Günahlardan qurtulmaq üçün 10 səbəb

Günahlar bütün şərlərin ən başlıca səbəbidir. Odur ki, hər bir mömin Allahdan yardım dilədikdən sonra günahlardan uzaqlaşmaq üçün səbəblər axtarmalıdır.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Günahlar bütün şərlərin ən başlıca səbəbidir. Odur ki, hər bir mömin Allahdan yardım dilədikdən sonra günahlardan uzaqlaşmaq üçün səbəblər axtarmalıdır. Bir çox alimlər günahlardan qorunmaq üçün səbəbləri özündə əhatə edən risalələr qələmə almışlar. Bu alimlərdən biri də İbnul Qayyimdir (rahiməhullah). Belə ki o, öz “Uddətus Sabirin və Zəxiratuş Şəkirin” kitabında insanı günahlardan qoruyan 20 səbəb zikr edir. Allahdan müvəffəqiyyət diləyərək bu səbəbləri sizə təqdim edirik.

  1. Qəlbdə Allahı əzəmətləşdirmək.

İnsanın öz qəlbində Allahı əzəmətləşdirməsi – bu, günah edərkən Allahın onu gördüyünü və eşitdiyini bilməsi ilə olur. Allahı əzəmətləşdirmək – Onun hədlərini, yəni əmr və qadağalarını əzəmətləşdirmək və Onun qoyduğu hüdudları aşmamağa çalışmaqla olur. Bunun üçün isə insan Rəbbini haqqıyla tanımağa çalışmalıdır. Allahı tanıtdıran ən əzəmətli yol isə Tövhidi öyrənməkdir. İnsan tövhidi öyrənməklə Rəbbini tanıyır və artıq Onu, Onun əmrlərini, qoyduğu hüdudları əzəmətləşdirməyə başlayır.

Uca Allah buyurur: “Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların (Ona) qoşduqları şəriklərdən ucadır.” (əz-Zumər, 67)

Digər ayədə isə: “Necə olub ki, siz Allahın böyüklüyünü layiqincə uca tutmursunuz? Axı O sizi mərhələlərlə yaratdı.” (Nuh, 13-14)

İbn Abbas (radıyəllahu ənhu) bu ayənin təfsirində belə buyurur: “Sizə nə olub ki, Onu layiqincə əzəmətləşdirmirsiniz?!”

Qurtubi (rahiməhullah) isə “mərhələlərlə” kəliməsini “yəni yaradılışı tamamlananadək mərhələ-mərhələ yaratdı” kimi təfsir edir və buyurur: “Bunu edən və buna qadir olan əzəmətləşdirilməyə haqqı ən çox çatandır!”

Bişr bin əl-Həris isə belə deyir: “Əgər insanlar Allahın əzəməti barəsində düşünsəydilər, Ona əsla asi olmazdılar!” (İbn Kəsirin təfsiri, 2-184)

  1. Allahı sevmək.

Allahın haram buyurduqlarını Onu sevərək tərk etmək. Belə ki, sevən sevdiyinə mütidir. Ən gözəl tərk də sevənlərin tərkidir və ən gözəl itaət də sevənlərin itaətidir. Sevərək qadağaları tərk edib əmrlərə itaət edənlə əzabından qorxaraq qadağanı tərk edib, əmrlərə itaət edən arasında böyük fərq vardır.

Uca Allah buyurur: “İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür…” (əl-Bəqara, 165) Qul öz qəlbini Allahı sevməklə məşğul edərsə, artıq bu sevgi onu günaha düşməkdən qoruyar. Çünki sadiq sevgi sevdiyinin əmrlərinə itaət etməyi və qadağalarından çəkinməyi gərəkdirir. Necə ki, Uca Allah buyurur: “De: ‘Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir’.” (Əli İmran, 31)

Ona görə belə deyilir:

Allaha asilik edib sevgi izhar edirsən,

Belə bir müqayisə mümkün deyildir qəti!

Sevgində sadiq olsaydın itaət eyləyərdin,

Sevən kimsə sevdiyinə gərəkdir olsun müti.

(Bu beyti bəziləri İmam Şafiyə, bəziləri isə İbnul Mubərakə nisbət edirlər)

  1. Allahın nemətlərini xatırlamaq.

Ağıl sahibi heç bir zaman ona yaxşılıq edən kəslərə pis davranış nümayiş etdirməz. Əksinə yaxşılığa pisliklə cavab vermək – insanlar arasında pis əxlaqa sahib olanların xüsusiyyətidir. Buna görə də mömin Allahın ona olan nemətlərini xatırladıqda Ona asi olmaqdan utanır və bu onun Rəbbinə asi olmasına əngəl törədir. Həya edir ki, Rəbbi tərəfindən ona nemətlər nazil olduğu vaxt ondan Rəbbinə tərəf günahlar yüksəlsin. Bir mələk nemətlə enir, digəri isə günahlarla Rəbbinə doğru yüksəlir.

Uca Allah buyurur: “Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz…” (ən-Nəhl, 18)

İnsan bu nemətlərin qarşılığını asiliklərlə verməkdən çəkinməlidir.

Abdul Ğaniyy əl-Məqdisi (rahiməhullah) öz “ət-Təvvabin” kitabında İbrahim bin Ədhəmdən bir qissə zikr edir. Bir gün bir kişi onun yanına gələrək deyir:

–     Ey Əbu İshaq! Mən nəfsimə zülm edən (günahlar edən) birisiyəm. Mənə elə bir şey de ki, o məni bu günahlardan uzaqlaşdırsın və qəlbimi təmizləsin.

–     Əgər 5 şeyi qəbul etsən və onlara qadir olsan, günahın sənə zərəri olmaz və ləzzət səni alçaltmaz.

–     Buyur ey Əbu İshaq!

–     Birincisinə gəldikdə – Əgər Allaha asi olmaq istəyirsənsə, o zaman Onun ruzisindən yemə!

–     Bəs hardan yeyim?! Axı yer üzündə olan hər şey Onun ruzisidir!

–     Ey filankəs! Bəs yaraşarmı ki, Onun ruzisindən yeyəsən və Ona asi olasan?

–     Xeyr… ikincisini gətir (de).

–     Əgər Ona asi olmaq istəyirsənsə, o zaman Onun döşədiyi yer üzündə yaşama!

–     Bu birincisindən daha çətindir! Əgər məşriq və məğrib və onların arasında olanlar hamısı Ona məxsusdursa, elə isə harada yaşayım?!

–     Ey filankəs! Bəs yaraşarmı ki, Onun ruzisindən yeyəsən, Onun döşədiyi yer üzərində yaşayasan və bununla bərabər Ona asi olasan?

–     Xeyr… üçüncüsünü gətir (de).

–     Əgər Onun ruzisi ilə dolandığın və Onun döşədiyi yer üzərində yaşadığın halda Ona asi olmaq istəyirsənsə, o zaman elə bir yerdə asi ol ki, O səni görməsin. Əgər belə bir yer tapsan, o zaman Ona asi ol!

–     Bütün gizliləri gördüyü halda bunu necə edə bilərəm?!

–     Ey filankəs! Bəs yaraşırmı ki, Onun ruzisindən yeyəsən, Onun döşədiyi yer üzərində yaşayasan və Onun səni də, sənin etdiyini də gördüyü halda Ona asi olasan?

–     Xeyr… dördüncüsünü gətir (de).

–     Ölüm mələyi canını almaq üçün gəldikdə ona de ki, – Sadiq tövbə edib Allah üçün saleh əməl edənədək mənə möhlət ver!

–     Bu məndən qəbul olunmayacaq!

–     Ey filankəs! Sən tövbə edəsən deyə özündən ölümü uzaqlaşdıra bilmirsən və bilirsən ki, ölüm gəldikdə onu gecikdirmək mümkün olmayacaq, elə isə hansı qurtuluşa ümid edirsən?

–     Beşincisini gətir (de).

–     Qiyamət günü Cəhənnəm gözətçiləri gəlib səni oda aparmaq istədikdə onlarla getmə!

–     Onlar məni buraxmayacaqlar, nə də məndən (bu üzürxahlıq) qəbul olunmayacaq.

–     O zaman hansı nicata (qurtuluşa) ümid edirsən?

–     Ey İbrahim! Yetər, yetər… mən Allahdan bağışlanma diləyir və Ona tövbə edirəm.

(“ət-Təvvabin” kitabı, səh. 285)

  1. Uca Allahın qəzəbini və cəza verməsini bilmək.

Belə ki, Uca Allah bir qulun davamlı şəkildə asiliklər etməsini gördükdə qəzəblənir və O qəzəblənərsə, o zəif və aciz qulu Onun qəzəbi və əzabından heç kim qoruya bilməz!

Uca Allah buyurur: “Onlar Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını (dənizdə) batırdıq.” (əz-Zuxruf, 55) İnsanın nəfsi onu günaha təhrik etdiyi zaman insan xatırlamalıdır ki, Allahın qəzəbi və intiqamı önündə durmaq üçün o çox zəif və gücsüzdür.

Başqa ayədə isə: “…Qəzəbimə gəlmiş kimsə isə bədbəxt olar.” (Ta-Hə, 81) Məhz buna görə də insan Allahın qəzəbinə səbəb olacaq əməllər etməkdən çəkinməlidir.

  1. Günah səbəbi ilə itirəcəyi şeyləri xatırlamaq.

İnsan günah etməklə dünya və axirət xeyirlərini əldən verir. Dünyada həm şəri cəhətdən, həm adət-ənənəyə görə, həm də əqlən ən pis adlara sahib olur və həm şəri cəhətdən, həm adət-ənənəyə görə, həm də əqlən bütün tərifəlayiq adlardan məhrum olur. Lakin, bunların arasında itirdiyi ən dəyərli şey – onun imanı olur. Belə ki, iman itaət etməklə artdığı kimi, günah etməklə də azalır. İmanın bir zərrəsi dünya və içindəkilərdən qat-qat daha dəyərlidir! Elə isə insan bir anlıq şəhvət və ləzzət üçün bu cür dəyərli imanını necə əldən verə bilir? O şəhvət ki, ləzzəti gedir, yerinə acı gəlir. O ləzzət ki, ardıyca od gətirir.

Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur: “Elə bir zina edən kəs yoxdur ki, zina etdiyi zaman mömin olsun. Elə bir içki içən yoxdur ki, içki içdiyi zaman mömin olsun. Elə bir oğurluq edən kəs yoxdur ki, oğurluq etdiyi zaman mömin olsun.” (Buxari, 2475. Muslim, 57)

Bəzi səhabələr demişlər: “Ondan (zina edəndən, günah edəndən) iman libası çıxarılır və başının üzərində bir kölgə kimi qalır, əgər tövbə edərsə ona qayıdır.”

Bəzi tabiinlər isə belə deyiblər: “İman ondan paltarın çıxarıldığı kimi çıxarılır.”

Günah edən kəsin itirdiyi şeylərdən biri də onun həsənətləri, savablarıdır. Səubəndən (radıyəllahu ənhu) rəvayət olunan hədisdə Peyğəmbər (salləllahu aleyhi va səlləm) belə buyurur: “Mənə bildirildi ki, Qiyamət günü elə qövmlər olacaq ki, onlar Ağ Tihamə dağları qədər savabla gələcəklər, lakin Allah onları yerlə bir edəcəkdir!” Səubən dedi: “Ey Allahın Rəsulu! Onları bizə vəsf et ki, bilmədən onlardan olmayaq.” Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurdu: “Onlara gəldikdə, onlar sizin qardaşlarınızdır. Dəriləri sizin dərinizdəndir. Onlar da sizin kimi gecədən bir pay götürürlər (gecələr Allaha ibadət edirlər). Lakin onlar elə qövmdürlər ki, Allahın haramları ilə tək qaldıqda, onları aşırlar (o haramaları edirlər).” (İbn Məcə, “əs-Sunən” 4245. Şeyx Albani hədisi səhih adlandırıb. Bax: “Sahihul Cəmi”, 5027)

Qatədə (rahiməhullah) buyurur: “Sizdən kim etdiyi saleh əməlləri pis əməllərlə batil etməməyi bacarırsa, qoy bunu etsin! Çünki həqiqətən də xeyir şəri silib aparır. Şər isə xeyiri silib aparır.” (Tabərani, “Cəmiul Bəyən”, 21-226. Müxtəsər olaraq nəql olundu)

  1. İnsanın öz şəhvətini qəhr etməsi və şeytan üzərində qələbə çalması.

Həqiqətən də insan nəfsinin istəyinə uymayaraq onu qəhr etdikdə və şeytan üzərində zəfərə nail olduqda qəlbində elə bir şirinlik dadır ki, dünyada heç bir şey ona bərabər olmur. Belə ki, insanın dünyadakı hansısa həzzdən dolayı daddığı ləzzət, ibadətdən daddığı ləzzətin zərrəsinə belə bərabər ola bilməz.

Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur: “Mömin öz şeytanını, sizdən biriniz səfərdəykən öz dəvəsini yorduğu kimi yorur (zəiflədir).” (Əhməd, “Musnəd” əsərində, 8940. Şeyx Albani hədisi səhihləşdirib. Bax. “əs-Silsilətus Sahihəh”, 3586)

Bu da nəfsi istəklərə boyun əyməməklə, şəhvətləri tərk etməklə, itaətləri yerinə yetirməklə və şeytanın əmrlərinə müxalif olmaqla olur. Kim bunu edərsə, böyük bir uğur qazanar.

  1. Allahın haramları tərk etmək qarşılığında vəd etdiyi nemətləri xatırlamaq.

İnsan Allahın haramları tərk etmək qarşılığında qullarına vəd etdiyi nemətləri və tərk etməli olduğu haramı (haramları) bir tərəziyə qoysun, hansı daha üstün olarsa, hansını öz nəfsinə rəva bilərsə, onu seçsin!

Ey Allahın qulu! Əgər sən hansısa bir haramı Allahdan qorxaraq, Onun rızasını umaraq, imanını qoruyaraq tərk etsən, Allah onun əvəzində dünyada sənə qəlbində dadacağın ləzzət, nəfsində xoşbəxtlik və həyatında bərəkət bəxş edər. Necə ki, Uca Allah buyurur: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.” (ən-Nəhl, 97)

Axirətdə isə Uca Allah bunun əvəzində səni Cənnətə daxil olmaqla və oradakı nemətlərdən həzz almaqla mükafatlandıracaqdır. “Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə, həqiqətən Cənnət onun məskəni olacaq.” (ən-Nəzi`ət, 40-41)

Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur: “Həqiqətən də Allahdan qorxaraq tərk etdiyin elə bir şey yoxdur ki, (onun əvəzində) Allah sənə daha xeyirlisini nəsib etməsin.” (Əhməd, “Musnəd” əsərində, 20739, sənədi səhihdir)

Həmçinin kim bu dünyada şərab içməyi Allahdan qorxaraq tərk edərsə, Allah onun əvəzində onu Cənnətdə şərab axan çayla mükafatlandırar. Elm əhli buyurur ki, kim bunun əksinə dünyada haramları aşarsa, o haramları edərsə, Axirətdə Allah onu o nemətlərdən məhrum edər. Necə ki, Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur: “Kim dünyada şərab içər, sonra tövbə etməzsə, Axirətdə ondan məhrum olar.” (Buxari, 5575. Muslim, 2003

  1. Uca Allahın səninlə bərabər olduğunu hiss etmək.

Allahın bərabərliyi iki qisimdir:

  • Ümumi – bu bərabərlik hər kəsə aiddir. Uca Allah bütün qullarının halından xəbərdardır. Kafir ya müsəlman olmasından asılı olmayaraq onları ac saxlamır, yedirir-içirir və s.
  • Xüsusi – bu yalnız möminlərə xasdır. Qəsd etdiyimiz də məhz bu yaxınlıqdır. Necə ki, Uca Allah buyurur:

“… Həqiqətən, Allah səbr edənlərlədir!” (əl-Bəqara, 153)

“Həqiqətən də, Allah (Ondan) qorxanlar və yaxşı işlər görənlərlədir”. (ən-Nəhl, 128)

“… Şübhəsiz ki, Allah xeyirxah əməl sahiblərilədir”. (əl-Ənkəbut, 69)

Bu xüsusi yaxınlıq onun üçün dünya və axirətdə, ömrünün əvvəlindən sonunadək şəhvətini ödəməyindən daha xeyirli və faydalıdır. Elə isə bir anlıq ləzzət üçün şəhvətinə boyun əyib Allaha asi olmaqla Allahın səninlə bərabərliyindən özünü məhrum etməyə dəyərmi? Belə ki, o ləzzət yatan birisinin yuxusu və ya kölgələnən birisinin kölgəsi kimi keçicidir.

Allah üçün haramları tərk edən birisinin Allahın bərabərliyinə, Onun yardımına nail olması haqqında ən bariz nümunə mağaradakı 3 nəfərin qissəsidir. Onlardan biri Uca Allaha Ondan qorxaraq haramı tərk etməsi ilə təvəssül etdi və Allah da onun duasını qəbul etdi.

  1. Ölümün qəfil gəlməsindən ehtiyat etmək.

İnsan qorxmalıdır ki, birdən ölüm onu o həmin günahdan tövbə etmədən yaxalasın və ya daha da betər, ölüm o həmin günahı edərkən ona üz versin. Ölüm gəlsin və həm dünya həm də Axirət ləzzətləri ilə onun arasına girsin və o hər ikisindən məhrum olsun. Belə bir kəsin peşmançılığı necə də ağırdır, necə də acıdır..

Necə ki, Uca Allah buyurur: “…Hər vaxtın bir yazısı var”. (Rad, 38)

Digər ayədə isə “Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər” buyurulur. (Rad, 34)

İnsan ölümün ona nə zaman gələcəyini əsla bilə bilməz. Bəzən o gəncliyin ən gözəl çağında ikən önündə uzun bir ömürün olduğunu düşünər, ölüm isə qapının astanasında onu gözləmiş olar və qəfil, heç gözləmədiyi an onu yaxalaya bilər. Necə ki, səhabələrdən İbn Ömər (radıyəllahu ənhumə) buyurur: “Axşamladığın zaman səhərə çıxacağını, səhərə çıxdıqda isə axşamlayacağını gözləmə!” (Buxari, 6416)

Peyğəmbər (salləllahu aleyhi va səlləm) də həmçinin öz səhabələrinə daima ölümü xatırlamağı, onu unutmamağı tövsiyyə etmiş və demişdir: “Ləzzətləri parça-parça edən ölümü xatırlamağı çoxaldın”. (Tirmizi, Nəsəi, İbn Məcə rəvayət etmişlər. Şeyx Albani isə əl-İrva əsərində (682) hədisi səhih adlandırmışdır)

  1. Allahdan daima günahlardan afiyət diləmək.

Bəlaya gəldikdə isə – o yalnız günahlar və onun nəticələridir. Bəla əhli – günah edən kəslərdir, hətta bədənləri salamat (sağlam) olsa da. Günahlar insana üz verən ən təhlükəli bəla və xəstəliklərdəndir.

Afiyət əhli isə – itaət edən kəslərdir, hətta bədənləri xəstə olsa belə. Günahlardan uzaq olmaq isə afiyətin ən qiymətlisidir. Bəzi elm əhlindən rəvayət olunan əsərlərdə onlar belə demişlər: “Bəla əhlini gördükdə, Allahdan afiyət istəyin”.

Belə ki, bəla əhli dedikdə bədənlərində və dinlərində bəlaya uğramış kəslər nəzərdə tutulsa da, əslində bəlanın ən əzəmətlisi Allaha asi olmaq, Ondan qafil olmaq və Ondan üz döndərməklə mübtəla olmaqdır.

Afiyət də, bəla da insanlar arasında qədərlə bölünmüşdür. Ona görə də Allaha olunan dualar içərisində ən əzəmətlilərindən biri də Ondan həm dinimizdə, həm də dünyamızda afiyət istəməkdir. Peyğəmbər (salləllahu aleyhi va səlləm) demişdir: “Qul “Allahummə inni əs`əlukəl mu`əəfətə fid dunyə val əxirah (tərcüməsi: Allahım, səndən dünya və axirətdə afiyət istəyirəm) duasından daha fəzilətli dua ilə (Allaha) dua etməmişdir”. (İbn Məcə Sunən əsərində (3851). Şeyx Albani hədisi “əs-Silsilətus Sahihəh” əsərində səhihləşdirmişdir (1138))

Həmçinin digər hədisdə Peyğəmbər (salləllahu aleyhi va səlləm) demişdir:  “Allahdan əfv (bağışlanma) və afiyət istəyin. Həqiqətən bir insana yəqinlikdən sonra afiyətdən daha xeyirli (nemət) verilməmişdir”. (Tirimizi, Cəmi əsərində (3558). Şeyx Albani isə əl-İrva əsərində (917) hədisi səhih adlandırmışdır)

Eləcə də Peyğəmbər (salləllahu aleyhi va səlləm) öz səhabələrinə və əhli-beytinə bu duanı çoxaltmağı tövsiyyə etmişdir. Necə ki, o öz əmisi Abbasa belə demişdir: “Ey əmi! Allahdan afiyət istəməyi çoxalt!” (Tabərani Mu`cəmul Kəbir əsərində (11908) rəvayət etmişdir. Şeyx Albani isə hədisi “əs-Silsilətus Sahihəh” əsərində səhihləşdirmişdir (1023)).

Ardı var inşəAllah…

Bu məqalənin istifadəsində Şeyx Abdur-Razzəq əl-Bədr`in “Bəvaisul Xaləs minəz Zunub” adlı kitabından istifadə olunmuşdur

Hazırladı: senxatirlat.com saytının rəsmi heyəti

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar