)

17. Bu kəlmə ədalətdir; Uca Allah buyurur: «Həqiqətən Allah ədalətli olmağı və yaxşılığı əmr edir». (ən-Nəhl, 90)

18. Bu kəlmə doğru sözdür, Uca Allah buyurur: «Ruh (Cəbrail) və mələklər səf-səf duracağı gün, Mərhəmətli Allahın izin verdiyi kimsələrdən və doğru söz deyənlərdən başqa heç kəs danışmayacaq». (ən-Nəbə, 38)

19. Bu kəlmə gözəl kəlimədir; Uca Allah buyurur: «Gözəl kəlimə Ona yüksələr». (Fatir, 10)

20. Bu kəlmə sözlərin ən gözəl olanıdır; Uca Allah buyurur: «Onlar gözəl kəlamlar öyrənməyə nail olmuş və Tərifəlayiq Allahın yoluna yönəldilmişlər». (əl-Həcc, 24)

21. Bu kəlimə Uca Allahın qulları içərisindən seçib miras etdiyi kitabdır, Uca Allah buyurur: «Sonra, Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik». (Fatir, 32)

22. Bu kəlimə haqdır, Uca Allah buyurur: «Haqqı gətirən və onu təsdiq edənlər isə əsl müttəqilərdir». (Zumər, 33)

23. Bu kəlimə qalıcı dindir, Uca Allah buyurur: «Din də daim Ona məxsusdur».(Nəhl, 52)

24. Bu kəlmə bərabərlik və ədalətdir; Uca Allah buyurur: “De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”” (Ali-İmran, 70)

25. Bu kəlmə doğru sözdür, Uca Allah buyurur: «Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın» (Əhzab, 70)

İstifadə olunan ədəbiyyat: (Şeyx İbn Bəzz -rahiməhullah-, Məcmu’ul-fətava, 28/210 və Şeyx Saleh Sindi -həfizahullah-, Şəhədətu ən Lə İləhə İlləllah)

Tərcümə etdi: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Nail Paşayev

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar