Şəriətdəki cəzalar haqqında atılan şübhələrə cavab

Bu zəif şübhəni dəf etmək üçün cinayətlərə səbəb olan amilləri qısaca təhlil etmək, sonra isə İslam dininin cəmiyyətlərdəki cinayətlərin qarşısını almasını izah edən amilləri qeyd etmək bəs edir.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Dəyərli oxucu! Bu yazımızda İslam şəriətində olan cəza metodlarına edilən bəzi etirazlara cavab vermək istərdik. Bu zəif şübhəni dəf etmək üçün cinayətlərə səbəb olan amilləri qısaca təhlil etmək, sonra isə İslam dininin cəmiyyətlərdəki cinayətlərin qarşısını almasını izah edən amilləri qeyd etmək bəs edir.

Mövzumuz – Allahın iznilə – bu istiqamətlərdə davam edəcəkdir:

1) Cəmiyyətləri cinayətlərə aparan əsas amillər.
2) Bu problemlərin İslami həll yolları.
3) İslamda cinayətləri yüngülləşdirən hallar nələrdir?
4) Daşqalaq, riddət cəzaları və oğrunun əlinin kəsilməsi.
5) İslami cəzaların bəzi hikmətləri.

İndi isə keçək birinci mövzuya:

Cəmiyyətləri cinayətə aparan əsas amillər:

Birincisi: Psixoloji amillər:

– Bəzi insanlar müxtəlif səbəblərə görə bir qism insanları sevmirlər və bu nifrətlərini qan tökməklə, insan qətli ilə söndürməyə çalışırlar. Bəzən bu qism istisna insanlara müxtəlif islah metodlarının da faydası olmur. Bu, onların düşüncəsində olan nifrət düyününə görədir. Bu qism insanları ya müalicə etmək, ya da cəmiyyəti onlardan təmizləmək labüddür. Buna onlarla qadınlara təcavüz etdikdən sonra onları öldürən azğın insanları misal çəkmək olar. Hətta, biz bu misalı verdikdən sonra oxucu özü bu qəbildən olan daha çox misallar çəkə bilər.

– Bəzi psixoloji pozğunluğu olanlar isə cinsi baxımdan digər normal fitrətli insanların yoluna müxaliflik edərək azğın nəfsini yalnız cinayət törətməklə dinləndirir, kiçik uşaqlara təcavüz edir, normal evliliklə kifayətlənmir, cəmiyyətdə əxlaqsızlığı yayır, üstəlik də bəziləri ictimai yerlərdə pozğun davranışlar edərək dörd şahid və daha çox adamın görəcəyi şəkildə bu işləri görürlər.

– Bəzi insanlar da psixoloji cəhətdən mal, pul yığmaq dərdini böyüdərək hətta, başqalarının malını hiylə ilə ələ keçirmək, quldurluq etmək, insanları qorxutmaq bahasına belə olsa, müxtəlif hiylələrə əl ataraq haqsız yerə insanların malını ələ keçirirlər.

İslam dininin bu cür problemli insanların müalicəsi üçün göstərdiyi yollar:

Birincisi: İnsan haqlarını dərk etmək və şəxsi məsuliyyətini anlamaq üçün İslami imanla tərbiyələndirmək metodu.

İkincisi: Allahın razılığını qazanmaq istəyərək İslam şəriətinə əməl edənləri Allah qatında olan böyük savaba rəğbətləndirməklə haqq və ədalətə, xeyirdə davamlı olmağa, hər cürə zülm və şərdən uzaq olmağa çağırmaq.

Üçüncüsü: Allahın Qiyamət günü həddini aşan zalımlara, əmr və qadağalarına müxalif olanlara əzab diyarında hazırladığı əzabla qorxutmaq.

Dördüncüsü: Şiddətli ağır cəza; O zaman ki, tərbiyə, islah, rəğbətləndirmə və qorxutma vəsilələri fayda vermir, cəmiyyət üçün təhlükəyə çevrilmiş o insanlar bu son vasitə ilə islah edilirlər. Çünki, onlar artıq cəmiyyət üçün bir təhlükəyə çevrilmişlər.

Cəmiyyətdə əminamanlığın, sabitliyin təmin edilməsi isə İslam şəriətinin əsas məqsədlərindəndir.

Bu səbəbdən də ağır cinayətlər edən insanlardan bəzilərinin haqq etdiyi təqdirdə cəmiyyət önündə (bir qrup insanların önündə) cəzasını alması bu prossesi müşahidə edənlərin və qeyrilərinin nəfsində bu çirkin cinayətlərdən uzaqlaşmağa rəğbət əmələ gətirir, bəzi çirkin əməllər barədə düşünənləri də o əməllərdən uzaqlaşdırır.

Cəmiyyətlərdə cinayətə aparan əsas amillərdən:

İkincisi: Azğın ictimai mühitlər; Hansı ki, o cəmiyyətlərin fərdlərində günah işlərə dalmaq barədə meyllər inkişaf edir.

Üçüncüsü: Bəzi günahkar insanlara günah etməyi asanlaşdıran zəruri hallar; hansı ki, düşünürlər ki, bu əməlləri etməklə ola bilsin ki, bəzi zəruri işləri həll olsun və ya bəzi ehtiyacları bu vasitə ilə ödəniləcəkdir.

Dördüncüsü: Dünyanın bəzi ölkələrində cinayət barədə olan qanunların yaxşı işləməməsi, baş verən cinayətlərə nəzarətin olmaması və s.

Beşincisi: Dünyanın bəzi ölkələrində qanunların yumşaq olması nəticəsində cinayətkarların fəallaşması və s.

İslamın bu problemə təqdim etdiyi çözüm yolu:

İslam şəriəti hədd cəzalarını həyata keçirməmişdən əvvəl cəmiyyəti bir-birinə dayaq olan dörd qala ilə əhatələmişdir. Bu qalaların məqsədi müsəlman cəmiyyəti cinayətlərə düşməkdən qorumaqdır.

Birinci qala: İctimai-fərdi qanunlar qalası; hansı ki, hər fərdin maddi və mənəvi ehtiyaclarını qarşılayır, onun daxilindəki sıxıntı meydana gətirən zərurətləri Allahın yaratdığı insan fitrətinə uyğun şəkildə dəf edir.
Beləcə, İslam qanunu ictimai ədaləti həyata keçirir, (zina etməyə deyil) evlənməyə rəğbətləndirir, evlənməyin vəsilələrini və səbəblərini asanlaşdırılmasını əmr edir. İslam, cəmiyyətin bütün fərdləri üçün öz bacarıq və məharətləri çərçivəsində dünyəvi yarış meydanlarında zülm və düşmənçiliyə yol vermədən şərəfli yarış fürsətlərini hazırlayır. Dolanışıq üçün olan ticarət işi kimi.

İkinci qala: Müsəlmanların tərbiyə qalası; bu yolla müsəlmanları elmi və nəzəri baxımdan şərəfli əxlaqlar, fəzilətli davranışlar, haqqa və məsuliyyətə ehtiram üzərinə tərbiyələndirmək, onları bu şərəfli, fəzilətli əxlaqlardan zövq almaq, bu gözəl xislətləri yaxşı hesab etmək və sevmək üzərə tərbiyələndirmək və bunun əksi olan pis əxlaqlardan qəti şəkildə uzaqlaşdırmaq.

Üçüncü qala: Allahın əmr və qadağalarına müxalif olanlara axirət aləmində olacaq əzabı ilə xəbərdarlıq və qorxutma qalası; hansı ki, Allah bu əmr və qadağaları qullarına nazil etmiş və bunu tətbiq etməyi əmr etmişdir.

Dördüncü qala: Allaha haqqıyla ibadət etmək qalası; belə müsəlman Allahın ona nəzarət etdiyini, gördüyünü düşünür və onun ruhu maddi təsirlərdən uca bir yüksəlişə nail olur, o maddiyyat ki, insanı Allahın yolundan azğınlıq və günah girdabına salır.

Bütün bu yollara baxmayaraq, cəmiyyətlərdə istisna və azğınlıq hallar olur deyə cinayətlərin qarşısını tam almaq olmur. Lakin, bu bir həqiqətdir ki, oğrunun əlinin kəsildiyi ölkələrdə oğurluq halları daha az baş verir. Başqa cəzalar da bunun kimidir.

İslam dini cinayətlərlə nəticələnən azğınlıqların və əxlaqi pozğunluqların baş vermə səbəblərindən agah bir din olduğundan dolayı, bu hallardan daha yaxşı uzaqlaşdıran, zahiri isə şiddətli görünən qınaq olan cəzalarla gəlmişdir.

Bu cəzaları heç kim özbaşına yerinə yetirə bilməz. Bu İslami cəzaları yalnız müsəlmanların rəhbəri ölkəsində haqq-ədalət prinsipi ilə yerinə yetirir, bu zaman imkanlı və kasıb arasında fərq qoyulmur. Bununla da özbaşınalığın, xaosun qarşısı alınır, müsəlman cəmiyyəti davamlı və hüzurlu bir əminamanlıq içərisində yaşayır. Cinayətkarlıq və cinayət barədə düşünməyin dayağı beləcə kəsilir.

Bu şiddətli cəzaların hökm olaraq olmasına baxmayaraq, İslam cəmiyyətində bu hökmlər nadir hallarda yerinə yetirilir. Həmçinin, şəriətdə cəzalardan yüngülləşdirici hallar da mövcuddur ki, bu barədə də – Allahın izniylə – söhbət açacağıq.

İslamın bu əzəmətli hökmlərində bizim üçün böyük ibrət vardır ki, cinayətkar və cinayət törətmək istəyənlərin bu cəzaları gördükdə bu əməllərdən tamamilə uzaqlaşmaları halı olduğu halda, bu cəzaların tətbiq olunmadığı yerlərdə cinayətlərin geniş yayılması halı baş verir. Hansı ki, yüzdə, mində bir oğrunun əlinin kəsilməsinə ürəyi yananlar cinayətin yayılma amillərini bilmədikləri üçün bu təfəkkürlə çoxlu sayda günahsızların ölümünə səbəb olan bir düşüncəyə razılaşmış olurlar. O zaman ki, bir insan qatilinə (qəsdli şəkildə qətl törədən şəxs) qisas hökmü tətbiq olunmur, onda insanların gözündə insan öldürmək adi bir şey olur. Elə bu ilahi hökmü «Qisas hökmünü» əhəmiyyətsiz hesab etmək bu gün cəmiyyətlərdə insan qətli hallarının başlıca yayılma səbəblərindəndir. Halbuki, bir insan başqa birini qəsdli şəkildə öldürmək istədikdə bilsə ki, əvəzində onun özünü öldürəcəklər, böyük ehtimalla qorxusundan haqlı və ya haqsız yerə gedib kimisə öldürməz. Çünki, insan biləndə ki, dövlət onu qoruyur, onun yaxınını öldürən insan layiqli cəzasını aldı, bu insandakı intiqam hislərini də boğur. İslamın uca hökmlərinin hikmətini anlamayanlar hələ bilmirlər ki, qətl halı daim qisasla bitmir. Uca İslam şəriəti ədalətli olduğundan qəsdsiz şəkildə kiminsə ölümünə səbəb olanları da nəzərə almışdır. Bu hal isbat olunduğu təqdirdə diyət cəriməsi ödənilir.

O zaman ki, islam ölkələri cinayətkarlığa qarşı olan şiddətli cəzaların tətbiqini tərk etdilər, o ölkələrdə yumşalma nəticəsində cinayət halları və ağrı-acılar artdı.

İslamda cinayətləri yüngülləşdirən hallar nələrdir?

Cinayətləri güngülləşdirən hallar ümumi və xüsusi hallara bölünür.

Ümumi hallardan; müsəlmanlar arasında ümumi hala çevrilmiş fitnələr vaxtı iki tərəf arasında baş verən qətllərdə xüsusi hökm vardır. Çünki, burada qətlə səbəb olan amillər fərdi deyil, kütləvi amillərdir. Qurani-Kərimdə də Hucurat surəsində (Hucurat, 9) belə halda iki müsəlman tərəfi barışdırmaq əmr olunmuşdur.

İslamda cinayəti yüngülləşdirən ümumi hallardan biri də ümumi qıtlıq vaxtı baş verən oğurluq hallarıdır. Belə halda əl kəsilmə cəzası oğurluğa şiddətli ehtiyac yaranması şübhəsilə aradan qaldırılır.

Cinayətləri yüngülləşdirən xüsusi hallara gəldikdə:

1) Cinayətkarın əqli durumuna fikir vermək, əgər ağılı olmazsa (dəli olarsa), o cinayətə görə məsuliyyət daşımır.

2) Cinayətkarın qətli istəyərək törəməsinə fikir vermək: Əgər qətlin düşmənçilik qəbilindən baş verməsi isbat olunmazsa, bu «Qisas» hökmünün tətbiq olunmasına maneə və cinayəti yüngülləşdirən hal hesab olunar.

3) Özünü müdafiə edərkən qətlin baş verməsi.

4) Qətl törətməyə məcbur edilmək.

5) Zina edənin subay olması və s.

Bununla yanaşı cinayəti yüngülləşdirən başqa hallar da vardır, lakin, bu qədərilə kifayətlənirik.

Daşqalaq, riddət cəzaları və oğrunun əlinin kəsilməsi:

Şəriət cəzaları barəsində olan mübahisələrin çoxusu daşqalaq cəzası və mürtəddin (dinindən dönən şəxsin) cəzası ilə bağlıdır.

1) Daşqalaq cəzası: Müsəlmanlardan bəziləri İslamda evli (ailəli) zinakarın daşqalaq cəzasına düçar edilməsini inkar edir və bu cəzanın vəhşilik olduğunu iddia edirlər. Quranda bunun qeyd olunmadığını iddia edərək bunu inkar edirlər. Xüsusən də Nur surəsində daşqalaq deyil şallaq cəzası varid olmuşdur. Halbuki, onlar unudurlar ki, şallaq cəzası evli zinakara aid deyil, subay zinakara aiddir. Həmçinin, onlar bunun bəzi Quran ayələrinə müxalif olduğunu iddia edirlər.

Vəhşiliyə gəldikdə; rəcm (daşqalaq) bir cəzadır, “qarşılıq” deyil. Cəzaların əsas qayəsindən biri də qınaqdır. Allah Qurani-Kərimdə Allaha və Elçisinə qarşı müharibə edən və yer üzündə fəsad törətməyə səy göstərən (quldurluq edən və s) kimsələrə qarşı şiddətli qınaq olan cəza əmr etmişdir, hansı ki, bu əl və ayaqların çarpaz şəkildə kəsilməsidir. Lakin, bu cəzanı daşqalaq hökmündə vəhşilik olduğunu iddia edən bir çoxları qəbul edirlər.

Cəzaların təqdir olunması Allahın Elminə və Hikmətinə tabedir. Biz müsəlmanlar bunu özümüzdən icad etməmişik. Bu, yalnız Peyğəmbərdən gələn səhih, sabit xəbərlərin təsdiqlənməsilədir.

Əslində isə, Allaha inanan bir kimsə belə deməliydi: Evli bir kimsənin zina etməsi necə də çirkindir! Çünki, Allah bunu edənə şiddətli daşqalaq cəzası təqdir etmişdir. Bu isə bu əməlin necə çirkin bir günah olmasına dəlalət edir.

Amma, daşqalaq cəzasının Quranda gəlməməsini əsas gətirməklə bu cəzanı inkar etmək Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) və Onun yoluna tabe olanların yoluna uyğun deyildir. Peyğəmbərin qəti Sünnəsində varid olmuşdur ki, o öz zamanında evli (ailəli) zinakarları daşqalaq etmişdir. Bu rəvayətlər mötəbər yollarla, mütəvatir şəkildə nəql olunmuşdur ki, hədis elminin qaydalarını və bu rəvayətlərin mötəbərliyini bilən kimsənin bunu inkar etməsi mümkün deyildir.

Hətta, Əhli Sünnə bu daşqalaq cəzası üzərində icma etmişdir.

İbn Abdul-Bərr (rahiməhullah) demişdir:

«Amma, xəvaric və mötəzilələrdən olan bidət əhli istər subay, istər də evli zinakarlara daşqalaq cəzasının tətbiqini icazəli görmürlər. Onlara görə zinakarların cəzası şallaqlanmadır. Subay və evli onlara görə eynidir.

Bu barədə olan rəyləri Peyğəmbərin yoluna və möminlərin yoluna (sünnəsinə) müxalifdir. Allahın Peyğəmbəri (salləllahu aleyhi va səlləm) və Ondan sonra da xəlifələri daşqalaq cəzasını tətbiq etmişlər. Dünyadakı rəy və hədis əhlindən olan müsəlman alimləri bunun üzərində ittifaq etmişlər.» (ət-Təmhid limə fil-Muvatta minəl-Məani vəl-Əsəəniyd, 23/121)

İbn Qudamə əl-Məqdisi (rahiməhullah) demişdir: «Evli (həyat yoldaşı olan) zinakar kimsənin daşqalaq olunmasının vacib olması elm əhlinin ümumunun rəyidir. Bu rəyə xəvariclərdən başqa müxalif olan bilmirik.» (əl-Muğni, 12/309. T. Turki.)

İbn Battal demişdir: «Peyğəmbərdən sabit olmuşdur ki, o (zinakarın) daşqalaq olunmasını əmr etmiş və (zinakar) daşqalaq edilmişdir. Məgər Əlinin (radıyəllahu ənhu) sözünü görmürsənmi? «Biz Peyğəmbərin yoluna uyğun daşqalaq etdik, Ömər ibnil-Xəttab da daşqalaq etmişdir.» Deməli, daşqalaq Peyğəmbərin sünnəti, raşidi xəlifələrin feili və böyük alimlərin ittifaqıyla sabitdir. Onlardan: Malik ibn Ənəs Mədinə əhlindən, Şam əhlindən Əvzəi, İraq əhlinin camaatından əs-Səuri, əş-Şafi, Əhməd, İshaq və Əbus-Sovru (misal çəkmək olar). Xəvaric və mötəzilələr “daşqalaq Quranda yoxdur” deyib daşqalağı inkar etdilər.» (Şərhu ibn Bəttal, 8/431)

Daşqalaq ayəsi Quranda mövcud olan, yazısı nəsx olunub hökmü qalan ayələrdəndir. Bu səhih rəvayətlərlə də sabitdir:

Buxari və Muslim ibn Abbasdan rəvayət edir ki: Ömər ibn əl-Xəttab minbərə çıxdı və insanlara cümə xütbəsi verdi. Onun – Allah ondan razı olsun – dediklərindən bunlar da var idi: «Həqiqətən də Allah Məhəmmədi – Allahın Ona salavatı və salamı olsun – haqq ilə göndərmişdir. Allah Ona Quranı nazil etmişdir. Allahın nazil etdiyindən «daşqalaq» ayəsi də vardı. Biz bu ayəni oxumuş, anlamış və dərk etmişdik. Peyğəmbər daşqalaq etmiş, biz də ondan sonra daşqalaq etmişik. Qorxuram ki, uzun zaman keçdikdən sonra kimsə çıxıb deyər ki: Vallahi biz daşqalaq ayəsini Quranda tapmırıq. Beləcə, Allahın endirdiyi fərzi tərk etməklə yollarını azarlar. Daşqalaq ayəsi evli olanlardan istər kişi, istər qadın olsun, – (zina) isbat olunarsa, (qadın zinadan) hamilə qalarsa və ya (zinakar əməlini) etiraf edərsə – Qurani Kərimdə zina edənlərin üzərinə haqdır.» (Buxari, 6830 və Muslim, 1691)

Bu ayə barədə və ayənin təsdiqi barədə yalnız Ömər ibnil-Xəttabın (Allah ondan razı olsun) rəvayəti deyil, başqa səhabələrdən də nəqllər vardır. Səhabələrdən bir toplumdan da bu barədə rəvayətlər var.

Əli ibn Əbu Talibin (radıyəllahu ənhu) də bu barədə sözünü İmam Əhməd rəvayət etmişdir.

İbn Macəh də Aişədən (radıyəllahu ənhu) bu ayəni təsdiqləməsini rəvayət etmişdir. (Bax, İbn Məcəh, 1944)

Hafiz ibn Həcər də «Fəthul-Bari»də Ubey ibn Kəb’dən və Zeyd ibn Sabitdən yaxşı isnadla daşqalaq ayəsini təsdiq etmələrini (Allah onlardan razı olsun) nəql etmişdir.

Usulul-Fiqh alimləri daşqalaq ayəsindən «Nəsx» babında danışmış və bu ayənin ləfzi silinib hökmü qalan ayələrdən olduğunu qeyd etmişlər. Ona görə də Quranda ayə kimi yazılmayıb…sonra isə bunun səbəbini izah edərkən deyir: «Çünki, bu ayənin oxunuşu (tilavəti) nəsx olunduqda (hökmü qalsa belə) Qurandan sayılmamış və Qurana yazılması icazəli olmamışdı.» (bax: Əl-Muntəqi, Şərhul-Muvatta, 1560 nömrəli hədis)

Onu da qeyd edək ki, bu cəza zinakarın öz günahını etiraf etdiyi təqdirdə həyata keçirilir. Baxmayaraq ki, İslam dini günahları örtməyə çağırır. Yəni, Allahın bir insanın günahını örtdüyü təqdirdə kiminsə günahına şahidlik edən dörd nəfər tapılmırsa, o cəza tətbiq edilmir. Bu da İslam dininin bəndələrə rəhmət olmasındandır. Adətən zinaya bir iki şahid tapılır. Cəmiyyətlərdə zina geniş yayılsa da, dörd şahidin tapılması çox nadir hallarda olur. Buna baxmayaraq, İslam düşmənləri nadir hallarda günahı tam isbat olunan şəxslərə tətbiq olunan bu cəzanı elə şişirdir və elə “ürəyiyanan” görünürlər ki, heç müsəlman ölkələrində qeyri-müsəlmanların atdığı raket zərbələrində ölən minlərlə günahsız uşaqlarçün və aciz insanlarçün belə narahat olmurlar.

Dedik ki, günah örtülərsə, gizli qalarsa, bu cəza tətbiq olunmur. Lakin, insan həmin günahdan peşman olaraq tövbə etməli, bir daha bu əmələ qayıtmamalıdır. Rəvayətlərdən birində də varib olub ki, Peyğəmbərin yanına bir nəfər gəlir və şiddətlə israr edir ki, o zina etdiyi üçün ona daşqalaq cəzası verilsin. Peyğəmbər onun günahını örtmək üçün müxtəlif üzürlər axtarsa da, suallar versə də, o şəxs məhz israr etdikdən sonra onun daşqalaq edilməsini əmr edir.

Bu cəza yalnız evli zinakarlara aiddir. Subay zinakarlara isə Nur surəsi 2-ci ayəyə əsasən 100 şallaq vurulur. (Cumhur alimləri mötəbər hədislərə əsasən zinakarın əlavə bir il də qaldığı yerdən sürgün ediləcəyini demişlər.) Bu isə onların zina ehtimalının daha çox olmasına görə təyin edilmişdir ki, bu da şəriətin adilliyindəndir. Evli kimsə Allahın rəhmətiylə zinadan qorunduğu halda zina yoluna baş vurmasıyla Allahın qəzəbini qazanır.

Həmçinin, daşqalaq cəzası başqa insanları bu çirkin əməldən çəkindirir, üstəlik də onun günahının kəffarəsi (təmizlənməsi) olur. Bu heç də demək deyil ki, daşqalaq olunan bir müsəlman cəhənnəmə düşür. Bu, sadəcə onun təmizlənməsi üçün bu dünyada verilən cəzadır ki, artıq axirət dünyasında onun bu günaha görə çəkəcəyi əzab qalmır.

İkincisi: Mürtədin (dindən çıxanın) cəzası:

Bu cəzaya edilən ən əsas etiraz bu cəzanın «Dində məcburiyyət yoxdur» (əl-Bəqara, 256) ayəsinə zidd olması iddiasıdır. Həqiqətdə isə bu ayə heç bir müsəlman aliminə gizli qalmamışdı. O alimlər ki, riddət cəzasının dindən çıxanlara aid edilməsində icma etmişlər. İbn Qudamə əl-Məqdisi demişdir:

«Alimlər mürtədlərin (dindən çıxanların) qətl edilməsi barədə icma etmişlər.» (əl-Muğni, 12/264)

Burada alimlərin bu ayəyə mövqeləri barədə üç ehtimalımız ortaya çıxır.

Ya onların heç biri bu ayənin mənasını anlamayıblar.
– Ya onlar anlayıblar, biliblər, lakin, gizlədiblər və əksini bildiriblər.
– Ya da onlar ayənin təfsirindən mürtədin qətli söhbətinə ziddiyyət təşkil etməyən mənanı bilmişlər.

Heç bir şəkk yoxdur ki, üçüncü ehtimal doğrudur. Əgər bu hər müsəlmanın razı qalacağı ehtimaldırsa, bəs onda gör İslam alimləri necə düşünməliydilər?!

Alimlər bu məsələdən qafil olmamışlar. Təfsirçilərin imamı ibn Cərir ət-Təbəri (rahiməhullah) demişdir:

«Müsəlmanların hamısı Peyğəmbərlərindən nəql etmişlər ki, O bir qövmü – Ərəb müşriklərindən olan bütpərəstləri, haqq din olan dindən küfrə çıxanları və bunun kimilərini – İslamı qəbul etməyə məcbur etmişdir və onlardan yalnız İslamı qəbul etmələrini tələb etmişdir. Həm də hökm vermişdi ki, İslamı qəbul etməsələr öldürüləcəklər. Həmçinin, (Peyğəmbər) başqalarını İslamı məcburən qəbul etdirməyi tərk etmişdi ki, bu da cizyə (vergisi) verməyi qəbul etmələrilə və batil dinlərində qalmalarına icazə verməsiylə olmuşdu. Bunlar kitab əhli (xristian və yəhudilər və s) və onlara bənzəyənlərdirlər. Bununla da (Peyğəmbər) «Dində məcburiyyət yoxdur» (əl-Bəqərə, 256) ayəsinin mənasını bəyan etmişdir. Yəni: İslam hökmünə razı olaraq cizyə (canbahası) vergisi ödəməyi qəbul edənlərin heç birinə dini qəbul etdirmək üçün məcburiyyət yoxdur.» (Təbərinin təfsiri, 4/554; Aləmil-Kutub nəşr evi)

İbn Kəsir (rahiməhullah) də təfsirində demişdir:

«Alimlərdən bir çoxu bunun (cizyə vergisinin) kitab əhlinə (xristian və yəhudilərə) aid olduğunu demişlər.» (Təfsirul-Quranil-Azim, ibn Kəsir, 1/687, Taybə nəşr evi)

Bu hökmün quranda olmadığını deyənlərə isə deyirik ki, bu hökmün Quranda olmaması şərt deyildir. Çünki, bu cəza hökmü barədə bir çox mötəbər hədislər də vardır. Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) mötəbər hədisi İslamda vəhyə tabe olan məsdər hesab olunur. Çünki, Peyğəmbərin sözü barədə Allah buyurmuşdur: «O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir.» (ən-Nəcm, 3-4)

«Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin.» (əl-Həşr, 7)

– Həmçinin, bu cəza hökmünün sabit olması barədə İslam alimlərinin icması da vardır. İslam alimlərinin icması da hüccət sayılır.

Onu da qeyd edək ki, mürtədə tövbə etmək fürsəti verilir. O, tövbə edər, küfrdən qayıdarsa, canını qurtarmış olar.

– Mürtədə müsəlman alimlərilə danışıb şübhələrini və fikirlərini ərz etməsi üçün üç ay vaxt verilir. Yəni, mürtəd oldu deyərək dərhal qətl edilmir. Ona rəhmli davranılır və tövbə etməsinə fürsət verilir.

– Mürtəd hökmünü açıq-aydın dəlil olduqda yalnız hakim və ya onun naibi verə bilər.

– İslam dini etiqad azadlığını qoruduğu kimi əsli (kökü) küfr üzərində olan şəxsə (xristiana, yəhudiyə və s. ) deyil, əvvəl iman gətirən olub sonradan dindən çıxana bu cəzanı tətbiq edir.

– Mürtədin müsəlman cəmiyyətində mövcud olmasının da bir çox zərərləri vardır.

Üçüncüsü: Oğrunun əlinin kəsilməsi:

Oğurluq törədənin əllərinin kəsilməsi barəsində bunun insanlığa zidd olduğunu deyənlər özləri də bilmədən öz sözlərini təkzib edirlər. Məsələn; belə ittiham edənlərdən birinin içində bütün dəyərli məlumatları olan kompyuter cihazı və ya mühüm nömrələr, məlumatlar olan telefonu və ya bütün sənədləri və pulları olan pul kisəsi oğurlanarsa, onların danışıqları, lənət və qarğışları, əl kəsməkdən o yana keçən nifrətlərini ortaya çıxan gördükdə bir daha bu oğurluq cəzasının necə hikmətli bir cəza olduğunu anlaya bilərsiniz. Həmin anda o insanlardan soruşsanız ki, sizə bu böyük zərəri vuran oğrunun əllərinin biləkdən kəsilməsinə razısınızmı? – O dəhşətli stresdəki insanların cavabını indi siz təsəvvür edin. Halbuki, İslam dini əfv etməyə də rəğbətləndirmişdir. Əl kəsmə halları nadir hallarda tətbiq edilsə də, bu tətbiq kütlənin qarşısında, ələxsus da ehtiyacdan dolayı deyil, adətən oğurluğa adət etmiş, nəsihətin faydası olmayan kimsələrə edilir.

Çünki, oğurluq etmək insana həm maddi, həm də mənəvi zərər vurmaqdır. Alimlərdən Əli ibn Nasir əl-Fəqihini «Şərh əs-Sunnə» kitabını şərh edərkən belə deyərkən eşitdim: «Bu əl kəsmə cəzası yüzdə bir, mində bir tətbiq olunan cəza olsa da İslam düşmənləri bu cəzanın hikmətini anlamırlar.»

Oğurluğa görə türmədə cəza çəkən insan türmədən çıxandan sonra oğurluq etdiyi əllərlə yenə oğurluq edə bilir. Lakin, Allah oğurluğa adət etmiş əlləri kəsməyi əmr etməklə başqa oğruların qəlbinə xof salaraq buyurur:

«Etdikləri əməlin əvəzində Allahın cəzası olaraq oğru kişinin və oğru qadının əllərini kəsin! Allah Qüdrətlidir, Müdrikdir.» (əl-Maidə, 38)

İslam şəriəti oğrunun əlinin kəsilməsi üçün cəza tətbiq olunmamışdan öncə dəqiqlik olsun deyə şiddətli, çətin şərtlər qoymuşdur.

Oğurluq edən üç gümüş dirhəm məbləğindən az (və ya dörddə bir qızıl dinar, bizim indiki pulla təxminən 80 manat edir) bir şey oğurlayarsa, onun əli kəsilmir.

– Həmçinin, oğrunun əlinin kəsilməsi üçün başqa şərtlər də mövcud olmalıdır. Bunlardan:

– Oğurluq sübut edilməlidir. Ya iki adil şahid buna şahidlik etməli, ya da oğru özü iki dəfə oğurluğunu etiraf etməlidir.

– Həmçinin, oğurluq qorunulan bir yerdə və gizli şəkildə baş verməlidir.

– Oğurluq mal dəyərli mal olmalıdır, donuz əti, içki (araq) və musiqi alətləri kimi şeylər deyil.

– Həmçinin, malı oğurlanan kimsə malını tələb etməzsə, bu cəza tətbiq olunmur.

Bu şərtlər barədə İslam alimləri danışmışlar. Əgər bu şərtlər varsa, oğurluq edənin əlinin kəsilməsi hakimə və ya onun köməkçisinə vacib olur.

İslamda oğrunun cəzası qeyri İslami cəzalara nisbətdə cinayətin qarşısını almaqda və bu qəbildən olan cinayətkarları azaltmaqda praktiki cəhətdən də ən əlverişlidir. Artıq dünyada bilinən bir həqiqətdir ki, ən az oğurluq halları məhz oğrulara qarşı bu cəzanın tətbiq edildiyi İslam ölkələrində baş verir.

Mühüm bir məsələni də qeyd edək ki, oğrunun əlinin kəsilməsi cəzası ortada şübhə varsa, tətbiq edilmir. Bu da İslamda tətbiq edilən «Şübhələrin mövcudluğu hədd cəzalarını uzaqlaşdırır.» qaydasına əsasəndir. Artıq qeyd etmişdik ki, bu cəzaların tətbiqini çətinləşdirmək üçün şəriətdə dəqiq qaydalar, şərtlər qoyulmuşdur. Çünki, bu cəzalar insanlığa və cəmiyyətə qarşı deyil, məhz cinayətkarlara qarşı qoyulmuşdur.

Təəccüb doğuran ziddiyyətlərdən biri də odur ki, İslamın cinayətlərdən daha çox uzaqlaşdırma təsiri olan hikmətli və cinayətin növünə uyğun olan cəza tədbirlərini tənqid edən hüquq adamları, psixoloqlar, ictimai şəxslər və s. adamlar bir il ərzində milyonlarla əllərin arasından kəsilən bir oğru əlinə görə və ya iki-üç oğru əlinə görə (hansı ki, bu cəza başqa oğrulara ibrət olur) emosional və şəfqət dolu çıxışlar edirlər, heç o şəxslərin nədənsə günahsız yerə öldürülən minlərlə insanlara insanlıq şəfqətləri tutmur. Amma, öz həyat yoldaşı ola-ola başqa qadınlarla zina edib yoldaşına xəyanət edən, özü də bu zinanı dörddən çox şahidin qarşısında aşkaranə şəkildə edən şəxsə görə yenə onların insanlıq şəfqətləri və mərhəmət hisləri baş qaldırır. Halbuki, bu da nadir hallarda baş verən cəzadır. Çünki, zinaya dörd şahid tapmaq olduqca çətindir. Bunun kimi digər cəzaların tətbiqi də şəriətdə çətinləşdirilmişdir.

İslami cəzaların bəzi hikmətləri:

Hörmətli oxucu! Artıq yazı əsnasında bəzi hikmətlərə toxunduq. Burada isə bəzi ümumi hikmətləri qeyd edəcəyik.

1) İslam dini insanların islahı üçün olan müxtəlif bir-birini tamamlayan islahatların məcmusudur. Bu məcmuda olan şəriət cəzaları bu islahatların, islah metodlarının sadəcə bir hissəsidir və bu cəzalar İslami baxışa aid olan islah metodları arasında üstünlük təşkil etmir.

2) Şəriətin təsdiqlədiyi cəzalar insanlıq üçün bir rəhmətdir. Bu cəzalar özbaşınalıqdan uzaq şəkildə, yalnız rəsmi rəkildə yerinə yetirilə bilər, İslam dini bu cəzaların tətbiqi üçün çətin şərtlər ortaya qoymuşdur.

3) Cəmiyyətlərdə bu şəri cəzaların tətbiq edilməməsi böyük fəsadları cəlb edir. Bu fəsadlardan özbaşınalığın, xaosun yayılmasından dolayı sülh və əminamanlığın pozulmasını, insanların qorxu içində yaşamasını qeyd etmək olar. Halbuki, bu cəzalar insanları deyil, cinayətkarları (insanların yolunu kəsən quldurları, xalqın malını oğurlayan oğruları, uşaq və qadınlara təcavüz edən manyakları, zinakarları, başqalarına çirkin iftira, böhtan atanları və s.) qorxu içində saxlayır.

4) İslam qanununda şəriət cəzalarının tətbiqi heç də insan hüquqlarının aşağılanması və insan hörmətinə toxunulması deyildir. Uca Allah insanı şərəfli yaratmış və buyurmuşdur: «Biz Adəm oğullarını hörmətli etdik» və ayənin sonunda buyurur: «onları yaratdıqlarımızın çoxundan xeyli üstün etdik.» (əl-İsra, 70)

5) İslam şəriətindəki cəzaların məqsədləri vardır, bu məqsədlərin iki ən mühüm olanı: İnsani davranışların yaxşılaşdırılması və cəmiyyəti cinayətlərdən qorumaq.

Ona görə də insan bu cəzaların cinayətlərin növünə, azğınlıq və həddi aşmaq dərəcəsinə görə necə dəyişdiyini görürdükcə bir daha bu şəri cəzaların ilahi əmrlər olduğundan yəqin olur.
Bu məqamda bizi təəccübləndirən isə İslam düşmənləri deyil, çünki, onlar düşmən olduqları üçün düşmənlik edirlər. Bizi təəccübləndirən bu şübhələrə aldanan müsəlman övladlarıdır ki, dinlərindən bu qədər qafil olduqları üçün onlara təəcüblənir və onları qınayırıq. Allahdan hər birimizə hidayət və sabitlik diləyirəm!

İstifadə edilmiş ədəbiyyat:

1) Səhih əl-Buxari. Məhəmməd ibn İsmail əl-Buxari.
2) Səhihu Muslim, Muslim ibn əl-Həccəc ən-Niysəburi.
3) Sunəni ibn Macəh. Əbu Abdullah Muhəmməd əl-Qəzvini.
4) ət-Təmhid limə fil-Muvatta minəl-Məani vəl-Əsəniyd. Yusuf ibn Abdullah əl-Əndəlusi.
5) əl-Muntəqa Şərhul-Muvatta. Əbul-Valid Bəəci.
6) Təfsirul-Quranil-Azim, ibn Kəsir. Beyrut nəşri.
7) Cəəmiul-Bəyən an tə’vili əəy əl-Qurən, ibn Cərir ət-Tabəri.
8) əl-Muğni, İbn Qudəmə.
9) Səhih əl-Buxarinin şərhi, ibn Battal.
10) Şərh əs-Sunnə, əl-Bərbəhəri. Mədinə.
11) Movsuatul-Bəyən (Bəyan ensiklopediyası) Misir nəşri.
12) Əcnihətul-Məkr əs-Sələsə, əl-Meydani, Ciddə nəşri.
13) Əs-Səbiğat, Əhməd Yusuf Seyyid. Mədinə nəşri.

Tərcümə etdi: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar