“Ərim zülm etdi, hicabımı açdım” deyən qadınlara nəsihət!

"Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, naməhrəm yanında çarşabları ilə örtünsünlər." (Əhzab. 59)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

1️⃣ Ey qadın! Allah İslamda sənin şənini uca etmişdir. Sənə cəmiyyətdə fitrətinə ən uyğun olan məkanı vermiş, səni qorumuş və iffətli olmağını istəmiş və bunu əmr etmişdir. Bu əmr sənin özünə aiddir. Bu əmri başqaları üçün yerinə yetirmirsən. Bu əmr səninlə Rəbbin arasında olan bir bağ, bir əlaqədir ki, bunu qorumaqla görəvlisən! Uca Allah Qurani-Kərimdə buyurmuşdur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, naməhrəm yanında çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir”. (Əhzab. 59) Ayədən göründüyü kimi bu ayə möminlərin qadınlarına da aiddir, təkcə peyğəmbərin zövcələrinə deyil. Əgər sənin yoldaşın mömin kimi hərəkət etmirsə, sən mömin kimi hərəkət et, iffətini qoru! Uca Allah Qurani-Kərimdə buyurmuşdur: “Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz müsəlman qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını yerə vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız”. (Nur. 31).

2️⃣ Ey zülmə məruz qalmış qadın! Sən bəzən İslam dinini layiqincə öyrənmədən, problemlər vaxtı çıxış yolunu düzgün təsəvvür etmədən yanlış qərarlar verə bilirsən, necə ki, yoldaşın da yanlış qərarlarla sənə zülm etmiş ola bilər. Lakin, bu o demək deyil ki, sənə zülm olunduqda onun əvəzini öz dininə xələl gətirməklə çıxasan. Hər bir problemin həlli yolu var. Lakin emosiyalara, hislərə qapılıb hicabı açmaq, şeytana açılan ən böyük qapı ola bilər. Əziz bacım. Xatırla ki, sən evləndiyin müsəlman kişini tanımadan öncə Allah üçün başını bağlamışdın! Həyat yoldaşını bəlkə də heç tanımırdın! Lakin, Rəbbini tanıyırdın! Sənə ruzi verən, səni yaradan, sənə çoxlu nemətlər verən Rəbbini tanıyırdın! Sənə kimsə zülm edəndə hicabınmı açılmalı idi? Məgər sən yoldaşın üçünmü hicab taxmışdın ki, onun üçün də hicabını açırsan? Yoldaşının acığını hicabındanmı çıxmalı idin? Bəlkə yoldaşının İslamı anlamaqda problemi var idi?! Sən onun yaraşığına və ya pul qazanmasına baxma. “O nə qədər Allahın Rəsuluna tabe idi?” Bu sualın cavabını axtar. Çünki, yaraşıqlı və yaxşı pul qazanıb namaz qılmayan, Rəbbinə şükür etməyənlər də çoxdur. Bu bir meyar deyil. Meyar Allah və Rəsuluna tabeçilikdir. O sənə zülm edərkən müxalif oldu, sən də hicabını açarkən müxalif oldun. Bəs tabeçilik harda qaldı?!

3️⃣ Əziz, müsəlman bacım. Unutma ki, insanlar müxtəlifdir, dinini yaxşı öyrən. Həyat yoldaşı deyil, başqaları tərəfindən zülm olunanda çox zaman qadın səbir edir. Amma əri tərəfindən zülm olunanda bəzi qadınların hicabını açması birmənalı olaraq bilinməlidir ki, bu əməl yalnız Allaha etirazdır. Qadın bu həqiqəti bəlkə də bilməyərəkdən edir, bu əməlin təhlükəsinin fərqinə varmır, hislərinə, nəfsinin havasına qapılır, Uca Allah buyurur: “Nəfsin istəyinə uyma, yoxsa o səni Allahın yolundan azdırar” (Sad. 26).

Əziz bacım, sən bu hicab üçün nə çətinliklərə qatlanmışdın?! Bunu tək sən yox, hər kəs bilir! Amma unutma ki, Rəbbinə bağlı olan, qəlbi dünyaya bağlı olnayan möminə qadın kiməsə görə hicabını açmaz. Sən ərinə, hətta atana etiraz olaraq başını açsan, sanki, əvvəldən hicabı nə üçün taxdığını bilməyən, dindən bixəbər bir insan olduğunu başqalarına göstərmiş olursan. Bütün əziyyətlərinin üstündən, axirət hədəfinin üstündən belə xətt çəkmiş olursan. Nəfsə uymaq çox təhlükəlidir əziz bacım.

Bəlkə də sənin ailənlə keçirdiyin çox gözəl günlərin olmuşdu, sən isə hər zaman belə davam edəcəyini düşünmüşdün. Lakin, bu ayəni unutmuşdun, axı Quran oxumurdun ki, bu ayəni xatırlayasan:

“İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib küfrə qayıdar. O adam dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur”. (Həcc. 11). Ya da bu ayəni heç oxumamışdınmı? “Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə kasıblıq və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt gələcək?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır”. (Bəqərə. 214). Məgər elə bilirdin ki, heç imtahan olunmayacaqsanmı?! Həyatın rahatçılıq içində keçəcək, sən də axırda cənnətə çox rahatlıqlamı gedəcəksən?! Küfrə çağıran əllərin sənə heç uzadılmayacağınımı düşünürdün? Qəlbində gizlətdiyin dünya sevgisinin, Allahın əmrlərinə qarşı biganəliyinin, zəif imanının, elmdən, əməldən uzaq düşməyinin bir gün səni bürüyəcəyini, səni problemə salmayacağını heç düşünməmişdinmi? İmanın yalnız həqiqi möminlərdə sabit qaldığını düşünüb bir gün o imanı itirməkdən heç qorxmadınmı?

4️⃣ Bəzi qadınlar isə yoldaşı ikinci dəfə evləndikdə bu cür əməllərə yol verirlər. Bu da başqa bir boşluqdan, cahillikdən xəbər verir. Bunu kişiləri müdafiə etmək üçün yazmırıq. Məlumdur ki, kişi ikinci, üçüncü dəfə evlənə bilər, lakin bunun şərtləri və adillik məsələlərinin çətinliyi hər kəsə məlumdur. Qadın ikinci dəfə evlənən ərinə hicabını açmaqla cavab verərkən nə qədər böyük günaha girdiyi barədə düşünməlidir. Birincisi, o ikinci evliliyə etiraz olaraq hicabını açırsa, bu ərinə deyil, Allahın əmrinə qarşı etiraz sayılır. İkincisi isə böyük bir günahdır. Əgər nəfsi bununla barışmırdısa, bundan başqa həll yollarına üz tuta bilərdi. Nə üçün məhz hicabı çıxarmaq?! Nə üçün məhz bu yolu seçdi?! Şəkk yoxdur ki, qadın bununla böyük bir səhvə yol vermiş olur. Onu daxilində küfrə salmaq, azdırmaq istəyən şeytanına boyun əymiş olur.

5️⃣ Əziz bacım, sən hicabı Rəbbinə sadiq olduğun, bunu onun əmri olduğu üçün bağlayırdın! Hicabı açmaqla Rəbbinlə aranda olan sadiqliyi aradan qaldırmış olursan. Günahkarların yardımsız qaldığı kimi bundan sonra sən də yardımsızmı qalmaq istəyirsən? Yoxsa, dünyanın ötüb keçici olan ləzzətlərinimi istəyirsən? Uca Allah buyurur: “Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız?” (Ənam. 32).

👉 Ey haqqın yolunda ayağı büdrəmiş, nəfsinə uymuş bacım! Axı sən gəncliyinin ən gözəl günlərini Rəbbinin yoluna xərcləmişdin?! Hicabını qorumaq üçün sən nələrdən keçmişdin? Nələrini fəda etmişdin?! Bir insana görə hicabını açmağa dəyərmi? Başqa bir etiraz yolu tapa bilmədinmi? Səbrini tamamlayıb Rəbbinin yoluna dönsən, o sənə əsil cənnət xoşbəxtliyini, sadiqlərin yeri olan cənnətdə əbədi səadəti bəxş edəcək! “Onların mükafatı, Rəbbindən bağışlanma və ağacları altından çaylar axan Cənnət bağlarıdır ki, orada əbədi qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!” (Ali İmran. 136). Kiminsə acığına din yaşama, Rəbbinlə sadiq ol! Şeytanın yolu ilə getmə, uca, Allah buyurur: “Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır”. (Fatir. 6).

🔹Əziz bacım, nə qədər ki, gec deyil, Rəbbinə dön! Bu yazını oxuduqdan sonra belə düşün: “Mənim hicabımı açmağıma səbəb olan biri varsa, birinci mən özüməm”. Əgər doğurdan da bir başqası buna səbəb olubsa, o da Rəbbinin sevib razı qaldıqlarından olmaya bilər. O öz axirətini puç edəcəksə, sən də öz axirətini puçmu etməlisən? Bu gün “onun üçün etdiklərimə heyifslənirəm” deyirsən, biz də “onun üçün hicabını açdığına heyifslənirik”, sən kimə acıq etdiyini hələ də başa düşməmisən! Sən ona deyil, aləmlərin Rəbbinə acıq etmiş sayılırsan! Sən bu əməlinlə müsəlmanları başqalarının gözündə daha zəif göstərirsən. Dinsizlərə pis örnək olursan! Dinsizləri sevindirirsən, şeytanları sevindirirsən. Gec olmadan tövbə et, əziz bacım! Sonda Rəbbinin bu ayəsini xatırla: “Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!”. (Zümər. 53).

Yazdı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar