Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:
İlk öncə bilməliyik ki, insanın bu həyatda istənilən xeyirə nail olması Allahın müvəffəqiyyəti ilə baş verir. Əgər Allah qulunu müvəffəq etməzsə, qul öz gücü ilə irəli əsla bir addım belə ata bilməz. Hər hansı bir hədəfə çatmaq üçün yüzlərlə səbəbdən tutunsan belə, bil ki, nəticə Rəbbinə bağlıdır. Uca Allaha və onun sənə göndərəcəyi müvəffəqiyyətə hava-su kimi ehtiyacının olduğunu anla.
Uca Allah buyurur: “Mən ancaq Allahın sayəsində uğur qazanıram” (“Hud” surəsi, 88).
İndi isə bu uğura nail olmağın yollarını öyrənək:
1. Gözəl (ixlaslı) niyyət
Müvəffəqiyyətin gəlməsini istədiyin hər bir şeydə niyyətini ixlaslı et. O əməli həqiqətən də Allahın razılığını qazanmaq üçün yerinə yetir. Necə ki, hədisdə varid olmuşdur: “Əməllər niyyətlərə görədir”. Buna görə də insan bir əməl işlədikdə o əməldəki niyyətini doğru saxlamağa həris olmalıdır. Daha əvvəl də qeyd etdiyimiz kimi, bu, həmin əmələ müvəffəqiyyətin gəlməsinə səbəb olacaq, müvəffəqiyyət sayəsində isə insan həmin əməldə davamlı olacaq, o əməldən umduğu faydaya çata biləcək və daha neçə xeyir qapıları ilə rastlaşacaqdır.
2. Sidq ürəklə Allaha təvəkkül etmək
Necə ki Şueybin (aleyhissələm) öz duasında belə dediyi nazil olmuşdur: “Mən ancaq Allahın sayəsində uğur qazanıram” (“Hud” surəsi, 88).
Həmçinin Uca Allah buyurur: “Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Qoy möminlər Allaha təvəkkül etsinlər!” (“Əli İmran”, 160)
Həqiqətən də işləri idarə edən, qəlbləri çevirən, hökmü keçən Aləmlərin Rəbbi olan Allahdır. İnsan işlərində Ona təvəkkül etdiyi zaman, tutunduğu səbəblərə deyil, Rəbbinə arxalandığı və nəticəni səbəblərdən deyil Rəbbindən gözlədiyi zaman – uğur qazanır.
Bil ki, doğru təvəkkül səbəblərdən tutunmaqla yanaşı Allaha etimad edib, gözəl nəticə üçün Ona güvənməkdir. Bu məsələdə edilən ən böyük xəta insanların tutunduqları səbəblərə qəlblərini bağlamaları və faydanı onlardan ummalarıdır. Belə ki, nə qədər güclü səbəbdən tutunsan da bil ki, o səbəbin faydalı olması yaxud da zərəri səndən sovuşdura bilməsi üçün Allahın buna izn verməsi lazımdır. Eyni durumda olub eyni səbəblərdən tutunan iki nəfəri düşün. Birinə o səbəb faydalı olduğu təqdirdə, digərinə heç bir faydası toxunmaya bilir. Bu onu göstərir ki, qəlb tayı-bərabəri olmayan Aləmlərin Rəbbinə bağlanmalı və səbəbləri sadəcə Allahın izni ilə faydalı ola biləcək səbəblər olaraq görməlidir.
3. Çoxlu dua etmək
Allah tərəfindən müvəffəqiyyətin gəlməsi üçün insan bunu Allahdan istəməlidir. Yorulmadan, usanmadan, bezmədən, ümidini üzmədən. Bir əmələ başladıqdan sonra davam edə bilmədiyini görürsənsə, kədərlənmə! Dayanma! Əksinə dua et. Çoxlu dua et. Müvəffəqiyyət qapıları sənin üzünə açılanadək dua etməkdən yorulma.
Kimə dua qapısı açılarsa, demək ki, ona müvəffəqiyyətin qapıları açılmışdır.
Uca Allah buyurur: “Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm” (“Bəqərə” surəsi, 186)
4. İnsanın öz nəfsini elm ilə islah etməsi
Həqiqətən də elm öz sahibi üçün bir nur və zülmətdə işıq saçan bir çıraqdır. Bu yolda insana müvəffəqiyyətsizlik üz veribsə, bu, onun elm mövzusunda səhlənkar olduğu üçün baş vermişdir. Çünki şəri elm dünya və axirətdə müvəffəqiyyətin ən böyük qapısıdır.
5. Haqq yolda olanlarla oturub-durmaq və şər əhlindən uzaq durmaq
Bu həyatda insanın hər hansı bir məsələdə uğur qazanıb-qazanmamasına ən çox təsir edən səbəblərdən biri dost seçimidir. Belə ki, pis dostlarla oturub-duran insan, üzünə məhrumiyyət qapılarını açmış sayılar. Onlara (pis dostlara) nə qədər yaxın olsa, xeyirlərdən bir o qədər məhrum olar. Xeyirə isə yaxşı dostlara yaxınlığı qədərində müvəffəq olar.
6. Axirəti xatırlamaq, onun həqiqi həyat olduğunu anlamaq. Dünyanın isə qısa, keçici və fani olduğunu dərk etmək
Həqiqətən də bu dünya heç kəsin qərar yeri deyildir. Əsl qərar yerimiz axirətdir. Buna görə də o diyar üçün çalışmalı, o diyar üçün azuqə toplamalıyıq.
7. Həm vacib, həm də nafilə ibadətləri yerinə yetirmək uğrunda nəfslə mübarizə aparmaq
Bu mövzuda varid olmuş qüdsi hədis üzərində düşün:
“Kim Mənim dostumla düşmənçilik edərsə, Mən onamü haribə elan edərəm. Qulumun Mənə yaxınlaşmaq üçün etdiyi işlərdən Mənim üçün ən sevimli olanı ona fərz (vacib) buyurduqlarımdır. Qulum nafilə ibadətlər etməklə Mənə o qədər yaxınlaşar ki, Mən onu sevərəm. Əgər onu sevsəm, onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Əgər Məndən istəsə, mütləq ona verərəm. Əgər Mənə sığınsa (sığınacaq istəsə), mütləq ona sığınacaq verərəm (onu qoruyaram)” (Buxari, 6502).
Buna görə də fərz ibadətlərini tamamladıqdan sonra nafilə ibadətlərə keçid et. Demə ki, “onsuzda vacib deyil”, “tərk edənə günah yoxdur” və s. Bil ki, fərzləri doğru-düzgün yerinə yetirdikdən sonra nafilə ibadətləri yerinə yetirməklə Allahın dostuna çevrilə bilərsən. Zənnimizcə Onun dostu olan kəslərin nail olduğu müvəffəqiyyəti təsvir etməyə ehtiyac yoxdur…
Allahın müvəffəqiyyətinə nail olmaq üçün bu səbəbləri Şeyx AbdurRazzəq əl-Bədr “Cəvəmiul əd`iyətin Nəbəviyyəh” kitabında zikr etmişdir
İxtisar və cüzi əlavələrlə tərcümə etdi: senxatirlat.com saytının rəsmi heyəti
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

