Ramazan cədvəli

Cədvəli WORD formatında buradan yükləyə bilərsiniz (QEYD - namazın vaxtlarını təqvimlə hər gün dəqiqləşdirin, məqalədə təxmini olaraq qeyd olunub)

CƏDVƏLİ YÜKLƏ (WORD - 48KB)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Ramazan cədvəli

Artıq Allahın fəziləti və neməti sayəsində Mübarək Ramazan ayına yetişdik.

Ey müsəlman qardaşım və bacım! Bu fəzilətli günlərin sayı çox azdır. Bilmək olmaz, bir daha onlara yetişə biləcəyik ya yox. Bu ayın dəyərli dəqiqələrinə diqqətlə yanaş, qoy Uca Allah səndən bu ayda ancaq razı qaldığı niyyətlər, sözlər və əməllər görsün.

Bununla ola bilsin, sənə Allahın rəhmətindən bir meh toxunar, və sən bundən sonra əsla bədbəxt olmazsan.

Bilinsin ki, bütün xeyir və bərəkət, Allahın bizə nazil etdiyi və Muhəmməd  peyğəmbər (salləllahu aleyhi va səlləm) vasitəsi ilə bizə çatdırdığı şəriətdədir. Bu şəriətin hikmətini düşünən ağıllar üçün aydındır. Lakin hələ neçə neçə hikmətlər var ki, biz onları hələ dərinlikdən dərk etməmişik. Allaha təslim olan və Peyğəmbərin (salləllahu aleyhi va səlləm) sünnəsinə tabe olan müsəlman bu faydaları bilməsə də, əldə etmiş olur.

Fəcr vaxtı (bu ilki Ramazanda  3:00-5:30 arasıdır)

  • Kişilərə məsciddə, qadınlara isə öz evlərində fəcr namazını qılmaq.[i]
  • Azanı eşidərkən, müəzzinin arxasınca onun dediklərini təkrarlamaq. Azan və iqamə arasında edilən dua qəbul olunan dualardan olduğundan bu vaxtı duaya həsr etmək.[ii]
  • Fəcrdən əvvəl iki rükət sünnə namazında davamiyyətli olmaq.[iii]
  • Fəcr namazını qıldıqdan sonra yerində oturub səhər zikrlərini kamil şəkildə yerinə yetirmək.[iv]
  • Sonra Qurandan özünüzə təyin etdiyiniz hissəni oxumaq.
  • Günəş doğanadək və bundan sonra təxminən 15 dəqiqə keçənədək Allahı zikr etmək və Quran oxumaqla məşğul olmaq.[v]
  • İki rükət namaz qılmaq.

Duha (Səhər-Günortayadək) vaxtı (bu ilki Ramazanda 5:30-12:30)

Ramazanda kifayət qədər yuxu almaq üçün səhər vaxtı bir neçə saat yatmaq olar. Bu yuxu ilə bədənini Allaha yaxşı ibadət etmək üçün gücləndirməyi niyyət edə bilər.

  • Saat 10-dan tez oyanmağa çalışmaq lazımdır. [vi]
  • Qurandan müəyyən pay oxumaq. Ramazan ayında Qurana daha çox vaxt ayırmaq Peyğəmbərin və səhabələrin sünnəsindəndir.
  • Quranın məna tərcüməsini oxumaq ya öyrənmək, yaxud qısa təfsirini oxumaq ya dinləmək.
  • Duha namazını bu vaxt qılmaq fəzilətllidir.[vii]
  • Zöhr namazına hazırlaşmaq, fürsət əldə etdikcə Quran oxumaq.

Zöhr vaxtı (13:00 – 4:30)

  • Zöhr namazının sünnələrini qılmağa həris olmaq. Zöhrdən əvvəl 4 rükət, sonra isə 2. Zöhrdən sonra 4 rükət qılsa, daha da çox xeyir əldə etmiş olar.[viii]
  • Namazdan sonrakı zikrləri mənasını başa düşərək etməyə çalışmaq.
  • Quran oxumaq.
  • İmkan olsa “qaylulə” yuxusunu yatmaq, hətta 15-30 dəqiqə olsa belə. [ix]

Əsr vaxtı (4:30-7:30)

  • Əsr namazından əvvəl ratibə (Peyğəmbərimizin gündəlik qıldığı toplum 12 rükət namazlar ) olmasa da, 4 rükət namaz qılmağın fəziləti çoxdu.[x]
  • Əsr namazını qılmaq.
  • Axşam zikrlərini kamil şəkildə, mənasını başa düşərək demək.
  • İftar yeməyini hazırlamaq.
  • Gün ərzində işdə yaxud məktəbdə olub yorulanlar təravih namazında gümrah olmaları üçün bu vaxt bir az yata bilər. Əslində yuxunun xeyiri günün əvvəlində və sonunda (yəni səhər və məğribdən əvvəl) daha azdır. Məğrib və işa arası isə yuxlamaq bəyənilmir. Ən xeyirli yuxu gecənin ilk yarısı və günorta olandır.
  • İmkan olduqca Quran oxumaq.
  • Ramazan ayında fəzilətli əməllərdən həmçinin başqalarına iftar yeməyi təqdim etməkdir. [xi]

Məğrib vaxtı (7:30 – 9:30)

  • Məğrib girməmişdən əvvəl olan boş vaxtları zikr, dua, Quran oxumaqla keçirməyə çalışmaq gərəkir.[xii]
  • Məğrib namazının azanı ilə artıq iftar etmək vaxtı gəlib çatır. İftarı tezləşdirmək (yəni məğrib vaxtı girən kimi) bəyənilir.[xiii]
  • Orucu sünnəyə müvafiq olaraq bir neçə xurma ilə açmaq müstəhəbdir.[xiv]
  • Namazdan əvvəl yüngül yemək olar, lakin namazı da tezləşdirmək Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) sünnəsidir.
  • Namazdan sonra zikrləri qoruyun.
  • Məğribdən sonra 2 rükət Peyğəmbərimizin mütəmadı şəkildə qıldığı namazlardandır.
  • Məğrib və işa arası vaxt əsasən ailə və yaxınlarla, iftar süfrəsində ünsiyyət etməklə keçirilir.
  • Yeməkdə həddini aşmaqdan qorunmaq gərəkir.[xv]

İşa vaxtı (9:30 – 11:30)

  • Kişilər bütün namazları məsciddə qılmağa çalışmalıdır. Qadınlara isə öz evləri daha xeyirlidir.
  • İşadan sonra 2 rükət ratibə namazı, sonra isə təravih namazı qılınır.
  • Ramazan ayında təravih namazlarını qılmaq ən xeyirli əməllərdəndir.[xvi]
  • Təravih namazını imamla tamamlamaq müstəhəb və daha fəzilətlidir.
  • Ramazanın ilk 20 günündə gecənin müəyyən hissəsini yatmaq bədənə qüvvət vermək üçün faydalıdır. Bunun üçün tez yatmaq gərəkir. Yuxudan əvvəl: dəstəmaz, zikrlər və sağ böyrü üstə yatmaq müstəhəbdir.

Səhur vaxtı

  • Elə vaxtda durmağa çalışın ki, səhur yeməyini hazırlayıb yeməklə yanaşı, səhur vaxtında istiğfar və dua etmək, təhəccüd namazı qılmağa vaxtınız qalsın. Səhur vaxtının dəqiqələri çox dəyərlidir.[xvii]
  • Suhuru gecikdirmək – yəni fəcr namazının vaxtının girməsinə yaxınlaşdırmaq daha xeyirlidir.[xviii]

Ümumi nəsihətlər

  • Ramazan ayına iri həcmli işlər salmamaq – məsələn, bir aylıq iri bazarlıq, evi kökündən yığışdırmaq və s kimi işləri orucluq girməmişdən əvvəl etmək.
  • İftar verərkən israf etməkdən çəkinmək. İftar verən evin əhli gün ərzində Quran oxumaq, dua etməyin əvəzinə səhər tezdəndən müxtəlif çeşid yeməkləri hazırlamaqla məşğul olmamalı. Çünki bu həm onların vaxtına israf, həm də iftar açanların yeməkdə həddini aşmasına səbəb olur.
  • Oruclu olarkən duaları çoxaltmaq. [i] Çünki oruc tutanın duası qəbul olunan dualardandır. Dua isə dünya və axirət xeyirini qazanmağın ən güclü səbəblərindəndir.
  • Bu cədvəl ümumidir. İşə, məktəbə, instituta gedənlər onu müəyyən dərəcədə dəyişdirə bilər.
  • Cədvəlinizdə nəyəsə riayət edə bilməsəniz, ümidsiz olmayın. Bir şeyə əməl etməmisinizsə, həmin günün başqa savablarını “onsuzda pozmuşam” deyib itirməyin. Cədvəlinizdə olan kiçik bir əməli yerinə yetirin, bir də görərsiz ki, kiçik əməl ardınca başqa xeyirli əməli gətirir. Bu ay insanın iradəsini möhkəmləndirmək, imanını təzələyib daha uca pilləyə qaldırmaq üçün gözəl fürsətdir. Müvəffəqiyyət isə Allahdandır! Ona görə də, bir xəta etsəz, zəifləsəz, ibadəti lazımınca yerinə yetirməsəz – sizin üçün bu sadəcə Allaha qayıtmağa, bağışlanma diləməyə, Allaha daha çox yönəlməyə, daha çox dua etməyə, müvəffəqiyyəti Allahdan istəməyə bir stimuldur.

Allaha bizə qarşı Şəfqətli və Rəhmli olduğuna görə çox şükürlər olsun!

Qeydlər:

[i] Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Üç nəfərin duası rədd olunmaz: valideynin övladına, oruc tutanın və musafirin duası.” (Səhih Tirmizi 2050)

[i] Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdu: “Kim səhər yaxud axşam məscidə gedərsə, Allah onun hər dəfə getdiyi üçün cənnətdə mənzil hazırlayar.” (Buxari, 642)

“Evinizdə qərar tutun.” (əl-Əhzəb. 33)

[ii] Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdu: “Həqiqətən, azan və iqamə arasındakı dua rədd olunmaz, odur ki, dua edin.” (Səhih Əbi-Davud, 489)

[iii] Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdu: “Kim gün və gecə ərzində on iki rükət nafilə namaz qılarsa, buna görə onun üçün cənnətdə ev tikilər.” (Muslim, 728)

[iv] “Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma!” (əl-Ə`raf, 205)

[v] Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdu: “Kim sübh namazını camaatla qılıb, günəş doğanadək oturub Allahı zikr edərsə, sonra da iki rükət namaz qılarsa, bu onun üçün həcc və ümrənin savabına bərabər olar.” (Tirmizi 586. Şeyx Albani həsənləşdirib)

[vi] Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdu: “Allahım, mənim ümmətim üçün səhər vaxtını bərəkətli et!” (Səhih Sunən ibn Məcə, 2236)

[vii] Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdu: “Allaha tövbə edib qayıdanların namazı qum dəvə balalarının ayaqlarını yandıran vaxtdır.” (Muslim 1238) – Yəni günortaya daha yaxın.

[viii] Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdu: “Kim zöhrdən əvvəl dörd və zöhrdən sonra dörd rükət namazı daimi qılarsa, Allah onu oda haram edər.” (Nəsəi, 1817. Şeyx Albani səhihləşdirib)

[ix] Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdu: “Günorta yatın, həqiqətən şeytanlar günorta yatmırlar.” (Sahihul Cəmi, 4431)

Qaylulə – zöhrdən əvvəl yaxud sonra olan yuxuya deyilir

[x] Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdu: “Allah əsr namazından əvvəl dörd rükət qılana rəhm etsin.” (Səhih Əbi-Davud, 1271)

[xi] Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdu: “Kim oruc tutana iftar verərsə, onun savabından azalmadan onun savabı qədər savab qazanar.” (Səhih Tirmizi 807)

[xii] “Gün doğmamışdan əvvəl, batmamışdan əvvəl Rəbbini təqdis edib şəninə təriflər de!” (Qaf, 39)

[xiii] Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdu: “İnsanlar iftarı tezləşdirdikləri müddətdə, xeyir içində olacaqlar.” (Muslim, 1098)

[xiv] Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) namaz qılmazdan əvvəl orucunu bir neçə yaş xurma ilə, o olmasa, quru xurma ilə, o da olmasa, bir neçə ovuc su ilə açardı.” (Səhih Əbi-Davud 2356)

[xv] “Yeyin, için, lakin israf etməyin!” (əl-Ə`raf 31)

[xvi] Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdu: “Kim Ramazan ayını iman edərək və savabını umaraq namazlarını qılarsa, əvvəlki günahları bağışlanar.” (Buxari, 37)

Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdu: “İmamla, qurtarana qədər, birgə namaz qılana, bütöv gecəni qılmaq savabı yazılar.” (Səhih Tirmizi, 806)

[xvii]  “(Onlar) səbr edən, doğru danışan, müti olan, (malından Allah yolunda) xərcləyən və sübh çağına yaxın bağışlanma diləyən kimsələrdir.” (Əli İmran, 17)

Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Uca və ulu Rəbbimiz hər bir gecənin axırıncı üçdə birində dünya səmasına enib deyir: “Mənə dua edən varmı, onun duasını qəbul edim? Məndən istəyən varmı, ona istədiyini verim? Məndən bağışlanma diləyən varmı, onu bağışlayım?” (Buxari, 1145)

[xviii] Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: “İftarı tezləşdirin səhuru isə gecikdirin.” (Sahihul Cəmi, 2835)

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın salavatı və salamı,
onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    20.11. 2024
    NamazVaxt
    Sübh05:55
    Günəş07:33
    Zöhr12:27
    Əsr15:00
    Məğrib17:20
    İşa18:50
    Namaza yeni başlayıram

Son əlavə olunanlar