Dində yəqinlik

"Quranı öyrəndiyiniz kimi yəqinliyi də öyrənin! Hətta, onu biləsiniz! Mən də onu öyrənirəm". (İbn Əbid-Dunya "əl-Yəqin" kitabı. səh. 34)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

“Yəqinlik” şəkkin əksidir. Necə ki, şəkk insanda tərəddüd, narahatlıq və sıxıntı yaradır. Yəqinlik isə bunun əksidir. Yəqinlik qəlbi güclü, hüzurlu və sabit edir. Yəqinlik – şəkkə heç bir vəchlə yol verilməyən bir imandır. Belə bir iman sahibi Allah və Elçisinin buyurduğu qeybi xəbəri sanki gözləri önündə görürmüş kimi olur. Yəqinlik imanın ən uca dərəcələrindəndir. Yəqinlik əqidədə möhkəm və sabit olmaqdır. Yəqinlik necə olur? Bir misal verək; Sən axirət barədə yəqinsən və etiqad edirsən ki, axirət haqdır, axirət mütləq baş verəcək, bunda heç bir şəkk-şübhə yoxdur.

İnsanlar da bu yəqinliyin dərəcəsində fərqlidirlər. Necə ki, uca Allah axirət barədə, axirətin necə olacağı, cənnət, cəhənnəm, əzab və ya nemətlər haqda xəbər vermişdir. Yəqinlik üzərində olan bir qul Allahın verdiyi bu qeybi xəbərləri sanki görürmüş kimi qarşılayır, onun qəlbi Allaha daha çox bağlanır. Belə bir yəqinlik üzərində olan qula Allah və Elçisinin verdiyi xəbər haqda şəkk-şübhə gəlməz, kənardan bir şübhə gəldikdə isə onu dəf etmək ona çox asan olar! Bu, yəqinliyin dərəcəsi insanlar arasında fərqlidir. Elə insanlar var ki, onların dində yəqinliyi digərlərindən zəifdir, belə insana tez-tez şübhələr təsir edir. Bu cür insanlar dində yəqinliyi artıran səbəbləri öyrənməlidirlər. Bildiyimiz kimi “yəqinlik” qəlb əməllərindəndir.

Alimlər deyirlər ki, müsəlman yəqinliyinin artmasına həris olmalıdır. Çünki, yəqinliyin insanın saleh əməllərə yönəlməsində, saleh əməllərə təşviq olunmasında böyük təsiri var. Yəqinliyin insanın Allaha itaətdə sabit olmasında böyük təsiri var. Çünki, insanın yəqinliyi nisbətində onun saleh əməlləri, ibadət və itaətləri olur. Əgər bir insana desələr ki, sənin ömrünün sonuna bir-iki ay qalıb, o insan nə edər görəsən?! Təbii ki, ibadət və itaətlərini artıracaq, sədəqələri, yardımları artıracaq, hər kəsə yaxşılıq edəcək. Amma o insan ki, hələ uzun illər yaşayacağını fikirləşir, belə bir insan ölümə hazırlaşmaz, tənbəllik edər. Bu misalda birinci şəxslə ikincinin fərqi nədir? Birincinin yəqinliyi artır, bilir ki, bir ay sonra öləcək, ona görə bacardığı qədər yəqinliklə çalışır. İkincidə isə yəqinlik olmur bu məsələdə, əksinə arxayınlıq, tənbəllik olur.

Yəqinliyin mərtəbələri:

Qurani-Kərimdə yəqinliyin 3 mərtəbəsi qeyd olunmuşdur:

İlməl-yəqin, aynəl-yəqin və haqqal-yəqin; “İlməl-yəqin” nədir? Yəni, bir şeyi yəqin olaraq bilməkdir, yəni, sənə bir şey haqqında xəbər verirlər, sən o şeyi gözlərinlə görməmisən, lakin yəqin olursan ki, bu xəbər doğrudur.
“Aynəl-Yəqin” nədir? Sənə bir şey haqqında xəbər verirlər, sonra isə o şeyi gözlərinlə görürsən, müşahidə edirsən.
“Həqqal-yəqin” nədir? “Haqq” sözünün “yəqin” sözüylə bərabər işlənməsi bu yəqinliyin daha çox təkidlə doğruluğunun təsdiqlənməsidir. “Həqqal-yəqin” bir gerçəkliyi yaşamağın, toxunmağındır. “Həqqal-yəqin”ə bir şeyin başa gəlməklə yəqin olunmasını misal çəkmək olar. Məsələn, hər kəsə ölüm məlumdur, bu “ilməl-yəqin”dir. Amma, insanın ölümü dadması, o iztirabı keçirməsi artıq “həqqal-yəqin”dir.

“Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki, gömülməklə qəbirləri ziyarət etdiniz. Yox-yox! Siz aqibətinizi hökmən biləcəksiniz! Bir də yox! Siz aqibətinizi tezliklə biləcəksiniz! Xeyr! Kaş ki, yəqin biləydiniz. Siz Cəhənnəmi mütləq görəcəksiniz! Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz! Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız”. (Təkasur. 1-8).

Allahın xəlili İbrahim peyğəmbərin (aleyhissələm) halına diqqət yetirsək; o, Allahdan ona ölüləri necə dirildəcəyini göstərməsini istəyir, bunu qəlbinin yəqinliyinin artması üçün istəyir. “Bununla da “ilməl-yəqin” mərtəbəsindən “aynəl-yəqin” mərtəbəsinə çatmağı, bunu müşahidə etməklə istəyir” (İbn Kəsirin təfsiri).

Allah ona istədiyini verdikdə onun yəqinliyi və imanı artır. Bu, İbrahim (aleyhis-sələm) peyğəmbər üçün verilmiş bir möcüzə idi.

Xalid ibn Mədən (rahimahullah) demişdir:

“Quranı öyrəndiyiniz kimi yəqinliyi də öyrənin! Hətta, onu biləsiniz! Mən də onu öyrənirəm”. (İbn Əbid-Dunya “əl-Yəqin” kitabı. səh. 34)

Yəqinin həqiqəti qəlbdə haqqın yer tutması, bərqərar olmasıdır. Əgər haqq qulun qəlbində yer tutarsa, batil o qulun qəlbində özünə yer tuta bilməz. Qula da əmr olunub ki haqqı öyrəndiyi zaman yəqinlik üzərində öyrənsin. Yəqin olsun ki Allah və Elçisinin verdiyi sabit xəbər mütləq şəkildə haqdır, həmin xəbərin əksinə gözünün ucu ilə də baxmaz, diqqətini yayındırmaz.

Əsl odur ki, əgər haqq sənin qəlbində yer edibsə, onu batilə aparacaq səbəblərin qarşısını kəsməli, batilin yolunu bağlamalısan. Şübhələrə aldanmamaq kimi… Təəssüflər olsun ki insanlar batili eşitmək, şübhələri eşitmək üçün yanıb tutuşurlar. Bəzən görürsən ki, bir insan batili o qədər dinləyir ki, hətta sonda yəqin olaraq bildiyi bir haqqı həmin batili çox dinlədiyi üçün tərk edir və yəqinliyi şəkk-şübhə ilə əvəz edir. Əgər insan yəqinliyi öyrənərsə, Quran və Sünnədən olan sabit xəbərləri etibarlı mənbələrdən və ya etibarlı şəxslərdən öyrənərsə, o zaman haqq onun qəlbində möhkəmlənər. Yox əgər hər gələn şübhəyə boylanarsa, qəlbini açarsa, o zaman onun qəlbi zibilləri təmizləyən bir maçalkaya bənzəyər. Alimlər deyirlər ki: öz qəlbini nəfslərin artıqlarına və beyinlərin zibillərinə bulaşan bir lifə (maçalka, əski) çevirmə! Bil ki şübhənin qığılcımı qəlbə daxil olarsa, ola bilsin ki, onu yandırsın. (Şeyx Saleh əs-Sindi).

Yəqinliyin səmərələri:

Bu yəqinliyin yüksək səmərələri ortaya çıxır, gəlin bu səmərələrdən bəzilərini sadalayaq:

1 – Allaha təvəkkül; Allaha təvəkkül qulun zahirdə və batində mənfəətləri cəlb etməkdə və zərərləri dəf etməkdə Allaha etimad etməsidir. Görün nə gözəl ayədir!

“Kim Allaha təvəkkül edərsə, O, ona kifayət edər”. (Talaq, 3).

Allaha təvəkkül etsən, ona bel bağlasan, ona arxayın olsan, o sənə kifayət edər.
Başqa bir ayədə uca Allah buyurur:

“Sən yalnız Allaha təvəkkül et! Çünki sən açıq-aydın haqq yoldasan”. (Nəml. 79).

İbn Qeyyimin qeyd etdiyi kimi, burada “haqq” sözü “yəqinlik” mənasındadır. (Mədəricus-Səlikin).

2 – Yəqinlik; qəlbin həyatının, hüzurunun, qüvvəsinin, aktivliyinin və həyatın canlılığının ən böyük səbəblərindəndir.

3 – Yəqinlik imanı qüvvətləndirən və imanı artıran ən böyük səbəblərdəndir. Onunla dində imamlıq əldə olunur. İbn Qeyyim deyir ki, şeyxülislam ibn Teymiyyənin belə dediyini eşitdim: Səbr və yəqinliklə dində imamlıq əldə olunar. Sonra isə bu ayəni oxudu:

“Səbir etdiklərinə və ayələrimizə yəqinliklə inandıqlarına görə Biz əmrimizlə onlardan doğru yolu göstərən rəhbərlər təyin etmişdik”. (Səcdə, 2).

4 – Yəqinlik; qula qəbirdəki iki mələyin sualına düzgün cavab verməyə Allahın müvəffəq etməsinə səbəbdir. Necə ki, Buxari və Müslimin rəvayət etdiyi uzun hədisdə buna işarə edilir, mömin suala düzgün cavab verdiyi halda, ikiüzlü və şübhə içində olan insan deyəcək, “bilmirəm insanların nə isə dediklərini eşidirdim, mən də onu deyirdim”. (Buxari, Muslim).

5 – Yəqinlik insana ibadətləri, vacibatları yerinə yetirməyə, yaxşılığı əmr etməyə, pisliyi qadağan etməyə, Allah yolunda döyüşməyə yardım edən ən böyük səbəblərdəndir. Yəqinlik qəlblərə şəhvət və şübhələrin gəlməsinin qarşısını alır, bəzi ibadətlərdə gələn ağırlığı və çətinliyi aradan qaldırır. İbnul-Qeyyim (rahimahullah) demişdir: “Qəlb nə zaman ki, Allahın kəraməti və Öz övliyaları (yaxın bəndələri) üçün hazırladığı nemətlər haqda yəqinlik üzərində olar, bu zaman xeyirdən geri qalanların nəfsində yaranan yalnızlıq hissi ondan uzaqlaşar, çünki, o əhli-keflər üçün əlçatmaz olan bir şeyə nail olmuş olar”. (Miftəhu Dəris-Səadəh).

Həsən əl-Bəsri (rahimahullah) demişdir: “Cənnəti yalnız yəqinliklə istəmişəm. Cəhənnəmdən yalnız yəqinliklə çəkinmişəm. Haqq üzərində səbr etməyi də yalnız yəqinlik üzərində etmişəm”. (Fəthul-Bari, ibn Rəcəb).

6 – Yəqinlik, köksün genişlənməsinin, insanın qorxulardan, narahatlıqdan və tərəddüddən salamat qalmasının səbəblərindəndir. Yəqinlik, səbirli olmağa, əməllərin savabını, qarşılığını (insanlardan deyil) Allahdan gözləməyə, qəzavü-qədərə razı olmağa yardım edir, qəlbdən vəsvəsələri və pis xatirələri uzaqlaşdırır.

Uca Allah buyurur:

“Allahın izni olmadan heç kəsə bir müsibət üz verməz. Hər kəs Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər”. (ət-Təğabun, 11).

İbn Qeyyim (rahimahullah) demişdir: “Allahın öz bəndəsinə verdiyi ən üstün ərməğan yəqinlikdir. Çünki, insan yalnız yəqinlik dərəcəsinə çatdıqda qədərindən razı olur. İbn Məsud (Allah ondan razı olsun) az öncə keçən ayənin təfsirində demişdir:” Bu bir Allah bəndəsidir, onun başına bir bəla gələr, o da bilər ki, bu (gələn bəla) Allahdandır, o da qədərinə razı olar və təslim olar”. Sonra İbn Qeyyim (rahimahullah) deyir: “Bu bəndənin qəlbinin haqqa yönəlməsi, qədərinə razı olması və təslimiyət göstərməsi yalnız yəqinliklə mümkündür”. (Miftəhu Dəris-Səadəh).

Hörmətli oxucular! Son olaraq gəlin “Siddiq” ləqəbi almış bir səhabənin, Əbu Bəkrin (Allah ondan razı olsun) yəqinliyini nəzərdən keçirək. İsra və merac hadisəsi baş verdikdə insanlardan bəziləri buna şübhə ilə yanaşdığı zaman, o yəqinliklə Peyğəmbəri (Allahın Ona salavatı və salamı olsun) təsdiqləyir. Onlara bildirir ki, mən bundan daha çətin olanı təsdiqləmişəm, bunu necə təsdiqləməyim? Peyğəmbərin səhər və axşam Allahdan vəhy gətirdiyini təsdiqləmişəm – deyə onlara bildirir.

İstifadə edilmiş mənbələr:

1 – İbn Useymin (rahimahullah)’ın “Yəqinlik və təvəkkülün fəziləti” haqda video mühazirəsi.
2 – Şeyx Səad əl-Xaslənin (hafizahullah) “Yəqinliyin mənası” adlı video mühazirəsi.
3 – Şeyx Saleh əl-Useymi’nin (hafizahullah) “Yəqinliyi öyrənin” adlı video mühazirəsi.
4 – Miftəhu Dəris-Səadəh, İbn Qeyyim.
5 – Fəthul-Bari, İbn Rəcəb (rahimahullah).
6 – Səhih əl-Buxari, Muhəmməd ibn İsməil əl-Buxari.
7 – Səhihi Müslim, Müslim ibn Həccac ən-Nisaburi.
8 – Mədəricus-Salikin, İbn Qeyyim.
9 – Şeyx Saleh əs-Sindinin “Şübhələrdən qorunmaq” haqda video mühazirəsi.
10 – İbn Əbid-Dünyanın “əl-Yəqin” kitabı.
11 – Təfsirul-Quranil-Azim, İbn Kəsir.
12 – “Quran və sünnədə yəqinlik” haqda video digər video mühazirələr.

Tərcümə etdi: Beynəlxalq İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar