Cənnətdə ev istəyirsənmi?

Hər bir müsəlmana yaraşar ki, bu fürsəti əldən verməsin və gündəlik olaraq bu əməllərdən müəyyən qədər payı olsun.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha. Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və  şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Sünnədə bəzi əməllər varid olmuşdur ki, onları yerinə yetirməklə həmin əməl sahibi üçün Cənnətdə ev tikilir.

1. Allah üçün məscid tikənə Cənnnətdə ev tikilər.

Osman ibn Affan (radıyəllahu ənhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Kim Allah üçün bir məscid tikərsə, Allah da onun mislində Cənnətdə ona bir ev tikər.” (Buxari 450. Muslim 533. Tirmizi 318)

Allah üçün məscid tikmək ən əzəmətli bir əməllərdəndir. Orda edilən ibadətlərin savabından onu tikən üçün də verilir.

2. Səflərdəki boşluğu doldurana Cənnətdə ev tikilər.

Aişə (radıyəllahu ənhə) rəvayət edir ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Kim səfdəki boşluğu doldurarsa, Allah onun (Cənnətdəki) dərəcəsini qaldırar və onu üçün Cənnətdə bir ev tikər.” (Tabərani, “Mucəmul Əusat” 5797. Şeyx Albani hədisə “Həsən li-ğayrihi” demişdir, bax: “Sahih ət-Tərğib”, 505).

Camaat namazı qılarkən səflərdə boşluq görərsə onu doldurmaq lazımdır. Bu istər önündəki səfdə olsun, yəni bir nəfər səndən qabaqdakı səfdən çıxarsa irəli keçib o boşluğu doldura bilərsən. İstər də yanındakı adamla sənin aranda boşluq olsun, fərq etməz. Bunu edənə Cənnətdə ev tikilir.

3. Bazara girərkən bu zikri deyənə Cənnətdə ev tikilər.

Ömər ibn Xattab (radıyəllahu ənhu) rəvayət edir ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Kim bazara girərkən belə deyərsə: «Lə iləhə illəllahu vahdəhu lə şərikə ləhu, ləhul-mulku va ləhul-həmdu, yuhyi va yumitu va huva hayyun lə yəmutu, biyədihil-xayru va huva alə kulli şey’in qadir»  [Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! Dirildir və öldürür. O, diridir və ölməzdir. Xeyir onun Əlindədir və O hər şeyə Qadirdir!] Allah ona bir milyon həsənət (savab) yazar, bir milyon günahını silər (bağışlayar), bir milyon dərəcəsini qaldırar və onun üçün Cənnətdə bir ev tikər.” (Əhməd 327. Tirmizi 3429. İbn Macə 2235. Dərimi 2734. Hakim 1974. Şeyx Albani hədisə “Həsən” demişdir, bax: “Sahihul Cəmi” 6231)

Bazara girərkən bu əzəmətli zikri deməyi unutma! Hətta ki, hədisdə keçən fəziltə nail olasan və Cənnətdə sənin üçün ev tikilsin.

4. Haqlı olsa belə mübahisəni tərk edənə, zarafata olsa belə yalan söyləməyənə və əxlaqını gözəlləşdirənə Cənnətdə ev tikilər.

Əbu Uməmə (radıyəllahu ənhu) rəvayət edir ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Haqlı olsa belə mübahisəni tərk edənə Cənnətin kənarında bir ev veriləcəyinə mən zəmanət verirəm. Zarafata olsa belə yalan söyləməyən kimsəyə Cənnətin ortasında bir ev veriləcəyinə zəmanət verirəm. Əxlaqını gözəlləşdirənə isə Cənnətin ən yüksək yerində bir ev veriləcəyinə zəmanət verirəm.” (Əbu Davud 4800. Şeyx Albani hədisə “Həsən” demişdir, bax: “Sahih ət-Tərğib”, 2648)

Hədisə keçən bu əməllərə diqqət et! Bunlar günümüzdə ən çox ehtiyac duyulan mühüm əməllərdəndir və bu əməllər Cənnətdə evin tikilməsi üçün səbəblərdəndir.

5. Gün ərzində on iki rükət namaz qılana Cənnətdə ev tikilər.

Ummu Həbibə (radıyəllahu ənhə) rəvayət edir ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Kim gün ərzində on iki rükət namaz qılarsa, onun üçün Cənnətdə bir ev tikilər.” (Muslim 728)

Ummu Həbibə (radiyallahu anhə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu: “Kim gün ərzində on iki rükət namaz qılarsa, onun üçün Cənnətdə bir ev tikilər. Zöhrdən əvvəl dörd sonra iki. Məğrindən sonra iki. İşadan sonra iki. Fəcrdən əvvəl iki rükət.” (Tirmizi 415. Şeyx Albani hədisə “Səhih” demişdir)

Yuxarıda keçən hər iki hədisdə bildirilir ki, fərz namazlarından başqa kim gün ərzində on iki rükət qılarsa Cənnətdə ona ev tikilər. Muslimin rəvayətində ümumi gəlib, Tirmizinin rəvayətində isə xüsusi gəlib, yəni ratibə sünnələr qəsd olunub. Hər iki hədis də səhihdir. Alimlər bu barədə demişlər ki, istər ratibə qılsın istər də hər hansı bir nafilə namazı qılsın, bu fəziləti əldə etmiş olur.

6. Övladı ölən kimsə buna səbr edərsə Cənnətdə ona ev tikilər.

Əbu Musa əl-Əşari (radıyəllahu ənhu) rəvayət edir ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Bir qulun övladı öləndə Allah mələklərə deyər: «Qulumun övladının canını aldınız?» Mələklər: «Bəli» – deyərlər. Allah: «Qulumun könül meyvəsini qopardınız?» – buyurur. Mələklər: «Bəli» – deyərlər. Allah: «Qulum nə dedi?» buyurur, mələklər isə deyirlər: «Qulun, Sənə həmd etdi və (İnnə lilləhi va innə ileyhi raciun) [Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq] dedi.» Allah buyurur: «Qulum üçün Cənnətdə bir ev tikin və adını da Həmd evi qoyun.»” (Əhməd 19725. Tirmizi 1021. Şeyx Albani hədisə həsən demişdir, bax: “Sahihul Cəmi”, 795)

Hər hansı bir müsəlman övladı ölərsə və buna səbr edib (İnnə lilləhi va innə ileyhi raciun) [Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq] deyərsə, səbr edib üsyan etmədiyinə görə onun üçün Cənnətdə həmd evi tikilər.

7. Dörd rükət duha namazı və Zöhr namazının ilk dörd rükətini qılana Cənnətdə ev tikilər.

Əbu Musa (radıyəllahu ənhu) rəvayət edir ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Kim dörd rükət duha namazı qılar və birinci (zöhr) namazdan öncə dörd rükət qılarsa, Cənnətdə ona bir ev tikilər.” (Tabərani, “Mucəmul Əusat” 4753. Şeyx Albani hədisi həsənləşdirib, bax: “Silsilə Sahihə”, 2349)

Hədisdə keçən duha namazı iki rükət iki rükət qılınır. Burda birinci namaz deyiləndə Zöhr namazı qəsd olunur. Bunu əl-Munəvi “Feydul Qadir” kitabında həmçinin Şeyx Albani bu hədisə qısa izah verərkən demişdir. Bu zöhrdən əvvəl qılınan başqa bir namaz deyil elə zöhr namazının ilk dörd rükət sünnəsidir. Hər iki əməli bir gündə edənə Cənnətdə ev tikilər.

8. İxlas surəsini on dəfə oxuyana Cənnətdə bir qəsr tikilər.

Muaz ibn Ənəs əl-Cuhəni (radıyəllahu ənhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Kim «Qul huvallahu əhəd» (surəsini) on dəfə oxuyub tamamlıyarsa, Allah onun üçün Cənnətdə bir Qəsr tikər.” (Əhməd 15610. Tabərani, Mucamul Əusat 281. Şeyx Albani hədisə “Həsən li-ğayrihi” demişdir, bax: “əs-Silsilətu əs-Sahihə”, 589)

İxlas surəsini tam on dəfə oxuyana Cənnətdə bir qəsr tikilər. Bunu bir neçə dəfə təkrarlamaq da olar.

Qeyd: Bu hədislərdə keçən və gündəlik olaraq edilməsi mümkün olan əməllərə gündəlik olaraq Cənnətdə ev tikilir (məsələn 12 rükət sünnət namazlarını hər gün qılana – hər gününə görə Cənnətdə ev tikilər). Eləcə də bu əməllərdən gün ərzində bir neçə dəfə edilməsi mümkün olanların da, hər birinə görə Cənnətdə ev tikilir (məsələn İxlas surəsini 10 dəfə oxumaq). Hər bir müsəlmana yaraşar ki, bu fürsəti əldən verməsin və gündəlik olaraq bu əməllərdən müəyyən qədər payı olsun.

 

Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi cəhənnəm əzabından qoru!

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Muhəmməd Məmmədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar