Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:
Dəyərli oxucular! Bu dəfəki yazımızda bəzi ateist və deistlərin məşhur bir şübhəsinə cavab verəcəyik Allahın izni ilə.
SUAL: Onlar deyirlər ki, əgər İslam dini haqdırsa, müsəlmanlar doğru yolla gedirlərsə, onda niyə onlar ixtilaf edirlər? Əgər onlar haqq yoldadırlarsa, niyə bu qədər ixtilaflar var?
CAVAB:
Birincisi: Başqa peşə və ixtisas sahibləri də ixtilaf edirlər; Həyatın bütün sahələrində ixtilaf mövcuddur. Yalnız dindarlar ixtilaf etmirlər. Dünyəvi alimdən fəhləyə kimi ixtilaf edirlər. Dünyəvi alimlər öz aralarında ixtilaf edir, fəlsəfəçilər, ateistlər, deistlər, aqnostiklər, liberallar, demokratlar, secularislər, praqmatistlər, humanistlər, qlobalistlər, şairlər, jurnalistlər, biznesmenlər, müğənnilər, hətta, bazarda meyvə satanlar belə ixtilaf edirlər.
Bir fəlsəfəçi düşünür ki, fəlsəfəni bilməyən özünü dərk etməyib. Digər fəlsəfəçi isə başqa şey düşünür. Onlar fəlsəfi fikirlərdə də ixtilaf edirlər. Necə ki, fəlsəfə məktəbinin qədim mütəfəkkirləri daim bir-biri ilə münazirə edir, bir-birinin fikirlərini tənqid edirdilər.
Bəzi ədəbiyyatçılar həyatı şeirdən, qəzəldən, poemadan və s. ibarət olduğunu düşünür. Bəzilərii isə ömrünü meyxana deməkdə keçirir. Bunun əsil ədəbiyyat olduğunu düşünür. Yeni ateist ədəbiyyatçılar isə çıxıb deyirlər ki, köhnə şairlər heç kim olublar, sonra ədəbiyyatı əxlaq normalarını aşmaqla zirvəyə qaldıracaqlarını düşünür, xalqın böyük şairlərini nifrətlə yad edirlər, onları şair hesab etmir və bir-bir alçaldırlar.
Jurnalistlər də iki qismə bölünür. Xəbərləri doğru çatdıran və insaflı jurnalistlər. Başqa bir qism jurnalistlər isə hadisələrə və ya məsələlərə qərəzli mövqe tutmaqla yanaşı ciblərini vicdanlarından önə çəkirlər.
Astronomlar da ixtilaf edirlər. Onların əksəriyyəti heç dindar da deyillər. Lakin, son illərdə “yerə düz deyən” astronomlarla, “yerə yumru” deyən astronomlar bir-birilərilə əməlli başlı ixtilaf ediblər. Hələ biz onların göy cisimlərilə əlaqəli ixtilaflarından danışmırıq.
Siyasətçilər də ixtilaf edirlər. Dünyadakı siyasi ixtilaflardan isə danış ki, danışasan, qurtarmaz. Hələ siyasi şərhçilərin proqnozlarından, hansısa bir ölkənin təkcə müxalifətçiləri arasında olan ixtilaflardan danış ki, qurtarmaz.
Tarixçilər də ixtilaf edirlər. Onlar bəzən bir məsələdə dörd beş fikir bildirirlər. Tarixçi dindar olmaq anlamına gəlmir yaxşı ki. Nədənsə bəzilərinin ancaq müsəlmanların ixtilafları yadlarına düşür.
Bir cəmiyyətin düşünən beyinləri, ziyalıları bir çox məsələdə ixtilaf edirlər.
Dünyəvi alimlər bir çox nəzəriyyələr üzərində ixtilaf edirlər. Bir il hər kəsə mütləq həqiqət kimi görünən hansısa “elmi nəzəriyyə” bir neçə il sonra digər alimlər tərəfindən rədd edilir və yerinə başqa nəzəriyyə müdafiə olunur. Onlardan bəziləri elmləri yalnız “təcrübi elmlərlə” məhdudlaşdırır, bəziləri isə digər faydalı elmləri də elm hesab edirlər.
Bir ailənin üzvləri, ərlə-arvad, bacı-qardaş və s. öz aralarında ixtilaf edirlər. Bəzən öz evindəkilərlə bütün günü didişib dava edən adamlar çıxıb deyirlər ki: “müsəlmanlar ixtilaf edirlər”.
Ateistlər də ixtilaf edirlər. Onlar kainatın yaranmasında bir neçə fikiri dəstəkləyirlər. Bəziləri kainatın əzəli olduğunu, bəziləri kainatın sonradan bir partlayış nəticəsində yarandığını deyir, digərləri də çoxlu kainatlar nəzəriyyəsini irəli sürürlər. Lakin, ortaq bir fikirə gələ bilmirlər. Dünyanın yaranmasında isə avropalı ateistlər darvinizmi dəstəkləyir, şimali koreyalı ateistlər isə darvinizmi inkar edirlər.
Ümumiyyətlə, dindar olmayan bir çoxları da ixtilaf edirlər; onlardan bəziləri cəmiyyətin islahı üçün “liberalizm yaxşıdır” – deyir, bəziləri deyir: “secularizm yaxşıdır”, bəziləri deyir: “praqmatizm yaxşıdır”, bəziləri deyir: “demokratiya yaxşıdır”, bəziləri deyir: “kommunizm yaxşıdır” və s.
Xülasə odur ki, ixtilaf etmək insanın fitrətində vardır. Ona görə də Öz yaratdıqlarını ən gözəl şəkildə tanıyan Allah buyurur ki:
«İnsan isə ən çox mübahisə edəndir.» (əl-Kəhf, 54)
Deməli, insan mübahisə etməyi xoşlayır. Fikir bildirmək, etiraz etmək, tənqid etmək insanda təbii hallardır. Lakin, insanın daha çox mübahisə edən olması, mübahisəyə meyilli olması ayədən də görünür. İnsanlar özləri də buna şahidlik edə bilərlər.
O zaman ixtilafın səbəblərindən bəziləri bunlardır:
a) Birinci insanın yaradılış fitrətinə qayıdır.
b) Paxıllıq, kin-küdurət və s. Dəlil isə bu ayədir:
«İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin. Halbuki kitab verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduqları məsələlərdə haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər.» (əl-Bəqərə, 213).
Səbəblərin qalanlarını daha müxtəsər qeyd edəcəyik.
c) Müxtəlif xarakterli insanların bir-biriylə anlaşa bilməmələri.
d) İnsanın öz havasına tabe olub bir məsələdə haqqı axtarmaqdansa, nəfsinin havasına uyğun gələn şeyləri müdafiə etməsi.
e) İxtilaf edən tərəflərin ixtilaf etdikləri məsələnin həqiqətini bilməmələri.
f) Başçılıq və şöhrət sevgisi və ya qövmiyyətçilik davaları.
j) Müəyyən şəxslərin və ya fikir cərəyanlarının sözlərinə təəssübkeşlik.
k) Əvvəlki nəsillərin sözlərinin dəlillərinə baxmadan onları kor-koranə təqlid etmək.
r) Anlayışların müxtəlif olması.
Bu ixtilaf səbəblərini çoxaltmaq da olar. Lakin, bizim bu yazıdakı məqsədimiz bu deyil. Xülasə odur ki, nə qədər ki, insanlar mövcuddur, nə qədər ki, insanlar bir-birinə qaynayıb qarışırlar o qədər də ixtilaflar mövcud olacaqdır.
İkincisi: Görəsən İslam dininin ixtilafa münasibəti necədir?
Uca Allah Qurani-Kərimdə buyurmuşdur: «Əgər Rəbbin istəsəydi, insanları vahid bir ümmət edərdi. Amma onlar elə hey ixtilafdadırlar.» (Hud, 118)
Bu ayədə Uca Allah demir ki, müsəlmanlar ixtilaf edir. Əksinə, Allah insanların hamısının ixtilaf etdiyini bildirir. Deməli, nə qədər ki, insanlar müxtəlif beyinlərə və müxtəlif xarakterlərə sahibləridirlər, o qədər də onlar ixtilaf edəcəklər.
İslam dini ixtilafı yaxşı hal hesab etmir. Ona görə də Quranda Allah müsəlmanlara ixtilaf etməyi qadağan edərək buyurur:
«Bir-birinizlə mübahisə etməyin, yoxsa, ruhdan düşər və zəifləyərsiniz.» (əl-Ənfal, 46)
Deməli, Allah bizə ixtilaf etməyi müsəlmanların zəifləməsinə gətirəcəyini bildirir.
Onda görəsən ixtilafa düşdüyümüz zaman nə etməliyik? Yenə buna da Quran ayəsi cavab verir:
«Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Onun Elçisinə müraciət edin. Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.» (ən-Nisə, 59)
Başqa bir ayə də yenə ixtilafı, parçalanmağı qadağan edir: «Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz.» (Ali İmran, 103)
Göründüyü kimi İslam dini ixtilafı qadağan edir, ittifaqı və birliyi əmr edir. Bir çox din xadimləri bu ayəyə əməl etmirlər. Çünki, insanlar ixtilaf etdikləri zaman Qurana və peyğəmbərin sabit hədislərinə əməl etsələr, çox ixtilaflardan xilas olardılar.
Lakin, ixtilaf qaçınılmazdır. Yuxarıda da qeyd etdik ki, qeyri din sahələrində də ixtilaflar mövcuddur. Lakin, Muhəmməd peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur ki, yəhudilər yetmiş bir, xristianlar yetmiş iki, müsəlmanlar isə yetmiş üç firqəyə bölünəcəklər. Onların hamısı cəhənnəmə gedəcək yalnız birindən başqa» Sonra isə Peyğəmbər yetmiş üç firqədən kimlərin nəcat tapacağını bəyan edərək buyurmuşdur: «Bu gün mən və səhabələrim hansı yol üzərindəyiksə, o yolla gedənlər nəcat tapacaqlar.» (ət-Tirmizi)
Peyğəmbərin bütün ümməti (yetmiş üç firqənin hamısı) əvvəl axır cənnətə düşəcəkdir. Lakin, günahlarından təmizləndikdən sonra bu baş verəcəkdir. Allaha və Onun elçisinə inanan kəslərə zülm edilməyəcəkdir. Hər kəs öz əməlinin qarşılığını görəcəkdir. Yetmiş üç firqədən nəcat tapmış bir firqə isə birbaşa cənnətə gedəcəkdir. Onlar da peyğəmbərin yoluna xurafat, mövhumat qatmadan onun və səhabələrinin yoluyla gedənlərdir. Peyğəmbəri görən əhli-beyti də onun səhabələrindəndir.
Üçüncüsü: Bir sahədə ixtilafın olması həmin sahənin əlverişsiz, faydasız olması və ya batil olması anlamına gəlmir.
Məsələn; Biz kimya, riyaziyyat və tibb elmlərində müxtəlif sahələrdə “ixtilaf var” deyib o sahələri tərk etsək, onda gərək bütün elm sahələrini tərk edək və deyək ki, “niyə bu elmlərdə alimlər ixtilaf edirlər?”. “Biz ixtilaf etməyən elm istəyirik” desək, bizə ağıllı insanlar gülərlər. Çünki, bəzən ixtilaf, tənqid və s. kimi şeylər mövzuların daha dəqiq araşdırılmasına xidmət edir. Məsələn; Əgər müsəlmanlar arasında «qəzavü-qədər» mövzusunda ixtilaf olmasaydı, bu gün İslam alimləri bu mövzularda bizə doğru İslami mövqeyi sərgiləyən daha az kitablarla xidmət etmiş olardılar. Lakin, o zaman ki, bu mövzuda ixtilaf edən “qədəriyyə” və “cəbriyyə” firqələri peyda oldu, alimlər əsil İslamın movqeyini, doğru rəyi ortaya qoyan bir çox əsərlər yazıb həqiqəti bəyan etdilər. Bununla da həmin firqələr tarixin qaranlığına getdilər və insanlara haqq bəyan oldu. Bunun kimi misallar çoxdur, bu qədərilə kifayətlənirik.
Dördüncüsü: Bu dünyada daim bir-birinə əks məfhumlar mövcuddur;
Bu da dünyanın imtahan qayələrindən biridir. Bu əks məfhumlar olmasaydı, dünyanın bir marağı olmazdı. Bu əks məfhumlar dünyamıza rəng qatır. Bu əks məfhumlara gecə-gündüz, xeyir-şər, acı-şirin, dərman-zəhər, gözəl-çirkin, sevgi-nifrət, varlı-kasıb, yaş-quru, ağıllı-axmaq, ağ-qara, doğru-yalan, yaxşı-pis, arıq-kök, uzun-qısa və s. saydıqca bitməyən əks məfhumlar vardır ki, ittifaq-ixtilaf da buraya əlavə olunarsa, anlayacağıq ki, ittifaqın qədrini bilməyən kəs ixtilafın zərərini də anlamaz. Bu əks məfhumları siyahısını özünüz də uzada bilərsiniz. Biz qeyd etmədiyimiz bəzi əks məfhumları qeyd etməklə dünyada nə qədər xeyir və şər kimi imtahan vəsilələrinin olduğunu anlaya bilərsiniz. Məsələn; «gənc və qoca» kimi bir-birinə əks məfhumlardan anlayacaqsınız ki, hər şeyin başlanğıcı olduğu kimi, bir sonu da vardır.
Sonda bu yazıda gəlinən nəticə budur ki:
● Islam dini ixtilafı qadağan edir.
● Bütün insanlar ixtilaf edirlər, bütün peşələrdə, bütün ixtisaslarda və bütün sahələrdə insanlar arasında ixtilaf vardır. Nə qədər ki, insanlar müxtəlif xarakterdə və müxtəlif səviyyədədirlər, o qədər də ixtilaf mövcud olacaqdır.
● İxtilafın səbəblərini dərk etmədən ixtilafı hüccət gətirmək doğru deyil.
● Hansısa sahədə ixtilafın olması heç də o sahənin bəşəriyyətə xeyirli olmadığı anlamına gəlmir.
● Bu dünyada daim bir-birinə əks məfhumlar mövcuddur. Bu da dünyanın imtahan qayələrindən biridir. Bu əks məfhumlar olmasaydı, dünyanın bir marağı olmazdı. Bu əks məfhumlar dünyamıza rəng qatır.
Yazdı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!