Falçılar

«Hər kim falçı yanına gedər və onun dediyini təsdiqləyərsə, o artıq Muhəmmədə nazil olana qarşı küfr etmişdir.» (Əbu Davud, Kitəbut-Tibb, 3904)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Fala baxmağın, baxdırmağın hökmü və haramlığına dəlillər:

Fala baxmaq və baxdırmaq böyük, həlakedici günahlardan olmaqla yanaşı həm də küfrdür. Allah Elçisi (Allahın ona salavatı və salamı olsun) hədislərin birində buyurmuşdur: «”Yeddi həlakedici günahdan çəkinin.” (Səhabələr) dedilər: Ey Allahın elçisi! O nədir elə?! Dedi: “Allaha şərik qoşmaq, sehr (falçılıq etmək və ya falçı yanına getmək)…» sonra isə digərlərini qeyd etdi. (Səhih əl-Buxari, 2766; Sahihi Muslim, 89)

Bu hədis sehrin, cadunun, fala baxmağın və fala baxdırmağın necə böyük günah olmasını göstərir, hansı ki, Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) bu günahı ən böyük günahla yanaşı qeyd etmişdir. Həmçinin, hədisdə bu əməl həlakedici böyük günahlardan hesab edilmişdir.

Uca Allah Qurani-Kərimdə buyurmuşdur:

«Onlar Suleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Mələklər: “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!”– deməmiş onu heç kəsə öyrətmirdilər. Yəhudilər ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş bunu biləydilər!» (əl-Bəqərə, 102)

Həmçinin, Uca Allah buyurmuşdur: «Sehrbaz isə, hara gedirsə-getsin, uğur qazanmaz”.» (Ta Hə, 69)

əl-Bəqara surəsi 102-ci ayədə sehri öyrənən şəxslərin kafir olduqları bildirilir, Harut və Marut adlı iki mələk isə: «“Biz ancaq bir sınağıq, sən gəl kafir olma!” – deməmiş onu heç kəsə öyrətmirdilər.»

Əbu Hureyrədən (radıyəllahu ənhu) rəvayət olunan bir hədisdə Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur:

«Hər kim falçı yanına gedər və onun dediyini təsdiqləyərsə, o artıq Muhəmmədə nazil olana qarşı küfr etmişdir.» (Əbu Davud, Kitəbut-Tibb, 3904)

Falçı yanına gedən müsəlmanın qırx gün namazı qəbul olunmaz. Bu barədə olan bir hədis Peyğəmbərin bəzi zövcələrindən rəvayət olunur ki, Allah Elçisi (salləllahu aleyhi va səlləm) buyurmuşdur:

«Hər kim falçı yanına gedər, ondan bir şey soruşub onun dediyini təsdiqləyərsə, qırx gün onun qıldığı namaz qəbul olunmaz.» (Sahihi Muslim, Kitəbus-Sələm, falçılığın və falçı yanına getməyin haramlığı babı, 2230)

Bununla yanaşı alimlər deyirlər ki, namaz qılan birinin falçı yanına getdiyi üçün namazının qəbul olmaması o demək deyil ki, o qırx gün namaz qılmır, əksinə, o şəxs həmin qırx gündə namazlarına davam etməlidir. Sadəcə həmin müddət ərzində onun qıldığı namazların savabından məhrum olması onun üçün bir cəzadır. Bir sözlə həmin şəxsdən namazın vacibliyi deyil, savabı gedir. Vaciblik isə qalır. Yəni namazlarına əvvəlki kimi davam edir.

Qeybdən xəbər vermək İslamda ən böyük günahlardandır və küfrdür, hansı ki, falçıların işi də bununla əlaqədardır.

Şeyx Abdur-Rahmən əs-Sə`di (rahiməhullah) demişdir:

«Sehr iki cəhətdən şirkə daxil olur:

Şeytanları istifadə etmək və (qəlbin) onlara bağlanması baxımından.

Həmçinin, ola bilsin ki, cadugər onlara öz istəyini və hacətini yerinə yetirmələri üçün yaxınlaşsın və yaxud da qeyb elmini (bildiklərini) iddia etmək və Allahın elminə şərik olduqlarını iddia etmək və ya buna aparan yollar nahiyəsindən yaxınlaşsın. Hansı ki, bu şeylər şirkin və küfrün şöbələrindəndir.»

(əl-Qovl-əs-Sədid, əs-Sədi, səh 74)

Həmçinin o demişdir: «Kahinlik və bunun kimi şeylər barədə bab» Yəni, müxtəlif üsullarla qeyb elmini bildiyini iddia edən hər kəs barədə bab. Bu ona görədir ki, qeyb elmi tək Allaha aid bir elmdir. Hər kim kahinlik (falçılıq) və ya bunun kimi yollarla (bu qeyb elmində) Allaha şərik olduğunu (yəni, Allahdan başqa qeybi bilənin olduğunu) iddia edər və ya bu iddianı edəni təsdiqləyərsə, o artıq Allaha aid olan bir şeyi başqasına aid edərək Allaha şərik qoşmuş, Allaha və Elçisinə qarşı isə yalan danışmış olar.»

(Cə’miul-Fərid fi şərhi Kitəbit-Tövhid, 2/11)

İmam Zəhəbi (rahiməhullah) özünün «Böyük günahlar» kitabında sehrbaz, cadugər, falçılardan danışıb deyir: «Üçüncü böyük günah: Falçılıq… Çünki, bu əməli edən mütləq kafir olur. Uca Allah buyurmuşdur: «Lakin, şeytanlar insanlara sehri öyrədərək kafir oldular.» (əl-Bəqərə, 102)

Sonra isə imam Zəhəbi bu barədə ayələri qeyd etdikdən sonra deyir:

«Sən bir çox azmış insanları görərsən ki, sehrin yalnız haram olduğunu düşünürlər, lakin, onun küfr olduğunu hiss etməzlər.»

(əz-Zəhəbi, «əl-Kəbəir» səh 102; Furqan, 2008; ərəbcəsi)

Falçının, cadugərin gördüyü işin mahiyyəti:

İbnul-Əsir (rahiməhullah) demişdir:

«Falçılar varlıqların gələcəyi haqqında xəbərlər alıb-verdiklərini və sirləri bildiklərini iddia edirlər.» (ən-Nihəyətu fi Ğaribil-Hədisi val-Əsər, 4/214)

əl-Qurtubi (rahiməhullah) demişdir:

«Kahinlik (falçılıq): qeyb elmini bildiyini iddia edən hər kəsə aiddir.» (Təfsirul-Qurtubi, 3/7)

Artıq yuxarıda qeyd etdik ki, qeybdən xəbər vermək küfrdür, o küfr ki, bu falçıların məşğuliyyətidir. Eləcə də falçı və cadugərlərə öz istəklərinə nail olmaq üçün ən mundar işləri görmək və quran ayələrini müxtəlif ûsullarla təhqir etmək cinlər tərəfindən əmr edilir.

Şeyxulislam İbn Teymiyyə (rahiməhullah) demişdir:

«Həmçinin, onlar cinlər üçün qurban kəsir, Allahdan deyil, cinlərdən kömək istəyir, cinlərə ibadət edir və s. çirkin əməllərə yol verirlər. Onlar həmçinin, Quran ayələrini nəcasətə batıraraq yazır, Quranın ayələrini dəyişdirir, ya fatihə, ya da ixlas surəsini, ya da başqa bir surənin həriflərini dəyişdirib qanla və ya nəcasətlə yazırlar. Ya da şeytanın razı qalacağı başqa bir şeylə yazır və ya danışırlar.» (Məcmuul-Fətəva, 19/35)

İmam İbnul-Qayyim (rahiməhullah) demişdir:

«Ona görə də cadugər nə qədər mundar və xəbis olarsa, nə qədər Allaha, peyğəmbərə və möminlərə düşmən olarsa, o qədər etdiyi cadu, sehr daha qüvvətli və uğurlu alınar. Ona görə də bütə ibadət edənlərin sehri kitab əhlinin sehrindən daha güclüdür. Yəhudilərin sehri isə İslama nisbət olunanların sehrindən daha güclüdür. O yəhudilər ki, (Muhəmməd) peyğəmbərə (Allahın Ona salavatı və salamı olsun) sehr etmişdilər.» (İbnul-Qayyim, Bədəiul-Fəvaid, 2/758)

İmam Nəvəvi (Allah ona rəhmət etsin) «Səhihi Muslim»’in şərhində demişdir:

Ərəblərdə kahinlik (falçılıq) üç cür olmuşdur;

Birincisi; İnsanın cinlərdən yaxınının olması yoluyladır ki, o cin ona səma əhlinin danışıqlarından (eşidərək) oğurladığı şeyləri xəbər verir…

İkincisi: Təxəyyül yolu ilə yer üzündə baş verənlərdən, yaxında və ya uzaqda olan şeylərdən xəbər verir ki, o gah doğru, gah da yalan xəbər verir. Onları təsdiqləmək və ya onları dinləmək barədə qadağa da ümumidir. (Yəni, bu qadağa onlara da aiddir. Nə onları dinləmək, nə də təsdiqləmək olmaz.)

Üçüncüsü: Münəccimlərdir. Bu da Allahın bəzi qulları üçün verdiyi müəyyən qüvvə halı olsa da, onların danışığının da çoxusu yalan olur. Bu sahəyə ərraflar da daxildirlər. O kəslər ki, hadisələrin səbəblərinə və əlamətlərinə əsaslanaraq məsələləri bildiklərini iddia edirlər. Bu çəkilən misalların hamısı falçılıqdandır. Şəriət isə bunların hamısını inkar etmiş, onları təsdiqləməyi və onların yanına getməyi qadağan etmişdir.

Asan qazanc mənbəyi:

İstər cinlərlə əlaqəsi olsun, istər də olmasın, falçıların yanına getmək qadağandır və haramdır. Falçılıq insanların istək, xəyal və batil inanclarından istifadə etməklə asan gəlir əldə etmək yollarındandır. Bəzi insanlar cəmiyyətdə daim asan gəlir yollarını axtarır, bəzi şarlatanlar isə insanları aldatmaq yoluyla olsa belə batil yollara əl ataraq asan gəlir əldə etmək istəyirlər. İnsanların savadsızlığı, xurafata meyilli olmaları da belə fırıldaqçılara meydan və şərait yaradır. Əgər falçılarda qeyri adi qüvvə olsaydı, onların pula ehtiyacı olmaz və pul qazanmaq üçün insanları aldatmadan asanlıqla pul qazana bilərdilər. Belə ki, onlar bunu edə bilmirlər. Buradan da onların yalançı olduqları gün kimi aydın görünür.

Falçılardan söz soruşmağın qismləri:

Yuxarıda falçı yanına gedənin 40 gün namazının qəbul olunmaması və falçı yanına gedib onu təsdiqləyən kimsə barədə hədisləri qeyd etmişdik. Bildik ki, falçı yanına getmək, ondan söz soruşub onu təsdiqləmək necə böyük günahdır. Bəs görəsən falçıdan söz soruşmaq hər zaman bu hala daxil olur, yoxsa, başqa hallar da var?

Alimlərdən İbn Useymin (rahiməhullah) demişdir:

Falçı və bənzərlərindən söz soruşmaq bir neçə qismdir:

Birinci qism: Sadəcə ona sual vermək; bu peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) bu sözünə görə haramdır: ”Kim falçının yanına gələrsə…” ona sual verməsinə görə cəza verilməsi bunun haram olmasına dəlalət edir. O baxımdan ki, yalnız haram əmələ cəza verilir.

İkinci qism: Falçıya sual verib onu təsdiqləmək, onun sözünə etimad göstərmək; Bu da küfrdür. Çünki, qeyb elmində falçını təsdiqləmək Quranı inkar etmək sayılır. Uca Allah buyurmuşdur: «De: “Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər.» (ən-Nəml, 65)

Üçüncü qism: Falçını yoxlamaq (imtahana çəkmək) üçün sual vermək, onun sözünü qəbul etmək üçün deyil, onun doğru və ya yalançı olduğunu bilmək üçün sual vermək. Bunda bir problem yoxdur və bu həmin hədisə daxil deyil. Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) İbn Sayyəd adlı falçını sınağa çəkmiş və onun yalançı olduğunu bəyan etmişdir.

(Bax, Buxari, Kitəb əl-Cənəiz, 1354; Muslim, Kitəbul Fitən va Əşratus Sə`əh, 2930)

Dördüncü qism: Falçının acizliyini və yalançı olmasını bəyan etmək üçün ona sual vermək ki, bu da bəzən vacib olur.

(Bax, əl-Cəmiul-Fərid fi şərhi Kitabit-Tövhid, ibn Useyminin şərhi, səh 15. İxtisarla)

Falçıların cəmiyyətə verdikləri zərər;

1 – Falçılar cəmiyyətdə xurafatçılığın, batil inancların yayılmasının səbəblərindəndirlər. Onlar insanların əqidəsini korlayan ən başlıca fiqurlardan biridirlər.
2 – Falçılar cinlər vasitəsilə öyrəndikləri məlumatları pis niyyətlə istifadə edir, insanlar arasında düşmənçiliklərə səbəb olurlar.
3 – Falçılar ailələrin dağılmasına səbəb olur, qızların bəxtinin bağlanması, boşanmalar və bir çox cəmiyyət problemlərinə səbəb olurlar.
4 – İnsanlar öz düşmənlərindən intiqam almaq üçün falçılara daha çox üz tutur ki, bu da falçıları tərifləyənlərin yalanını və cəmiyyətə verdikləri böyük zərəri bir daha ortaya qoyur. Beləcə insanlar başqalarının ölməsi, xəstələnməsi, ailəsinin dağılması və s. pis niyyətlər üçün falçı yanına üz tuturlar.
5 – Falçılar Allaha şərik qoşub ona küfr edən insanlardır. Ona görə də onlar cəmiyyətdə küfrün və şirkin bayraqdarı kimidirlər. Onlar insanları Allaha təvəkküldən asiliyə, bəndəyə bağlılığa, səbrdən dözümsüzlüyə, savabdan günaha, tövhiddən şirkə aparırlar.
6 – Onlar insanlar arasında güvən, bir-birinə inam və mehribançılığı aradan götürür, insanları xəyanətə, zorbalığa və zülmə sürükləyirlər.
7 – Zəif ağıllı insanlar daha tez falçıların təsirinə düşür və pullarını kəm xəyallarına qurban edirlər.
8 – Falçılıq cəmiyyətdə elmin inkişafına açıq aydın təhdid, xurafatçılıq və mövhumatçılığın inkişafına isə dəstəkdir.
9 – Cəmiyyətdə bəzi nüfuz sahiblərinin falçılara üz tutması isə böyük bir təəssüf doğurur ki, bu da hər cəmiyyətin böyük yarası hesab olunur. Çünki, bu zaman insanlar normal elmi, mədəni, əqli mübarizədən acizlik mübarizəsi metoduna keçid etmiş olurlar. Falçıların cəmiyyətə verdikləri zərər olduqca çoxdur. Bu zərərlərdən bu qədərini qeyd etməklə kifayətlənirik.

Falçılarla əlaqəsi olanlara tövsiyə:

Onlara tövsiyə edilir ki, Allaha tövbə edib Ondan bağışlanma diləsinlər, bütün işlərində yalnız Allaha güvənsinlər və yalnız Allaha təvəkkül etsinlər, eyni zamanda doğru səbəblərdən tutunsunlar, bu cahiliyyə əməllərini tərk etsinlər, bu əməldən, bu işin əhlindən nə isə istəməkdən və falçıları təsdiqləməkdən əl çəkinsinlər. Bunu isə Allaha və elçisinə itaət, dinini və əqidəsini qorumaq, Allahın qəzəbindən çəkinmək, şirk və küfrün səbəblərindən uzaq olmaq baxımından etsinlər. Hansı ki, hər kim ki, şirk və ya küfr üzərində ölərsə, o kimsə dünyasını da, axirətini də itirər! Bu haldan Allaha sığınırıq! Bilin ki, tövbə qapısı açıqdır. Lakin, tövbəni gecikdirməyin. Allahın qəzəbinə səbəb olan və Onun şəriətinə müxalif olan bütün əməllərdən Uca Allaha sığınırıq!

İstifadə edilmiş ədəbiyyat:

1. Qurani-Kərim.
2. Sahihul-Buxari. Muhəmməd ibn İsmail əl-Buxari.
3. Sahihi Muslim. İbnil-Həccəc ən-Niysaburi.
4. Sunəni Əbi Davud. Əbu Davud əs-Sicistani.
5. əl-Qovləs-Sədid, Abdur-Rahmən əs-Sə`di.
6. İmam Zəhəbi, əl-Kəbəir.
7. əl-Cəmiul-Fərid fi şərhi Kitəbit-Tövhid.
8. ən-Nihəyətu fi Ğaribil-Hədisi val-Əsər.
9. Bədəiul-Fəvaid, ibnul-Qayyim.
10. Təfsirul-Qurtubi.
11. Məcmuul-Fətəva, ibn Teymiyyə.
12. Şərhi Sahihi Muslim. ən-Nəvəvi.

Yazdı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar