Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:
Sənə pislik edən insana nə üçün yaxşılıqla cavab verməkdə çətinlik çəkirsən? Əgər sən ona, onun etdiyi ilə cavab versən, böyük ehtimal, heç nəyə nail olmayacaqsan. Lakin onu əfv edib bağışlasan və üstəlik onunla heç nə olmamış kimi davransan, saysız-hesabsız xeyirlərə nail olacaqsan. Bunlardan bəziləri:
1. Əgər onu əfv etsən, sənin mükafatın Allaha aid olacaq
Buna dəlil Uca Allahın bu ayəsidir: “Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir.” (əş-Şura, 40).
Rəvayət olunur ki, bir gün Həsənul Bəsri gecələrin birində belə dua edirdi: “Allahım! Mənə zülm edəni əfv et!”. O, o qədər bu duanı çoxaltdı ki, sonunda bir kişi ona belə dedi: “Ey Əbu Səid! Mən sənin gecələrin birində sənə zülm edən kəs üçün dua etdiyini eşitdim. (Bu duanı o qədər etdin ki,) hətta onun yerində özüm olmaq istədim. Buna səni vadar edən nədir?”
Həsənul Bəsri isə (Allah ona rəhm etsin) cavabında belə buyurdu: Uca Allahın bu ayəsi: “Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir.” (əş-Şura, 40). (İbn Bəttal, “Şərhul Buxari” 6/575).
2. Allah da səninlə, sənin sənə pislik edənlərlə etdiyin müamiləni (rəftarı) edər
Bu qaydanı unutma: “Əməlin əvəzi əməlin öz cinsindəndir.” Buna dəlil Uca Allahın bu ayəsidir: “(Törətdikləri əməllərinə) uyğun bir cəza.” (ən-Nəbə, 26).
Burada bir az düşünmək faydalı olardı…
İbnul Qayyim (Allah ona rəhm etsin) pisliyə yaxşılıqla cavab verməyin çətin olmasını zikr edərək, buna kömək edəcək bəzi amilləri açıqlayır: Allah qorxusu, səbr və s. Daha sonra isə buyurur: “İnsan Allaha qarşı asiliklər (günahlar) edir, lakin bununla yanaşı istəmir ki, Allah onun günahını açsın, o günaha görə ona nə dünyada nə də axirətdə cəza versin. Həmçinin bunlarla yanaşı Allahdan həm bu dünyada nemətlər həm də Onun Cənnətini istəyir. Əgər sən bunu Rəbbindən istəyirsənsə, onun qullarına qarşı belə olmalısan.”
Bir düşün, sənə pislik edəni əfv etmirsən.. İstərsənmi Allah da səni əfv etməsin? Yox…
Həmçinin bil ki, əgər ona halallıq verməsən, ehtimal olunur ki, buna görə qiyamət günü Allah onu cəzalandırsın. Lakin sən onu əfv etsən, ona halallıq versən, umid edilir ki, ona cəza verilməyəcək. Heç düşündünmü, sənin səbəbinlə qiyamətdə bir müsəlmana əzabın verilməsindən sənə nə fayda gələcək?! Elə isə, onu əfv edib bağışla ki, bir müsəlmanın əzabının azalmasına səbəb olasan…
Ya da ki, əfv edib, ona “Yaxşı halal edirəm haqqımı, lakin bu məsələni saxlayıram qiyamət gününə..” deyirsən.. İstərsənmi Allah da sənin məsələni, cəzanı, hesabını qiyamətə saxlasın? Yox, bunu da istəməzsən, əksinə istərsən ki, qiyamətdə də dünyadaki kimi, buna görə əzab görməyəsən.
Bəs təsəvvür et, əfv edirsən, lakin yenə də arada, heç bir səbəbsiz, soyuqluğu saxlayır və ona yaxşılıq etməyi azaldırsan… İstərsənmi günahlarına görə Allah sənə olan nemətlərini kəssin? Səninlə sənin onunla davrandığın kimi davransın?! Yox..
Halbuki, sən günah etməyinlə Xaliqin haqqını tapdalayıb hüdudlarını aşdın, o isə sənə pislik, zülm etməklə sənin (məxluqun) haqqını tapdaladı.. Kimin etdiyi daha böyükdür? Kimin daha çox əfvə ehtiyacı var?
Başqa yerdə İbnul Qayyim (Allah ona rəhm etsin) buyurur: “Ey adəm oğlu! Həqiqətən sənlə Allah arasında elə günahlar vardır ki, onu Allahdan başqa heç kəs bilmir. Əgər onlara görə bağışlanmağını istəyirsənsə, o zaman Allahın qullarının (etdiklərindən) keç. Əgər onlara görə əfv olunmaq istəyirsənsə, o zaman Allahınn qullarını əfv et. Həqiqətən əməlin əvəzi, əməlin özünün cinsindəndir (özü kimidir).” (Bədəiul Fəvaid 2/468)
3. Sən onu bağışlasan və ona rəhm etsən, özün də bağışlanıb rəhm olunacaqsan
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Rəhm etməyənə rəhm olunmayacaq, bağışlamayan bağışlanmayacaq!” (Tabərani, “əl-Kəbir”. Hədisin səhihliyini Həfiz əl-Munziri, İmam Suyutı və Şeyx Albani təsdiqləmişlər).
4. Elm əhli buyurur ki, insanın ona olan zülmə göz yummasında onun xoşbəxtçiliyinə aparan səbəblər vardır
İmam Əhməd buyurur: “Səadətin onda doqquzunu (9/10) TƏĞAFUL`da tapdım.”
* Təğaful – sənə olunan zülmü, əziyyəti görməməzliyə vurmaqdır.
Bunun izahı isə odur ki, insan ona olunan zülmə və əziyyətə nə qədər çox baş qoşarsa bir o qədər əsas hədəfdən uzaqlaşar və nəfsinə uyğun hərəkətlər etməyə daha çox meyl edər. Qəzəbi artar və qəzəbdən doğan günahlara düşər. Günahlar isə insandan onun səadətini alıb aparar. Əksi isə əks. Bunlara göz yuman birisi isə, düşə biləcəyi bir çox günahlardan uzaqlaşar və bununla da səadəti tapar.
5. Sən onu bağışlasan, Allah sənin izzətini artıracaq
İlk öncə onu bilmək lazımdır ki, “…Yenilməz izzət (qüvvət) bütövlükdə yalnız Allaha məxsusdur…” (Yunus, 65).
Bağışlayan qul haqqında isə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bizlərə xəbər vermişdir ki: “Bağışlayan qulun Allah yalnız izzətini artırar.” (Muslim).
İbn Teymiyyə isə (Allah ona rəhm etsin) bu hədisdən sonra belə deyir: “Bağışlamaqla əldə edilən izzət, intiqam almaqla əldə edilən izzətdən daha faydalı və sevimlidir. Çünki intiqam almaq, zahirən izzətdir, amma daxilən zəlillik. Bağışlamaq daxilən zəlillik olsa da, zahirən də, daxilən də İZZƏT bəxş edir.” (Əhməd əl-Hərrani (İbn Teymiyyə), “Qaaidə fis-Sabr”).
6. Əgər sən onu əfv etsən və bununla yanaşı ona qarşı yaxşılıqlar etsən, onunla aranda olan ədavət yox olacaq və sənə yaxın bir dosta çevriləcəkdir
Bunu isə, Uca Allah bizlərə bildirərək buyurmuşdur: “Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar.” (əl-Fussılət 34).
Beləliklə də, müsəlmanlar arasında olan parçalanmanın qarşısı alınmış olacaqdır ki, bunun da əksi bir çox problemlərin başlıca səbəbi hesab olunur.
Lakin yuxarıda da qeyd etdiyimiz kimi, bunu etmək çətin və əzm tələb edən əməllərdəndir. Bəs kimlərə bunu etmək asandır? Bunun cavabını Uca Allah növbəti ayədə bizlərə bildirərək buyurur: “Bu isə ancaq səbr edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur.” (əl-Fussılət, 35).
7. Bundan sonra əgər o səni sevsə, artıq sən onun qəlbinə yol tapmış olacaqsan
Belə halda isə, gözlənilən odur ki, sən ona nəsihət edib tövsiyyə versən, o, bunu qəbul edəcək. Əgər nəsihətini qəbul etsə, öz xətasını düzəldəcək. Bununla da sən bunlara səbəb olmuş olacaqsan:
1) Onun şərrindən özünün qorunmana səbəb olacaqsan,
2) Onun şərrindən onun öz nəfsininin qorunmasına səbəb olacaqsan,
3) Öz qəlbində olan ədavət səbəbi ilə düşə biləcəyin zərərlərdən özünü qorumağına səbəb olacaqsan,
4) Onun ətrafının onun şərrindən qorunmasına səbəb olacaqsan,
5) Onun etdiyi əməl ucbatından dünyada və axirətdə ona gələcək əzab və bəlalardan qorunmasına səbəb olacaqsan,
6) Etdiyi həmin xətaya görə peşmançılıqla Allaha dönüb tövbə etməsinə səbəb olacaqsan,
7) Sənin, sənə pislik edənə qarşı, sələflərin əxlaqına uyğun rəftar etidiyini görüb, o da, ona pislik edənlərlə eyni ilə bu şəkildə, bəlkə də, səndən də yaxşı rəftar edəcək.
Bu cür rəftar göstərməklə isə sən insanların islahına səbəb ola bilərsən. İnsanların islahına səbəb olmaq isə ailələrin islahına səbəb olmaqdır. Ailələrin islahı isə cəmiyyətin islahı deməkdir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Kim bir xeyirə səbəb olarsa, ona əməl edənlərin savabı qədər, (ona da) savab yazılar.» (İbn Hibbən, Şeyx əl-Albani səhihləşdirmişdir).
Qeyd edək ki, zikr etdiyimiz faydalar pisliyə yaxşılıqla cavab verməkdə cəm olunan xeyirlərin hələ bir qismidir. Bilmək lazımdır ki, bu sifət sələflərin, böyük insanların və ən əsas da məqsəd və hədəfləri tövhidi doğrultmaq olanların sifətlərindəndir. Çünki, həqiqətən də intiqam almaq insanı əsas hədəfdən uzaqlaşdırır və başını bir çox dünya məsələlərinə qatır. Allahdan bu və bu kimi ziyanlardan salamatlıq diləyirik. Həqiqətən də müvəffəq edən yalnız Allahdır!
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha
Senxatirlat.Com saytının rəsmi heyəti