İnsanlardan gələn əziyyətə səbr etməyə yardım edən səbəblər – 2`ci hissə

"Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et!" (Fussılət, 34-35)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

11. Bil ki, səbr imanın yarısıdır. İmanından az bir hissəni belə öz nəfsinin qələbəsi üçün sərf etmə.

Əgər insan ona gələn əziyyətlərə səbr edərsə, imanını hifz etmiş və onu naqisləşməkdən qorumuş olar. Həmçinin bilmək və əmin olmaq lazımdır ki, Uca Allah iman gətirənləri qoruyur.

Belə ki, iman iki hissədən ibarətdir: səbr və şükr. Necə ki Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur: «Möminin işinə təəccüb edirəm! Həqiqətən onun bütün işləri onun üçün xeyirlidir! Əgər başına sevindirici bir iş gələrsə, şükr edər və bu onun üçün xeyirli olar, əgər başına müsibət gələrsə, səbr edər və bu da onun üçün xeyirli olar. Bu da yalnız möminə xasdır.» (Muslim)

Buna görə də insanlar tərəfindən əziyyətə uğrayan kəs imanını qorumaq üçün səbr etməli və imanın bu cür əzəmətli məqamının az bir hissəsini belə intiqam kimi bir hissə görə əldən verməməli, itirməməlidir.

12. Bil ki, əziyyətlərə qarşı səbr etməklə sən öz nəfsinə hökm edirsən, bununla sən öz nəfsini qəhr edir və ona qalib gəlirsən.

Nə vaxt ki, nəfs qəhr edilir və məğlubiyyətə uğradılır, o zaman öz sahibini həlaka sürükləyə bilmir. Çünki zəifləyir və gücdən düşür. Nəfsi idarə etmək artıq insanın öz əlində olur və o nəfsinə yox, nəfsi ona tabe olur.

İntiqam almaqla isə insan öz nəfsinə tabe olmuş olur. İnsan öz nəfsinə tabe olduqda isə, ona itaət edir və artıq nəfsi həlak uçurumuna sürükləyənədək onu azdırmağa davam edir. Yalnız Allahın rəhm etdiyi kəslər istisnadır.

Əgər əziyyətlərə səbr etməklə insan öz nəfsi və şeytan üzərində qələbə çalmaqdan başqa bir şeyə nail olmasaydı belə, bu özü səbr etməyə səbəb olaraq kifayət olardı.

13. İnsan bilməlidir ki, əgər səbr edərsə, onun yardımçısı Allah olar! Allah səbr edən və özünə zülm edən kəsi Ona tapşıranın (həvalə edəni) qoruyar!

Əgər insan işini Allaha həvalə edərsə, yardımı və haqqını Allahdan istəyərsə, səbr edib səbrinin aqibətini Allahdan yardım, dəstək və müvəfəqiyyət olaraq gözləyərsə, Allah ona gözlədiyinin, gözəl zənninin əvəzini verər, ona yardım edər. Necə ki səhih hədisdə varid olmuşdur: “Həqiqətən qələbə səbrlədir!” (Əhməd, 2800, Şeyx Albani hədisi səhihləşdirmişdir, bax: “əs-Silsilətus Sahihəh” (2382))

Lakin kim nəfsi üçün intiqam alarsa, Allah onu öz nəfsinə həvalə edər və ona yardım edən öz nəfsi olar ki, bütün güc və qüvvət yalnız Allaha məxsusdur! Yardımçısı yardım edənlərin ən xeyirlisi (yəni Allah) olan kəslə yardımçısı yardım edənlərin ən acizi və zəifi (yəni öz nəfsi) olan kəs bir olarmı ?!

14. Sənə əziyyət verən kəsə qarşı səbrli olmağın və onun xətalarından keçməyin o insanın öz zülmündən dönməyini, peşman olmağını və səndən üzr istəməyini vacib edir.

Çünki etdiyi pisliyin qarşılığında gördüyü gözəl rəftar, səbr və təmkin onu düşündürür və o etdiklərindən utanaraq və peşman olaraq zülm etdiyi kəsə dönüb ondan üzr istəyir və hətta ona yaxın bir dost olur. Necə ki Uca Allah bu barədə Quranda buyurmuşdur: “Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbr edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur.” (Fussılət, 34-35)

Bu həqiqətən də belədir. Çünki bir insan sənə pislik etdikdə sən onun xətasından keçərsənsə, sonra yenə pislik edər və sən yenə keçərsənsə, sonra yenə edər və sən yenə əfv edib bağışlayarsansa və yaxşılıqla qarşılıq verərsənsə, sonunda o səndən həya edər, etdiklərindən dolayı utanc hissi keçirər və səndən üzr istəyər.. və onun sənə qarşı rəftarı dəyişər və səninlə ən gözəl müamilə ilə rəftar edər. Sən isə bununla həm onun, həm də öz nəfsinin rahatlıq tapmasına səbəb olmuş olarsan.

15. Bəzən intiqam almaq zülm edən kəsin zülmündə daha da güclənməsinə, başqa növ zülmlərə əl atmasına və nəticədə ondan gələn şərin daha da çoxalmasına səbəb olur.

Belə hallarda məhz bunun şahidi oluruq.

Lakin insan səbr edib əfv edərsə, artıq bu cür şərdən salamat qalar. Aqil kəs də əsla kiçik bir zərəri dəf etmək üçün böyük zərəri tərcih etməz. Yəni əfv etmək ağırdır deyə, intiqamın ardından ona gələ biləcək daha böyük zərərləri gözə almaz. Əksinə əfv edər, bağışlayar.

İntiqamın nəticəsində neçə zərərlər görülmüşdür ki, insanlar onları dəf etməkdən aciz qalmışlar. İntiqamın nəticəsində düşməndən gələn neçə zərərlər olmuşdur ki, sonunda ya mal, ya can, ya da hər ikisi tələf olmuşdur. Halbuki əgər insan əfv edib səbr etsəydi, tələf olunanlar qorunmuş olardı.

16. Kim intiqam almağa öyrəşərsə, mütləq zülmə yol verər.

Çünki insan intiqam aldığı zaman əksər hallarda öz əməllərini vacib olan ədalət çərçivəsində məhdudlaşdıra bilmir. Belə ki, qəzəb insanı o dərəcəyə çatdıra bilər ki, artıq o nə etdiyini və ya nə dediyini bilməz bir hala düşər.

İnsan bəzən ona edilən pisliyin misli ilə intiqam almaq istəyər, necə ki Uca Allah buyurur: “(Günahkarı) cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də (ona) eynilə cəza verin. Əgər səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir.” (ən-Nəhl, 126) Lakin az da olsa ona olunan pisliyin qədərindən keçər, daha artığını edər və zülm etmiş olar. Allah isə zülm edənləri sevmir!

Nəticədə məzlum hala düşmüş və Allahdan yardım və izzət gözləyən birisi, intiqam alan zaman ədaləti qorumadığına və ona olunanın mislini yox, ondan daha artığını etdiyinə görə zalıma çevrilə və cəzaya layiq görülə bilər.

Ümümən elə bir insan yoxdur ki, özünə olunan pisliyin qədərini bilsin, onu dəqiqliklə ölçsün, tərəzidə çəksin və məhz onun qədərində əvəz qaytarsın! Bu ağır və təhlükəli məsələdir. Ona görə insan intiqam alan zaman öz intiqamında zülmə yol verməkdən ehtiyat edərək əfv və bağışlamaq yolunu seçməlidir.

17. İnsana üz vermiş zülm onun günahları üçün kəffarə və dərəcəsinin artması üçün səbəbdir.

Lakin əgər səbr etməz və intiqam alarsa, artıq bu zülm onun günahlarının bağışlanmasına və dərəcəsinin də artmasına səbəb olmaz. Çünki insan bunlara yalnız səbr etməklə nail olur.

18. Səbr etmək və bağışlamaq Allahın insan üçün ona zülm edən kəsin üzərinə göndərdiyi qoşunlardır.

Çünki kim səbr edər və bağışlayarsa, onun səbri və bağışlaması düşmənin zəlil olmasını, qəlbinə qorxunun düşməsini, ondan və insanlardan qorxmasını vacib edir. Çünki insan özü sussa da, bu zülmə şahid olan digər kəslər bu zülmə susmazlar. Lakin əgər insan intiqam alarsa, bunların heç biri baş verməz.

Məhz bu səbəbdən bir çox zülm edən insan görmək olar ki, zülm etdiyi zaman əks tərəfdən qarşılıq gözləyir. Məsələn birini söyürsə, onun da onu söyməsini istəyir. Əks tərəfin də zülm etdiyini görüb qəlbi rahatlayır. Lakin insan səbr etdikdə, əks tərəf istədiyinə nail olmur.

Həmçinin insan intiqam almadığı zaman digər insanlar onu qorumağa, müdafiə etməyə, ona yardım etməyə başlayırlar. Bu da düşməni zəlil edir. Həmçinin bilmək lazımdır ki, ona dəstək olan bu insanlar Uca Allahın zülmə məruz qalmış kəsə yardım olaraq göndərdiyi səbəblərdir.

19. Əfv edən kəs əfv edib ona olunan zülmü görməzdən gəldikdə qəlbində bir ucalıq hiss edir.

Çünki həqiqətən də əfv etmək izzətdir. Necə ki hədisdə varid olmuşdur: “Əfv etməklə Allah qulun yalnız izzətini artırar.” (Muslim)

İnsanın qəlbində duyduğu bu hiss, intiqam nəticəsində qəlbdə yaranan zəlillik hissindən daha üstündür və bu izzət qul üçün intiqamdan daha faydalıdır!

20. İnsanın əfv edib əks tərəfin günahından keçməsi – bir həsənətdir (yaxşı əməldir) və hər bir yaxşı əməl də digər bir yaxşı əmələ qapı açır.

Saleh əməlin bu dünyadakı savablarından biri də özündən sonra başqa bir yaxşı əmələ qapı açmasıdır. Eynilə günahın dünyadakı cəzalarından biri də özündən sonra başqa bir günaha qapı açmasıdır.

Deməli, bir saleh əməl başqasını çağırar, o da başqasını, o da başqasını… və insanın saleh əməlləri bu cür artmaqda davam edər.. hətta ola bilsin ki, bu onun əbədi səadətinin səbəbi olar. Lakin əgər insan intiqam alarsa, bunların hamısından məhrum olar.

Şeyxulislam ibn Teymiyyənin (rahiməhullah) qeyd etdiyi bu səbəblər insanlardan gələn əziyyətlərə səbr etməyə yardım edən səbəblərdir.

Son olaraq isə sizə 2 şeyi tövsiyyə edirik:

1. Tez-tez bu 20 səbəbi təkrarlayıb onların üzərində düşünün ki, bu dəyərli tövsiyyələr qəlbinizə həkk olunsun. Allahdan bu xeyirlərə müvəffəq olmağınız üçün sizi əfv etməsinii, bağışlamağı asanlaşdırmasını istəyin.

2. Bu qiymətli tövsiyyələri yaymağa çalışın. Günümüzdə faydanı yaymaq vasitələri çoxalıb. Sosial şəbəkələrdə və ya kitab, broşür şəklində çap edərək yaxınlarınıza hədiyyə etməklə bu əzəmətli faydaları insanlar arasında yayın ki, müsəlmanların arasına ədavət salmaq istəyənlərin cəhdləri boşa çıxsın. Həmçinin xeyir öyrətdiyin (xeyir işləməsinə vəsilə olduğun) hər kəsin etdiyi xeyirdən sənə də savab gələcəyini unutma. Necə ki Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur: “Xeyirə yönəldən, onu (o xeyiri) etmiş kimidir.” (Muslim, 1895)

Sonda Uca Allahdan bizi sevib razı qaldığı əməllərə afiyətli şəkildə müvəffəq etməsini, həmçinin qəlbimizdən qardaşlarımıza qarşı kini, həsədi, paxıllığı, pis zənni və ədavəti aradan qaldırmasını istəyirik. Həqiqətən O, Eşidən və Biləndir.

Hazırladı: senxatirlat.com saytının rəsmi heyəti

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar