Ateistlərin sualına cavab: Heyvanların ağrı çəkməsi nəyə lazımdır?

«Allah hər şeydə yaxşılıq yazmışdır. Heyvanı öldürdüyünüz zaman gözəl şəkildə (əziyyət vermədən) öldürün. Kəsdiyiniz zaman gözəl şəkildə kəsin. Qoy sizdən biri (heyvan kəsmək istəsə) bıçağını itiləsin və heyvanı rahatlatlatsın.» (Muslim)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Ateistlərin «şər probleminə» (the problem of evil) nəzər yetirdikdə heyvanların ağrı hiss etməsi probleminin gündəmə gəlməsində elə də böyük canfəşanlıq görülməsə də, Darvin fikrinin biologiya elmindəki rolu, insanın (canlılar arasındakı) sülalə üstünlüyünün inkarı, ekologiya inqilabı və qərb insanının əhilləşdirilmiş heyvanlara qayğısının artması və bu heyvanları (it, pişik və s.) ailə üzvlərindən biri hesab etmələrindən sonra «heyvanların ağrı çəkmə problemi» daha da qabardılaraq ateist mübahisəsinin – Kamil Rəhməti və Kamil Qüdrəti olmayan Allahsız aləm – fikrinə dəstək vermək üçün mühüm amil kimi ateistlər tərəfindən diqqətə alındı.

Ateistlərin bu barədə şübhəsi belədir: Heyvanların ağrı və əziyyət çəkmələrini nə ilə izah edək? Onlar səbəbsiz yerə niyə ağrı çəkirlər? Onlar ki, insan kimi bəlaya səbr etməklə imtahan olunmurlar? Nə də onlar buna görə dünyada qarşılıq görmürlər, nə bu əziyyətlə şəxsiyyətlərini inkişaf etdirmirlər axı?

CAVAB: Bunu beş aspektdən cavablaya bilərik:

Birincisi: İslam etiqadına görə heyvanların canı insanın canı ilə əvəzlənə biləcək bir funksiyada deyil. Həm də heyvanların yaranmasında hikmət ya birbaşa insanın xidmətinə verilmək (istər ətindən yemək, südündən və yunundan faydalanmaq olsun) ya da dolayısı yolla insanların xidmətində (istər də ümumi təbiət müvazinətinin qorunması üçün) olmaqdır.

Bütün heyvanlar insan üçün (insana xidmət və insanın onlardan faydalanması üçün) yaranmışdır. Allah buyurmuşdur: «Yer üzündə olanların hamısını sizə görə xəlq etmişdir.» (əl-Bəqara, 29) (1)

Həmçinin, buyurmuşdur: «Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə Allah yaratdı. O, sizin hələ bilmədiyiniz bir çox şeyləri də yaradır.» (ən-Nəhl, 8)

Başqa bir ayədə isə: «Bəzilərini minəsiniz, bəzilərindən də yeyəsiniz deyə, heyvanları sizin üçün yaradan Allahdır.» (əl-Ğafir, 79)

Həmçinin: «Həqiqətən, ev heyvanlarında da sizin üçün ibrət var. Biz onların bətnində olandan sizlərə içirdirik. Sizin üçün onlarda başqa faydalar da var. Üstəlik onlardan yeyirsiniz də. Siz həm o heyvanlarla, həm də gəmilərlə daşınırsınız.» (əl-Muminun, 21, 22)

İkincisi: Bizim heyvanların psixikasını bilməyimiz olduqca məhduddur. Bu da heyvanların idrakına yanaşmanın zahiri dəyərləndirmə ilə edildiyi üçündür.

Üçüncüsü: Heyvanların sinir birləşmələri insana nisbətdə böyük şəkildə bir-birindən fərqlənir. (2)

Dördüncüsü: Heyvanlar əzaları və canları ilə ağrını hiss edirlər, necə ki, heyvana bir əziyyət toxunduqda bu onun zahiri halı olur. Həmçinin, heyvanlarla yaxşı davranmaq və əziyyət verməkdən çəkinmək barədə Peyğəmbərin hədisləri də buna dəlalət edir. Bu hədislərdən birində deyilir:

«Allah hər şeydə yaxşılıq yazmışdır. Heyvanı öldürdüyünüz zaman gözəl şəkildə (əziyyət vermədən) öldürün. Kəsdiyiniz zaman gözəl şəkildə kəsin. Qoy sizdən biri (heyvan kəsmək istəsə) bıçağını itiləsin və heyvanı rahatlatlatsın.» (Muslim)

Heyvanları kəsdikdə onların ağrı çəkməməsi və canının tez çıxması üçün boyun nahiyəsindən olan iri damarlar kəsilir. Bu iti bıçaqla edilir ki, ağrı müddəti daha az olsun. Yuxarıda qeyd etdiyimiz hədis dəlalət edir ki, İslam dini heyvanların əzab-əziyyət verməyin əleyhinədir. Hətta, bu şərəfli din bir heyvanı kəsərkən başqa heyvana bıçağı göstərməməyi, heyvanı qorxutmamağı, hədisdə deyildiyi kimi «heyvanı rahatlatmağı» əmr etmişdir.

İnsan necə zənn edə bilər ki, heyvanların çəkdiyi ağrı əbəs yerədir? Allahın Elçisi (Allahın Ona salavatı və salamı olsun) ümmətinə xəbər vermişdir ki: Uca Allah bir əxlaqsız qadınının günahlarını yalnız bir səbəbə görə bağışlamışdır. Bu da o qadının (susuz qalmış) bir itə su verməsinə görə olmuşdu. (Buxari rəvayət edib). Həmçinin, Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) xəbər vermişdir ki, bir qadın bir pişiyə görə cəhənnəmə düşür. Ona görə ki, o qadın pişiyi nə yedizdirib, nə də (həbs edərək) imkan verib ki, yerdəki canlılardan yeyib qidalansın. (Buxarinin rəvayət edib). Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur: «Hər bir canlıda (canlıya yaxşılıq etməkdə) savab vardır.» (Buxari)

Deməli, heyvanlar ağrı çəkirlər. Lakin, bu ağrının az və ya çox olmasından danışacağıq. Bu isə Dekartın heyvanların ağrı çəkməsinin avtomatik əks reaksiya olub həqiqi ağrı olmadığı barədə təqlidi təsəvvürünün əksidir. (3)

Sonra deyirik ki, ot yeyən heyvanlar ot yeməsilə özlərinə lazım olan qidanı təmin edirlər. Yəni, otların yaranma qayələrindən biri də bəzi heyvanların qidalanmasıdır. Heyvanların otla qidalanmasını normal qəbul ediriksə, onda ətyeyən heyvanların ət yeməsini də normal qarşılamalıyıq. Onda bir heyvanın digərini yeməsi zamanı baş verən ağrının həqiqətini tam bilmədiyimiz üçün bunu Allahın Rəhmətinə zidd olduğunu deyə bilmərik. Çünki, insan həqiqətini bilmədiyi bir şeyi dəlil gətirə bilməz.
Bu məqamda başqa sual çıxır: Görəsən yırtıcı heyvanlar ov etməyi haradan və necə öyrənirlər? Görəsən heyvanlar bu ov etməyi sonradan öyrənir, yoxsa, bu onların fitrətində mövcud bir haldır? Xatırlatma üçün deyək ki, bu heyvanlara ov etmək bacarığını fitri şəkildə verən Yaradan (Allah), onların bu təbii qidalanması zamanı qurbanlarının çəkdikləri ağrıları da azaltmağa və ya bizim bilmədiyimiz səviyyəyə endirməyə də Qadirdir.

Beşincisi: İnsan hissiyyatının qeyri-bəşəri varlıqlarla müqayisəsi zamanı açıq-aydın səhv müqayisələrə yol verilir. (4) Həmçinin, biz deyə bilmərik ki, heyvanların ağrı çəkməsi bizim ağrı çəkməmiz kimidir. Təəssüflər olsun ki, insanın ətraf mühitdə olanlara bəşəri zəka və hissiyyat nisbət etmək istəyi ətraf mühiti anlamaqda problemlərə səbəb olur.

O zaman heyvanların çəkdiyi ağrılardan danışmaq, bu mövzunu Allahın Ədaləti və Rəhmətiylə düzgün əlaqələndirə bilmək üçün söhbətimizi bu tərzdə qurmaq mümkündür:

— Allah var.
— Qurani Kərim də Allaha aid edilən Uca İsm və Sifətlər var.

Sual belədir:
Qeyd etdiyimiz bu iki məsələ və heyvanların ağrı çəkməsini necə cəm edə bilərik?

Bu suala cavab vermək üçün (ateistlərə misal olaraq) bu fərziyyələri irəli sürmək olar:

1) «Allah Rəhmlilərin ən Mərhəmətlisidir.» (əl-Ə`raf, 151; Yusuf, 64; 92; əl-Ənbiyə, 83)

2) Allah heyvanları yaratmış və insana heyvanla yaxşı davranmağı əmr etmişdir.

3) İslam dinində heyvanlarla yaxşı davranmağın əmr edilməsi dəlildir ki, Allah heyvanların hislərinə qarşı Rəhmlidir və Allah heyvanlara əziyyət toxunmasını qəsd etməmişdir.

4) Bizim aləmimizdə heyvanlar ağrı hiss edirlər. (Lakin, bu ağrı az, yoxsa, çoxdur?)

5) Qiyamət günü heyvanlara Cənnət qarşılığı verilməyəcəkdir. Çünki, heyvanlar həm əməllərinə görə məsuliyyət, həm də dini öhdəliklər daşımırlar.

Bu fərziyyəyə əsasən, əgər Allah mövcuddursa, bu məsələni belə təsəvvür etmək mümkündür:

6) Allahın heyvanların ağrı hissini insanların ağrı hissindən daha yüngül etməsi mümkündür;

Məntiqi cəhətdən: «Allah heyvanların ağrı hissiyyatını insanların ağrı hissiyyatından daha aşağı səviyyədə etmişdir» deməyimiz nə bir ziddiyyətli, nə də əqli cəhətdən mümkün olmayan bir söz deyil.

Elmi cəhətdən: Şəkk yoxdur ki, biz heyvanların ağrı hiss etməsinin həqiqətini bilmirik. Baxmayaraq ki, heyvanların zahirən ağrı hiss etdiklərini anlayırıq. Elm bu gün bizə bəzi dəlilləri göstərir ki, heyvanların ağrı hissiyyatı insanın hissiyyatından daha aşağıdır. Bu aşağıda qeyd edəcəyimiz iki nöqtədə zahir olur:

Birincisi: Canlı varlıqlardan sinir sisteminin quruluşu:

a) Heyvanların cərrahiyyəsilə aşkar edilmişdir ki, heyvanların mərkəzi sinir sistemində böyük fərqlər var. məsələn; qurdlarda olan sinir sistemi sinir liflərinə bağlanmış düyünlər şəklindədir. Digər sinir quruluşlarından geniş şəkildə fərqlənən bu sinir sisteminin tikanlı sinirləri uzun bir ip kimi birləşdirən böyük bir beyini var ki, onun da yüzdə qırx faizini beyin qabığı təşkil edir. (5)

b) Heyvanlarda sinir sisteminin olması zəruri deyil. Çünki, heyvanlara əziyyət üz verdikdə buna qarşılıq olaraq şərti şəkildə ağrı çəkmə halı baş verir və ya buna qarşılıq vermə nisbətində ağrı çəkmiş olurlar. Bəzən isə əziyyətə qarşılıq vermə mücərrəd olaraq əzələ dartılması şəklində baş verir. Xüsusən də əgər sinir sistemi düyünlü deyilsə və ya bədən üzvlərinin hər tərəfinə uzanmırsa. Necə ki, bir çox heyvanların bir-birini ovlaması böyük ağrıya səbəb olmur. Heyvanların davranışları üzrə məşhur mütəxəssis Jane Goodall’a görə yırtıcı heyvanların ov etmələrinin müşahidəsindən əldə edilən təcrübələr göstərir ki, yırtıcı öz canlı ovunu ovladığı zaman mənzərə nə qədər qorxunc görünsə belə qurbanlar çox tez müddətdə ölürlər və çox ağrı hiss etmirlər.(6) «Akula balığının hücumu» kitabının müəllifi deyir: «Akula balığının (ov üzərinə) hücumu zamanı zəruri deyil ki, ovunu pis bir şəkildə yaralasın. Mümkündür ki, akulanın əti qoparmağı ağrısız və yumşaq şəkildə baş versin. Necə ki, cərrahın kəsici alətiylə bu baş verir. Akulanın qurbanlarından dörddə birinin (ovunun) bəsit ağrı yaşadıqlarının və ya ağrı yaşamadıqları müşahidə olunmuşdur. Onlardan çoxu isə başlarına təhlükəli bir hal gəldiyindən xəbərsiz olmuşlar. (7)

İkincisi: Canlı varlıqların ağrını dərk etmələri (anlamaları):

Canlı varlıqların ağrı təcrübəsi bir çox mülahizələrə görə müxtəlifdir:

– Heyvanların özünü görmək təcrübəsi yoxdur (person – first perspective on their experiences). Ona görə də heyvanların həyatı boyunca davamlı dərk etdikləri ağrı hissiyyatı daşımaları insanda şəkk yaradır.

– İdrak problemi ilə əlaqədar olan fəlsəfi araşdırmalar (consciousness) ittifaq ediblər ki, mövcud canlılarda olan idrak təbiəti eyni deyildir. Burada yalnız bir çox məfhumlar və idrak dərəcələri var. (8)

– Heyvanlar ağrı təcrübəsini üst-üstə toplamaq gücünə malik deyillər. Çünki, öz ağrıları barəsində düşünə bilmirlər. Ona görə də heyvanlar insanların yaşadığı ağrı təcrübəsini yaşamırlar. Onların unutqanlıq təbiəti onların keçmiş ağrılarının indiki zamanla üst-üstə yığılmasından qoruyur. Başqa ibarə ilə desək: keçmişlə indiki zaman heyvan üçün eynidir. İnsan isə keçmiş ağrısını xatırlamaqla yanaşı, indiki ağrılarını keçmişlə müqayisə edir ki, bu digərindən daha böyükdür. Heyvanda isə zaman təsəvvürü olmur.

Biz heyvanın ağrı hiss etməsini inkar etmirik. Lakin, heyvanın üst-üstə yığılan vaxtın idrakını, anlamasını izah edirik. Hansı ki, bu heyvanın ağrı çəkməsi əksər ağrıları idrakının təbiətinə, sinir sisteminə və psixoloji sisteminə qayıdır.

– Ağrı hissi idraka qaytarılmalıdır, (kor-koranə) hiss etməyə deyil. Çünki, ağrı hiss etmək fizioloji quruluşdan çox psixoloji quruluşa daha yaxındır. (9) Buna bir çox döyüş, müharibə meydanları şahidlik edir. Məsələn; çox olur ki, döyüşçü (döyüş vaxtı) ağrı hissiyyatını itirir, amma, başqa adi hallarda bu (hansısa yaradan dolayı əmələ gələn ağrı) daha çox hiss olunur. (10)

Bura qədər keçən mülahizələrə əsasən bunları demək olar:

1) Təcrübənin davam etməsi canlı varlığın ağrını dərk etməsinin əsas ünsürüdür.

2) Heyvanlar (ağrı) təcrübəsinin davamlılığını itirirlər.

3) Ona görə də heyvanlar bizim yaşadığımız kimi ağrını yaşamırlar. (11)

Əxlaqi cəhətdən isə:
Heyvanın ağrı çəkməsini öyrəndikdə dörd məsələyə nəzər yetirmək lazımdır:

Birincisi: Heyvanlar etmədikləri cinayətə görə ağrı çəkdikləri kimi, etmədikləri fəzilətlərin qarşılığında təbiətdəki nemətlərdən qarşılıqsız faydalanırlar. Onu da qeyd edək ki, heyvanların həyatının əksər hissəsi əziyyət çəkmədən əldə etdikləri xeyirlərdən faydalanmaq içində keçir.

İkincisi: Etiraz edən şəxs haradan bilir ki, Uca Allahın bu canlılara ağrılarının qarşılığını vermir? Məgər o Allahın heyvanlara verdiyi bütün xeyirləri bilirmi? Məgər o heyvanlara verilən nemətləri heyvanlara toxunan əzab ilə müqayisə etməklə ağrının müsibətlərdən əlavə bir şey olduğunumu başa düşür? Məgər artıq ona aydın olub ki, uca Allah hər bəladan sonra heyvana bunun əvəzinə bir qarşılıq vermir? Bir şeyi bilməmək o şeyin olmaması demək deyil! Həmçinin, bir şeyin elmindən qafil qalmaq nəyisə inkar etmək üçün hüccət deyil. Məsələni qaytarmağın gərəkdiyi əsas – İslami təsəvvürlə yanaşsaq – bu ayəyə uyğun olmalıdır:
«Mərhəmətim hər şeyi əhatə edir» (əl-Ə`raf, 156)

Üçüncüsü: Heyvanlara toxunan iztirabın zahiri qiymətsiz və əbəs yerdədir – demək doğru deyil. Çünki, bu ağrıların çoxu heyvanın bədəninin qorunmasına xidmət edir. Məsələn; heyvanın aclıq ağrısını hiss etməsi onu qida axtarmağa sarı hərəkət etdirir, bu zaman baş verən aclıq ağrısı onu əziyyət və həlak səbəblərindən xəbərdar edir. Ona görə də bu növ əziyyət bu baxımdan heyvanın həyatda qorunma səbəblərindəndir.

Dördüncüsü: Bütünlüklə salamat qalmaq bəzən cüzi hissələrdən qurban verməyi gərəkdirir. Bu amil, təbiət nizamının qorunması üçün təbiət fərdləri arasında yardımlaşmanı gərəkdirir ki, heyvanların ölümü heyvan növünün qalması üçün bir yola çevrilsin. (12)

Ətyeyən heyvanların yaşaması üçün müəyyən zəif, gücsüz, bəzən də xəstə heyvanlar bu heyvanların qurbanına çevrilir. Həmçinin, digər canlılar da təbiətdə müəyyən qurbanlar verməklə həyatlarını davam etdirirlər. Bu bir-birini tamamlama ilə növlər qorunur, heyvanlar aləminin yer üzündə mövcudluğu davam edir. Bu ağrıları inkar etmək, bu ağrılar niyə var? — demək, belə asan sualları vermək isə bu aspektdən yanaşası olsaq, «heyvanlar aləmi mövcud olmasın» kimi bir əks mənaya da yozula bilər. Çünki, sualı verən təsəvvür etmək istəmir ki, heyvanlar aləmində müəyyən mübarizə olmasa, nə ot yeyən heyvanların, nə də ətyeyən heyvanların qalması mümkün olar. Belə sualları isə çox zaman sadəcə bu əzəmətli ehtişamda yaranmış aləmin əzəmətli hikmətlərindən cüzi bir hissəsini belə anlamaq istəməyən, həqiqətə dar çərçivədən baxan insanlar verirlər.

Qeydlər və istinadlar:

(1) Əlavə dəlillər üçün bax: (ən-Nəhl, 8; əl-Ğafir 79: əl-Muminun, 21-22)

(2) Michael, J. Murray, Nature Red in Tooth and Claw: theism and the problem of animal suffering (Oxford; New York: Oxford University Press, 2008), p. 42.

(3) Rene Descartes, A Discourse on Method, trans. John Veitch (London: Dent, 1957), pp. 44ff.

(4) Bu, «anthropopathism» adlanır. İki yunan sözündən törəyən bu söz: «insan və məşəqqət» sözlərinin birgə işlədilməsilə ərsəyə gəlib.

(5) (Daha ətraflı bax: C.Stephen Layman, Letters to Doubting Thomas: A Case for the Existence of good, p. 17)

(6) (Daha ətraflı bax: Hugo van Lasix and Jane Goodall, Innocent Killers (Boston: Houghton Mifflin, 1971), p. 13.

(7) H. David Baldrige, Shark Attack (New York: Berkeley Medallion Books, 1975), p. 222.

(8) Michael J. Murray, Nature Red in Tooth and Claw, p.52.

(9) Gilbert Ryle, The Concept of Mind (New York: Barnes and Noble, 1949), p. 203.

(10) Peter Harrison, “Teodicy and Animal Pain”, in Philosophy, Volunteering. 64, No. 247 (Jan, 1989), 86.

(11) Ibid, please. 91.

(12) Hubert S. Box, The Problem of Evil, pp. 50-53.

(13) Bu yazımızdakı mühüm mənbələrdən biri də dr. Səmimi Amirinin «Muşkilətuş-Şər va Vucudullah» kitabıdır.

Hazırladı:  Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar