Valideynlərə saleh övlad yetişdirmək üçün nəsihətlər

“Mən düşünmürəm ki, kimsə övladları barəsində Allahdan qorxsun və onları tərbiyə etməkdə şəriətin qoyduğu yola tabe olsun və nəticədə Allah onun övladlarını hidayət etməsin.” (“Fətəva Nurun aləd Dərb”, 2/24)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Bu dünyada insana əmanət edilmiş ən dəyərli nemətlərdən biri də onun övladlarıdır. İnsana vacibdir ki, övladlarına tərbiyə verərək, onlara ədəb-ərkanı öyrədərək, onlara daima nəsihət və tövsiyyələr verərək qayğı göstərsin. Bu ayədə xəyanət edilməsi qadağan olunmuş əmanətlərə övladlar da daxildir: “O (mömin) kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar.” (əl-Mu`minun, 8)

Başqa ayədə Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha və Elçisinə xəyanətkarlıq göstərməyin və bilə-bilə aranızdakı əmanətlərə də qəsd etməyin.” (əl-Ənfəl, 27)

Uca Allah bu əmanəti valideynlərə imtahan olaraq bəxş etmişdir. Əgər valideynlər onların haqlarını Allahın buyurduğu kimi ödəsələr, Allah dərgahından əzəmətli savaba nail olarlar.

“Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!” (ət-Təhrim, 6) – bu ayə övladların tərbiyəsinə önəm verməyin, onlara qarşı son dərəcə diqqətli olmağın vacibliyinə işarə edən ən açıq-aydın ayələrdən biridir.

Əli İbn Əbi Talib (radıyəllahu ənhu) bu ayə barəsində buyurur: “Yəni onları öyrədin və ədəbləndirin.” (“Cəmi`ul Bəyən fi Tə`vilil Qur`ən”, 23/103)

Peyğəmbər (salləllahu aleyhi va səlləm) bu məsələnin necə təkidli olmasını bizlərə bildirərək belə buyurur: “Hər biriniz himayəçisiniz və hər biriniz himayəsində olanlardan sorumludur. Əmir himayəçidir və o, öz himayəsində olanlardan sorumludur. Kişi öz ailəsinin hamisidir və o, öz himayəsində olanlardan sorumludur. Qadın ərinin evində himayəçidir və o, öz himayəsində olanlardan məsuldur. Xidmətçi də öz ağasının malı üzərində himayəçidir və o, öz himayəsində olanlardan sorumludur. Diqqət edin! Hər birniz himayəçisiniz və hər biriniz himayənizdə olanlardan sorumlusunuz.” (Buxari, 5188. Muslim, 1829)

Məsul olmaq qiyamət günü uca Allahın hüzurunda bu əmanətlərə görə hesaba çəkilmək deməkdir. Hətta bəzi elm əhli belə demişdir: “Həqiqətən Allah Qiyamət günü övladı atası barəsində hesaba çəkməzdən əvvəl atanı övladı barəsində hesaba çəkəcəkdir. Atanın oğlunun üzərində haqqı olduğu kimi,, eləcə də oğulun atası üzərində haqqı vardır.” (İbnul Qayyim, “Tuhfətul Məvdud bi-Əhkəmil Məulud”, səh. 229)

İbn Ömər (radıyəllahu ənhu) buyurur: “Oğlunu ədəbləndir (tərbiyə et), çünki sən onu necə tərbiyə etdiyin və ona nə öyrətdiyin barədə sorumlusan (ona görə soruşulacaqsan). O isə sənə yaxşılıq etməsindən və sənə tabe olmasından sorumludur.” (əl-Beyhəqi, “əs-Sunənul Kubra” , 5301)

“Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq.” (əl-Ənkəbut, 8) Uca Allah övladlara valideynləri ilə yaxşı davranmağı əmr etdiyi kimi, valideynlərə də övladları barəsində tövsiyyə edir: “Allah övladlarınız haqqında sizə tövsiyə edir…” (ən-Nisə, 11)

Bu məsələ bu qədər önəm daşıdığı üçün, bu haqda bir neçə amil və əsaslar zikr edəcəyik. Allahın müvəffəqiyyəti ilə saleh və ədəbli bir övlad yetişdirmək kimi şərəfli bir vəzifəni yerinə yetirməyə nail ola bilməsi üçün hətta valideyn olmasa belə hər bir müsəlmana bunları oxumaq və riayət etmək lazımdır.

1. Saleh həyat yoldaşı seçmək.

Bu, insanın hələ övladı dünyaya gəlmədən öncə onun tərbiyəsi naminə son dərəcədə diqqətlə yanaşması zəruri olan amillərdən biridir. Həm qadın, həm də kişi özünə həyat yoldaşı seçərkən ilk öncə onun dininə və əxlaqına önəm verməli və insanlar arasında doğru yola tabe olan, Allah qorxusu və ədəb-əxlaqı ilə tanınan birisi ilə ailə qurmalıdır. Çünki həyat yoldaşı gələcəkdə övladların tərbiyəsində ən çox rol oynayan və ən çox təsir göstərən birisidir. Hətta saleh həyat yoldaşı gələcəkdə övlad tərbiyəsində sənə yardım etməsə belə, onların dininə və əxlaqına heç bir zərəri olmaz, hətta bəzən əxlaqı və davranışları ilə də övladları üçün bir örnək olar.

Məhz buna görə Peyğəmbər (salləllahu aleyhi va səlləm) din sahibi olan qadınlarla evlənməyə rəğbətləndirərək belə buyurur: “Qadınla dörd şeyə görə evlənilir – onun malı, nəsli-nəcabəti, gözəlliyi və dininə görə. Sən din sahibini seç ki, uğur qazanasan.” (Buxari, 5090. Muslim, 1466)

2. Dua etmək.

Həqiqətən bu amillərin ən əhəmiyyətlilərindən biri də duadır – insanın öz övladları üçün dua etməsidir. Bu (dua etmək), övlad dünyaya gəlməmişdən əvvəl də sonra da olur. Onlar dünyaya gəlməmişdən öncə valideynlər Allahdan saleh zürriyyətlə ruzilənmələrini istəməli, dünyaya gəldikdən sonra isə Allahdan onlar üçün hidayət, islah, doğru yola yönəlmələrini, din üzərində sabit qalmalarını istəməlidirlər. Necə ki, bunu peyğəmbərlər etmişlər –

Uca Allah İbrahim peyğəmbər (aleyhissələm) barəsində buyurur: “O dedi: “Ey Rəbbim! Mənə əməlisalehlərdən olan (övlad) bəxş et!”” (əs-Saffət, 100)

Başqa bir ayədə isə: “Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə!” (İbrahim, 40)

Həmçinin Zəkəriyya peyğəmbər barəsində: “Elə oradaca Zəkəriyya Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən”.” (Əli İmran, 38)

Həmçinin Uca Allah “Rahmənin qulları” deyə tərif etdiyi qulların sifətlərini bizə zikr etdikdə onların saleh həyat yoldaşı və övladlar istəyən kəslər olaraq vəsf edərək buyurur: “Onlar deyərlər: “Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!”” (Furqan, 74)

Bununla bərabər qeyd etmək lazımdır ki, Uca Allahın nemətidir ki, valideynin övladı üçün etdiyi dua geri çevrilmir və qəbul olur. Necə ki, Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurmuşdur: “Üç dua vardır ki, onların qəbul olmasında heç bir şəkk yoxdur, bunlar – valideynin duası, müsafirin duası və məzlumun duasıdır.” (Əbu Davud, “Sunən” əsərində, Tirmizi “əl-Cəmi” əsərində, 1905. Şeyx Albani isə hədisin səhih olduğunu bildirmişdir, bax: “Silsilətul Əhədisis Sahihəh”, 596.)

Bu məqamda toxunulması lazım olan mövzulardan biri bəzi valideynlərin övladlarının əleyhinə bəd dua etmələridir. Belə ki, insan öz övladlarına bəd dua etməkdən son dərəcə çəkinməlidir. Xüsusən də qəzəb anında valideyn özünə hakim olmağa çalışmalı, bəd dua etməyə tələsməməlidir. Çünki ola bilsin ki, o dua qəbul olsun və valideyn ömrünün sonunadək etdiyi o duaya görə böyük bir peşmançılıq çəksin.

Peyğəmbər (salləllahu aleyhi va səlləm) bizi bu əməli etməkdən çəkindirərək belə demişdir: “Özünüzə bəd dua etməyin! Övladlarınıza bəd dua etməyin! Malınıza bəd dua etməyin! Çünki elə bir saat vardır ki, o saatda Allahdan nəsə istəyən elə bir kəs yoxdur ki, ona cavab verilməsin.” (Muslim, 3009)

Uca Allah buyurur: “İnsan (özünə) xeyir dilədiyi kimi, şər də diləyir. Doğrusu, insan tələsəndir.” (əl-İsra, 11)

Qatədə (rahiməhullah) buyurur: “Bir kəs öz malına bəd dua edir və öz malına və övladına lənət oxuyur. Əgər Allah onun bəd duasını qəbul etsə, onu mütləq həlak edər.” (Tabərinin, “Cəmiul Bəyəni fi tə`vilil Qur`ən” əsəri, 14/513)

Şeyx Sədi (rahiməhullah) buyurur: “Bu, insanın cahilliyindən və tələskənliyindəndir. Qəzəb anında özünə, övladlarına və malına bəd dua edir, xeyir barəsində dua etməkdə tələsdiyi kimi, bəd dua etməkdə də tələsir… “ (“Təysirul Kərimir Rahmən”, səh. 454)

3. Uşağa gözəl ad qoymaq.

Uşağa Allaha itaət etməklə əlaqəli ad qoymaq da övlada gözəl tərbiyə vermək və onu saleh birisi kimi yetişdirməyə yardım edən səbəblərdən biridir. Məsələn Abdullah, AbdurRahmən, Muhəmməd, Saleh və s kimi insana ibadəti, itaəti xatırladan adları misal çəkmək olar. Bir çox hallarda adlar insana təsir göstərə bilir. Necə ki, deyilir: “Hər bir kəsin öz adından payı vardır”.

Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurmuşdur: “Həqiqətən də Allaha ən sevimli adlarınız Abdullah və AbdurRahməndir.” (Muslim, 2132)

Övladına gözəl ad qoyduqdan sonra valideyn ona adının mənasını açıqlamalı, adının mənasında Allaha sevimli olan cəhəti ona bildirməlidir. Məsələn uşağın adı Abdullahdırsa (Abdullah – tərcümədə Allahın qulu deməkdir), ona xatırlatmaq lazımdır ki, “Sən Allaha qulsan, səni yaradan, səni var edən, sənə bu qədər nemətləri bəxş edən Allahın qulusan. Sən də sənə verilən bu nemətlərə görə şükr etməlisən” və s.

Həmçinin əgər uşağın adı hər hansı saleh bir şəxsin məsələn hansısa peyğəmbərin və ya səhabənin adıdırsa, valideyn ona həmin şəxsin həyatından ibrətlər danışmalı, Allaha ibadəti və itaəti barəsində varid olan səhih rəvayətləri ona tez-tez xatırlatmalıdır ki, uşaqda o kəsə qarşı rəğbət oyansın və özünü ona bənzətmək istəsin. Məsələn uşağın adı Muhəmməddirsə, ona peyğəmbərimiz Muhəmmədin (salləllahu aleyhi va səlləm) həyatını tez-tez nəql etməli, onun əxlaqından örnəkləri ona danışmalı və onu adına layiq birisi olmağa həvəsləndirməlidir.

4. Uşaqlar arasında ədalətli olmaq.

Övladların tərbiyəsində diqqət olunması gərəkən ən əzəmətli amillərdən biri də, onlar arasında ədaləti qorumaq və onlara qarşı səhlənkarlıqdan, laqeydlikdən və ən əsası zülmdən çəkinməkdir. Belə ki, əgər valideynlər və ya valideynlərdən biri övladlar arasında ədaləti qorumazsa , onlar arasında düşmənçilik (ədavət), həsəd və nifrət yaranar. Övladlar arasında ədalətli olmaq isə onların arasında sevginin və məhəbbətin yaranmasına, eləcə də onların öz valideynlərinə qarşı gözəl rəftar nümayiş etdirmələrinə səbəb olacaq ən böyük amildir.

Numən ibn Bəşir (radıyəllahu ənhu) rəvayət edir ki, (bir gün) atası ona torpaq (sahə) pay verdi. Anası isə Allah Rəsulunun (salləllahu aleyhi va səlləm) buna şahid olmasını istədi. O, Allah Rəsulunun yanına gəldikdə O (salləllahu aleyhi va səlləm) soruşdu: “Övladlarının hamısına (bu qədər) pay verdinmi?” O: “Xeyr!”- deyə cavab verdi. Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurdu: “Allahdan qorxun və övladlar arasında ədalətli olun!” (Buxari, 2587)

Başqa rəvayətdə isə “Mən ədalətsizliyə şahidlik etmirəm!” – dedi. (Buxari, 2650. Muslim, 1633)

Başqa rəvayətdə isə “Məgər onların hamısının (sənə) eyni qayğı göstərməsi səni sevindirməzmi?” Atam: “Əlbəttə, (sevindirər)” – dedi. Onda Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurdu: “Elə isə, belə etmə!” (Muslim, 1623)

Bu hədislər hər birimizi övladlarımıza qarşı ədalətsizlikdən, zülmdən çəkindirir. Ədalətsizlik övladların öz valideynlərinin üzünə ağ olmalarına və onların öz aralarındakı bağların qopmasına, bir-birilərindən uzaqlaşmalarına səbəbdir.

5. Mülayim və mərhəmətli olmaq.

Tərbiyədə önəmli məqamlardan biri də odur ki, valideyn öz övladlarına qarşı mülayim, mərhəmətli və lütfkar olmalı və onlara yaxşılıqlar etməyi əsirgəməməlidir. Bununla yanaşı valideyn kobudluqdan, sərtlikdən, şiddətdən və amansızlıqdan uzaq olmalıdır. Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur: “Əgər bir şeydə mülayimlik olarsa, onu mütləq bəzəyər, bir şeydən də mülayimlik yox olarsa, onu mütləq korlayar.” (Muslim, 2594)

Valideynlərin öz övladlarına qarşı bu cür rəftarı ta körpəlikdən başlamalı və bu cür də davam etməlidir. Bu, onların valideynlərinə yaxınlaşmaları və onları sevmələri üçün əsas səbəblərdən biridir. Bu yaxınlıq və bu sevgi valideynlərin onları xeyrə yönəltmələrini, onlara nəsihət etmələrini və eləcə də onların bu çağırışlara cavab verib qəbul etmələrini asanlaşdırır.

Bu barədə Peyğəmbərin (salləllahu aleyhi va səlləm) sünnəsindən bir çox dəlilləri zikr etmək olar. Əbu Hureyrə (radıyəllahu ənhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi va səlləm) Həsən ibn Əlini öpdü. Bu vaxt Əqra ibn Həbis onun yanında oturmuşdu. Əqra dedi:

“Mənim on övladım var, onlardan heç birini öpməmişəm.” 

Peyğəmbər (salləllahu aleyhi va səlləm) ona baxıb dedi: “Rəhm etməyən kimsəyə rəhm edilməz.”

(Buxari 5997, Muslim 2594)

Başqa bir hədisdə Aişə (radıyəllahu ənhə) rəvayət edir ki, bir bədəvi ərəb Peyğəmbərin (salləllahu aleyhi va səlləm) yanına gəlib dedi:

“Siz uşaqlarınızı öpürsünüz?! Biz onları öpmürük.” 

Peyğəmbər (səlləllahu aleyhi va səlləm) dedi:

“Əgər Allah sənin qəlbindən mərhəmət hissini götürübsə (buna) mən nə edə bilərəm?!”

(Buxari, 5998)

6. Daima nəsihət etmək və doğruya yönləndirmək.

Valideyn davamlı olaraq öz ovladına nəsihət etməli və onu bütün məsələlərdə doğruya yönləndirməlidir. İlk öncə ona doğru əqidəni, islam dininin fərzlərini və rüknlarını, üstün əxlaqları və digər şəri məsələləri öyrətməli, eləcə də bütün böyük günahlardan və şəriətin digər qadağalarından çəkindirməlidir. Artıq bundan sonra digər məsələlərdə (müəyyən əxlaq qaydaları, ədəb-ərkan, insanlarla rəftar, geyiminə , təmizliyə və s. məsələlərə riayət etməsi barədə) ona tövsiyyələr və məsləhətlər verməlidir. Valideyn heç bir zaman övladına onun axirəti və dünyası barəsində tövsiyyələr etməkdən usanmamalıdır. Lakin bir daha qeyd edək ki, valideynin övladına verdiyi tövsiyələrin başında övladının dini barəsində və Rəbbinə layiqli qul olmağa çalışmaq yönündə məsləhətləri yer almalıdır.

Uca Allah Quranda Loğmanın (aleyhissələm) öz oğluna tövsiyyəsini zikr edir. O, Loğmanın öz tövsiyyəsinə tövhiddən başlamasını bizə belə bildirir: “Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi: “Oğlum! Allaha şərik qoşma. Həqiqətən, (Allaha) şərik qoşmaq böyük zülmdür!”” (Loğman, 13)

Və yalnız bundan sonra valideynlərlə gözəl rəftar barəsində tövsiyə qeyd olunur: “Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün (səni məcbur etməyə) cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm.” (Loğman, 14-15)

Bundan sonra isə Loğman öz oğluna Uca Allahın öz yaratdığı məxluqlardan xəbərdar olduğunu bildirir: “(Loğman dedi:) “Oğlum! (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır.” (Loğman, 16) Bu isə hər bir əməlimizdə Allahın nəzarəti altında olduğumuzu xatırlamağın nə qədər önəmli olduğuna dəlalət edir.

Artıq bundan sonra Loğman onu bədənlə icra edilən əməllərin ən əzəmətlisi olan namaza yönəldir: “Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Başına gələn çətinliklərə səbr et. Həqiqətən, bu, əzm (tələb edən) əməllərdəndir.” (Loğman, 17)

Sonda isə tövsiyəsini oğlunu üstün əxlaqlara yönəltməklə bitirir: “İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir. Yerişində həddi gözlə, (danışanda) səsini alçalt. Çünki ən çirkin səs uzunqulaq səsidir”.” (Loğman, 18-19)

Həmçinin Uca Allah Öz peyğəmbəri İsmayılı tərifləyərək belə deyir: “O öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı.” (Məryəm, 55)

Eləcə də Uca Allah Muhəmməd Peyğəmbərə (salləllahu aleyhi va səlləm) namaz qılmağı buyurması ilə yanaşı, ona öz ailəsinə namaz qılmağı buyurmasını əmr edir. Uca Allah buyurur: “Ailənə namaz qılmağı əmr et, özün də onu səbrlə yerinə yetir…” (Ta Hə, 132)

Övladlara nəsihət mövzusuna onları onların dininə və əxlaqına zərər verəcək şeylərdən uzaqlaşdırmaq da daxildir. Onları musiqi dinləməkdən, zərərli televiziya kanallarına baxmaqdan, haram məzmunlusaytlara daxil olmaqdan, insanın dinini korlayan, dinin əsaslarına zidd olan məlumatları özündə cəm edən kitablar oxumaqdan və s. digər zərərli təsirlərdən çəkindirməlidir. Əgər bu şeylərdən hansısa uşaqda adət halını alıbsa, valideyn təslim olmamalı və övladının o şeyi tərgitməsi üçün tədbirlər görməlidir. Lakin əvvəl də qeyd etdiyimiz kimi, valideyn bunu verdiyi tərbiyə cavabsız qalmayana qədər mülayim şəkildə etməlidir. . Bununla yanaşı valideyn öz ovladı ilə haram (musiqi, içki və s.) olan məkanlara getməkdən də çəkinməlidir.

7. Saleh yoldaş.

Valideynlərin öz övladların kimlərlə dostluq etməsinə diqqət etməsi tərbiyədə diqqət yetirilməsi vacib olan çox önəmli amillərdən biri hesab olunur. Çünki həqiqətən də dost insanı özünə tərəf çəkən, insana təsir göstərən bir kəsdir.

Peyğəmbər (salləllahu aleyhi va səlləm) yaxşı dostla pis dostun misalını çəkərək belə buyurur: “Həqiqətən, yaxşı dostla pis dostun məsəli ətir satanla körük vuranın məsəlinə bənzəyir. Ətir satana gəlincə, ya o sənə ətir bağışlar, ya sən ondan ətir alarsan, ya da ondan gözəl iy gəldiyini duyarsan. Körük vurana gəldikdə isə, ya sənin paltarını yandırar, ya da ondan pis iy gəldiyini duyarsan.” (Buxari 5534. Muslim 2628)

Həmçinin Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur: “Kişi öz dostunun dinindədir, elə isə sizdən biriniz kiminlə dostluq etdiyinə baxsın.” (Əbu Davud, “ən-Sunən” əsərində, 4833. “əs-Silsilətus Sahihə”, 927)

Məhz bu səbəbdən valideynlər öz övladlarının məktəbdə və s. yerlərdə kimlərlə dostluq etdiyinə, kimlərlə oturub-durduğuna nəzarət etməli və bu məsələyə diqqətlə yanaşmalıdırlar.

Günümüzdə keçmiş zamanlarda mövcud olmayan bir dost növü icad olunub. Bu dostun təsiri də heç də ənənəvi dostların təsirindən zəif deyildir. Bu da sosial şəbəkələr, internet saytları, mesajlaşma vasitələri (messenger, whatsapp və s.) və bu növə daxil olan hər şeydir.Bütün bunlar xüsusən gənclərin evdə və ya bayırda , uzandıqda və ya durduqda, az qala hər hallarında əllərindən düşməyən cihazlarda daşınmaqdadır. Bu da valideynlərin onları daha diqqətli şəkildə nəzarət altında saxlamalarını gərəkli edir. Çünki bu cihazlarda insanın ağlına, dininə, əxlaqına və ədəbinə təsir göstərən əzəmətli təhlükələr gizlənmişdir. Neçə gənc oğlan və qızlar vardır ki, sosial şəbəkə torlarından birinə düşmüş və yolunu azmışlar, kiçik haramlara düşərək daha sonra böyük haramlar işləmişlər.

8. Övladına gözəl örnək ol!

Valideynlər öz övladlarına gözəl örnək olmalıdırlar. Onlara bir şeyi əmr etdikdə, həmin şeyi özləri birinci etməyə tələsməlidirlər. Eləcə də onları hər hansı bir pis şeydən çəkindikdə, özləri həmin şeydən ən uzaq duran kəslərdən olmalıdırlar. Valideynin dili bir şey deyib, əməli isə başqa şeyi nümayiş etdirməməlidir. Çünki sözdə və əməldə olan bu ziddiyyət övladların onlara edilən nəsihətləri tərk etmələrinə, onları qəbul etməmələrinə və onlara qarşı səhlənkar yanaşmalarına gətirib çıxarır. Uca Allah buyurur: “Siz Kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyiniz halda, özünüz (bunu) unudursunuz? Məgər anlamırsınız?” (əl-Bəqara, 44)

Həmçinin Şueyb peyğəmbər (aleyhissələm) öz qövmünə belə deyir: “Sizə qadağan etdiyim şeyləri etməklə sizin əleyhinizə çıxmaq istəmirəm.” (Hud, 88)

Başqa bir ayədə isə Uca Allah buyurur: “Ey iman gətirənlər! Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız? Etməyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır.” (Saff, 2-3)

Bu xüsusda bilmək lazımdır ki, insanın əməli ilə birisinə örnək olması, sözü ilə birinə örnək olmasında daha təsirlidir.

Təqdim etdiyimiz bu amillər insana övlad tərbiyəsində yardımçı olacaq səbəblərdir. Müsəlman bilməlidir ki, övladlarının tərbiyəsində bu amillərə riayət etməyin bəhrəsini ilk öncə bu dünyada və öldükdən sonra dadan elə ən birinci özü olacaqdır. Bu dünyada bu tərbiyənin bəhrəsi həmin insanın saleh, ona yaxşılıqlar edən və onun üzünə ağ olmayan bir övladı olmasıdır. Çünki valideynin övlad tərbiyəsində əsas tutduğu İslam dini, uşağı bu şeylərə dəvət edir .

Ölümündən sonra isə həmin övlad onun üçün dua edəcək. Necə ki, Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur: “İnsan öldükdə onun bütün əməllərinin (savabı) kəsilir, yalnız bu üç şeydən başqa: davamlı sədəqə, yaxud faydalı elm, yaxud da saleh övlad.” (Muslim, 4310)

Övlad tərbiyəsi çox önəmli bir mövzudur. Valideynlər bu məsələyə son dərəcə diqqət göstərməlidirlər. Çünki övladların fəsada uğramalarının əsas səbəblərindən biri də valideynlərin tərbiyədə göstərdikləri səhlənkarlıqlardır.

İbnul Qayyim (rahiməhullah) buyurur: “Kim övladına fayda verən şeyləri ona öyrətməkdə səhlənkarlıq göstərər və onu başlı-başına buraxarsa, ona qarşı ən böyük pisliyi etmiş olar. Bir çox uşaqların tərbiyəsinin korlanması atalarından, onların tərbiyədə buraxdıqları səhlənkarlıqlardan, övladlarına dinin fərzlərini və sünnələrini öyrətməmələrindən irəli gəlir.” (“Tuhfətul Məvdud bi Əhkəmil Məulud”, səh. 229)

Və burada çox önəmli bir məsələyə diqqət yetirmək lazımdır! Valideyn öz övladını tərbiyə etməklə və göstərilən nəsihətlərə əməl etməklə yanaşı öz işini Allaha həvalə etməli, Ona etimad göstərib, Ona təvəkkül etməlidir. Qəlbini bu səbəblərə bağlamamalı, onların sadəcə səbəb olduğunu bilməlidir. Əksinə öz övladlarının islah olmasında Allaha təvəkkül etməli və Allahdan onları Öz saleh qullarını qoruduğu kimi qorumasını istəməlidir.

Şeyx İbnu Useymin (rahiməhullah) buyurur: “Mən düşünmürəm ki, kimsə övladları barəsində Allahdan qorxsun və onları tərbiyə etməkdə şəriətin qoyduğu yola tabe olsun və nəticədə Allah onun övladlarını hidayət etməsin.” (“Fətəva Nurun aləd Dərb”, 2/24)

Sonda Allahdan istəyirik ki, hər birimizə övladlarımızı tərbiyə etməkdə, onları doğru yönə istiqamətləndirməkdə , onları islah etməkdə, aşkarda və gizlində olan bütün fitnlərdən qorumaqda, onları azmadan və azdırmadan hidayət olunanların önündə gedənlərdən olmasında bizə yardım etsin! Həqiqətən də O, duaları Eşidən və dualara cavab verəndir.

Şeyx AbdurRazzəq əl-Bədrin “Rakəizu fi tərbiyətil əbnəi” adlı kitabı müxtəsər və cüzi əlavələr edilərək tərcümə olunmuşdur

Tərcümə etdi: senxatirlat.com saytının rəsmi heyəti

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    20.11. 2024
    NamazVaxt
    Sübh05:55
    Günəş07:33
    Zöhr12:27
    Əsr15:00
    Məğrib17:20
    İşa18:50
    Namaza yeni başlayıram

Son əlavə olunanlar