Ey Ramazanla vidalaşan, xitab sənədir!

Sələflərdən bəziləri belə buyurur: “Ramədani yox, Rabbəni ol!”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Budur, çox az bir müddət əvvəl yetişdiyimiz Ramazan artıq sona yetdi. O ayda qəlblər ibadət və itaət üçün genişləndi, nəfslər həbs olundu, həsənətlər toplamağa qarşı hərislik artdı, Quranın tilavəti, qiyamlar, dua və yalvarışlar, tövbələr çoxaldı, xeyir və müxtəlif ibadətlərin qapıları açıldı, qəlb – xuşu və ixlasla doldu, insan möhtaclığını anlayıb bütün qəlbi və vücudu ilə Rəbbinə yönəldi, oruc səbəbi ilə əməllərə diqqət olundu, son 10 gündə 1000 aydan xeyirli gecə axtarışına çıxıldı,ibadətlər daha da çoxaldı və nəhayət bu ay sona yetdi…

Bu aydan istifadə edərək qənimət toplayan insanın halı necə də gözəldir! Lakin müsəlmanlar bilməlidirlər ki, bu ayla vidalaşmaq, heç də Allaha itaət və ibadətlərlə vidalaşmaq demək deyildir. Beləki insan, saleh əməllərinə davam etməli, Allaha ibadət və itaətdə daha da güclü olmalı, xeyir işlərdə yarışanlarla birlikdə yarışaraq sürətli şəkildə önə keçməyə çalışmalı və ya ən azından etdiyi ibadətlərdə sabit qalmalıdır. Bil ki, ey əməllərinin Allah tərəfindən qəbuluna ehtiyacı olan qul, saleh bir əməlin qəbul olmasının əlaməti – ondan sonra gələn saleh əməldir. Məhz bu səbəbdən də, Ramazanda etdiyin ibadətlərinin səndən qəbul olmasını istəyirsənsə ibadətlərində sabit ol. Və yəqin ki bil ki, ixlasla etdiyin saleh əməl özündən sonrakı üçün qapı açar. Necəki elm əhli buyurur: “Ramazan orucunun, qiyamının və s. qəbulunun əlamətlərindəndir ki, insan Ramazandan sonra da bu halına (Allaha şükrünə, saleh əməllərinə və bir sözlə ibadət və itaətlərinə) davam edərək ibadətlərini dayandırmasın. Əgər belə olarsa, bilsin ki bu əlamətlərdən bir əlamətdir.”

Lakin əgər insan Ramazandan sonraki halını əksinə dəyişərsə, yəni itaətləri asiliklərlə əvəz edərsə, bilsin ki, bu heç də yaxşı bir əlamət deyildir. Necəki sələflərə Ramazanda itaətlərdə və ibadətlərdə ictihad edən (çalışan), lakin Ramazandan sonra halını əksinə dəyişən kəs haqqında danışdıqda, onlar belə deyərdilər: “Rəbbini yalnız Ramazanda tanıyan bir qövm necə də pis bir qövmdür!” Bil ki ey insan, bütün ayların Rəbbi birdir. Ramazanın Rəbbi olan Allah Şəvvalın da Rəbbidir. Sələflərdən bəziləri belə buyurur: Ramədani yox, Rabbəni ol!.

Yəni itaətini Ramazanla məhdudlaşdırma. Beləki sənin həyatının hər bir anı sənin üçün ibadət və itaət mövsümüdür, necəki Uca Allah buyurur: “Sənə ölüm gələnədək Rəbbinə ibadət et.” (əl-Hicr 99). Başqa ayədə isə buyurur: “Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!” (Əli İmran 102), həmçinin: “Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.” (əl-Əhqaf 13), eləcə də: “Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub (deyirlər:) “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!” (Fussılət 30)

Ey insanlar! Bu məsələ çox mühim olduğundan bunun üzərində çox dayanıb sizin diqqətinizi buraya yönəldirik! Sizə bir misal çəkirik: – Təsəvvür edin iplyini bərk-bərk əyirdən bir qadını. Bir ay müddətində o, ipliyini daha da bərkidir, daha da möhkəmləşdirir. Lakin ay tamamlandıqdan sonra onu yenidən öz əlləri ilə açıb sökür – Belə bir insan haqda nə deyərlər?! Əlbəttə ki, bu nə ağıla nə də hikmətə sığmayan bir hərəkətdir. Uca Allah da Öz kitabında buyurur: “İpliyini möhkəm əyirdikdən sonra (onu) açıb sökən qadın kimi olmayın…” (ən-Nəhl 92)

Bil ki ey Allahın qulu, Uca Allah hər hansısa bir qulun nəfsini itaətə və Özünə yönəlməyə müvəffəq etdikdən sonra, həmin o qula yaraşmaz ki, o bu möhkəmliyi öz əlləri ilə söküb xəfifləşdirsin (ibadətlərində zəifləsin). Əgər qul Allahın ona açdığı xeyir qapılardan istifadə etməzsə, ola bilsin ki Allah onun üzünə o qapıları bağlasın və bir daha açmasın! Allahdan bu və bu kimi qəflətdən salamatlıq diləyirik. Ramazanda səni görür deyə günahlardan çəkindiyin, bu ayda da, bu gündə də, bu saatda da, bu saniyədə də, insanlarla da, tək olduqda da, işıqlıqda da, zülmətdə də, gizlidə də, aşkarda da səni görür.

Bu an, Ramazanla vidalaşdıqdan sonra üzərimizə düşən Allaha şükr etməkdir. Və məlumdur ki, üsyanla (asiliklərlə) Allaha şükr edilməz. Beləki, şükr – insanın əməl etməsi və bununla Allaha şükrü qəsd etməsidir. Uca Allah nemətlərə şükr etməyi əmr edərək buyurur: “Ey Davud nəsli! (Bu nemətlərə) şükür edin!” (Səba 13). Həmçinin İbn Racəb (Allah ona rəhmət etsin) buyurur: “Allahın Ramazanda oruc tutmaq nemətinə əks olaraq, Ramazandan sonra günahlar edənə gəldikdə isə, o, Allahın nemətinə əvəz olaraq nüşükürlük etmişdir!” (Lətaiful Mə`əərif)

Uca Allah bizlərə vacib buyurduğu oruc tutmaq ayı bitdikdən sonra, bu sabitliyi qorumaq üçün nafilə oruclara baş vurmalıyıq. Nafilə oruclara misal olaraq, hər ayın üç gününü tutulan orucları, 1-ci və 4-cü günlər tutulan orucları, Muhərram ayında tutulan aşura gününün orucu, Ərafa günü tutulan orucu, Davud orucunu (bir gündən bir tutulan orucu) və s. digər nafilə oruclarını zikr etmək mümkündür.

Həmçinin unutmayaq ki, biz əzəmətli oruc mövsümü kimi sayılan Şəvval ayını yaşayırıq. Beləki, Əbu Əyyub əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki, Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) demişdir: «Kim Ramazanda oruc tutarsa, bundan sonra ona, Şəvvaldan altı günlük orucu əlavə edərsə, il boyu oruc tutmuş kimi sayılar.» (Muslim 1164). Və bilin ki, Şəvval ayından 6 gün oruc tutmaq, Ramazan orucunun qəbuluna işarə edən bir əlamətdir. Çünki yaxşı əməlin faydası, özündən sonra digər yaxşı əmələ açdığı qapıdır. Şəvval ayında tutulan oruc da, Ramazanda səni oruc tutmağa müvəffəq edən Allaha olunan bir şükrdür. Həmçinin bilin ki, Şəvval orucu ilə Ramazan orucunun misalı, nafilə namazlarla fərz namazlarının misalı kimidir. Nafilə namazları fərz namazlarda olan naqislikləri tamamladığı kimi, Şəvval ayının 6 gün orucu da Ramazan ayı tutulan oruclarda olmuş naqislikləri və boşluqları doldurar.

Bir sözlə əziz oxucu, bil ki, Ramazan bitsə də, Allaha itaət və ibadət hələ də bitməyib və sənin son nəfəsini alacağın ana qədər də bitməyəcəkdir. Elə isə ictihad et, sabitliyi qorumağa çalış ki, sabitlik əvəzi Rəbbinin vəd etdiklərinə nail olasan…

Sonda Uca Allahdan istəyirik ki, bizi Ramazandan bağışlanaraq çıxanlardan etsin, bizdən etdiyimiz ibadətləri qəbul etsin, bizi çox istiğfar edən etsin və bizə bol-bol nemətlər əta etsin, daha sonra bizlərə nemətləri qoruyub artırmaq üçün şükr nemətini bəxş etsin, qəlbimizdə olan tövhid toxumunu becərtməyə bizi müvəffəq etsin, bizə husnul xatimə (gözəl sonluq) nəsib etsin və bizləri axirətdə razı qalmış və razılıq qazanmış halda sorğu-sualsız Cənnətə daxil olan və Onu görənlərdən etsin! Həqiqətən O, bağışlayan və bəxş edəndir.

Bu yazının yazılmasında, Şeyx ƏbdurRazzəq bin ƏbdilMuhsin əl-Bədr`in “Məzə bə`də Ramədan?” adlı mühazirəsindən geniş şəkildə istifadə olunmuşdur.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Senxatirlat.Com saytının rəsmi heyəti

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar