Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:
Sual: ƏsSələmu aleykum. Zəkat malları hansılardır, zəkat necə hesablanır və kimlərə verilir?
Cavab: Zəkat çıxarmaq üçün insanın ehtiyacından əlavə 85 qram qızıl məbləğində (miqdarında) və ya bundan artıq pulu varsa, o artıq zəkat əhlindən sayılır. Həmin şəxs özündə olan pulu tam hesablayıb bu pulun qırxda bir hissəsini kasıblara verməlidir. Bu məbləğ çoxaldıqca da yenə həmin malın qırxda bir hissəsi hesablanır.
Eyni zamanda iki şərt də olmalıdır:
1) Nisab; yəni, mal zəkat çıxarılacaq miqdarda olmalıdır ki, bunu yuxarıda ümumən qeyd etmişik, başqa növlərin miqdarını isə aşağıda qeyd edəcəyik.
2) əl-Hovl: Bu isə zəkat malının hesablanmasından sonra üzərindən bir il keçməsinin gərəkməsidir ki, bundan sonra zəkat çıxarıla bilər.
Amma, zəkata düşən mal-dövlət növləri isə:
1) Qızıl və gümüş.
2) Ticarət malları.
3) Mal-qara (Dəvə, inək və qoyun).
4) Əkilən bitkilər və meyvələr (yerdən çıxarılan şeylər).
1) Qızıl və gümüşdən qırxda birdən hesablanır və ya iki tam onda beş faiz. (100-dən 2,5 faizi)
2) Ticarət mallarından da qırxda birdən hesablanır. Yəni, iki tam onda beş faiz. (100-dən 2,5 faizi). Məsələn: 10.000 manatdan 250 manat zəkat çıxarılır.
3) Mal-qaradan isə inək, qoyun və dəvədən çıxarılır; məsələn; insanın qırx qoyunu varsa, bundan birini zəkat üçün ayırır. İnəyin zəkatı barədə isə bu hədisi qeyd edək:
Muaz ibn Cəbəl (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) məni Yəmənə göndərdi və mənə hər qırx inəyə görə ikiyaşlı, hər otuz inəyə görə isə biryaşlı dişi və ya erkək dana, zəkat götürməyi əmr etdi.» (Əbu Davud, Tirmizi)
Dəvənin zəkatı isə sayına görə dəyişir. Bu barədə Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) uzun bir hədisi var, orada sayın dəyişməsinə görə heyvanın ilinə və cinsinə görə zəkat çıxarılması gərəkən heyvanları bəyan etmişdir. Sadəcə, bizdə bu növdən zəkat demək olar ki, çıxarılmadığı üçün bunun təfsilatlı izahını qeyd etmədik.
4) Bitki və meyvələrə gəldikdə isə insanın özünün quyudan və ya kanaldan suvardıqlarından iyirmidə bir hissəsi zəkat malı sayılır. Amma, yağış suyu ilə təbii şəkildə əziyyət çəkilmədən suvarılan bitki və meyvələrin onda bir hissəsi zəkat malı hesab olunur.
Yuxarıda qeyd etdiyimiz üç növdən fərqli olaraq bitki və meyvələri yığdıqdan sonra zəkatını çıxarmaq olar və zəkat çıxarmaq üçün bir il gözləmək bu növdə şərt deyildir. Uca Allah Quranda buyurur: «Yığım günü zəkatını verin.» (əl-Ən`əm, 141)
Həmçinin, sual verilsə ki, bitkilərdən və meyvələrdən hansı miqdarda yığım olmalıdır ki, zəkat həddinə çatsın?
Cavab olaraq peyğəmbərin bu hədisini oxumaq kifayətdir. Müslimdə Əbu Səid əl-Xudridən gələn hədisdə deyilir ki, peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) buyurdu: «Beş vəsəq miqdarından az olan (meyvə, bitki) üçün sədəqə düşmür.» (Muslim, 979) Hədisdə keçən bir «vəsəq» ölçü vahidi «60 saa»-ya bərabərdir. Bir saa-nı ortalama iki tam onda beş (2,5 kq) ölçüsündən hesablasaq, onda bir «vəsəq» 150 kq edəcək ki, bununla da hədisdə keçən «beş vəsəq» 750 kq-a bərabər olacaqdır. Yəni, yığılan məhsuldan zəkat çıxarmaq üçün ortalama 750 kq-dan az olmalı deyil. Məsələn əgər 1000 kq məhsul yığılıbsa, əgər əkinçi sahəni özü suvarmışdırsa, onda iyirmidə bir hissəni zəkat çıxarmalıdır. Bu da təxminən 1000 kq-dan 50 kq edir.
Zəkat kimlərə verilməlidir?
Zəkat səkkiz qism insana verilə bilər ki, həmin şəxslər Qurani-Kərimdə bu ayədə qeyd olunmuşdur:
«Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri İslam dininə isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur. Allah Biləndir, Müdrikdir.» (ət-Tövbə, 60)
Mühüm qeyd: Bütün bu qeyd olunanlar hesablanmalı və üzərindən bir il keçdikdən sonra həmin zəkat çıxarılmalıdır. Sonra isə növbəti ildə zəkat çıxarmaq üçün yeni gəlirlər hesablanır.
Bir də onu qeyd edək ki, zəkat verməklə insanın malı azalmır, əksinə, insan kasıblara yardım etdikcə Allah bu mala bərəkət verir. Zəkat malın bərəkətini artırır əziz müsəlmanlar.
Suala cavab verdi: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!