Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:
Şübhə sözü ərəbcə bənzərliyə, qarışıqlığa (iştibəh) görə deyilib. Yəni, haqla batil bir-birinə bənzədikdə, haqla batili ayırd etmək mümkün olmadıqda, insan üçün batil haqqa bəzədiyi zaman buna “şübhə” deyilir.
Şübhə insanın qəlbinə gəlir, insanla insanın haqqı kəşf etməsinə, haqqı anlaşmasına mane olur. O cümlədən də şübhə şeytanın hiylələrindəndir. Uca Allah buyurur: «Həqiqətən də şeytanın hiyləsi zəifdir» (ən-Nisə, 76)
Şübhələr də şeytanın hiyləsi qəbilindəndir. Doğru şəkildə cavab verildiyi zaman puç olub getməyə məhkum olur. Çünki, batil məhv olmağa məhkumdur. Uca Allah buyurmuşdur: «De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də, batil puçluğa məhkumdur!”» (əl-İsra, 81).
Lakin, bəzən haqq əhlinin zəifliyi səbəbilə şübhələr ayaq tutub yeriyə bilir.
Ona görə də imam əl-Əuzəi (Allah ona rəhmət etsin) demişdir: «Əgər bidətlər yayılsa və elm əhli onları pisləməzsə, onda insanlar bidətləri sünnə hesab edərlər.» (Şərafu Əshəbil-Hədis, 19).
● Şühələrin növləri:
1) Vəsvəsə həddinə çatan, insanı xəyallara salan, xəstəlik həddinə çatan şübhələr.
2) Əqidənin əsaslarına təsir edən şübhələr, bu cür şübhələr qalıcı olur, ümmətin övladlarına zaman-zaman təsir edir. Buna bəzi İslami firqələr, İslami olmayan Quranilər, sünnə inkarçılarını və s. daxil etmək olar.
3) Cəzalar babında, cinayətlərin şübhə ilə aradan qaldırılması; o da bu hədisə daxildir:
«الحدود تدرء بالشبهات»
4) Müasir fəlsəfi və əqli şübhələr. Bura ateistlərin və deistlərin şübhələrini daxil etmək olar.
● Şübhə mövzusunda görürük ki, hər firqə bir mövzunu şişirdir. Hətta, qeyri-İslami dinlər və yollar belə, xülasə bütün şübhə əhli bunu edir:
Xaçpərəstləri İsa (aleyhissələm) peyğəmbərə sevgidə ifrata varmaqları ona ilahi sifətlər vermələrinə səbəb oldu və onu ilahiləşdirdilər.
Yəhudilər isə özlərinə çox peyğəmbər gəlməsindən qürurlanıb bütün bəşəriyyəti özlərinə kölə kimi görmək istədilər. Halbuki, onlara çoxlu peyğəmbərlərin gəlməsi onların inadkar bir tayfa olmalarına görə idi.
Bütpərəstliyin əvvəli belə saleh insanların xatirələrini qorumaqda həddi aşmaqdan meydana gəlmişdi. Onların babalarının ola bilsin ki, bütlərə ibadət etmək niyyətləri yox idi. Amma, salehlərin xatirəsi üçün çəkilmiş şəkillər sonradan heykəllərə dönmüşdü. Növbəti nəsillər isə həmin heykəlləri ilah zənn edib onlara ibadət etməyə başladılar.
Sufilər zahidliyi şişirdir. Hətta, onlardan bəziləri tamamilə tərki-dünya olurlar. O tərki-dünyalıq ki, ifrata vardıqda məzəmmət olunur. Sufilər bəşərə “sevgi” mövzusunda ifrata varmış və hətta Allahın və Elçisinin düşmənlərini də sevməyə başlamışlar. İmamlara ilahi sifətlər verməkdən çəkinməmişlər.
Xəvariclər o qədər “Tağut-tağut” deyirlər ki, artıq müsəlman alimləri də kafir görürlər, öz fikirlərində olmayanların hamısını kafir görürlər. Xəvariclər isə sufilərin əksinə “qorxu” babında ifrata varmışlar və bu da onları şiddətli davranılması gərəkməyən yerlərdə şiddətli davranmağa sövq etmişdir.
Şiələr əhli beyti, imamları şişirdirlər, hətta, Kəbənin yanında, Ərəfa dağında Allahı zikr etmək yerinə Hüseynin (Allah ondan razı olsun) adını zikr edirlər. Ya da görürsən ki, şirki halal görmək üçün saleh insanlarda həddi aşmaqla da olsa buna əl atırlar. İmamlara ilahi sifətlər verməkdən çəkinmirlər.
Quranilər: Quranı önə çəkməkdə həddi aşaraq hədisləri inkar etmiş, ümmətin bu yolla ağ günə çıxacağını iddia edirlər.
Ateistlər isə əllərində “maddi elm” şüarını bayraq edir, mənəviyyat və əxlaqi yöndən qafil qalır, necə sualına bəzən cavab verə bilən, “nə üçün” sualına isə cavab verməyən “maddi və təcrübi” elm mövzusu çox hallarda şüar kimi istifadə etməkdən o yana keçə bilmirlər.
Bu siyahını uzatmaq olar, lakin, mövzumuz bu deyil.
Bunların hərəsi “bir sözü” əlində bayraq edib, bir sözdə həddi aşıb haqdan uzaqlaşırlar. Onların da özlərinə görə şübhələri var.
● Şübhə əhli ilə söhbət mövzusu: Onlarla kim söhbət edə bilər, kim yox? bu firqədən-firqəyə, şəxsdən şəxsə dəyişir.
Elə şübhə əhli var ki, onlarla danışmağı hər adam edə bilməz. Məsələn; ateistlər və ya deistlər. Onlarla elm tələbələri və bir də bu sahədə təcrübəsi olan, dünyəvi elmləri yaxşı bilən, İslam əqidəsini yaxşı bilən kəslər söhbət edə bilər. Elm tələbəsi olmayanların isə İslam əqidəsini yaxşı bilməsi, dünyəvi elmlərdə qüvvətli olması şərtdir. Lakin, yenə üstünlük elm tələbələrinə verilir. Çünki, elm tələbəsi elmin mahiyyətini bilir. Çünki, İslam əqidəsi ona əsil elmi və ikinci dərəcəli elmlərin mahiyyətini izah etdiyi üçün onun dünyəvi şübhələrdən sarsılmaq ehtimalı çox azdır. Lakin, İslam əqidəsini bilməyən kimsənin şübhələrdən sarsılmaq ehtimalı daha çoxdur. Çünki, o yəqinlik və əqidə elmini bilməklə özünə sabitliyin yolunu çizməmişdir. O sabitliyin yolu ki, insan bu yolu çizdikdən sonra insana həmin yolda yürümək, irəliləmək qalır. Müvəffəqiyyət isə Allahdandır.
Ateistlərlə danışmaq istəyən müsəlmanlarda deyilən vəsflər yoxdursa, bunu etməsinlər. Bunu etməyə məcbur olanlar isə bu sahədə təcrübəsi olan bəzi din xadimləri, ilahiyyatçılarla məsləhətləşsinlər.
Qurani-Kərimdə: «Belə olduqda sən kafirlərə baş əymə və onlara qarşı bununla böyük bir cihad et!» (Furqan, 52).
Bu ayənin mənası, təfsiri barədə – Quran, döyüş və başqa mənalar deyilmişdir. Həmçinin ibn Qeyyim (Allah ona rəhmət etsin) demişdir ki: «Hüccət (dəlil-sübutla, elmlə) və dil ilə cihad etmək əl ilə cihaddan öncə gəlir.»
Şeyxulislam ibn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: «Münazirənin cinsi bəzən vacib, bəzən isə müstəhəb olur» (Məcmuul-Fətəva).
O, həmçinin demişdir: «Bidət əhlinə rədd vermək cihaddan daha əhəmiyyətli olur. Nə zaman və kimin üçün? deyə soruşsaq, bu elm əhlinə aiddir. Çünki, o ölsə, elm də onun sinəsində öləcək və insanlar cahillərdən fətvalar almağa başlayacaqlar.» (Şeyx Muhəmməd ibn Bəxit əl-Huceylinin mühazirəsindən)
● Şübhələrə rəddiyyə verməyin hökmü nədir?
Bu fardu kifəyədir. Yəni, bir qism insanlar bu işi görsələr bəs edir.
İbn Bəz (Allah ona rəhmət etsin) demişdir:
«Ola bilsin ki, şübhələrə cavab vermək hər kəsə vacib olsun. Bu da iki halda olur:
1) Şübhəni daşıyanlar çoxalarsa,
2) Həmin münkəri inkar edənlər az olarsa.»
(Mənbə: Şeyx Muhəmməd ibn Bəxit əl-Huceylinin Mədinə İslam universitetində “şübhələr” mövzusunda verdiyi mühazirədən iqtibas)
Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: «Sizin üçün ən çox qorxduğum şey qarınlarınızda və övrətlərinizdə olan haram şəhvətlər və azdırıcı fitnələrdir.» (İmam Əhməd rəvayət edib, Şeyx Albani səhih görüb.)
● İnsan iki şeydən azır: Şübhə və şəhvət. Şübhədən azanların qayıtması daha çətindir.
«Onlar batil fikirlərə daldıqları kimi, siz də daldınız.» (Tövbə, 69).
Şeyxulislam ibn Teymiyyə (Allah ona rəhmət etsin) deyib ki: «Xalqlara, ümmətlərə şübhələrdə tabe olmaq şəhvətlərə tabe olmaqdan daha şiddətlidir.» (qeyd olunan mühazirədən iqtibas)
İnsanın hər dəfə Allaha yaxınlığı qüvvətləndikcə onun fitnələrdən qorunması da qüvvətlənər.
Ona görə də fitnə vaxtı ibadət etmək peyğəmbərin yanına hicrət etmək kimidir.
Alimlər deyirlər ki:
Qəlbin gücünə görə qəlb şübhələrdən təsirlənir;
Zəif təsirlənir, güclü isə şübhələrə qalib gəlir.
● Sıravi insanların arasında şübhələri yaymağın hökmü nədir?
Azğın fikirləri, şübhələri, – istər mühazirə şəklində olsun, istər dialoqlar şəklində, istər forumlarda, istər də video sujetlər şəklində və s. olsun – o şübhəni inkar etmədən, rədd və cavab vermədən eşitmək, oxumaq və yaymaq bütün bunlar icazəli deyil, qadağan edilməlidir. Qəlblərə şübhə yeri əsrin deyə bu cür şeyləri yaydıqda bu şərtə əməl olunmalıdır.
İmran ibn Hüseyndən (Allah ondan razı olsun) rəvayət olunur ki, o dedi: Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: «Kim dəccal haqqında eşidərsə, qoy ondan uzaq dursun. Çünki, bir kişi onun yanına gələr, onun gətirdiyi şübhələrdən dolayı doğru danışdığını hesab edərək ona tabe olar.» (Sahih Əbu Davud, 4319)
Bu hədisdə deyildi ki, dəccal haqda eşidən uzaqlaşın, uzaq dursun, demədi ki, şübhələri dinləsin.
● Dinsizlərin sosial şəbəkələrdəki qruplarına girməyin hökmü nədir?
Dinsizlərlə bir arada sıravi insanların əyləşib dini müzakirə etməsi icazəli deyil. Xüsusən də biz bilirik ki, ateistlərin əksəriyyəti qarşısındakı insanın dini yaxşı bilmədiyini, daha doğrusu onun şübhələrinin həmin şəxs üçün yeni olmasından istifadə edərək başlayırlar dinlə istehza etməyə, dini və dindarları məsxərəyə qoymağa ki, bu cür söhbətlər Qurani Kərimə əsasən qadağan edilir. Uca Allah Quranda bu barədə buyurur:
«Allah Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman, günahkarlar başqa bir söhbətə keçməyincə onlarla bir yerdə oturmayın. Yoxsa siz də onların tayı olarsınız. Şübhəsiz ki, Allah bütün münafiqləri və kafirləri Cəhənnəmə toplayacaqdır.» (Nisə, 140).
Eləcə də bu mövzularda savadı olmayanların danışması, onların qruplarına girməsi icazəli deyil. Çünki, bu zaman onların qəlbi şübhələrdən təsirlənə bilər. Elm sahibi olmadıqda insan daha tez şübhələrdən təsirlənir. Buna baxmayaraq, elmi olan, lakin, ateizm və deizm mövzusunda məlumatlı olmayanların, onların şübhələri haqda təcrübəsi və elmi olmayanların – şəri elmləri olsa belə – həmin qruplara girmələri icazəli deyil. İmam Zəhəbinin dediyi kimi: «Çünki, qəlblər zəifdir, şübhələr isə yeriyəndir.»
Yuxarıda İbn Bəzin (rahimahullah) bir sözü qeyd edilmişdi. İki şərt olanda hər kəsə vacib olur rədd vermək, bundan məqsəd isə elm tələbələri, ilahiyyatçılardır. Sıravi insanlar deyil. Çünki, sıravi insan danışsa, rədd versə, elmi olmadığı üçün özü şübhəyə düşə bilər. Ona görə məsələlərə düzgün yanaşmalıyıq, alimlərin sözlərini düz başa düşməliyik. Həmin alim o sözü elm tələbələrinin, ilahiyyatçıların qabağında deyib, sıravi insanlara deməyib.
Yuxarıda qeyd olunan ayəyə diqqət yetirsək, Allahın ayələrinə istehza edənlərlə bir arada olanların məclisində oturanlar, oradan uzaqlaşmayanlar, onlara qarşı çıxıb onların batil sözlərini inkar etməyənlər haqqında Uca Allah deyir ki: «Yoxsa, siz də onların tayı olarsınız.»
Ona görə də birdən qarşına onların şübhələri çıxsa, kiminsə Facebook’da və s. sosial şəbəkələrdə bir paylaşım etdiyini görsən, söhbəti uzatmadan hazır cavab verən məqalə və ya səsli, görüntülü dərs görsən, onlara cavab olaraq paylaş. Bunu etsən bəs edir. Yəni, illa da cavab vermək istəsən, hazır bir cavabı göndərə bilərsən. Əgər cavab tapa bilməsən, elm tələbələrindən, ilahiyyatçılardan soruş. Amma, bəsit bir şey olsa, cavab verə bilərsən, məsələn; Həcc vaxtı “Həccin pullarını kasıblara verin” deyənlərə «Yay tətilində kurortlara xərclənən pulların da dərdini çəkməyi» tövsiyə edə bilərsiniz və s.
● Şübhəli şeylərdən çəkinmək deyəndə iki məsələ nəzərdə tutulur;
Biri var haramlardan çəkinmək; bəzi şübhəli əməllər var ki, insan dinini qorumaq üçün bu şeylərdən çəkinir. Buna الورع vəra deyilir. Biz bundan danışmırıq. Biz haqq və batil adına çıxarılan şübhələrdən danışırıq, o şübhələr ki, insanın düşüncəsinə, dininə, əqidəsinə, əxlaqına köklü təsir edir.
● Sələfilərin şübhələrdən çəkinməsinə bəzi misallar:
İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət olunur ki, o demişdir: «Mənim üçün yer üzündə “qədərilər” firqəsi qədər nifrət etdiyim bir tayfa yoxdur. Hansı ki, gəlib mənimlə “qədər” mövzusunda mübahisə edirlər. Bu ona görədir ki, onlar Allahın qədərini bilmirlər. Halbuki, Allah etdiklərindən sorğu-sual olunmaz, onlar isə sorğu- sual olunacaqlar.» (Acurri, əş-Şəriə, səh 213)
Süfyan əs-Sovri (Allah ona rəhmət etsin) demişdir: «Hər kim bildiyi halda bir bidət əhlinə qulaq asarsa, o Allahın qorunmasından çıxar və öz nəfsinə həvalə olunar.» Həmçinin, o demişdir: «Hər kim bir bidət barədə eşidərsə, onun barədə öz yoldaşlarına danışıb onların qəlbinə o bidəti salmasın.» Bu sözləri imam Zəhəbi nəql edir, sonra isə deyir ki: «Sələf imamlarının əksəriyyəti bu cür çəkindirmək üzərində olublar. Onlar hesab edirdilər ki, qəlblər zəifdir, şübhələr isə yeriyəndir.» (Siyər Aləmin-Nubələ, 7/261)
İbn Qudəmə (Allah ona rəhmət etsin) deyir ki: «Sələflər bidət əhli ilə oturmağı, onların kitablarına baxmağı və sözlərini dinləməyi qadağan edirdilər.» (Ədəbuş-Şəria, ibn Muflih, 1/251).
Alimlərdən ibn Aqil əl-Hənbəli (Allah ona rəhmət etsin və onu bağışlasın) mötəzilənin fikirlərindən təsirlənmişdi və dövründə yaşayan alimlər onun mötəzilələr ilə söhbətlərdən təsirləndiyini qeyd edirdilər. İmam Zəhəbi (Allah ona rəhmət etsin) də deyir ki, ona nə qədər desələr də Mötəzilələrdən uzaq dur, o üz döndərirdi. Axırda dəlilləri təvil etməyə başladı.
Beyhəqi İmam Şafi (Allah ona rəhmət etsin) haqda məlumat verərək deyir ki, o bidət əhlinə və ateistlərə qarşı şiddətli idi. (Mənaqıbış-Şafi, 1/469)
Qurtubi (Allah ona rəhmət etsin) dedi: «İmam Malik bu ayəni “qədərilər” firqəsinə düşmənçilik etməyə və onlarla oturub-durmağı tərk etməyə dəlil hesab edirdi:
«Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla dostluq etsinlər.» (Mücadilə, 22). (Təfsiru Qurtubi, 17/308).
İmam Əhməd (Allah ona rəhmət etsin) demişdir: «Əgər bir kişi bidət əhlinə salam verərsə, demək ki, o onu sevir.» (Tabəqatul-Hənəbilə, 1/196).
Qeyd: Alimlərin bu cür sözlərini götürüb onu əsli əhli sünnə olanlara tətbiq etmək doğru deyil. Bu sözlər əqidəsi konkret sapıq və pozğun adamlara, həqiqi bidət əhlinə şamil edilir. Bəzi insanlar alimlərin bu cür sözlərini yanlış anlayaraq əqidəsi və mənhəci salamat insanlara tətbiq edir. Heç kimin zənn-güman ilə müsəlmanlardan salamı kəsməsi doğru deyil. Bir insanın bidətçi olması üçün onun əhli sünnə dairəsindən çıxması barədə dəlil gərəkdir.
Həmçinin, alimlərin bidət əhli barədə sözlərindən Abdullah ibn Mubarək (Allah ona rəhmət etsin) demişdir: «Ey Allahım! Bidət əhlinin mənə bir yaxşılığının keçməsindən və bununla da qəlbimdə onlara sevgi yaranmasından məni qoru.» (Şərh Usul Etiqad Əhlis-Sunnə vəl-Cəməa, Laləkəi, 1/140).
Sələflərdən elələri var idi ki, bidət əhlindən bir ayə belə eşitmək istəmirdilər, deyirdilər ki, onlar ayəni deyib istədikləri kimi yozacaq və bizi şübhəyə salacaqlar. İnsan şübhəyə düşməsə belə qəlb zəifdir və batil fikirləri eşitməkdən təsirlənir. Ona görə də batil fikirlərdən cahil qalmaq özü sıravi insanlar üçün bir nemətdir.
İmam Malikin (Allah ona rəhmət etsin) yanına bir nəfər bidət əhli gəlir və onunla danışmaq istəyir. İmam Malik ona deyir: «Mənə gəldikdə isə, mən dinimdən şəkk-şübhədə deyiləm. Sən isə şəkk- şübhə içindəsən. Get özün kimi şəkk-şübhədə olanı tap və onunla mübahisə et.» (Hilyətul-Əuliyə, 9/88).
● Şübhələrdən qorunmaq da iki cürdür;
Birincisi; Şübhələr gəlməmişdən öncə qorunmaq,
İkincisi; Şübhələr gəldikdən, şübhələrlə tanış olduqdan sonra ondan qorunmaq.
Bizim indiki söhbətimiz isə şübhələr gəlməmişdən öncə qorumaqla əlaqəlidir.
● Şübhələrdən gəlmədən öncə qorunmaq üçün mühüm qaydalar:
(Qeyd: Bu qaydalar xüsusən də müasir şübhələrə aiddir, müasir şübhələr arasında bəzi İslami firqələrin şübhələri olduğu kimi, dinsizlərin, ateist və deistlərin də şübhələri var, indi qeyd olunan qaydalar həmin şübhələrdən qorunmaq üçün çox böyük əhəmiyyət kəsb edir)
Birinci qayda: Bilmək lazımdır ki, hər bir şübhə cavab verilməyi haqq etmir; Elə şübhələr var ki, zahirindən batil olduğu açıq aydın görünür. Yəni, istər elm tələbəsi (ilahiyyatçı) olsun, istər də sıravi müsəlmanlar bunu dərk etməlidirlər. Ona görə də salehlərdən bəziləri deyiblər ki: hər hürən itə cavab versəydik, ömrümüz it qovmaqla keçərdi.
İkinci qayda: İnsan şübhə gələn məsələdə yəqinlik içində olmalıdır; Haqq olaraq bildiyi məsələyə qarşı sürülən fikirin hələ iddiadan başqa bir şey olmadığını bilməlidir. Xüsusən də müasir şübhələrdə Allah, peyğəmbər, mələklər, kitablar, qəzavü-qədər və s. kimi mövzularda onun yəqinliyinə kiçik bir xələl gətirən hər şeydən uzaq olmalıdır.
Üçüncü qayda: Tənqidçi bir dərrakə ilə şübhələrə yanaşmaq; əgər müsəlman şübhələr barədə tənqidi mövqe seçərsə, bu metod ona şübhələr gəlməzdən öncə hazırlıq olacaqdır. Bu cür tənqidçi müsəlman dəlilsiz sözü qəbul etməz, batil dəlilləri tanıyar, çaşdırıcı şübhələri hiss edər. Gənclərə təsir edən şübhələrin çoxunda tənqidi mövqenin olmadığının, araşdırıcılığın olmadığının şahidi oluruq. Sağlam düşüncə formalaşdırmaq, məqbul və qeyri məqbul dəlilləri tanımaq şübhələrdən qorunmaq babında çox mühümdür.
Ona görə də İslam alimləri məlumatları dəqiqləşdirməkdə, tələsməməkdə, araşdırmaqda bizim hamımıza nümunədirlər.
Dördüncü qayda: Əsaslı şəkildə elm öyrənmək; ərəbcə buna التأصيل الشرعي deyilir. (İslam əqidəsi, fiqh, üsulu fiqh, mustalah «yəni, hədis terminləri», ərəb dili, Quran elmləri) İslami elmləri köklü surətdə yaxşı tədris edib öyrənmək; Bu da çox mühümdür. Çünki, bu elm öyrənən şəxsin şübhələrdən qorunması üçün möhkəm şəriət qaydalarını əldə etməsinə, hətta, şübhəni gətirənin özünə belə yanlış fikirdə olduğunu anlamaqda yardımçı olacaqdır. Əsaslı, köklü şəkildə elm öyrənməyi əvəz edən başqa bir vasitə yoxdur.
Beşinci qayda: İnsan dinin məsdərlərindən, mənbələrdən mötəbər olanları və mötəbər olmayanları bilməlidir.
Altıncı qayda: Şübhələr sahəsində mütəxəssis olmayanların cavablar hazırlamaqdan uzaq olması;
bu o mənadadır ki, onların kitablarını oxumaq, sosial şəbəkələrdəki saytlarına girmək, statusları ilə tanış olmaq və ya onların paylaşımlarını paylaşmaq, bunların heç biri icazəli deyil. İstər onların fikirlərilə tanış olmaq məqsədilə, istər də vaxt keçirmək niyyətilə bu iş edilsin, fərqi yoxdur.
Lakin, hazır cavabları yaymaq bura daxil deyil. O cümlədən də hazır cavabları oxumaq, şübhələrə cavabları öyrənmək də bura daxil deyil.
Amma, mütəxəssislərə aid olan şeyləri sıravi insanlardan yaxşı niyyətlə edən neçə-neçə insanlar olmuşdur ki, xüsusən də dinsizlərin (ateist və deistlərin) şübhələrindən təsirlənmişlər. Halbuki, onlar nə niyyətlə girmişdilər, amma, gözləmədikləri mənfi təsirlərlə üzləşdilər. Bu da bizə bidət əhlinin, batil əhlinin sözlərindən çəkinmək, uzaq durmaq barədə alimlərin sözlərini xatırladır ki, onlar daim «Qəlblərin zəif olduğunu, şübhələrin isə qəlbləri ovladığını» qeyd ediblər. Necə ki, böyük İslam alimi imam əz-Zəhəbi (Allah ona rəhmət etsin) də bu sözləri demişdir. – Allah ona rəhmət etsin!
Yeddinci qayda: Şübhələrə rəddiyyələr kitablarını, varsa, məqalələri oxumaq, yoxdursa, video dərsləri dinləmək;
Bu daha çox ilahiyyatçılarla, elm tələbələrinə aid olsa da digərlərindən bacaranlar üçün faydalı ola bilər. Amma, bunun da şərtləri var:
Birinci şərt: Bu şübhələr o cəmiyyətdə yayılmış şübhələr olmalıdır. Yayılmamış şübhə ilə tanış olmağa ehtiyac yoxdur.
İkinci şərt: Oxunan kitablar elə olmalıdır ki, qısa və konkret, fikri dağıtmayan cavablar versin. Çünki, bu mövzuda bir çox kitablar geniş izahla verilsə də bu kitablar sıravilər üçün deyil, mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Üçüncü şərt: Cavablar dəqiq olmalıdır və möhkəm, məqbul dəlillərə əsasən olmalıdır.
Səkkizinci qayda: Məsələlərə yanaşanda məsələləri Allahın muradı, istəyi çərçivəsində sıralandırmaq, tərtib etmək;
1- Allaha iman və onun dininə tabe olmaq.
2- Maddi və elmi inkişaf.
3- Əxlaqi dəyərlər.
4- Heç nədən asılı olmayan şəxsi azadlıq.
O zaman ki, bu məsələlərin əhəmiyyətinə görə sıralanma ardıcıllığı pozulur, bu müsəlman birincinin yerinə ikincini qoyarsa, onda məsələyə düzgün hərtərəfli yanaşa bilməyəcək, ikinci məsələ ona hər şeydən üstün meyar olarsa, onda o müsəlmanların inkişafda irəli getdiyi məsələlərə necə yanaşacaq? O müsəlmanlara hansı nəzərlə baxacaq?
Amma, əgər o Qurani-Kərimə qayıdarsa və Allahın Qurandakı muradını, istəyini anlayarsa, görəcək ki, bəzi peyğəmbərlərin qövmü yüksək maddi inkişaf dərəcəsinə çatmışdılar. Lakin, onların Allahı inkar etmələri və Allaha küfr etmələrinə qarşılıq olaraq Allah bu maddi inkişafı bu böyük küfrün yanında həqiqi uğur, həqiqi nicat hesab etməmişdir. Bu, elmin və inkişafın qədrini aşağı salmaq üçün deyil. Bu ona görədir ki, insanlar yaranmaqda olan əsas məqsəd və qayədən yayınmasına. O məqsəd isə Allaha ibadətdir. Əgər bu inkişaf və tərəqqi onları Allaha küfr etdirəcəksə, bu zaman qınanılan elmin özü deyil, həmin tipli inkişafdır ki, onların inkişafa aldanmaları, özləri və durumları ilə qürrələnib yolu azmalarıdır. Yoxsa, başqa tipli inkişaflar, cəmiyyətləri irəli aparan, tərəqqi etdirən inkişaflar təqdirəlayiqdir.
Doqquzuncu qayda: Ailəvi və ya kollektiv şəkildə faydalı kitablar oxuyub müzakirələr etmək və bilinməyən məsələləri öyrənmək; Bu cür proqramlar da müasir şübhələrdən qorunmağın yollarındandır.
Onuncu qayda: Allaha dua etmək və ondan kömək istəmək; Şübhələr mövzusunda yolunu azanlar çox olduğu üçün insan daim Allaha dua etməli, ondan yardım istəməlidir. İbrahim peyğəmbər özü və övladları üçün dua edib deyərdi: «Məni və oğullarımı bütlərə tapınmaqdan uzaqlaşdır.» (İbrahim, 35).
Bütün bu on qayda şübhə gəlmədən öncə qorunmaq yolları idi.
Amma şübhə gəldikdən sonra isə:
İnsan bilənlərdən soruşmalı, şübhəyə tənqidi yanaşmalı, dəlillərin doğru olub olmadığına fikir verməli, (səhih deyilsə, söhbət edilmir, mötəbər şübhə olsa, o zaman rədd verilir, yanlış anlaşılma ortadan qaldırılır), hazır cavablar varsa, o cavabları axtarıb tapmalı, cavabını bilmədiyi şübhə gördükdə tələsməli deyil, bilməlidir ki, “şübhə” elə şübhədir cavabı da var, sadəcə indiki durumda o cavabı bilmir.
Həmçinin, insan «vəsvəsə» ilə «şübhə»ni ayırd etməlidir. İkisi arasında fərq isə budur: «Şübhəyə cavab verilir, vəsvəsə isə tərk olunmalıdır sadəcə. Vəsvəsə çox vaxt ibadət vaxtı gəlir, şübhə isə insanın qarşılaşdığı məhdud bir fikirdir. Şübhə alıntı olur, vəsvəsə insanın içindən gəlir, xəyal kimi bir şey olur».
İnsan anlamalıdır ki, şübhə və vəsvəsə insanın təbiətindəndir. Lakin, bunun düzgün həlli yolunu bilmək lazımdır. Şübhə və vəsvəsənin gəlməsi həmişə imanın zəifliyinə dəlalət etmir. Lakin, şübhə və vəsvəsələrin çoxluğu o deməkdir ki, insan haradasa boşluğa verir və o şəxs təcili olaraq yol verdiyi boşluğu aşkar etməli, şübhə və vəsvəsələrin qarşısını almalıdır. Əgər insan düzgün şəkildə şübhəni və vəsvəsəni dəf edirsə, bu zaman problem yoxdur. Amma, insan şübhə və vəsvəsəni düzgün dəf etməyin yollarını bilmirsə, şübhə və vəsvəsədən əziyyət çəkirsə, bax problem burdadır. Bu problemlər vaxtında həll olunmalıdır.
Sonda isə insan şübhədən təmizlənəndən sonra onda şübhədən bir az bir şey qalarsa ki, ondan qurtula bilmir. Bu zaman həll yolu Allaha dua edib israrla yalvarmaq çıxış yoludur, hətta, onun qəlbini genişləndirsin, kədərini aparsın və haqqa yönəltsin!
İstifadə olunmuş ədəbiyyat:
● Mədinə İslam Universitetinin hədis fakultəsində şeyx Muhəmməd ibn Bəxit əl-Huceyli tərəfindən verilmiş «ət-Tasil li-kəşfiş-Şubuhət fi dov’is-Sunnəti vəl-Əsər» adlı mühazirəsindən iqtibaslar və qeydlər.
● Əhməd Seyyidin müasir şübhələrlə mübarizə ilə əlaqədar qələmə aldığı «Səbiğat» kitabı.
● İmam Əəcurrinin (Allah ona rəhmət etsin) «əş-Şəriə» kitabı.
● İmam Şatibinin «əl-İtisam» kitabı.
Topladı, tərtib və əlavələr etdi: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!