Ramazana hazırlaşırsanmı?

Şaban ayı girdiyi vaxtdan artıq Ramazan ayına hazırlaşmağa başlamalıyıq!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Qarşımızda elə bir möhtərəm qonaq vardır ki hər birimiz onun verəcəyi ziyafət üçün hazırlaşmalı və o ziyafətdən tam faydalanmaq üçün nəfsimizi hesaba çəkməli və çalışmalıyıq. Bu qonaq – Mübarək Ramazan ayıdır. Bu, o aydır ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onun gəlişi ilə öz səhabələrini müjdələyərdi. Necəki hədislərin birində rəvayət olunur, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Ramazan ayı yetişdikdə səhabələrinə deyərdi: «Ramazan ayı sizlərə yetişdi. Bu ayda Cənnətin qapıları açılar, Cəhənnəmin qapıları bağlanar və şeytanlar zəncirlənər.» (Buxari və Muslim). Gördüyünüz kimi, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) sözlərinə «Ramazan ayı sizlərə yetişdi» deməklə bu ayın digər aylardan fərqini, xüsusiliyini bildirmişdir.

Həmçinin Uca Allah buyurur: De: “(Bunlar) Allahın lütfü və mərhəməti sayəsindədir!” Qoy onlar (buna) sevinsinlər. Bu ki, onların yığdıqlarından daha xeyirlidir.” (Yunus, 58)

Həmçinin sələflərdən varid olub ki, onlar Ramazandan altı ay əvvəl o aya yetişmək üçün dua edər, Ramazandan altı ay sonra isə o ayda etdikləri əməllərin qəbul olmasını Allahdan istəyərdilər.

Beləki, möhtərəm müsəlmanlar, Şaban ayı girdiyi vaxtdan artıq Ramazan ayına hazırlaşmağa başlamalıyıq. İndi gəlin bir düşünək, Peyğəmərin (Allahın ona salavat və salamı olsun) Şaban ayında orucu çoxaltığı kimi biz də çoxaltdıq mı? Günah və asiliklərdən səmimi tövbə etməklə bu ayın gəlişi üçün hazırlıq gördükmü? Saleh əməllərdə ictihad edib onları artırmağa çalışdıqmı? Nəfsimizi hesaba çəkib, qəlbimizi dünyadan uzaqlaşdırdıqmı?

Biz bilmirik bu aya yetişə biləcəyikmi, yoxsa ləzzətləri parça-parça edən ölüm bizi haqlayacaqdır? Elə isə, nəyə güvənib əməllərimizi Ramazan ayına saxlayır və bununla da özümüz-özümüzü aldadırıq? Bəlkə də, ölüm bizi bu aya yetişməkdən ayıracaqdır. Neçə-neçə insanlar oldu, ötən Ramazanlarda bizimlə idilər, lakin bu gün, bu Şaban artıq onlar bizimlə deyil, əməlləri ilə baş-başa qəbirdədirlər. Onların bizim yerimizdə olub, tərk etdikləri əməlləri etmək üçün necə həsrət çəkdiklərini bir bilsəydik…

Hətta bu aya yetişsək belə, yenə də bu bizi bu ay üçün hazırlıqlar görməkdən yayındırmamalıdır. Çünki, arıtq ilk Ramazan deyil ki şahidi oluruq, Şaban ayında ona hazırlaşmaq əvəzinə “Ramazanda filan filan əməlləri edəcəyəm”, “Hər gün Qurandan 1 (2, 3, 4…) cüz oxuyacağam”, “Gecələrini qiyamda gündüzlərini digər ibadətlərlə keçirəcəyəm” və s bu kimi nəfsimizə vədlər veririk, lakin Ramazan yetişdikdə isətəmədən olsa belə vədlərimizə xilaf çıxırıq… Bilirsiniz mi nəyə görə? Əlbəttə, şübhəsiz ki, Allah istərsə ən zəif qulunu belə Öz hikməti ilə layiq görüb böyük ibadətlərə müvəffəq edər. Lakin Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) bu aya hazırlıq gördüyü halda biz hansısa “üzürlərlə” bu aya hazırlıq görməkdən boyun qaçırırıq və Ramazan ayı gəldikdə hələ də tərbiyələnməmiş, hələ də buna hazır olmayan, qəlbimizdə bu ibadətlərə qarşı hələ də yetəri qədər rəğbət və hərislik yaranmamış nəfsimizi birdən-birə bu qədər ibadətlə mükəlləf edirik. Biz, haramlara, şəhvətlərə, rahatlığa bu qədər meyl edən nəfsimizlə Ramazana hazırlıq görmədən onu qarşılayırıq, lakin eyni zamanda unuduruq ki, bəşəriyyətin ən xeyirlisi olan Muhəmməd (Allahın ona salavat və salamı olsun) bu ay üçün əvvəlcədən hazırlıq görərdi… Biz ondan mı (Allahın ona salavat və salamı olsun) xeyirliyik? Yoxsa nəfsimizin itaət üzərində səbr edəcəyinə mi bu qədər əminik?

Həqiqətən neçə-neçə insanlar var ki, Ramazana yetişər və Ramazanı keçirdər lakin onun fəzilətinə nail olmaz, bağışlanmazlar. Bunun da əsas səbəbi, o insanların həmin ayda ibadətlərdən uzaq düşmələri, qəlblərinin dünyaya meyl etməsi, dərdlərinin hələ də dünya problemləri olmasıdır… Bu da, onların öz nəfslərini bundan əvvəl bu ay üçün hazırlamaması və alışdırmamasındandır. Cəbir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) minbərə qalxdı. Minbərin birinci pilləsinə qalxıb: “Amin!”- dedi. Sonra ikinci pilləsinə qalxıb: “Amin!”- dedi. Sonra da üçüncü pilləsinə qalxıb: “Amin!”- dedi. (Səhabələr) soruşdular: “Ey Allahın elçisi! Biz sənin üç dəfə: “Amin!”- dediyini eşitdik”. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Birinci pilləyə qalxdıqda Cəbrayıl (Allahın ona salamı olsun) yanıma gəlib dedi: “Ramazana yetişib günahları bağışlanmamış halda ondan ayrılan bəndə bədbəxt olsun!” Mən: “Amin!”- dedim. Sonra dedi: “Valideynlərinin hər ikisi, yaxud biri qocalanadək onlarla yaşayıb, sonra da (üzlərinə ağ olub bu səbəbdən də) Cənnətə daxil olmayan bəndə bədbəxt olsun!” Mən: “Amin!”- dedim. Sonra dedi: “Yanında xatırlandığın zaman sənə salavat gətirməyən bəndə bədbəxt olsun!” Mən də: “Amin!”- dedim. (Buxari, “Ədəbul-Mufrad” kitabı, hədis 644. Albani hədisin “Səhih” olduğunu bəyan etmişdir)

Uca Allahdan bizləri Ramazana yetişdirməsini, ondan faydalandırmasını, onu bağışlanaraq başa vuranlardan etməsini istəyirik. Həqiqətən O, dualara cavab verən və buna qadir olandır!

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Hazırladı: www.senxatirlat.com saytının rəsmi heyəti

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    28.03. 2024
    NamazVaxt
    Sübh04:55
    Günəş06:31
    Zöhr12:46
    Əsr16:18
    Məğrib19:01
    İşa20:31
    Namaza yeni başlayıram

Son əlavə olunanlar