Eşq xəstəliyi və onun müalicəsi

Mövzumuz təbii olmayan, həddini aşmış bir sevgidir ki, insanı xəstəlik dərəcəsinə çatdırmış olur.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Əvvəla onu bilmək lazımdır ki, İslam dini orta dindir və ədalətli dindir. İnsanların mənəviyyatıyla, hisləriylə bağlı, bir sözlə insanların fitrətiylə bağlı məsələləri ən gözəl izah edən dindir. Allah sevgisi qəlblərdə ən yüksəkdə olmalıdır. Heç bir sevgi qəlbdə Allah sevgisindən yüksək mövqedə olmalı deyildir. Çünki, Onu yoxdan Var Edən və ona bütün hisləri verən Uca Allah ən uca sevgiyə layiqdir.

Möminlərin Allaha olan sevgiləri hər şeydən yüksəkdədir. Uca Allah buyurmuşdur: «İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür.» (əl-Bəqara, 165)

Alimlər eşqdən danışarkən onun xəstəlik olmasına diqqətləri yönəltmiş, onun müalicə yollarını bəyan etmişlər. Eşq xəstəliyi insanın dünyasına da, dininə də zərər verir. İnsanın dünyasına olan zərəri hər kəsə məlumdur. İnsanın dininə olan zərəri isə bu xəstəliyin insanı şirkə qədər aparıb çıxarması ehtimalının olmasıdır. İbnul Qayyim (rahiməhullah) bu eşq xəstəliyinin təhlükəsini «əl-Cəvab əl-Kəfi» kitabında qeyd etmişdir.

Sevginin müxtəlif növləri vardır. Mövzumuz təbii sevgi olan, icazəli (həyat yoldaşına və s) sevgidən deyil. Mövzumuz təbii olmayan, həddini aşmış bir sevgidir ki, insanı xəstəlik dərəcəsinə çatdırmış olur.

Lakin, mövzumuza başlamazdan əvvəl mövzumuzla bağlı kiçik bir fayda qeyd etmək istərdik. O da eşq sözünün Allaha nisbət edilib “ilahi eşq”, və ya “Allah eşqi” kimi ifadələr işlənməsinin doğru olmamasıdır. Çünki, birincisi; eşq qadınla kişi arasında olan sevginin ifrat növünə nisbət olunur. İkincisi; eşqin qaynağı şəhvani bir istəkdir, bu isə Allaha sevgiyə nisbət oluna bilməz. Üçüncüsü; Quran və Sünnədən bu bəzi fəlsəfəçilərin və sufilərin icad etdiyi “ilahi eşq” kimi ifadələrə dəlil yoxdur. Əksinə, dəlillərə əsasən «Allah sevgisi» kəlməsi daha uyğundur. (Fayda üçün bax: əl-Maidə surəsi, 54-cü ayə, Ali İmran surəsi, 31; Hədislərdə də Allaha nisbətdə eşq sözü deyil, sevgi, sevmək və s. sözlər işlədilmişdir). İbnul-Covzi «Təlbisul-İblis» əsərində bu məsələni ətraflı qeyd etmişdir.

İndi isə keçək mövzumuza. Eşq nədir? Eşq xəstəlikdirsə, onun müalicəsi nədir?

Eşqin nə olması barədə məlumat verdik. İndi isə onun xəstəlik cəhəti və müalicəsi barədə əsasən İbnul Qayyimdən (rahiməhullah) etdiyimiz nəqli sizə təqdim edirik:

İbnul Qayyim (rahiməhullah) demişdir: «Bu, (eşq) qəlb xəstəliklərindən biridir. Başqa xəstəliklərin kökündən, səbəblərindən və müalicəsindən fərqli bir xəstəlikdir. Əgər bu xəstəlik insanda yerləşər və hökmranlıq edərsə, həkimlər bunun çarəsini tapmaqda çətinlik çəkər, xəstəyə də çarəsi gizli qalar.

Sonra demişdir: «Surətlərə aşiq olmaq kimi bir eşq növünə, ondan (bu xəstəlikdən) uzaqlaşdıracaq Allah sevgisindən boş olan, Allahı başqalarıyla əvəz edən qəlblər düçar olar. Əgər qəlb Allah sevgisi və Onunla qarşılaşacağı günün şövqü ilə dolarsa, onda qəlb eşqin bu surətlərə aşiq olma növünü özündən uzaqlaşdırar. Ona görə də Allah Yusuf Peyğəmbər haqqında (Qurani-Kərimdə) buyurmuşdur: «Qadın Ona meyl etmişdi. Əgər Yusuf Rəbbinin dəlilini görməsəydi, o da ona meyl edərdi. Beləcə, Biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o bizim ixlaslı qullarımızdandır.» (Yusuf, 24)

Bu da dəlildir ki, ixlaslı olmaq eşqin uzaqlaşdırılmasının, həmçinin, eşq nəticəsində əmələ gələn pislik və çirkinliyin uzaqlaşdırılmasının səbəblərindəndir. Elə isə səbəbi meydana gətirən amilin uzaqlaşması, elə səbəbin uzaqlaşması üçündür. Bundan dolayıdır ki, sələflərdən bəziləri demişlər: «Eşq, boş bir qəlbin hərəkətidir.» Yəni: məşuqundan (aşiq olduğundan) başqa hər şeydən boşdur.

Eşq iki şeydən ibarətdir: məşuqu yaxşı (gözəl) hesab etmək və ona qovuşmağı arzulamaq. Nə zaman ki, bu iki amildən biri aradan qalxarsa, o zaman eşq aradan qalxar. Bir çox ağıl sahiblərinə eşqin (həqiqi) səbəbi gizli qalmışdır və onlar bu barədə düzgün şəkildə danışmağa nifrət etmişlər. Sonra demişdir: «Məqsəd odur ki, eşq xəstəliklərin bir növü olduğu üçün, deməli onun müalicəsi də vardır. Əgər şəri baxımdan aşiqin sevdiyinə çatmasına bir yol vardırsa, bu, onun əlacıdır.

Necə ki, Buxari və Muslimdə ibn Məsudun hədisində rəvayət olunur ki, o dedi: Allah Elçisi (salləllahu aleyhi va səlləm) buyurdu: «Ey gənclər topluluğu! Sizdən kimin evlənməyə gücü çatırsa, qoy evlənsin.» Beləcə sevən insana iki yolu əlac kimi göstərmişdir: Əsas əlac və əvəzləyici əlac. Onun əsas mümkün olduğu təqdirdə əlacı əmr etməsi, bu xəstəlik üçün qoyulmuş bir çarədir ki, bu zaman bunu başqa bir şeylə əvəz etmək olmaz. İbn Macə «Sünən» əsərində ibn Abbasdan rəvayət etmişdir ki, o dedi: «İki bir-birini sevən insan üçün evliliyə bənzər (bundan yaxşı) bir çarə görülməmişdir» (Şeyx Albani “Sahihul-Cəmi”, 2/197)

(Zədul-Mə`əd, 4/265)

Bu baxımdan, eşq barədə söhbətimizi bu nöqtələr ətrafında cəmləşdirə bilərik:

1) Eşq qəlb xəstəliklərindən olan bir xəstəlikdir və onun müalicəsi labüddür.

2) Eşqin halalı və haramı olur – İbnul Qayyimin dediyi kimi – bunu da qarşıda izah edəcəyik inşəAllah.

3) Qadınla kişi arasında olan eşqin əlacı yollarından biri də evlilikdir – əgər bu mümkün olarsa – bu, əlacların ən əsası və ən xeyirlisidir.

4) Əgər aşiqin sevdiyinə çatması üçün nə qədəri və nə də şəri baxımdan evlənmələrinə yol yoxdursa, Məsələn; sevdiyi şəxs başqa biriylə evlidirsə və ya padşahın qızını istəyən zibilçi bir şəxsdirsə və bunun kimi… O zaman İbnul Qayyimin də dediyi kimi: (bu mərhələdə) Eşq xəstəliyinin müalicə yollarından biri də öz nəfsində bu eşq barədə ümidsizlik hissi yaratmaq, bu eşqdən ümidini üzməkdir. Çünki, nəfs o vaxt ki, bir şeyi (əldə edəcəyindən) ümidini üzərsə, ondan rahatlayar və o məsələyə fikir verməz.

5) Əgər (növbətli mərhələdə də nəticə əldə olunmazsa) eşq xəstəliyi davam edərsə, bu o deməkdir ki, o insanın fitrəti çox şiddətli şəkildə bir (fəsadlı) dəyişikliyə uğramışdır. Bu zaman başqa əlaca keçmək gərəkir. Bu da əqli müalicədir. O da bunu bilməyidir ki, onun çatması mümkün olmayan bir şeyi istəyib qəlbini ona bağlaması dəliliyin bir növüdür. Belə halda olan biri “günəşə aşiq olan birinə bənzəyir” ki, ruhu ona tərəf yüksəlmək istəyir və günəşlə eyni fələkdə dövrə vurmaq istəyir. Belə bir şəxs bütün ağıl sahiblərinə görə dəlilərin zümrəsindən sayılır.

6) Əgər (yenə) nəfsi bu əlacı qəbul etməz və bu müalicəyə yönəlməzsə, o zaman baxmaq lazımdır ki, onu bu şəhvətə yönəldən tələskənliyin fəsadı nədir? Həmçinin, onun məsləhətinə (xeyirinə) olan şeylərə mane olan nədir? Çünki, o, dünya şərlərini özünə cəlb edən və qulun məsləhəti üçün olan şeyləri donduran ən böyük amillərdəndir. Çünki, bu (hal) qul və onun doğru istiqaməti arasına girir. Hansı ki, qul bu doğru istiqamətlə özünü toparlayır və məsləhəti üçün olan işləri qoruyur.

7) Əgər (aşiqin) nəfsi bu çarəni də qəbul etməzsə, qoy o zaman sevdiyinin çirkin tərəflərini və ona nifrət etdirəcək cəhətlərini xatırlasın. Çünki, əgər bunu istəyər və bu barədə düşünərsə, görəcək ki, (sevdiyinin) sevgi meydana gətirən yaxşı tərəflərindən də qat-qat çox çirkin tərəfləri var.

8) Sonda isə deyir ki: Əgər bu əlacların heç birinin faydası olmazsa, onun yalnız bir yolu qalar; O da sıxıntıda olanın dua etdiyi zaman duasına Cavab Verən Allaha sadiq şəkildə sığınmaq, bütün nəfsiylə Ona tərəf yönəlmək, Ondan yardım istəmək, Ona boyun əyib qarşısında zəlil olmaq və hüzur içində bir yönəliş etməklə mümkündür. Nə vaxt ki, bunu etməyə müvəffəq olarsa, o zaman müvəffəqiyyət qapısını döymüş kimi olar. Bu zaman gərək iffətli olub eşqini gizlətsin və məşuqu (sevdiyi üçün) ürək yandırmasın. Məşuqunu (red- bu mərhələnin təsirindən qəlbində ona nifrət yarandığından dolayı) insanlar içində onu alçaltmasın və ona əziyyət verməsin.»

(İbnul Qayyim, “Zədul-Mə`əd fi Hədyi Xayril-İbəd”, 4/275)

İbnul Qayyimin (rahiməhullah) dediyi sevginin halal və haram növünün bəyanı: (Halal sevgi): Kişinin öz həyat yoldaşına olan sevgisidir ki, bu həddi aşıb vacibatlardan yayındırmamalıdır. (Haram sevgi isə): başqa biriylə evli olan bir qadını sevmək, əxlaqsız birini sevmək və s. bura daxildir.

Şeyxul İslam ibn Teymiyyə (rahiməhullah) demişdir: «Amma hər kim eşqə düçar olar, iffətini qoruyar və səbr edərsə, o, Allah qorxusuna görə əcr qazanar. Şəri dəlillərdən də məlumdur ki, əgər insan gözünü, sözünü və əməlini haramlardan qoruyarsa, bunu gizlədər və bu barədə danışmazsa, hətta, bu barədə haram sözə dalmaz, istər məxluqa şikayət olsun, istər çirkin bir əməli izhar etmək, istər də məşuqunu tələb etmək qəbilindən olsun. Əgər o, Allaha itaətdə və Ona asi olmamaqda səbr edərsə, müsibətə düçar olanın (gözəlcə) səbr etdiyi kimi qəlbindəki eşq acısına səbr edərsə, bu kimsə (bu ayədə vəsf olunan) Allahdan qorxan və səbr edənlərdən olar: «Kim Allahdan qorxsa və səbr etsə, bilsin ki, Allah yaxşı iş görənlərin mükafatını puç etməz» (Yusuf, 90)» (“Məcmu`ul Fətəva”, 10/133)

Dəyərli oxucu! Bu yazıda bildik ki, insanın qəlbindəki ən yüksək hislər Uca Allaha olmalıdır. Əsl möminlər öz hislərini nəzarət altına alıb Allahın istədiyi kimi yaşamalı, Allahın sevmədiyi əməllərdən uzaq olmalıdırlar. Allahın insanın fitrətinə qoyduğu təbii hislər də daim nəzarətdə olmalıdır. Yoxsa, o hislər insana pisliyi əmr edən nəfsə çevrilə bilər. Həqiqi möminlərin yaşadığı daxili səadət, qəlb hüzuru və rahatlığını ən Uca sevgiyə layiq olan Allahın razılığını qazanan əməllərlə əldə etmək mümkündür. Elə isə bu Uca sevgiyə tələsin. Bu Uca sevgini ucuz tutmayın:

Uca Allah buyurmuşdur:

«De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir.» (Ali İmran, 31)

«Həqiqətən, Allah müttəqiləri sevir.» (ət-Tövbə, 4)

«Allah yaxşı iş görənləri sevir» (Ali İmran, 134)

«Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da.» (əl-Bəqara, 222)

«Allah səbir edənləri sevir.» (Ali İmran, 146)

«Şübhəsiz ki, Allah ədalətli olanları sevir.» (əl-Məidə, 42)

«Həqiqətən, Allah təvəkkül edənləri sevir.» (Ali İmran, 159)

Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: «Allah bir qulunu sevdiyi zaman Cəbrailə (aleyhissələm): “Allah filankəsi sevir, sən də onu sev!” – deyə buyu­rur, Cəb­rail (aleyhissələm) də həmin adamı sevir. Sonra Cəbrail (aleyhissələm) səma əhlinə xitab edib: “Allah filankəsi sevir, siz də onu sevin!” – deyir, səma əhli də onu sevir. Daha sonra yer üzərində olanlar da ona rəğbət bəslə­məyə başlayırlar.» (əl-Buxari, 3209)

Hazırladı: Mədinə Beynəlxalq İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    20.11. 2024
    NamazVaxt
    Sübh05:55
    Günəş07:33
    Zöhr12:27
    Əsr15:00
    Məğrib17:20
    İşa18:50
    Namaza yeni başlayıram

Son əlavə olunanlar