Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:
Əziz tərbiyəçi, müəllimə, ana! Bil ki, sənin müsəlman uşaqlara faydalı elm öyrətməyin ən fəzilətli itaətlərdən və öləndən sonra da davam edən sədəqələrdəndir və bu savabın tam olması üçün sənə bəzi nəsihətləri təqdim edirik.
Uşaqlarımızın müəllimi hansı xüsusiyyətlərə sahib olmalıdır?
1. Şəxsi xüsusiyyətlər:
- İxlas
Sənin işinin müvəffəqiyyətli olması üçün, faydasını dünya və axirətdə görmən üçün, hər əməlindən əvvəl niyyətinə fikir ver. İxlas – Allahın köməyi üçün ən əsas səbəblərdəndir. İxlas – əməlini ilk öncə Allahın razılığını qazanmaq, Onun əmrinə tabe olmaq üçün etməkdir.
İxlasın əlamətlərindən – vaxtını boş keçirməmək, zəif tələbələrə xüsusi diqqət yetirmək, uşaqların səndən yaxud başqasından öyrəndiyi faydalı elmə sevinməkdir.
İnsanların tərifini qazanmaq üçün çalışma, çünki bu əməli puç edir. Daima Allahdan ixlas və sabitlik dilə.
Müəllimə nə qədər öz gücünü, qüvvətini zəif, Allahın gücünü və qüdrətini çox görsə, anlasa ki, güc və qüvvət yalnız Allahdandır, bir o qədər hidayət üzrə seyr edər.
- Təqva (Allah qorxusu)
Təqva – Allahın əmr etdiklərini yetirmək, qadağalarından çəkinməklə olur. Təqvanı əldə etmək üçün namazlarında müntəzəm, ciddi ol, Allahı zikr et, Quranı oxuyub ona əməl et, nafilə ibadətlərə həris ol, oruclara, sədəqəyə. Allah bizi görür, nəfsimizdə olanları bilir, əməllərimizi sayır və bir vaxt onlara görə bizi hesaba çəkəcək. Bunu anlamaq tərbiyəçini Allahdan gizlində və aşkarda həya etməyə yönəldir.
Allah qorxusu – qəlbdə gizlənən qüvvədir. İnsanların xəbərsiz olduğu məqamlarda da ən doğru olanı etməyə, haramdan və zülmdən çəkinməyə səbəbdir.
Düzgün əqidə üzrə olmağa çalış. Düzgün əqidəni öyrən ki, qəlbində Allahın nifrət etdiyi şirk, küfr, bidətlər olmasın.
- Təvazokarlıq
Bu xüsusiyyət dünya və axirətdə nicat tapmaq istəyən müəllimə və tərbiyəçi üçün mütləqdir. Təvazökar müəllimə yumşaq, dözümlü, yola verən, qəzəbini söndürən, başqalarına pis sözlə müraciət etməyən, sual verməkdən utanmayan və özündən kiçik olandan öyrənməyə təkəbbürlə baxmayandır. Peyğəmbər ﷺ buyurduğu kimi “Allah üçün təvazökar olanı Allah ucaldar.” (Muslim, 2588)
- Məsuliyyət
Tərbiyəçinin məsuliyyəti çox böyükdür. Ona verilən əmanət əzəmətlidir. Əgər həkim uşağın bədən sağlamlığının qayğısına qalırsa, ana, tərbiyəçi, müəllimə uşağın həm fiziki həm də mənəvi sağlamlığına təsir edə bilir. Onun əsas məsuliyyəti sadəcə uşağa müəyyən bacarıq və bilikləri ötürmək deyil. Bu bilik və bacarıqları ona fayda verəcək şəkildə istifadə etməyi öyrətməkdir.
- Daxili və zahiri paklıq
Zahiri görünüşünün təmiz və səliqəli olmasına fikir verməklə yanaşı tərbiyəçi daxilinin də pak olmasına böyük diqqət yetirməlidir. Təkəbbürlük, riya, özündən razı olmaq, tamahkar, yaltaqlıq, yalan kimi pis əxlaqdan uzaq olmağa çalışmalıdır. Söz gəzdirmək, qeybət, öyünmək kimi hərəkətlərdən çəkinməlidir. Bütün bunlar müəllimənin heybətinə xələl gətirir, islahına mane olur. Qaldı ki başqasını islah etmək. Peyğəmbərin ﷺ bu duasını çoxaltması necə də gözəl olar: “Allahım nəfsimizə təqva ver və onu təmizlə. Onu ən yaxşı Sən təmizləyə bilərsən.” (Muslim, 2722)
2. Tərbiyə və tədrisə aid keyfiyyətlər:
- Elm tələb etmək
Daima elmini artırmağa, inkişaf etməyə çalışmaq. İlk öncə Quran əzbərləmək və onu düzgün oxumağı öyrənmək, hədisləri öyrənmək, faydalı ədəbiyyatı mütaliə etmək.
- İstək
Uşaqlara elm öyrətməyə sevgi ilə yanaşmaq. Uşaqlar arasında əmələ gələn problemləri hikmətlə düzgün müalicə etmək. Uşaqların müvəffəqiyyət qazanacağına inanmaq və ümid üzməmək. Uşaqların marağını cəlb etmək, onları həvəsləndirmək. Bundan ötrü Allahdan kömək diləmək.
- Tədrisdə tədricən irəliləmək
Asandan çətinə doğru getmək. Uşağı hazırlaşdırmaq, mövzunu təqdim etmək və yalnız sonra hissə-hissə mövzunu uşağa başa salmaq. Sonra tətbiq və mövzunu bərkitmək.
- Fərdi xüsusiyyətləri qorumaq
Hər uşağın özünə xas olan xüsusiyyətlərinə fikir vermək. Müxtəlif üslub və vasitələrdən istifadə etmək və bununla da hərənin öyrənmə bacarığına uyğun yol tapmaq. Bütün tələbələrin iştirakını təmin etmək.
- Rifq (yumşaqlıq, hikmət)
Gündəlik proqramı uşağın səviyyəsinə uyğun qurmaq. Uşağın hərəkətə, oynamağa olan ehtiyacını ödəmək.
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!