Humanizm nədir? Allahsızlıq çağırışı, yoxsa, “insanpərvərlik”? 

Bu yazımızda: Humanizmlə yanaşı Avropada ortaya çıxmış bəzi eyniköklü (Allahı və dini inkar edən) ideologiyalarının yaranma amillərindən danışmaq istəyirik.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Humanizm nədir? Allahsızlıq çağırışı, yoxsa, “insanlığa xidmət” adı altında gizli ideologiyanın təbliği?

Dəyərli müsəlmanlar! Bu məqaləni yazmaq qərarına o zaman gəldim ki, ta ki, cəmiyyətimizdə bu fikirə dəvət edən bir ziyalı təbəqəsinə nisbət edilən şəxsin video çıxışını müşahidə etdim. O öz danışığında “mənim dinim insanlıq dinidir” deyir və “humanizmi” qəsd etdiyini vurğulayırdı. Belə şəxslər dinləri (başda İslam olmaqla) inkar edib, “humanizmi və insanlığı Allah yerinə qoyur”, humanizm ideologiyasının dini əvəz edə biləcəyini vurğulayır və Allahsızlığa dəvət edirlər.

Bu yazımızda: Humanizmlə yanaşı Avropada ortaya çıxmış bəzi eyniköklü (Allahı və dini inkar edən) ideologiyalarının yaranma amillərindən danışmaq istəyirik.

Humanizm nədir? Görəsən bu doğurdan da illərlə bizə təlqin edilən “xoşməramlı” insanlığa xidmət fikirləridir? Yoxsa, bu parlaq fikirlərin arxasında “İnsanlığı Allahsızlıq, ateizm girdabına salmaq” məqsədləri durur?! Görəsən, humanizm məktəbinin davamçıları doğurdanmı insanlığa, bəşəriyyətə xidmət edir? Yoxsa, sadəcə Avropada kilsəyə qarşı qiyamdan (15-16-cı əsrlərdə), yəhudi ideologiyalarından törənmiş batil əqidələrdən biri, başda İslam və xristyanlıq olmaqla dinlərə qarşı mübarizə üçün təşkil edilmiş fikirlər toplusudur?

Təbii ki, 16-cı əsrdən 19-cu əsrə kimi bu ideologiyalar tədricən yarandı və inkişaf etdi. Bu ideologiyaların son təşəkkül tapanlarından biri “humanism” (humanizm) idi. Humanizmin banisi isə Fransalı filisof və ateist August comte (1798-1857. vəf.) olmuşdur.

Amerika humanistlər Assosasiyası humanizmə aşağıdakı tərifi vermişdir:

«Humanizm — ali varlığa inamın köməyi olmadan, özünü reallaşdırmaq və bəşəriyyətə daha çox fayda vermək məqsədilə etik həyat tərzi keçirməyə qadir olduğumuzu və buna məcbur olduğumuzu iddia edən mütərəqqi həyat mövqeyidir.» (Wikipediya)

Bu tərifdən də göründüyi kimi tərif «ali (Uca) Varlıq olan Allahın inkarı ilə başlayır.» İnsanlığa rəhmət, mərhəmət, şəfqət hislərini verən, onları bir qətrə sudan Yaradan Allahı inkar edən batil bir ideologiya insanlıq naminə işlər görəcəyini iddia edir. Halbuki, İslamı düzgün anlayan neçə-neçə qərb mütəfəkkirləri İslamın bəşəriyyəti xilas edə biləcək yeganə din olduğunu qəbul etmişlər.

Artıq Avropanın təhrif olunmuş xristyanlıqdan gördüyü zülmlərin nəticəsində bir çox ideologiyalar ortaya çıxmışdı. Hər bir ideologiya təhrif olunmuş xristyanlığın yerinə insan ağılına əsaslanan qanunlar icad etməkdə və Allahı inkar etməkdə ittifaq etmişdilər. Avropa insanı İslamla yetərincə tanış olmamışdı. Buna baxmayaraq avropalılar zaman-zaman İslamın (müsəlmanların) elmi nəaliyyətlərindən faydalanmışdılar. Amma, son və haqq din olan İslamı tanımayan avropada İslama düşmənçiyi yayan da elə kilsə idi. Kilsənin və xristyanlığın təhrif olunması, İsa peyğəmbəri (əleyhissalamı) ilahiləşdirməsi, bir çox təhriflərlə İsəvilikdən uzaqlaşması, kilsə hakimiyyətinin avropa insanlarına zülmü, onda bir vergi, həftədə bir dəfə kilsə ərazilərində pulsuz işləmək, elm adamlarına kafir damğası vurulub qətl edilmələri və s. bir çox səbəblər sonda avropada kilsə hakimiyyətinə qarşı böyük bir inqilaba səbəb oldu. Bu inqilab, bu üsyan illərlə davam etdi.

Avropadakı inqilabın əsas amilləri isə:

1) Dinin təhrif olunması,
2) Kilsə hakimiyyətinin zülmü.
3) çoxsaylı vergilər və s. sadalamaq olar.

Həmçinin, həmin dövrdə müsəlmanların elmi tərəqqisindən də yararlanmaq meylləri Avropada mövcud idi. Çünki, həmin dövrdə İslam aləmi elmi inkişafa görə Avropadan öndə idi. Ona görə də qeyd etdiyimiz amillərə bir çox tədqiqatçılar Avropanın İslam mədəniyyətindən, İslamın elmi tərəqqisindən təsirlənmələrini də əlavə edirlər. Həmçinin, amillərdən; onların qədim yunan fəlsəfəsinə qayıtmaları və bunu elmin və fəlsəfənin əsası kimi götürmələri də qeyd olunur.

Xülasə; bu dövrdəki prosseslərdən geniş danışsaq, qəsd etdiyimiz mövzu “humanizm”dən yayınarıq deyə çox uzatmırıq, amma, oxuculara bu kiçik giriş nöqtəsini qeyd etməli idik ki, o dövr barədə təsəvvür əmələ gəlsin.

Avropada bu qəliz dövrdə bir çox ideologiyalar yarandı ki, bütün ideologiyalar ictimai, siyasi, fəlsəfi məsələləri əhatə edir, bir növ cəmiyyətə xidmət məqsədi ilə təqdim olunması müşahidə olunsa da, bu ideologiyaların hər biri «Dinə qarşı olmaqda, bir çoxları isə Allahsızlıq nöqtəsində» birləşirdi. Sonda Azadlıq anlayışını «əxlaq dəyişkəndir» deyəcək qədər dəyişən, «mənfəəti özünə əqidə seçən praqmatizmə qədər» insanın yaradılış fitrətinə ziddiyyət təşkil edən ideologiyalar ortaya çıxdı. Humanizm isə daha çox “realizm” “positivizm” ideologiyasıyla əlaqəlidir və bu ideologiyanın bir qoludur desək heç də yanılmış olmarıq.

Avropada yaranmış çoxsaylı ideologiyalar onları yalanın, içkinin, qumarın, əxlaqsızlığın «mənfəət gətirəcəyi təqdirdə yaxşı əxlaqdan sayılacağı» qədər əxlaq anlayışlarını dəyişdi. Hətta, hər şeyin dadına baxmış, yeni zövqlər axtaran adamlar azadlığın sərhədlərini keçib insan fitrətinə, yaradılışına, insan təbiətinə zidd hərəkətləri etməyi də “azadlıq axtarışından” saymaqla böyük bir əxlaqi tənəzzülə doğru keçid etdilər.

İslamda isə əxlaq sabitdir və dəyişkən deyildir.

Onlara görə isə gözəl əxlaqdan olan doğruluq, dürüstlük, vəfalılıq, cəsarət, səxavətlilik, həyalı olmaq və s. keyfiyyətlər mənfəət gətirmədikdə, rəzil və alçaq əxlaqlardan yalan, hiyləgərlik, qorxaqlıq, xəyanət, pozğunluq və s. məzəmmət olunmuş əxlaqlarla əvəz oluna bilər. Baxmayaraq ki, bu anlayış daha çox “praqmatizm” (yəni, mənfəətçilik və ya gəlir gətirən hər şeyi icazəli görmək) ideologiyasında daha qabarıq görünür, lakin, avropada yaranmış digər fikri hərəkatların, ideologiyaların da qəbul etdiyi “əxlaqi prinsiplər dəyişkəndir və sabit deyildir” qaydasına əsasən, bu ideologiyaların daşıyıcıları eyni əxlaqi tənəzzülə məruz qalmış olurlar.

Amma, birbaşa “humanizm” əqidəsinin seçildiyi etiqadi problemli nöqtə insanı Allah yerinə qoyması, insanı ilahiləşdirməyə, müqəddəsləşdirməyə, özlərinin də dedikləri kimi “onun (insanın) uğrunda fədakarlıq etməyə” bu ad altında Allaha ibadəti və ilahi qanunları inkar etmək və bu fikirlərlə əvəzləməkdir.

Həmçinin, onlar yalnız maddi dünya ilə kifayətlənir qeyb aləminə inanmırlar.

Xülasə; bütün diqqəti insana yönəltmək, bütün həyatın qayəsinin insanda cəmləşməsi, Yaradıcının inkarı, Yaradıcı qüvvə onlara görə olmadığı üçün insanı bu boşluğu doldurmaq üçün ilahiləşdirmək və müqəddəsləşdirmək… Bir sözlə insan üçün yaşamağa çağırırlar.

Sual verilə bilər ki, bunu həyatın əsas qayəsi etməkdə nə problem var?

Cavabında deyirik ki, insanlara faydalı olmaq ayrı məsələdir, insanlar üçün yaşamaq ayrı məsələdir. Bu çağırışın «aldanış nöqtəsi» də elə budur.

Birincisi: Allahı inkar edənlər özləri də bu məsələdə ixtilaf ediblər. Bəziləri özün üçün yaşa, bəziləri başqaları üçün yaşa deyirlər. Reallıqda isə Allahı inkar edənlər elə özləri üçün yaşayırlar. Nəfs və havalarına xoş gələn şeylər onlar üçün gözəllik meyarıdır. İnsan əgər öz Yaradanını inkar edərək insanlığa xidmət yolunu seçəcəksə, çox zaman bu iddia kitab səhifələrində qalan bir iddiadan o yana keçmir.

Ikincisi: İslam dini humanistlərin demək istədikləri, lakin, Allahsız şüurla yanaşdıqları üçün «İnsanlara faydalı olmaq» qayəsini daha dəqiq ifadə etmişdir. Elə bu məqsədi daha doğru və dəqiq ifadə edən İslam Peyğəmbəri buyurub ki: «İnsanların ən xeyirlisi, insanlara ən faydalı olandır.» (Sahihul-Cəmi, 3289)

Deməli, insanlara faydalı olmaq qayəsilə Allaha ibadət qayəsi bir nöqtədə birləşir. İslama görə Allaha yaxşı qul olan kəs özünə də, ailəsinə də, cəmiyyətə və hətta bəşəriyyətə faydalı olmağı bacarır.

Üçüncüsü: İslama görə Allah insanı Öz Yaradanına ibadət etməsi üçün yaratmışdır. Həyatın əsas qayəsi də budur.

«Humanizm» (insanpərvərlik) fikrinin daşıyıcıları isə bu “parlaq şüar” altında əslində küfr, Allahsızlıq, ateizm fikirlərini hislərinə aldanaraq qəbul etmiş olurlar. Bu söz (humanizm) nə qədər xoş səslənsə də, bir fikrin həqiqəti zahirdəki onun adına görə deyil, fikrin, etiqadın həqiqi siması ilə, təlimləri ilə izhar olur.

Diqqətlə yanaşsaq, İslam şəriəti insana böyük diqqət və hüquqlar vermişdir. Əgər diqqətlə İslamı öyrənsək, İslamafobların yazılarını, azğın firqələrin İslam adı altında etdiklərini bir kənara qoysaq, təmiz İslamı öyrənsək görərik ki, İslam insanı necə uca məqamlara çıxardır. Allah Qurani-Kərimdə buyurmuşdur: «Biz Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə minik üstündə daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik.» (əl-İsra, 70)

Həmçinin, yaradılışın məqsədi “humanistlərin” iddia etdiyi kimi yalnız ölüb gedəcək insanlara xidmətdən ibarət deyil, əksinə, daha uca məqsədlər üçündür. Ən birinci məqsəd isə Qurani Kərimdə belə açıqlanır: «Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.» (əz-Zəriyət, 56)

İnsanlığa xidmət isə Allahın buyurduğu kimi olduqda Allah bunun qarşılığında böyük mükafatlar vəd edir. İslamafobların və humanistlərin Qurandakı bu ayədən xəbərləri yoxdur yəqin:

«Buna görə də İsrail oğullarına yazıb buyurduq ki, kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar. Elçilərimiz onlara aydın dəlillər gətirdilər. Onların çoxu isə bundan sonra da yer üzündə həddi aşdılar.» (əl-Maidə, 32)

İslam dini bir insanı haqsız yerə öldürməyin bütün insanları öldürməyə bərabər olduğunu bildirir. Amma, bu gün dünyada tökülən milyonlarla haqsız qanlara bais olmuş qərb dünyası «Güclüyəm, haqlıyam», «Parçala, hökm et» siyasətini edir, bizə də humanist dəyərlərini sırıyır. Müsəlman ölkələrinə savaş alovunu salaraq, özü kənardan izləyir.

Bir də onu demək istəyirəm ki, illərlə insanlarımıza təqdim olunan “humanistlik” zahirən xoş görünə bilər. Kimsə insanlığa xidmət edək deyərsə, biz də bunu təqdirəlayiq hal kimi qarşılayırıq və bir termin olaraq humanizmin (insanlığa xidmət mənasında) əleyhinə deyilik, lakin, kim humanizmi əqidə kimi qəbul edərsə, yuxarıdakı verdiyimiz tərifdəki kimi humanist olmaqçün birinci Allahı inkar etməyi vacib görərsə, bunun küfr və küfrə dəvət olduğunu deyirik.

Əlqərəz, İnsanlığa xidmət etməkçün heç də humanist (və ya ateist) olmağa ehtiyac yoxdur.

Allah İslam Peyğəmbərini aləmlərə rəhmət olaraq göndərmişdir. Uca Allah Qurani-Kərimdə buyurmuşdur: «Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik.» (əl-Ənbiya, 107)

Ona görə də O insanları əfv etməyi, xətalarından keçməyi, insanlara və cəmiyyətə xidmət etməyi öyrətmiş, hətta, yoldan insanlara əziyyət verən bir şeyi götürüb kənara atmağı imanın 46 şöbəsindən biri olduğunu bildirmişdir. Nəinki insanlara, hətta, heyvanlara qarşı rəhmli olmağı ümmətinə öyrətmişdir. Cəmiyyətə xidmət olan ağac əkməyə, su çəkməyə, özündən sonra faydalı əsər və ya yaxşı övlad qoyub getməyə, qonşu ilə yaxşı davranmağa, valideyin asiliyi əmr etmədikcə “uf” belə demədən ona itaət etməyə, böyüklərə hörmət etməyə, uşaqlara mərhəmət etməyə, yolda qalanlara, itənlərə yardım etməyə, yetimə əl tutmağa, xəstələri ziyarət etməyə rəğbətləndirmiş və kasıblara maddi yardım edib zəkat çıxarmağı Allahın əmrilə dinin beş əsasından biri etmişdir. Saydıqca qurtarmır bu cəmiyyətə və insanlığa xidmətə yönəlmiş İslami əmrlər.

İslam dini cəmiyyətə, insanlığa xidmət üçün kifayət qədər yolları bəyan etmişdir. O yolları ki, bəndələrinə yaxşı bələd olan Allah göstərmişdir. Amma, insan ağılının məhsulu belə ideal həyat düsturu verməyə qadir deyildir. Çox vaxt belə olur. Kimsə insanlığa xidmət naminə hansısa bir yol kəşf etdiyini iddia edir, sonra isə İslamın əsrlər öncə bu məsələdən danışdığı ortaya çıxır.

“Kommunizm” və ya “Marksizm” də o dövrdə yaranmış ideologiyalardandır ki, insan fitrətinə uyğun gəlmədiyi üçün sovet höküməti çox tab gətirə bilmədi. Çünki, sovet hakimiyyəti də “kommunist” ideologiyası ilə ağıllı və axmaq, alim və fəhlə, bacarıqlı və bacarıqsız insan təbəqəsini eyni tutub təbii haqq olan mülkiyyət hüququndan məhrum edirdi. Ailə isə fərdin yox, dövlətin mülkü sayılırdı. İnsan isə robot kimi işləməli idi, maddiyyat mənəviyyatdan önə çəkilmişdi. Ümumiyyətlə, İnsan fitrətinə və Allahın şəriətinə zidd olan bütün ideologiyalar sovetlər kimi məhvə məhkumdur.

Allah həyatın və ölümün qayəsi barədə Quranda buyurmuşdur: «Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.» (Mulk, 2)

Həyatın qayəsini unudan ateist və humanistlərə Allahdan doğru yol diləyərək son ayələri qeyd edirik: «Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir.O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir.» (Yasin, 77-79)

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin magistr tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar