Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:
Uca Allah Qudsi hədisdə belə buyurur: “Qulumun mənə sevimli olan və onun vasitəsi ilə mənə yaxınlaşdığı ən gözəl əməl, ona vacib buyurduğum əməllərdir. Qulum nafilə ibadətlərini yerinə yetirməklə Mənə o qədər yaxınlaşar ki, Mən onu sevərəm. Əgər mən onu sevsəm, onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən diləsə, ona dilədiyini verərəm. Sığınacaq istəsə ona sığınacaq verərəm.” (Buxari)
Şeyx İbnu Useymin (Allah ona rəhmət etsin) bu hədisi şərh edərək buyurur: “Hədisdə Uca Allahın “onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram…” deməsinin mənası odur ki, əgər Allah bir kəsin eşidən qulağı olarsa, o qulaq haram eşitməz, əgər Allah bir kəsin görən gözü olarsa, o göz harama baxmaz, əgər Allah bir kəsin tutan əli olarsa, o əl haramı tutmaz, əgər Allah bir kəsin yeriyən ayağı olarsa, o ayaq harama getməz…” (Qavaidul Muslə)
Gördüyümüz kimi Uca Allah vacib ibadətlərdən sonra, Öz sevgisinə səbəb olacaq nafilə ibadətləri qeyd etmişdir. Lakin təəssüflər olsun ki, günümüzdə nafilə ibadətlərini yerinə yetirməyə çox az müsəlmanın can atdığını müşahidə etməkdəyik. Bunun əsas səbəblərindən biri də, insanların bu əməllərin fəzilətindən, Allah dərgahında qədir-qiymətindən xəbərsiz olmalarıdır.
Məhz bu səbəbdən qərara aldıq ki, bu dəfəki məqaləmizdə gün ərzində qılına biləcək nafilə namazlarının fəzilətləri barəsində qısaca da olsa, məlumat verək ki, hətta bacı və qardaşlarımız bu ibadətlərin fəzilətlərini bilərək onları yerinə yerinə yetirməyə var gücləri ilə can atsınlar.
1. Sübh namazından öncə qılınan iki rükət sünnət namazı – dünya və içindəkilərdən daha xeyirlidir.
Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Elçisi (Allahın ona salavat və salamı olsun) buyurur: “Sübh namazının iki rükət (sünnəsi) dünya və onun içindəkilərindən daha xeyirlidir.” (Muslim 1721)
2. Duha namazı – Allaha üz tutanların namazıdır.
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə buyurmuşdur: “Duha namazına yalnız Allaha üz tutan riaəyət edər. O, Allaha üz tutanların namazıdır.” (əl-Həkim 1182. Şeyx əl-Abəni “Sahihul Cəmius Sağir” və “Silsilətul Əhədisis Sahihə” əsərlərində həsən olduğunu bildirmişdir.)
“Sizdən biriniz hər bir sümüyü bir sədəqə borcu olduğu halda səhərə çıxır. Hər bir təsbih (subhəənəllah), təhmid (əlhəmdulilləh), təhlil (Lə iləhə illəllah), təkbir (Allahu Əkbər) demək sədəqədir. Yaxşı işləri əmr etmək, pis işlərdən çəkindirmək sədəqədir. Duha vaxtı qılınan iki rükət namaz isə bütün bunları əvəz edir.” (Muslim 720, 1181, 1704)
QEYD: Duha namazını günəş çıxdıqdan təqribən 15-20 dəqiqə sonradan etibarən, ta zöhr namazına 15-20 dəqiqə qalmışa qədər qılmaq olar. Duha namazının rükətlərinin sayına gəldikdə isə, ən azı 2 rükət, ən çoxu isə doğru rəyə əsasən məhdud deyil, istənilən sayda qılına bilər.
3. Zöhrdən qabaq qılınan dörd rükət sünnət namazı – yaxşı əməllinin məhz səma qapılarının açıldığı vaxt Allaha tərəf yüksəlməsinə bir səbəbdir.
Abdullah ibn Səid (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) günəş zenitdən keçdikdən sonra zöhrdən qabaq dörd rükət namaz qılar və belə deyərdi: “Bu, səma qapılarının açıldığı bir vaxtdır. Mən də sevirəm ki, mənim üçün yaxşı əməl Allaha o vaxt yüksəlsin.” (ət-Tirmizi 478, Şeyx əl-Albani səhih olduğu bildirmişdir.)
4. Gün ərzində qılınan 12 rükət sünnət namazları – hər ötən günlərinin sayı qədər sənin üçün Cənnətdə evin tikilməsinə bir vasitədir.
Bunlar:
• Sübh namazının fərzindən əvvəl qılınan 2 rükət
• Zöhr namazının fərzindən əvvəl qılınan 2+2 və sonra qılınan 2 rükət
• Məğrib namazının fərzindən sonra qılınan 2 rükət
• İşa namazının fərzindən sonra qılınan 2 rükət
Ummu Həbibə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim gündə on iki rükət namaz qılarsa, Cənnətdə onun üçün bir ev tikilər; dörd rükət Zöhrdan əvvəl, iki rükət Zöhrdən sonra iki, rükət Məğribdən sonra, iki rükət İşadan sonra və iki rükət də Sübh namazından əvvəl.” (ət-Tirmizi 415, 417. Şeyx əl-Albani səhih olduğunu bildirmişdir.)
Əlavə olaraq Şeyx İbnu Useyminin (Allah ona rəhmət etsin) bu hədis barədə dediyi çox dəyərli faydanı qeyd etmək istərdik. Şeyx İbnu Useymindən “Bu hədisdə qeyd olunan mükafat (Cənnətdə ev) bu namazları davamlı qılana aiddir yoxsa (misal üçün) 3 gün qılıb, 3 gün qılmayana da aiddir?” – deyə soruşduqda, Şeyx İbnu Useymin (Allah ona rəhmət etsin) belə buyurur: “Bəli, kim gündə 12 rükət qılarsa Cənnətdə ona ev tikilər. Bu hər halda belədir. Və əgər insan bu namazları qoruyarsa (yəni davamiyyətli qılmağa çalışarsa), o zaman qıldığı hər 12 rükət üçün ona Cənnətdə bir ev tikilər. Yəni burada qəsd olunan hər namaza bir ev yox, hər 12 rükətə bir evin tikilməsidir.” (Silsilətu Fətəva Nurun aləd-Dərb, 249)
5. Azan verdikdən və dəstəmaz aldıqdan sonra qılınan 2 rükət namaz – Bilalı Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) öncə Cənnətə saldı.
Əbu Bureydə (Allah ondan razı olsun) demişdir: “(Bir dəfə) səhər Allah Elçisi (Allahın ona salavat və salamı olsun) Bilalı (Allah ondan razı olsun) çağırdı və ona dedi: “Ey Bilal! Hansı əmələ görə Cənnətə girməkdə məni qabaqladın? Mən nə vaxt (yuxuda) Cənnətə girdimsə, hər dəfə önümdə sənin xışıltını (ayaq səsini) eşitdim. Dünən Cənnətə girmişdim, önümdə (yenə) sənin xışıltını eşitdim və qızıldan düzəldilmiş dörd tərəfi eyvanlı bir saraya gəldim. Dedim: “Bu saray kimindir?” dedilər: “Bir ərəbindir”. Dedim: “Mən ərəbəm, bu saray kimindir?” Dedilər: “Qureyşli bir kişinin”. Dedim: “Mən Qureyşliyəm, bu saray kimindir?” Dedilər: “Muhəmməd ümmətindən bir kişinin”. Dedim: “Mən Muhəmmədəm, bu saray kimindir?” Dedilər: “Ömər ibn əl-Xattabın”.” Bilal (Allah ondan razı olsun) dedi: “Ey Allahın Elçisi! Mən nə vaxt azan verdimsə, iki rükət namaz qıldım və nə vaxt dəstəmazım pozuldusa, dəstəmaz aldım və Allah üçün bu iki rükət namaza riayət etdim (heç vaxt tərk etmədim).” Allah Elçisi (Allahın ona salavat və salamı olsun) buyurdu: “Elə bu iki şeyə görə (Cənnətə məndən öncə girmisən).” (ət-Tirmizi 3689, Şeyx əl-Albani səhih olduğunu bildirmişdir.)
6. Gecə namazı – möminin şərəfi, dərdlərin dərmanı və həmçinin qulun qulluğuna dəlalət edəcək ən əsas əməldir.
«Həqiqətən, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar; Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər etmişdilər. Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar. Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər. Mallarında da dilənçinin və (abrına qısılıb dilənməyən) yoxsulun haqqı (payı) var idi.» (əz-Zəriyət 15-19)
Bilal (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Gecə namazı qılın! Çünki o, sizdən əvvəlki əməlisalehlərin adətidir. Gecə namazı Allaha yaxınlıq, günahlardan çəkinmə, günahlara kəffarə və bədən xəstəliyini aparandır.” (ət-Tirmizi 3549, əl-Albani səhih olduğunu bildirmişdir.)
Həmçinin Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Fərz namazlardan sonra ən fəzilətli namaz gecə namazıdır.” (Muslim)
İbnul Qayyim (Allah ona rəhmət etsin) buyurmuşdur: “Gecə namazı – qulun qulluğunu göstərəcək bir əməldir (yəni qulun gecə namazına durması, onun qulluğunu doğrultması deməkdir, çünki quldan başqa heç kəs isti və rahat yatağı, yuxunu qiyama dəyişməz – tərc.)” (Mədəricus Səlikin)
İbnul Qayyim (Allah ona rəhmət etsin) buyurur: “İnsanın gecə namazını buraxdığı (yatıb qaldığı və s. digər səbəblərdən qılmadığı – tərc.) zaman özündə, dünyaya həris olan birisnin malını əldən verdiyi və ya itirdiyi zaman keçirdiyi ağrıdan (peşmançılıqdan) daha çox ağrı (peşmançılıq) keçirtməsi, sağlam qəlbin əlamətlərindəndir.” (İğasətul Ləhfən)
QEYD: Gecə namazını İşa namazından sonradan etibarən ta sübh namazına kimi qılmaq olar. Lakin ən əfzəl vaxtı gecənin son 1/3 hissəsidir. Bu vaxt da namazlarından vaxtından asılı olaraq dəyişir. Bu vaxtı hesablamaq üçün, məğrib namazından sübh namazına kimi olan vaxtı 3 yerə bölürsünüz, və beləliklə sonuncu, yəni 3`cü hissə gecənin son 1/3 hissəsi sayılır.
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha
Senxatirlat.Com saytının rəsmi heyəti