Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:
Uca Allah Muhəmməd (salləllahu aleyhi və səlləm) ümmətini digər ümmətlərdən üstün etmiş və bu ümmətə başqa ümmətlərdən fərqli olan xüsusiyyətlər və özəlliklər bəxş etmişdir. Bunlardan da biri cümə günüdür. Cümə günü ən fəzilətli, ən xeyirli, günlərin ağası və Allah yanında ən əzmətli olanıdır.
Avs ibn Avs (radıyəllahu ənhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Həqiqətən, cümə günü sizin ən fəzilətli günlərinizdəndir.” (Əbu Davud 1047. Şeyx Albani səhih demişdir)
Əbu Hureyra (radıyəllahu ənhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Günəşin çıxdığı ən xeyirli gün cümə günüdür.” (Muslim 854. Tirmizi 488)
Əbu Lübəbə (radıyəllahu ənhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Həqiqətən, cümə günü, günlərin ağası və Allah yanında ən əzəmətli olanıdır.” (İbn Macə 1084. Albani həsən demişdir)
Bu xüsusiyyətlərdən bəzilərini bunlardır:
1. Çimmək.
Əbu Səid əl-Xudri (radıyəllahu ənhu) rəvayət edir ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Cümə qüslu almaq həddi-büluğa çatmış hər kəsə vacibdir.” (Buxari 879. Muslim 846)
QEYD: Cümə qüslu yalnız cüməyə gedənlər üçün vacibdir.
2. Gözəl paltar geyinmək.
Abdullah ibn Amr ibn əl-As (radıyəllahu ənhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Kim cümə günü qüsl alar, varsa qadınının ətirindən ətirlənər, ən gözəl paltarını geyinər, sonra insanların çiyinlərinin üstündən keçməz və xütbə əsnasında danışmazsa, iki cümə arasında olan (günahlara) kəffarə olar. Kim danışarsa və insanların çiyinlərinin üstündən keçərsə, onun üçün zöhr namazı olar.” (Əbu Davud 347. İbn Xuzeymə 1810. Albani, Sahihul Cəmi 6067`də, hədisi səhihləşdirmişdir)
3. Ətirlənmək.
Salman əl-Farisi (radıyəllahu ənhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Hər kim cümə günü qüsl edib bacardığı qədər təmizlənər, (saçlarını) yağlayar və ya evində olan ətirlə ətirlənər, sonra (cümə namazına) gedər və camaatın başının üstündən keçmədən (bir tərəfə çəkilib Allahın) ona buyurduğu namazı qılar və bundan sonra imam xütbə verərkən susub dinləyərsə, həmin cümə ilə ötən cümə arasında olan (günahları) bağışlanar.” (Buxari 883. İbn Hibbən 2776)
4. Misvak istifadə etmək.
Əbu Səid əl-Xudri (radıyəllahu ənhu) Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Cümə qüslu almaq həddi-büluğa çatmış hər kəsə vacibdir. Həmçinin, imkan daxilində misvakla dişlərini təmizləməli və ətirdən istifadə etməlidir.” (Buxari 880. Muslim 846)
5. Peyğəmbərə çoxlu salavat gətirmək.
Əbu Uməmə (radıyəllahu ənhu) rəvayət edir ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Cümə günü mənə salavat deməyi çoxaldın. Həqiqətən, ümmətimin salavatı hər cümə günü mənə çatdırılır. Kim mənə salavat gətirməyi çoxaldarsa, (Qiyamət günü) mənə ən yaxın olan kimsədir.” (Beyhəqi, Sunənul Kubra, 5995. Şeyx Albani, Səhih ət-Tərğib 1673`də, hədisi həsənləşdirmişdir)
6. Kəhf surəsini oxumaq.
Əbu Səid əl-Xudri (radıyəllahu ənhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Kim cümə günü kəhf surəsini oxuyarsa, iki cümə arasi onun üçün nur olar.” (Hakim 3392. Beyhəqi, Sunənus-Suğra, 606. Şeyx Albani, Sahihul Cəmi 6470`də hədisi səhihləşdirmişdir)
7. Məscidə erkən getmək.
Əbu Hureyra (radıyəllahu ənhu) rəvayət edir ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Cənabət qüslu kimi qüsl alıb cümə gününün ilk saatında məscidə gedən adam bir dəvə, ikinci saatında gedən adam bir inək, üçüncü saatında gedən buynuzlu bir qoç, dördüncü saatında gedən adam bir toyuq və beşinci saatında gedən adam bir yumurta qurban (sədəqə) vermiş kimidir. İmam (minbərə) qalxdıqda isə mələklər gəlib zikri (xütbəni) dinləyər.” (Buxari 881. Muslim 850)
8. İmama yaxın oturmaq.
Səmura ibn Cundub (radıyəllahu ənhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “(Cümə günü) zikrə (xütbəyə) çatın. İmama yaxın olun. Həqiqətən, adam nə qədər ki, (imamdan) uzaq olmağa davam edərsə, Cənnətə girsə belə, orada (dərəcə yönündən) geri qalar.” (Əbu Davud 1108. Şeyx Albani, Silsilə Sahihə 365`də hədisi həsənləşdirmişdir)
9. İmam xütbə verəkən üzü ona tərəf çevirmək.
Abdullah İbn Məsud (radıyəllahu ənhu) demişdir: “Allah Rəsulu (salləllahu aleyhi və səlləm) minbərə qalxdıqda üzlərimizi ona tərəf çevirərdik.” Tirmizi 509. Albani, Silsilə Sahihə, 2080`da, hədisi səhihləşdirmişdir)
10. Xütbəni diqqətlə dinləmək.
Aus ibn Aus əs-Səqafi (radıyəllahu ənhu) rəvayət edir ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Kim cümə günü yaxşıca yuyunaraq qüsl alar, (məscidə) tezdən yeriyərək gedər, miniyə minməz, (xütbədən) öncə çatar, imama yaxın olub diqqətlə dinləyər və mənasız işlə məşğul olmazsa, evindən məscidə qədər atdığı hər bir addıma görə ona bir illik oruc və bir illik gecə namazı savabı yazılar.” (Əbu Davud 345. Tirmizi 496. Şeyx Albani, Sahihul Cəmi 6405`də, hədisi səhihləşdirmişdir)
11. Cümə namazını qılmaq.
Uca Allah buyurur: “Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi tərk edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!” (əl-Cumu`ə 9)
12. Dua etmək.
Cabir (radıyəllahu ənhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: «Cümə günü on iki saatdır. Həmin vaxt Allaha dua edən bəndəyə, istədiyi verilər. Siz bu vaxtı əsr namazından sonra axırıncı saatda axtarın.» (Əbu Davud 1048. Nəsəi 1388. Şeyx Albani, Hədisi Şeyx Albani səhihləşləşdirib ət-Tərğib 703,`də, hədisi səhihləşdirmişdir)
Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi cəhənnəm əzabından qoru!
Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Muhəmməd Məmmədəov
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!