Rəhmli və Mərhəmətli Allahin adi ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:
Həsrətlə valideyinlərinin sənə təzə «notebook» və ya yeni marka telefon alacaqlarını gözləyirsən?! Bəs sən bu əşyaları nə məqsədlə aldığın haqda heç düşünmüsənmi? İslam prizmasından bu və ya digər məişət əşyalarının istifadə qaydalarından heç xəbərin varmı?
Günümüzün ən məşhur elmi nəaliyyətlərindən olan internet hansı məqsədlə istifadə edilməsindən asılı olaraq, həm xeyirə, həm də şərə qapı aça bilər. Bu isə onu işlədən şəxsin niyyətindən asılıdır. Misal üçün, saatlarla kompyuterin arxasında internet vasitəsilə müxtəlif faydasız saytlara daxil olub vaxtını boş yerə zay etmək. Sonra addım-addım günahlara yaxınlaşaraq, öz gözündə onları halallaşdırmaq, sonra isə haramlara uyaraq, daha da dəhşətlisi onları adət halına salmaq.
Bil ki, sənə xeyiri olmayan müxtəlif faydasız saytlar əvvəldə təkcə vaxtını hədər edirsə, tədricən onlara uyan insanı şeytan haramları gözündə gözəl göstərməklə günahlara yaxınlaşmağa — musiqi dinləməyə, əxlaqsız saytlara daxil olmağa və naməhrəmlərlə ünsiyyətə vadar edir.
Həmçinin mühüm məsələlərdən olan, «internet» vasitəsilə naməhrəmlərin ünsiyyət qurmasını da, qeyd etmək lap yerinə düşərdi. Uca Allah Öz Kitabında belə buyurmaqdadır: «Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!» (əl-İsra 32) Diqqət et! Allah nəinki zina etməyi,hətta ona yaxınlaşmağı belə bizlərə qadağan etmişdir.
Eləcə də, Muhəmməd (Allahın ona salavat və salamı olsun) belə buyurur: «İki nəfər (naməhrəm) xəlvətə çəkilərsə onların üçüncüsü şeytandır» (Əhməd, ət-Tirmizi və əl-Həkim. Şeyx əl-Albəni “Sahih əl-Cəmi” (2546-saylı) səhih olduğunu bildirmişdir)
Bildiyimiz kimi, sosial şəbəkələrdə «chat» adı ilə tanınan və insanların onun vasitəsilə ünsiyyət qurduğu bir yer də mövcuddur. Onun vasitəsilə insanlar bir-birləri ilə tanış olur, ünsiyyət qururlar. Bu («chat») ünsiyyət vasitəsindən İslam qaydalarına müvafiq formada istifadə etmədikdə isə Allahın haram buyurduğu əməllərdən biri olan zinanın qapıları açılaraq, iki gənci (naməhrəmləri) özünə tərəf səsləyir, onlar da şeytanın vəsvəsələrinə uyaraq, ilk addımlarını atmağa başlayırlar. Tədricən gənclər üçün bu ünsiyyət o qədər adiləşir ki, çirkin və böyük günahlardan olan zinaya uğrayırlar. Allah qorusun!
«Mən onunla sadəcə «chat» vasitəsilə yazışıram,və burada İslam qaydalarına zidd olan, heç bir şey yoxdur» — deyənlərə isə Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) bu hədisin xatırlatmaq istərdim: «Gözlər zina edər — zinaları harama baxmaqdır; əllər zina edər — zinaları haramı əlləməkdir; ayaqlar zina edər — zinaları haramın ardına düşməkdir; ağız zina edər — zinası haramı öpməkdir; qəlb zina edər — zinası haramı qəsd və ya təmənna etməkdir. Fərc (cinsi orqan) də ya təsdiq, ya da təkzib edər» (Buxari, Muslim)
Hədisdə, ilk öncə göz,sonra əl, sonra ayaq ,sonra ağız, sonra qəlb və sonda isə fərc (cinsi orqan) zikr olunur. Bu da, zinanın tək cinsi orqanla yox, digər bədən üzvləri ilə də edilməsinin mümkün olmasına bir dəlildir.
«İnternet»-in faydalarına gəldikdə isə səhih (düzgün) saytlardan, Şəriətin tələblərinə müvafiq olan İslami forumlardan, İslami dərs, xütbə və kitablar yükləməkdən yararlanmağı qeyd etmək olar.
Eləcə də, telefon. Ona nə üçün bu qədər bağlandığın haqda düşün! Vaxtını boş-boş danışıqlara, və ya faydasız oyunlara sərf etmək üçünmü ona belə çox bağlanmısan?! Unutma, boş vaxtı, Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) qədrini bilməli olduğumuz beş şeyin, arasında zikr etmişdir. (Hədisi əl-Həkim rəvayət etmişdir) Həmçinin Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur: «İki şey vardır ki, insanlar onun qiymətini bilməzlər: sağlamlıq və boş vaxt» (Buxari)
Ey Gənc! Məgər öz nəfsini Rəbbinin razılığını qazandıracaq əməllərlə məşqul etmək daha gözəl və nəticə baxımından daha əlverişli deyilmi?! Məgər gənclik nemətindən səmərəli istifadə edərək, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) əxlaqı ilə əxlaqlanmaq, Quran əzbərləmək, məşəqqətlərə qatlanaraq elm öyrənmək, öyrəndiklərinə əməl etmək, ona dəvət etmək daha sonra isə bu yoldaki əziyyət və çətinliklərə səbr etmək daha məqsədəuyğun deyilmi?! Nə üçün, sənə daha qaytarılmayacaq bu nemətin qədrini bilmirsən?! Nə üçün vaxtını boş-boş oyun, kino, lətifə və danışıqlara sərf edirsən?!
Unutma, biz (gənclər) bu gün ümmətin kiçikləriyik, sabah isə böyükləri olacağıq! Böyüklər yerlərini kiçiklərə verdikdə, üzərimizə elm, əməl və dəvət düşəcək. Buna hazır olmaq üçün isə, gənclik nemətini dəyərləndirmək və ondan səmərəli istifadə etmək gərəkdir…
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha
Senxatirlat.Com saytının rəsmi heyəti