Ateist və ya şərqşünasların şübhəsinə cavab – Qadına şiddət?!

Uca Allah kişilərə bunu əmr edir: «Onlarla yaxşı davranın» (ən-Nisa, 19)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Uca Allah Qurani-Kərimdə buyurmuşdur:

«Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (əgər düzəlməsələr) yataqda onları tərk edin və (əgər yenə düzəlməsələr) onları yüngülcə kötəkləyin! Əgər sizə itaət etsələr, onlara əziyyət vermək üçün başqa yol axtarmayın. Həqiqətən, Allah Ucadır, Böyükdür.» (ən-Nisa, 34)

Bu ayəni “qadına hörmətsizlik” kimi təqdim edənlərə (bəzi ateistlərə, şərqşünaslara və s.) deyirik ki:

Cavabımız iki hissədən ibarətdir. Birinci hissə ümumi, ikinci hissə təfsilatlı cavabdır. Hər iki cavab arasında mühüm bir bağlılıq vardır.

BİRİNCİ HİSSƏ (ümumi cavab):

Bilmək lazımdır ki, İslam şəriətinin insana təsiri iki mühüm məsələnin ətrafında dövr edir:

1) İnsan daim mənfəətə can atır və bu sevgi ilə olur.
2) İnsan daim zərərdən qaçır və bu isə qorxu ilə olur.

Bir tərəfdən Allah qadınla yaxşı davranmağı əmr etmişdir ki, bu sevgi bağlıdır. «Qadınlarla xoş rəftar edin» (Nisa, 19) İkinci tərəfdən isə Peyğəmbər də (salləllahu aleyhi va səlləm) buyurub ki, «Sizin ən xeyirliniz aliləsiylə yaxşı davrananınızdır və mən də öz ailəmlə yaxşı davranıram». (ət-Tirmizi) İnsanda müəyyən miqdarda qorxu da olmalıdır. İnsanın fitrətinə qoyulmuş sevgi və qorxu hislərindən, sevgidən danışdıq. Qorxu tərəfi isə İslamın bəyan etdiyi cəzalar vasitəsilə gerçəkləşir. Bu cəzalandırmalar həmin anda şiddətli görünsə də, bu ümumən daha böyük mənfəətə hesablanmışdır. (Bu barədə «vurmaq cəzası barədə» məqalənin ikinci hissəsində daha ətraflı danışacaq və hətta «vurmaq» deyildikdə İslam şəriətində nəyin nəzərdə tutulduğunu da bəyan edəcəyik – Allahın izniylə)

Dediyimiz məsələnin hikməti isə:

Məsələn; (yuxarıda dediyimiz fitrətdə olan hala əsasən) İnsan mala can atır (yəni, malı sevir), eləcə də malı itirməkdən qorxur. Hətta, müasir dünyəvi qanunlar belə bu «fitrətə əsaslanan» qayda üzərində qurulmuşdur. Lakin, insanların çoxu İslam dininin insanın fitrətini necə qorumasına fikir verməmişlər. Dedik ki, dünyəvi qanunlar belə əsasən insanın fitrətdən olan «mənfəətə can atma (hansı ki, məhəbbətlə olur) və zərərdən uzaqlaşma (hansı ki, qorxu ilə olur)» qaydası üzərində qurulmuşdur. Şəriət qanunları da bunun üzərində nazil olmuşdur ki, insanların fitrətinə uyğun olsun. Uca Allah buyurmuşdur: «Allahın insanları üzərində yaratdığı fitrət budur.» Ayənin sonunda isə deyir: «Doğru din budur, lakin insanların çoxu bunu bilmir.» (ər-Rum, 30)

Dünyəvi cəhətdən də, məsələn; insan bir işə düzələndə sevgiylə işə başlayır ki, bunu da maaşa olan sevgisindən dolayı edir. Çünki, ehtiyaclarını ödəyəcək və mənfəət əldə edəcəkdir. Həmçinin, insan yaxşı bir işə düzəldikdən sonra o işi itirməkdən də daim qorxur. Bu da insanın dissiplinasını nizamlayır, tarazlayır.

Qadını şəriətin buyurduğu şəkildə (yüngülvari) döymək (ikinci hissədə bunun şərtlərini qeyd edəcəyik) bu da qorxu məsələsinə daxildir. Məsələn; qadının boşanması ilə sabit ailəsi dağılacaq, qadın məhəbbətini itirəcək, övladlar başsız qalacaq. Bu «yüngülvari döymək» cəzası da qadının öz xeyirinədir ki, boşanmaların sayı azalacaq, övladlar başsız qalmayacaq, bu cəmiyyətin də xeyirinə olacaq. Lakin, bir daha qeyd edirik ki, «döymək» sözü deyildikdə heç də ağıla gələn “döymək” mənası qəsd olunmur. (Bunu çox insanlar bilmir, məqalənin ikinci hissəsində bunu da ətraflı izah edəcəyik -Allahın izniylə)

İslamda boşanmanın qarşısını mümkün qədər almaq üçün mərhələlər qoyulmuşdur ki, insanlar birbaşa yox, o mərhələləri keçib çarə qalmadıqda, boşanmaya yönəlsinlər. (bu mərhələləri də ikinci hissədə qeyd edəcəyik)

İKİNCİ HİSSƏ: (təfsilatlı cavab)

Birincisi: bu ayədə qadının asiliyi (özbaşınalığı) zamanından, üsyankarlığı halından söhbət gedir. Heç də bu bütün hallara aid deyil.

İkincisi: ayədə “yumşaq şəkildə kötəkləmək mənası” Quranın təfsirlərində qeyd olunmuşdur ki, biz tərcüməni bəzi tərcüməçilər kimi “döyün” şəklində deyil, “yüngülvari kötəkləyin” şəklində tərcümə etdik. Çünki, Quranın təfsir alimləri “fədribuhunnə” ləfzinə bu mənanı vermişlər. Quranın dəqiq tərcüməsi olmadığı üçün mənaca tərcüməsini verdikdə də təfsir kitablarına əsasən bu mənaların verilməsi daha doğrudur.

Üçüncüsü: İslamda qadını və ya başqasını vurmaq deyildikdə hədislərdən də “üzə vurmaq və bədənin hansısa hissəsinə şiddətli vurmaq” qadağandır. İslama görə bunu nəinki insanın üzünə, hətta heyvanın belə üzünə vurmaq qadağandır.

Dördüncüsü: Bəzi alimlər bu ayədən: kiçik misvak (diş təmizləyən kiçik, adi barmaqdan nazik ağac budağı) ilə yavaşca kötək vurmağı, qəsd ediblər ki, başqa cür kötəklədikdə bu üç şərt olmalıdır:

1) bədənə iz qoymamaq,
2) şiddətli vurmamaq,
3) sümük zədələməmək.

Beşincisi: ayədə qadını səbəbsiz yerə vurmaqdan söhbət getmir. Bunu etmək qətiyyətlə qadağandır.

Altıncısı: ayədə ərlə arvad arasındakı problemdə birinci həll yolu kimi “yumşaq kötəkləmək” yolu göstərilmir. Əksinə, birinci asi qadınla danışmamaq, (nəsihət etmək həll yolu kimi göstərilib, ayəni diqqətlə oxumaqdan insanları yayındıranlar məhz ayədə üç tövsiyənin ən sonuncusuna diqqətləri yönəldirlər ki, bu da qəlblərindəki mərəzdən xəbər verir) əgər bu metodla düzəlməsə, ayədəki ikinci metoda baş vurulur: Yəni, «bir yataqda yatmamaq, yataqda onları tərk etmək» əmri yerinə yetirilir. Fayda üçün deyək ki, ayədə islah məqsədilə yatağı tərk etməkdə otağı tərk etmək deyil, sırf yatağı tərk etmək nəzərdə tutulub. Ola bilər, birinci metodla qadın düzəlsin, nəsihətlə iş bitsin və iş kötəklənməyə qədər gedib çıxmasın. Yatağı tərk etmək də qadını tərbiyələndirmək metodudur ki, fikir versəniz “yumşaq şəkildə kötəkləmək” əmri məhz ən sonda üçüncü metod və ya üçüncü mərhələ kimi qeyd olunub, ola bilsin ki, problem bu üçüncü mırhələyə kimi uzanmadan əvvəl həll olunsun. Həmçinin, bütün qadınlar eyni deyillər. Bu da bir hikmətdir ki, elə qadınlar var ki, azacıq sərtlik görməsə düzəlmirlər. Amma, çox qadınlar iki mərhələdə düzələ bilir və heç yavaşca vurmağa da ehtiyac qalmır.

Yeddincisi: Peyğəmbər (salləllahu aleyhi va səlləm) hədislərdən birində qadın döyən bir kişiyə qız verməkdən çəkindirmişdir. başqa hədislər də var ki, Peyğəmbər qadınları döyməyi yaxşı hal hesab etmir, onlarla yumşaq davranmağı əmr edir. Necə ki, Əbul-Cəhm adlı şəxs Qeysin qızı Fatiməylə nişanlandıqda onun barəsində demişdi: «Ona gəldikdə, o qadınları çox döyən bir kimsədir.» Bir rəvayətdə isə: «Əsasını boynundan yerə endirməyən biridir.» deyə varid olmuşdur.

YƏNİ AYƏDƏ MƏQSƏD QADINLARI VURMAĞA DƏVƏT ETMƏK DEYİL, AYƏDƏKİ MƏQSƏD İSLAH YOLLARINI GÖSTƏRMƏKDİR.

Bir də ki, Peyğəmbər buyurmuşdur: «Sizin ən xeyirliniz öz ailəsinə yaxşı davrananınızdır, və mən də öz ailəmlə yaxşı davranıram.» Bu böyük Peyğəmbərin öz həyatı da nümunədir ki, heç vaxt qadınlarına əl qaldırmamışdır.

Səkkizincisi: Bir də bu gün dünyada qadın döymək geniş yayılıb. Bu da çox pis haldır. Bunu İslamla bağlamaq doğru deyil. Lakin, İslam insanlara öyrədir ki, hər dəfə qadını döymək çıxış yolu deyil. Hətta, Quranda şübhə kimi gətirdikləri ayədən bir neçə ayə əvvəl Allah kişilərə bunu əmr edir: «Onlarla yaxşı davranın» (ən-Nisa, 19) Sonra isə qadınların özbaşınalığı zamanı üç islah metodundan danışılır. Halbuki, onlar elə birinci bu ayəni misal gətirməli idilər ki, Allah qadınlarla yaxşı davranmağı əmr etmişdir. Bir sözlə Allah bu ayə ilə (ən-Nisa, 34) qadını döyməyə yox, nə zaman insan buna məcbur olarsa, bunu yumşaq şəkildə, hansı mərhələdən sonra və necə edə bilər onu öyrədir, həmçinin, buna adət etməyin yaxşı bir iş olmadığını göstərir. Odur ki, İslam barəsində İslamın hansısa məsələdə mövqeyini bilmədən şübhə gətirənlər yanılırlar. Həqiqətən də Allah öz qullarını özlərindən də yaxşı tanıyır.

Doqquzuncusu: İki uğursuz alınan metoddan sonra (yəni, nəsihət etmək, düzəlməsə, yatağı tərk etmək) üçüncü «yüngülcə vurmaq» metoduna icazə verilsə də, qadın itaət etdiyi təqdirdə onu vurmaqdan əl çəkməyin vacib olmasını bilmək lazımdır. Elə həmin ayədə guya qadını “döyməyi” şübhə gətirənlər, nədənsə şübhəni gətirəndə ayənin bu hissəsini oxuculara təqdim etmirlər: «Əgər sizə itaət etsələr, onlara əziyyət vermək üçün başqa yol axtarmayın.» (ən-Nisə, 34)

Deməli, ayənin bu hissəsini gətirməyənlərin məkrli hiyləsi bir daha üzə çıxır. Halbuki, bu ayənin bir cümləsini gətirib başqa cümləsini verməyənlər dinə qarşı qərəzli və ədalətsiz mövqelərini sərgiləməkdən başqa bir şey etmirlər. Allahdan istəyirəm ki, bizi oxuyub faydalananlardan etsin!

Qeyd: Məqalədə qəsd olunan “şərqşünaslar”dan məqsəd İslamı öyrənməkdə məqsədi İslama qarşı mübarizə aparmaq olan şərqşünaslardır. Halbuki, şərqşünasları mötədil fikirli olanlarından danışmırıq. Çünki, şərqşünaslar bir neçə qismdirlər. Şərqşünasların bu qismini ona görə ateistlərlə birgə qeyd etdik ki, bu qism şərqşünaslar İslamla mübarizə aparmaq üçün ömürlərini həsr etmiş, kitablar yazmış, sonradan gələn dinsizlər üçün bir məsdərə çevrilmişlər.

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin magistr tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar