Günah etdikdən sonra Allahdan ümid üzmək

İblis Adəmi Cənnətdən qovulması üçün günaha düşürdükdə bilmirdi ki, bəzən dənizin dibinə batan bir kəs nəinki sonradan qurtula, hətta suyun üzünə dənizin dərinliklərindən bir mərcan taparaq da çıxa bilər..

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Şeytanın ən məşhur hiylələrindən biri, qulun günahdan sonra Rəbbinə qarşı olan ümidini üzməsidir. Neçə insanlar vardır ki, günah etdikdən sonra Allaha tövbə etməyə “üzləri olmur”. Amma Rəbbini tanıyan kəs əsla belə zəndə olmaz. Əksinə bilər ki, Onun Rəbbi rəhmli və bağışlayandır. Ona tövbə edən kəsi əfv edəndir. Lakin, insan ümidini üzdükcə özünü daha da həlaka yaxınlaşdırır. “İslanmışın sudan nə qorxusu” düşüncəsi ilə günahın ardıyca günah etməyə başlayır, “onsuz da günahkaram, bundan çıxış yolu yoxdur”- deyə düşünür. Çünki, artıq geri dönüşün olmadığını düşünür, nə etsə də Rəbbi onu əfv etməyəcək deyə zənn edir… Uca Allah isə buyurur: «…Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki, Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər.» (Yusuf, 87) Yəni, mömin bir qula, Allaha təslim olmuş birisinə Onun rəhmətindən ümid üzmək yaraşmaz.

Şeyxul İslam ibn Teymiyyə (rahiməhullah) buyurur: «Mömin müsibət zamanı səbr edib təslim olmaqla, günah etdiyi zaman isə bağışlanma diləyib tövbə etməklə əmr olunmuşdur.» (əl-Furqan, 1/135)

Belə ki, elə bir günah yoxdur ki, onu əfv etmək Uca Allaha ağır gəlsin. Əgər Allah şirkdən tövbə edən səhabələri əfv edib, onları o cür məqamlara ucaltdısa, görün ondan savayı günahları necə?! Quranda ən ümidverici ayəyə diqqət et: «(Qullarıma mənim bu sözümü) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!» (əz-Zumər, 53)

Əbu Səid əl-Ənsari (radıyəllahu ənhu) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Peşmançılıq tövbədir. Günahdan tövbə edən isə günah etməyən kimidir.” (Şeyx əl-Albani “Sahih əl-Cəmi’ əs-Sağir” də (№ 6803) hədisin həsən olduğunu qeyd etmişdir).

İbn Teymiyyə (rahiməhullah) buyurur: «Günahdan tövbə edən kəs sanki, heç o günahı etməmiş kimidir. Tövbə edəni qınamaq (alçaltmaq) isə insanların ittifaqı ilə caiz deyildir.» (“əl-Fətəva” 8/178)

Kaş insan Rəbbinə dönməklə və tövbə etməklə onu nələrin gözlədiyini bilərdi! Uca Allah tövbə etidiyi qulunu həm əfv edir, həm ondan razı qalır, həm düşmüş dərəcəsini yenidən əvvəlki məqamına hətta bəzən də daha ucalara qaldırır həm də pis əməllərini yaxşı əməllərlə əvəz edir, necə ki Uca Allah buyurur: «Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!» (Furqan, 70)

Şeyx Abdur-Razzəq əl-Bədr (həfizahullah) buyurur: «Tövbə – insanı düşdükdən sonra qaldırır. İnsan etdiyi günahlarla alçalarsa, tövbə etmək onu yenidən qaldırar və əvvəlki halına (hətta bəzən də daha üstün hala -tərc) qaytarar. Buna görə də tövbəni ertələmək, gecikdirmək olmaz. Təsəvvür edin, elə bir insan ola bilər ki, 60 il Allaha asi olsun, sonra bir gün tövbə edib qayıtmaq istəsin, lakin öz-özünə -1 həftəyə tövbə edərəm- desin və elə olsun ki, 1 həftədən tez ölsün. Necə də böyükdür belə bir insanın həsrəti… Lakin o tövbə edib ölsəydi, 60 il etdiyi günahları silinərək Allaha qovuşardı. Buna görə də tövbəni gecikdirmək – müsibətdir.»  (Peyğəmbər məscidi, İbnul Qayyimin “əl-Vabilus Sayyib” kitabının şərhi, tarix: 28.05.17)

Şeyx Suleyman ər-Ruheyli (həfizahullah) buyurur: «Mömin günaha düşməkdən qorxar. Çünki, onunla Allaha asi olmuş olar. O baxmır günahın kiçikliyinə ya böyüklüyünə, beləki o, asi olduğu Böyük, Güc və Qüvvət sahibi, eləcə də hər şeyə Qadir olan Allaha baxır… Amma, haçansa günah etsə belə, bununla Allahın Rəhmətindən ümidini üzmür. Əksinə (tövbə edərək), Allahın Rəhmətinə, Məğfirətinə və Əfvinə ümid edir.» (Peyğəmbər məscidi, “Sahih ət-Tərğib vat-Tərhib” kitabının şərhi. Tarix: 20.12.16)

Neçə günahlar vardır ki, qul onlardan sadiq tövbə edərək Rəbbinə qayıtdıqda, tövbənin Allah tərəfindən qəbul olunması səbəbi ilə onun bütün həyatı yaxşıya doğru dəyişir, əvvəl etmədiyi saleh əməlləri etməyə başlayır, qəlbindən dünyanın çıxması səbəbi ilə oraya Rəbbinin tövhidi daxil olur, Allaha ən yaxın övliyalara çevrilir.. İbnul Qayyim (rahiməhullah) buyurur:

Əgər Allah bir quluna xeyir istəyərsə, ona tövbə, peşmançılıq, (Onun qarşısında) sınmaq, zəlillik, möhtaclıq, Ondan sıxıntının qalxmasını istəmək, Ona sadiq şəkildə dönmək, davamiyyətli yalvarış, dua etmək və bacardığı həsənətlərlə ona yaxınlaşmaq qapılarından bir qapı açar ki, bununla da etdiyi günah, onun Allahın rəhmətini qazanmasına səbəb olar.

Hətta, Allahın düşməni (İblis) belə deyər: «Kaş mən onu tərk edərdim və onu o günaha salmazdım.» (əl-Vabil əs-Sayyib, səh. 8)

İnsan etdiyi günah səbəbi ilə üzülsə də, o üzüntünün onu bürüməsinə və onu daha da geri atmasına izn verməməlidir. Bilməlidir ki, bu iblisin bir oyunudur. Əgər sənə belə fikir gələrsə, sən Adəmi (aleyhissələm) xatırla. İblis onu Cənnətdən qovulması üçün günaha düşürdükdə bilmirdi ki, bəzən dənizin dibinə batan bir kəs nəinki sonradan qurtula, hətta suyun üzünə dənizin dərinliklərindən bir mərcan taparaq da çıxa bilər..

Necə ki, İbnul Qayyim (rahiməhullah) buyurur:

“….Və bu da bəzi sələflərin dediyinin mənasıdır, (onlardan bəzisi belə buyurub):

– Həqiqətən, qul bir günah işləyər və bununla da Cənnətə daxil olar. Eləcə də bir yaxşı əməl işləyər və bununla da Oda daxil olar.”

Dedilər:

– Necə?”

Dedi:

– Bir günah işləyər və o günah onun gözləri önündən getməz, qorxar, üzülər, ehtiyat edər, ağlayar, peşman olar. Öz Rəbbindən utanar. Onun qarşısında boynu bükük və qəlbi sınmış halda durar. Beləliklə də bu günah qulun səadətinin və xoşbəxtliyinin səbəbi olar. Hətta, bu günah özündə bir qulun səadəti və xoşbəxtliyinə səbəb olacaq şeyləri cəm etdiyinə görə, onun üçün bir çox itaətdən daha faydalı olar. Hətta, o dərəcədə ki, o günah həmin qulun Cənnətə girməsinə səbəb olar…» (əl-Vabilus Sayyib, səh. 9-10)

Yuxarıda zikr olunan qısa, lakin, çox əhatəli xatırlatmalardan sonra bir qulun günahdan sonra Rəbbinə dönməməsi, onun nələri itirdiyini bizlərə açıqlayır. Hansı qul özünü bu cür mükafatlardan məhrum etmək istəyər? Bilmək lazımdır ki, elə bir insan yoxdur ki, günah etməsin. Lakin, möminin üzərinə düşən günah etdikdən sonra Rəbbinə dönsün, çünki, Ona dönən heç bir kəs əliboş qayıtmamış və bədbəxt olmamışdır.

Hazırladı: senxatirlat.com saytının rəsmi heyəti

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar