Ateistin dialoq əsnasındakı hiylələri və bu hiylələrin qarşısının alınması yolları

Bu dəfəki yazımızda ateistlərin müsəlmanlarla dialoqu (iki nəfərin qarşılıqlı söhbəti) və daha çox şəxslə söhbəti zamanı əl atdıqları bəzi hiylələr və bu hiylələrin qarşısının alınmasından danışılacaqdır.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Ateistin dialoq əsnasındakı hiylələri və bu hiylələrin qarşısının alınması yolları:

Əziz müsəlmanlar! Bu dəfəki yazımızda ateistlərin müsəlmanlarla dialoqu (iki nəfərin qarşılıqlı söhbəti) və daha çox şəxslə söhbəti zamanı əl atdıqları bəzi hiylələr və bu hiylələrin qarşısının alınmasından danışılacaqdır. Xüsusən də ateistlərlə dialoq qurub onların batilinin qarşısının alınmasında, bu Allahsızlıq təbliğatının qarşısına sədd çəkmək istəyən, bu mübarək mübarizədə  yardımçı olmaq istəyən dəyərli müsəlmanların bu yazını oxumaları şiddətlə tövsiyə edilir. İndi isə bu praktikadan keçmiş, reallığı əks etdirən hiylələri və bu hiylələrə qarşı bəzi mühüm və təsirli hesab etdiyimiz mübarizə metodlarını təqdim edək:

1 – Sübutların gətirilmədən hansısa fəlsəfi və ya məntiqi iddianın sabit, qəbul edilmiş bir fikir kimi təqdim edilərək ortaya atılması;

Bu hiylə münazirələrdə işlədilən ilk hiylələrdəndir və demək olar ki, bu hiylədən istifadə etməyən ateist yoxdur. Məsələn; ateistlər deyirlər ki: «Əsas olan Allahın olmamağıdır və kim əksini deyirsə, o dəlil gətirməlidir.» Halbuki, bu açıq aydın bir don geyindirmə və aldatmadır. Çünki, əsas olan Allahın mövcudluğudur, onun mövcud olmaması barədə dəlil gətirmə cəhdləri ziddiyyətlidir və uğursuz cəhdlərdir. Elm Allahın varlığını təsdiqləyir. Hətta, dünyanın Allah olmadan yaranması barədə təqdim olunan nəzəriyyələrin hamısı elə elm tərəfindən də rədd edilmişdir. İstər big bang, istər təsadüfü yaranış, istər də başqa nəzəriyyələr fərziyyə olmaqdan o yana keçməmişdir. Belə iddia edənlər özləri də bəlkə bir maşının öz-özünə yarandığını deyən insana səfeh kimi baxarlar. Lakin, bu böyüklükdə və bu gözəllikdə aləmin öz-özünə yarandığını iddia etmələri çox qəribə və çox ziddiyyətlidir. Belə isbat olunmamış fəlsəfi və ya məntiqi iddialarla nəinki razılaşmaq olmaz, hətta, iddia edəndən dəlil tələb etmək gərəkir. Beləsinin əsas olan şeyi əksi kimi təqdim etməsinə imkan verilməməlidir, əksinə, misal çəkdiyimiz məntiqi misala bənzər misallar çəkilərək hiylələləri boşa çıxardılmalıdır.

2 – Terminlərin istifadəsində dərinə getmək və aydın olmayan məsələlərdən söz açmaq;

Ateist bu hiyləli üslubu istifadə etməklə özünün ağıllı, daha məlumatlı və üstün olduğunu, qarşısındakını isə düşüncə səviyyəsinin daha aşağı olduğunu göstərmək istəyir. Bunun çarəsi isə o bu üslubu işlətdikcə hər dəfə anlaşılmaz hər terminə görə onu dayandırmaq və:
filan cümlədə nə demək istəyirsən? – deyə sual verməkdir. Beləcə sən də onun qəsdini yaxşı anlamış olarsan və bir neçə yozumu olacaq ifadələrdən o söhbət uzaq olar. Bununla da onun bu hiyləsinin qarşısı alınmış olar. Həmçinin, onunla əvvəlcədən şərt kəsmək də olar ki, söhbət əsnasında bir neçə mənaya yozulacaq lüğəvi terminlərdən istifadə edilməyəcək və aydın bir dildə danışılacaqdır.

3 – Ümumi söz və cümlələr danışmaqla söhbətdən yayınmaq;

Bu hiylə də ateistlərin dialoq və münazirələrdə istifadə etdikləri məşhur hiylədir. Əgər ateist görsə ki, qarşısındakı müsəlman zəkalı biridir, üstəlik mövzu üzərində söhbəti davam etməyi və ya qarşıya bir məsələni şərt qoymaqla dialoq qurmağı yaxşı bacarır, bu zaman ateist özünün çıxış yolu olmadığını görür və ümumi (və aydın olmayan) söhbət etməklə mövzudan yayınmağa başlayır. Lakin, arada bir mövzuya aid bir-iki cümlə danışır ki, yayındığı hiss olunmasın. Çünki, onların əsas məqsədləri şübhələri atmaqdır, lakin, şübhələrə tutarlı cavab verildikdə insanlara özlərini susdurulmuş, payını almış kimi hiss etdirməməkçün bu üsluba əl atırlar.

Belə hiyləylə qarşılaşmamaqçün və ya bu hiylənin qarşısını almaqçün yollardan biri də ortada  söhbətin gedişatını idarə edən hakimin olmasıdır. Bu şəxsin (hakimin) rolu o olur ki, bu cür söhbətdən yayınma halları olduqda hər iki tərəfi elmi münaqişənin şərtlərinə əməl etməyə və suallara cavab verməyə çağırsın. Əgər ortada yardımçı olacaq belə bir şəxs olmazsa, onda məsləhət olunan odur ki, müsəlman dəvətçi özü ateistə xatırlatsın ki, mövzudan yayınmasın və ya onun sualına cavab versin. Bu tələbə cavab verilmədikdə müsəlman dəvətçinin haqqı çatır ki, əlavə söhbət və ya yeni mövzuya keçməkdən imtina etsin.

4 – Müdaxilə zamanı uzunçuluq etmək;

Ola bilsin ki, ateist dialoq əsnasında bu hiyləyə əl ataraq bezdirici və yorucu uzun bir söz yazsın və ya danışsın. Lakin, onun danışığına diqqət yetirdikdə görəcəksən ki, o bu uzun müdaxilədə bir və ya iki fikiri müdafiə edir. Bilmək lazımdır ki, ateist belə etməklə söhbəti izləyənlərə, müşahidəçilərə düşüncəsinin (“elminin”) və ya təcrübəsinin gücünü göstərmək istəyir. Çünki, ilk baxışda uzun bir müdaxilə bəzilərinə hüccətin və ya danışığın qüvvətliliyi kimi görünə bilər.

Bu hiyləni yunan fəlsəfəçiləri öz münazirələrində istifadə edirdilər. Yunan filosofu Protagoras bu hiyləni işlədən tanınmışlardandır. Xüsusilə də Platonla münazirəsində bu üslubdan istifadə etmişdi.

Əgər ateist bu üslubdan istifadə edərsə, ona bildir ki, söhbəti bir və ya iki məsələni əhatə edir və o məsələlərin nə olduğunu ona bildir. Sonra onun hiyləsini insanlara bəyan et. Onun bütün mənasız danışıqlarını bir-bir göstər və fikir əsaslarını dağıt.

5 – Söhbəti şaxələndirmək və bir neçə mövzuda söhbət açmaq;

Bu hiylənin məqsədi isə dialoqun ahəngdarlığını pozmaq və söhbəti şaxələndirməkdir. Xüsusən də görəndə ki, söhbət bir nöqtə üzərində davam edir – məsələn; Allahın varlığı barədə – ateist müdaxilə etdikdə bu nöqtə ilə kifayətlənmir, (bir mövzu bitməmiş, nəticə əldə olunmamış) başqa mövzulara – qəzavü-qədər, quranın mötəbərliliyi, peyğəmbərlik məsələləri və s. – söhbəti aparır ki, bununla bir mövzuda fikrini toplayaraq danışan müsəlman dəvətçini bir neçə sual barədə eyni vaxtda düşündürsün və onda çaşqınlıq meydana gəlsin. Bununla ateist rəqibinin bezginliyinə səbəb olaraq onun dialoqu tərk etməsini, bununla da sevinərək öz camaatının yanına dönüb “müsəlmana qalib gəldim” demək istəyir.

Bu hiyləyə aldanmamaq və qarşısını almaqçün ittifaq edilmiş məsələ üzərində danışılmalıdır. Bir mühüm qeyd də odur ki, əgər bu dialoq sosial şəbəkələrdə yazılı şəkildə gedirsə, o zaman söhbəti idarə edən müdir (və ya admin) gərək əsas mövzu ilə əlaqəli olmayan hər şeyi silsin.

6 – Deyilən fikirləri görməməzlikdən gəlmək;

Deyilən fikirləri görməməzlikdən gəlmək ateist üçün bir növ irəli doğru qaçmaqdır. O baxımdan ki, o yalnız öz istədiyinə cavab verir, onu cavab verməkdə çətinliyə salacaq və insanların içində utandıracaq şeylərə cavab verməyi isə tərk edir. Bu vəziyyətdə mövzu ilə əlaqəli bir məsələni tez seçir ki, zəif görünməsin. Həmçinin, özünü oxuculara, dinləyicilərə və ya münaqişə etdiyi şəxsə həmin cavab veriləsi məsələni unutmuş kimi göstərir. Sonra öz müdaxiləsinin yalnız bir hissəsini şərh edir və sənə o söhbəti unutdurmağa çalışır.

Belə vəziyyətdə dialoq quran müsəlman gərək söhbətin əvvəlində şərt qoysun ki, söhbət əsnasında elə bir məsələ olmayacaq ki, qısa da olsa, ateist buna fikirini bildirməsin. Müsəlman özü də bu şərtə və dialoqun baş tutması üçün ittifaq olunan digər şərtlərə riayət etməlidir.
Yazılı dialoqda diqqət yetiriləsi məsələlərdən isə qarşı tərəfin müdaxilə yazısını oxuyub bitirdikdən sonra ateistə də sənin müdaxilə etdiyin yazını oxumasını, oradakı fikirlər və şərtləri xatırlatmaqdır.

7 – Qarşı tərəfi bağlamaq üçün əsas məsələlərdən uzaqlaşıb ikinci, üçüncü dərəcəli mövzulara diqqət göstərmək;

Ateistin yalnız ikinci, üçüncü dərəcəli məsələlərdən danışması onun qarşı tərəfi problemə salmaq niyyətindən xəbər verir. Görərsən ki, həmin məsələlərə aid şübhələri yığıb hazırlamışdır. Onun bu şübhələrdən məqsədi ümumi camaatın əqidəsini silkələmək və rəqibini pis vəziyyətə salmaqdır. Xüsusən də, əgər o bilsə ki, rəqibi hədis və fiqh elmində dərin biliklərə malik deyil, bu hiyləyə əl ata bilər.

Burada bilmək lazımdır ki, ümumiyyətlə ateistlə üsul məsələləri (əsas məsələlər) danışılmalıdır. Əsas etiqadi məsələlər (Allahın varlığı, peyğəmbərlərin və kitabların göndərilməsinin zəruriliyi və s. ardıcıllıqla) danışılmadıqca, müzakirə edilmədikcə, ikinci, üçüncü dərəcəli məsələlərdən ümumiyyətlə danışılması doğru deyildir.

8 – Yalandan İslami kitabları oxuduğunu və bu işdə dərinə getdiyini iddia etmək;

Müasir internet dövründə cihazın arxasında oturan hansısa bir ateistin bizə özünü İslami kitablar barədə dərin biliklərə sahib olduğunu göstərməsi çox asandır. Hətta, ona kitabın içindən sual versən, internetdə bir düyməni basmaqla rahat şəkildə hansısa kitab haqqında müxtəsər məlumat əldə edib bunu kopyalayıb göndərərək özünün o İslami kitabı oxuduğunu və dərindən bildiyini iddia etməsi mümkündür.

Belə bir şəxslə dialoq quran müsəlman dəvətçi əgər canlı bir dialoqdadırsa və rəqibiylə üzbəüz danışırsa, ona hansısa kitab barəsində sual verməklə onu çətin vəziyyətə sala bilər. Halbuki, o bunu yazılı dialoqda edə bilmir.

Belə bir vəziyyətdə (bu hiylənin qarşısını almaq üçün) müsəlman şəxs ağıllı tədbir görərək ateistin yalanını ifşa etməlidir. Bunu da qarşı tərəfə (ateistin islami kitabları oxuması yalanının ifşasını) unutduraraq qəflətən ondan: filan alimin sözlərini filan kitabdan oxuduğunu deyirsən, amma, o alimin nə dediyini bizə bildirmədin, bu barədə fikrin nədir? – deyə soruşa və ya elmi münaqişə babından: “Sən o oxuduğunu iddia etdiyin kitabda bu alimin sözünü oxumamısanmı? Hansı ki, o alim belə deyir…” Sonra ona açıqca o alimin demədiyi sözü ateisti yoxlamaq məqsədilə demək ki, görək ateist o sözü oxuyubmu və ya o kitaba qayıdıb baxacaqmı bunun doğruluğunu yoxlamaqçün, əgər oxuyubsa, tapa biləcək, yoxsa, yalan danışır? Bunu da biləcək. Lakin, dərhal o alimin elə söz demədiyini, həmçinin, bununla da ateistin yalanının ifşa olunduğunu və oxuduğunu iddia etdiyi kitabdan heç nə oxumadığı aydın olacaq. Bundan sonra onun bu əməli pislənməlidir ki, ona ibrət və dərs olsun.

9 – Xristianların və şərqşünasların şübhələrini kopyalamaq və köçürmək;

Bu hiylə onu istifadə edən ateistin mədəni səviyyəsinin aşağı olmasının nəticəsidir. Dialoq etmək iddiasında olub kopyalamaqla məşğul olan, öz fikrini dialoqda bu cür bildirən ateistin yazısından bir-iki sözünü internetdə yazıb axtarmaqla əgər aydın olsa ki, ateist şəxsi fikrini ifadə edə bilmir və yalnız kopyalamaqla məşğuldur, bununla belə özünü elmli göstərirsə, elə o kimsə münazirə əsnasında rüsvay olacaq və aktivliyi aradan qalxacaq. Bu zaman ateist məcbur olacaq ki, dialoqu kopya ilə deyil, öz fikiri ilə davam etdirsin. Bu zaman müsəlman dəvətçiyə artıq dialoq asanlaşmış olacaqdır.

10 – İslami inanclara istehza və təhqirlə yanaşmaq;

Təbii ki, bu növ ateistlərin çox olduğunu görəcəksiniz. Bu üslubu istifadə edən ateistlər yalnız dinə və dindarlara qarşı öz kin-küdurətlərini, nifrətlərini boşaltmağa və hislərini ifadə etməyə çalışırlar. Əgər nəzərə alsaq ki, burada sosial şəbəkədə edilən elmi münazirə və ya dialoqdan söhbət gedir, onda belə bir hal baş verdikdə gərək dialoqu idarə edən şəxs (və ya admin) elmi şəkildə deyil, təhqirlə danışan ateistin sözlərini tamamilə silsin, sonra qaydaları pozan şəxsə xəbərdarlıq edilsin və bildirilsin ki, əgər bir daha buna qayıdarsa, münazirə qarşı tərəfin ümumi ədəb qaydalarına riayət etmədiyi üçün dayandırılacaqdır. Qurani-Kərim bizə bu barədə bu mühüm mesajı vermişdir:

«Allah Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman, günahkarlar başqa bir söhbətə keçməyincə onlarla bir yerdə oturmayın. Yoxsa siz də onların tayı olarsınız. Şübhəsiz ki, Allah bütün münafiqləri və kafirləri Cəhənnəmə toplayacaqdır.» (ən-Nisə, 140)

11 – İslami kitablardan dəqiqləşdirilməmiş məlumatları yaymaq;

Bu hiyləni də zəif ateistlər istifadə edirlər. Bu hiylə onlara İslama kin bəsləyən xristianlardan miras qalmışdır. Onlardan biri bu yolla hansısa İslam aliminə o alimin demədiyi bir sözü nisbət edir və deyir ki, “get filan kitaba və filan səhifəyə bax”, qarşı tərəf də çox vaxt elə güman edir ki, onun sözü doğrudur və baxıb dəqiqləşdirməyə ehtiyac yoxdur. Bu hiyləyə aldanan dərhal başlayır ki, “ola bilər, nə olsun ki, alim məsum deyil ki? Məsumluq peyğəmbərlə birgə dəfn edildi” və s. kimi sözlər danışmağa. Lakin, alim məsum olmasa da müsəlman dəvətçi birinci dəqiqləşdirməlidir ki, alim belə bir söz deyib ya yox?!
Həmçinin, müsəlman dəvətçi belələrinə mütləq şəkildə etibar etməməli, daim ehtiyatını götürməli, dəqiqləşdirməli və cavab vermədən öncə müəllifin sözünə baxmalıdır. Hətta, əgər nəql doğru olsa belə, (aşağıdakı şərh) iqtibas yerinə baxmalı və ya həmin yerləri diqqətlə oxuyub alimin qəsdini  düz başa düşməyə çalışmalıdır. Ola bilsin ki, müəllif ateistin anlamadığı bir şeyi demişdir.

Lakin, əgər alimə isbat edilən məlumat doğru çıxmazsa, o zaman o ateist hər yanda ifşa edilməlidir. Ateistin bir aldatmaca məlumatı yayması (bu məlumatın ifşası) bəs edir ki, onun bütün yazı və çıxışları etibardan düşsün.

12 – Əslində mövcud olmayan elmi işləri və nəzəriyyələri “varmış kimi” təqdim etmək;

Bu hiylə isə ateistin özündən nəzəriyyələr ixtira etməsi, bəzən mövcud olan ismlərdən istifadə etməsi, bəzən də əslən heç mövcud olmayan ismlərdən istifadə etməsiylə müşahidə olunur. Məsələn; sənə: bioloq alim filankəs oğlu filankəsin bir nəzəriyyəsi var (bu nəzəriyyəyə də özündən bəzəkli bir ad fikirləşir), lakin, sən əgər o ismi axtarsan, nə o nəzəriyyənin, nə də o ismin mövcud olmadığını görəcəksən. Yaxud da o elmi sahədə mövcud olan bir ad ilə özündən bir nəzəriyyə ixtira edir və yaxud öz inancını yeritmək üçün mövcud olan hansısa nəzəriyyəni təhrif edir.

Bu məqamda dəvətçi müsəlmanın (dialoq quran şəxsin) bu mövzuda olan müxtəlif elmi nəzəriyyələri bilməsi gərəkdir. Əgər dünyəvi elmlər istiqamətində təcrübi elmlər əsasında söhbət gedəcəksə, müsəlman bu sahədə mütəxəssis deyilsə, qoy bu sahəni daha yaxşı bilən birinin öhdəsinə buraxsın. Çünki, bu sahədəki xeyir əldə etmək və bu şərlərin qarşısının alınması bacarıq və ixtisaslarda yardımlaşdıqca daha da kamilləşir.

Həmçinin, bu zaman müsəlman dəvətçi gərək həmin ateistin (şəxsi) inancları barədə məlumat əldə etsin. Əgər məlumat əldə edə bilməzsə, onda ateistdən dəlil və məsdər tələb etməli, ya da ateist ona iddia etdiyi söz olan kitabın və səhifəsinin şəklini çəkməlidir.

Əgər o bundan aciz olarsa, bil ki, yalan danışır. Əgər hansısa nəzəriyyə barədə doğru danışarsa, müsəlman dəvətçi  gərək ateistə ən birinci təcrübi elmin sərhədlərini bəyan etsin. Həmçinin, elmi həqiqət hesab olunan şeylə nəzəriyyə arasındakı fərq də izah edilməlidir.

13 – Dilaloq etdiyi şəxsin sözünü qəsd etmədiyi mənaya yozmaq;

Bu zaman ateist müsəlman dəvətçinin sözünü qəsd etmədiyi mənaya yozaraq deyir ki “sən belə-belə dedin”… onun sözünü təhrif edir, sonra (özündən) bu təhrifə cavab verir. Çünki, onun rəqibin sözlərini təhrif etməkdə müsəlmanın sözünü zəiflətmək qəsdi vardır. Əgər müsəlman dəvətçi (dialoq edən) çoxlu məşğuliyyətlərindən və ya çoxlu məsələlərdən dolayı buna diqqət yetirməzsə, o zaman bu hiylə oxuculara və ya dinləyicilərə yönəlmiş olacaqdır. Elə isə ey müsəlman dəvətçi, hər hansısa bir münazirəyə vaxt ayıra bilməyəcəksənsə, bu münazirəyə əvvəldən başlama. Başladınsa da başqa iş barədə düşünmə, çünki, bu vaxt Allahın dini üçün ayırdığın vaxtdır, məxluqlar üçün deyil.

Sən gərək sözdən söz çıxaran, sözünü təhrif edən rəqibinin diqqətinə çatdırasan ki, sənin sözünü düzgün ifadə etsin və başqa yerə yozmasın. Əgər bundan sonra ateist yenə bu hiyləyə əl atarsa, bu zaman dialoqu dayandıra və ya münazirəni idarə edəndən (və ya admindən) münasib gördüyü icraatı tətbiq etməsini tələb edə bilərsən.

Dəyərli oxucu! Bu qeyd olunan hiylələr ateistlərin öz münazirələrində istifadə etdikləri hiylələrdir. Bu yollarla dindarları susdurmaq, onların dəlillərini və rəylərini zəiflətmək istəyirlər. Elə isə – Allah səni qorusun – bu hiylələrdən çəkin və bu hiylələrlə az öncə qeyd etdiyimiz şəkildə rəftar et. Nə badə şeytan sənə yumşaqlıq yolu tapıb ateistin İslamı qəbul etməsi ehtimalı ilə ona qarşı yumşalmağınla, səhlənkarlıq edib rahatlamağın və bu qaydalara əməl etməməyinlə fitnəyə salmasın. Çünki, sən elə bir mövqedən çıxış edirsən ki, dinini təmsil edirsən və ümmətin adından danışırsan. Sanki, İslamın səfirisən və dəvət bayrağını daşıyırsan. Sən dini və dinin ayinlərini, şəriət barədə olan şübhələri dəf edirsən. Ona görə də nəzakətli danışmağa layiq olmayan birinə yumşaq davranıb onun hiyləgərliyə əl atmasına şərait yaratmalı deyilsən. Necə ki, şiddətli davranmağa layiq olmayana da şiddətli davranmırsan.

Əslində bu məsələ, davranış qaydaları şəxsdən şəxsə, hiylə işlədib işlətməməsinə görə dəyişir. Sən yenə də bu əməlinlə Uca Yaradanın (Xaliqin) razılığını istəməlisən, istər O səni müxalifinin İslamı qəbul etməsinə səbəb etsin, istər də etməsin.

O cümlədən də sənə gərəkən odur ki, müxalifinə təziq edib İslamı qəbul etməsini tələb edərək nəticə əldə etməyə tələsməyəsən! Əksinə, tələsmək lazım deyil və ola bilsin ki, o İslamı aylar sonra yalnız münazirə bitdikdən sonra və hətta bəlkə də illər sonra qəbul etsin.

Çünki, həmişə münazirə müxalif kimsənin İslamı qəbul etməsiylə nəticələnmir. Bu yalnız onun zehnində müəyyən təsirə səbəb olur. O cümlədən də onun anlamadığı məsələlərə yenidən baxmasına zəmin yaradır. Çox vaxt isə səmərəli bir münazirədən sonra ateist İslami kitablara və bu mövzudakı kitablara daha da yaxınlaşır.

Müvəffəq edən Allahdır!

Müəllif: Əmin Abdul-Hədi əl-Xarbui,  “Keyfə tuhəviru mulhidən?” adlı kitabından ixtisarla

Tərcümə və ixtisar: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar