Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:
Kədər içərisində olan kəsə tövsiyələr
1. Başına bir müsibət, sıxıntı gəldiyi zaman, bir problemlə üzləşdiyin zaman xatırla ki, bu müsibətin bizə üz verməsinə Allah izn verib və onun baş verməsindən Allah razı qalıb ki, o baş verib.
Bu müsibəti Allah sənin üçün, səni də onun üçün seçib. Həqiqi qulluq da qulun Allahın ona seçdiyi hər bir şeylə razı olmasını gərəkdirir. Rəbbinə gözəl və kamil şəkildə qulluq edən kəsə yaraşmaz ki, Allaha, Allahın ona yazdığı qədərə yaxud Allahın onun üçün seçib razı qaldığı bir şeyə etiraz etsin.
2. Xatırla ki, səni bu imtahana çəkən Rəhmlilərin ən Rəhmlisi, Hikmətlilərin ən hikmətlisidir. O sənə qarşı sənin özündən də daha rəhmlidir. Hətta övladını itirmiş sonra ona qovuşmuş anadan Rəbbimiz bizə qarşı daha Rəhmlidir.
Belə olduğu halda onun sənə yazdığı hansı qədərə görə narahat olacaqsan? Əgər sənə qarşı hər kəsdən daha çox Rəhmli olan Rəbbin bu imtahana çəkirsə, demək ki, burda sənin üçün xeyir, fayda və hətta içərisində gizlənmiş sevinc toxumları belə var. Sadəcə səbrli ol…
3. Bil ki, bu müsibət, bu sıxıntı, bu problem Allahın Öz quluna göndərdiyi faydalı dərmandır.
O dərmanı geri çevirmə. Çünki Uca Allah Öz quluna nəyin fayda verəcəyini bilir və ona qarşı son dərəcə Rəhmlidir. Buna görə də insanın üzərinə düşən odur ki, bu dərmanı qəbul etsin, onu qəzəb, şikayətlər və üsyanlarla qaytarmasın (geri çevirməsin). Əgər insan ona üz verən müsibəti şikayət və üsyanlarla qarşılayarsa, o müsibətin içərisində gizlənmiş faydadan da məhrum olar.
Neçə müsibətlər var ki, insan onu səbrlə qarşıladığı zaman onun islahına, həmçinin təkəbbürlük, özünü bəyənmək və s kimi müxtəlif növ qəlbi xəstəliklərdən qurtulmasına səbəb olur. Və o zaman onun əldə etdiyi xeyir, bu müsibət zamanı itirdiyi o kiçik sevincdən daha böyük olur.
4. Bil ki, müsibətlər və bəlalar səni həlak etmək, səni məhv etmək üçün göndərilmir.
Əksinə müsibətlər bizim səbrimizi sınamaq üçün göndərilir. Əgər insan bu sınaqdan üzü ağ çıxarsa, Allah onu Özünə yaxınlaşdırar. Yox əgər insan bu müsibətdən Rəbbinə qarşı üsyan edərək, günahları daha da artıraraq və s kimi pis əxlaqları nümayiş etdirərək çıxarsa, o zaman Allah onu özündən uzaqlaşdırar və bu həmin kəs üçün müsibət üstünə müsibət olar. Bir müsibət ona üz verən o problem, digər müsibət isə Allahdan uzaqlaşması olar.
Sən isə Allahdan gələn bu müsibəti ədəblə qarşıla və onu dərman olaraq istifadə et, bu müsibətlə Rəbbinə yaxınlaş, günahlarından uzaqlaş.
5. Bil ki, Allah qulunu firavanlıqla, sıxıntıyla, nemətlə və bəlayla tərbiyə edir.
Bununla da hər bir halında Allaha sadiq şəkildə qulluq edənlər üzə çıxır, seçilir. İnsanların bir qismi qulluğu ancaq hər şey yaxşı olanda edirlər, lakin bəla gəldiyi zaman onlar Allaha qulluqdan qaçınır, Ona asi olmağa yönəlirlər. Halbuki sadiq qul həm firavanlıqda həm də sıxıntıda Allaha kamil şəkildə qulluq etməyə çalışan kəsdir. Buna görə də Allah bizi bəzən nemətlə bəzən də müsibətlə sınağa çəkir ki, bizi tərbiyə etsin. Yəni hər bir halımızda Ona dönməli olduğumuz həqiqətini anlayaq deyə bizə bu sınaqları göndərir. Nə xoş o insanın halına ki, bu imtahan və sıxıntılardan ibrətlər götürür, öz qulluğundakı naqislikləri düzəldir….
Uca Allah qulunu ən gözəl tərbiyə edəndir.
6. Xatırla ki, ən çox bəlaya düçar olanlar peyğəmbərlər sonra da onlara bənzəyənlərdir.
Peyğəmbərdən (salləllahu aleyhi va səlləm) soruşulur ki, “Ən çox bəlaya düçar olanlar kimlərdir?” Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur: “Peyğəmbərlər, sonra onlara bənzəyənlər, sonra da onlara bənzəyənlər. Kişi öz dininin qədərində imtahana çəkilir. Əgər dinində güclüdürsə, imtahanı da ağır olur. Əgər dinində zəifdirsə, Allah da onu dininə görə imtahana çəkir. Qula o qədər bəla gəlməyə davam edər ki, hətta sonunda o yer üzərində günahsız (günahlarından təmizlənmiş şəkildə) gəzər.” (Buxari, Muslim)
7. Sən hər bir halında xeyir üzərindəsən!
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Möminin işinə təəccüb edirəm! Həqiqətən onun bütün işləri onun üçün xeyirlidir! Əgər başına sevindirici bir iş gələrsə şükr edər və bu onun üçün xeyirli olar, əgər başına müsibət gələrsə səbr edər və bu da onun üçün xeyirli olar. Bu da yalnız möminə xasdır.” (Muslim)
Şeyxul İslam İbn Teymiyyə (rahiməhullah) bu hədisə şərh verərək buyurur ki: “Allah öz mömin qulları üçün hər bir məqamda bir xeyir ayırmışdır. Qul daima Rəbbi tərəfindən nemət içərisindədir. Fərqi yoxdur ona sevdiyi bir şey üz verib, yoxsa sevmədiyi. Allah insanlara təqdir etdiyi bütün bu qədərləri onlar üçün qazanc (savab qazanmaq) yeri və Allaha çatmaq üçün yollar olaraq qılmışdır. Bu hədis də qula üz verəcək bütün halları əhatə etmiş və qədərin ağır gələninə səbr edib, ona sevimli olanına da şükr etdiyi təqdirdə bu halın onun üçün xeyirli olmasına işarə etmişdir.”
8. Niyə kədərlənirsən? Niyə üzülürsən? Axı sənə savablar gəlməyə davam edir…
Xəstə ikən belə, saleh əməlləri özündən asılı olmadan tərk etdikdə, onları etməkdən aciz olduqda belə Allahın rəhməti sayəsində savablar sənə gəlməyə davam edir.
Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur: “Bədənində bir bəlaya (müsibətə) düçar olan elə bir müsəlman yoxdur ki, Allah onu qoruyan mələklərə belə əmr etməsin: “Qulum üçün xəstə olduğu müddətdə hər gecə və gündüz (sağlam ikən) etdiyi xeyirlərin eynisini yazın”.” (Şeyx Albani “Sahihut Tərğib vat Tərhib” (3421) əsərində hədisi səhihləşdirmişdir)
9. Bil ki, Allah sənin üçün xeyir istəmişdir.
Çünki hədisdə Peyğəmbər (salləlahu aleyhi va səlləm) buyurmuşdur: “Allah kimə xeyir istəyərsə, ona müsibət göndərər.” (Buxari, 5321)
Digər hədisdə isə: “Əgər Allah bir toplumu sevərsə, onları imtahana çəkər.” (Şeyx Albani “Sahihul Cəmi” (285) əsərində hədisi səhihləşdirmişdir)
İbn əl-Qayyim (rahiməhullah) buyurur: “Uca Allah müsibətləri, bəlaları və imtahanları qulları arasında bir rəhmət olaraq təqdir etmişdir. O, bunlar vasitəsilə Öz qullarının günahlarını əfv edir. İnsanların nəfsinə xoş gəlməsə də, bu (müsibətlər, bəlalar və imtahanlar) Uca Allahın qullarına olan ən böyük nemətlərindəndir.” (“Miftəhu Dəəris Sə’əədəh”, 2/826)
Fudeyl bin İyad (rahiməhulah buyurur: “Bir kişi öz ailəsini xeyirlə yad etdiyi kimi, Allah da öz mömin qulunu bəla ilə yad edir.” (“İhyə Ulumid Din”, 4/133)
Həmçinin demişdir: “Qul həqiqi imana çatmaz ta ki, (Allahdan gələn) bəlanı nemət, firavanlığı isə müsibət hesab etməyincə.” (“Hilyətul Əuliyə”, 8/94)
Sufyən əs-Səuri (rahiməhullah) buyurur: “Bəlanı nemət, firavanlığı isə müsibət hesab etməyən kəs fəqih deyildir!” (“Hilyətul Əuliyə”, 7/55)
Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurmuşdur: “Əgər Allah bir quluna xeyir istəyərsə, onun cəzasını dünyada ikən tezləşdirər.” (Şeyx Albani səhihləşdirmişdir. Bax: “Sahihul Cəmi”, 308)
Ardı var…
Şeyx Xalid Səbt`in “Vasıyyəti likulli məhzun” adlı mühazirəsindən kiçik əlavələr edilərək istifadə edilmişdir.
Tərcümə etdi: senxatirlat.com saytının rəsmi heyəti
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!