Allahdan qeyrisinə and içmək

«...kim and içərsə, ya Allaha and içsin, ya da sussun» (Buxari, 2679).

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Allahdan qeyrisinə and içmək kiçik şirkin növlərindəndir. Bu da bir kişinin: “Həyatım haqqı, Peyğəmbər haqqı, atam haqqı, Kəbəyə and olsun, filankəsin türbəsinə and olsun” və s. kimi sözləri deməsidir.

Allahdan qeyrisinə and içməyin hökmü haramdır.

Bir çox dəlillər də Allahdan qeyrisinə and içməyin haramlığına və şirk olmasına dəlalət edir. Bunlardan biri də bu hədisdir ki, Abdullah ibn Ömərin (Allah onların hər ikisindən razı olsun) rəvayət etdiyi hədisdə Rəsulullah ﷺ buyurmuşdur: «Bilin ki, həqiqətən Allah sizin atalarınızın adına and içməyi qadağan etmişdir, kim and içərsə, ya Allaha and içsin, ya da sussun» (Buxari, 2679).

Bir kişi Abdullah ibn Ömərin (Allah onların hər ikisindən razı olsun) yanına gələrək deyir ki: Kəbəyə and içim mi?
Abdullah ibn Ömər (Allah onların hər ikisindən razı olsun) deyir:
Xeyr! Kəbənin Rəbbinə and iç; Çünki Ömər (Allah ondan razı olsun) atasının adına and içirdi, Rəsulullah ﷺ isə ona deyir: «Atanın adına and içmə! Həqiqətən kim Allahdan qeyrisinə and içərsə, şirk etmiş olar». (İmam Əhmədin «Musnəd» əsəri, 2/69,86).

Abdullah ibn Məsud (Allah ondan razı olsun) bu barədə demişdir: «Mənim üçün Allaha yalandan and içməyim, Allahdan qeyrisinə doğurdan and içməyimdən daha sevimlidir» (Abdur-Razzaq Sananinin «Musannəf» əsəri, 8/469).

Sual: Nə üçün Abdullah ibn Məsud (Allah ondan razı olsun) Allaha yalandan and içməyi Allahdan qeyrisinə doğrudan and içməkdən üstün tutur? Şeyx Suleyman ibn Abdullah Əli Şeyx (Allah ona rəhmət etsin) bu suala belə cavab vermişdir: «Çünki, Allaha and içmək tövhiddir, Ondan qeyrisinə and içmək isə şirkdir, əgər Allahdan qeyrisinə doğrudan and içmək ilə Allaha yalandan and içmək müqayisə olarsa, o zaman tövhidin gözəlliyi doğru danışmağın gözəlliyindən daha əzəmətlidir, yalan danışmağın pisliyi isə şirkin pisliyindən daha yüngüldür» (Şeyx Suleyman, Teysirul-azizul-həmid, səh. 593).

Alimlər icma etmişlər ki, Allahdan qeyrisinə and içmək olmaz, yalnız insan Uca Allaha, Onun İsim və Sifətlərinə and içə bilər. Şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: «Allahdan qeyrisinə and içmək; mələklərə, peyğəmbərlərə, şeyxlərə, sultanlara və qeyrilərinə and içmək, alimlərin ittifaqı ilə bu qadağandır…». (Şeyxulislam ibn Teymiyə, «Məcmu’u fətava», 11/506). Şeyx Muhəmməd Əmin Əş-Şinqiti (Allah ona rəhmət etsin) demişdir: «Bil ki, and yalnız Allahın İsimlərinə və Sifətlərinə olur, məxluqa and içmək icazəli deyildir» (Muhəmməd Əmin Şinqiti, «Ədvaul-Bəyan», 2/123)

Abdullah ibn Ömərdən (Allah onların hər ikisindən razı olsun) rəvayət olunan hədisdə Rəsulullah ﷺ buyurmuşdur: «Kim Allahdan qeyrisinə and içərsə, küfr və ya şirk etmiş olar», bu da kiçik şirkdir, lakin and içən and içiləni əzəmətləşdirib, ona ibadət dərəcəsində edərsə, bu zaman böyük şirk olar. Necə ki, bu hal günümüzdə qəbirlərə ibadət edənlərin halıdır, onlar qəbr əhlindən birini əzəmətləşdirir, ondan qorxurlar, onlara olan qorxuları və onlara olan təzimi, Allaha olan qorxularından və Ona təzimindən daha çoxdur. Elə ki, onların birindən onların əzəmətləşdirdiyi vəliyə and içmək tələb olunduqda, onlar ona yalnız doğru olduğu halda and içərlər, ondan Allaha and içmək tələb olunsa, yalan olsa belə Allaha and içər.

And içmək and içilənə təzimdir, bu da yalnız Allaha bağlanır. Andın ucaldılması vacibdir; yəni and içməyi çoxaltmaq olmaz, Uca Allah buyurur: «Hər tez-tez and içənə, alçağa itaət etmə» (Qaləm, 10), Uca Allah buyurur: «Andlarınızı qoruyun» (Maidə, 89), yəni, yalnız ehtiyac anında və doğruluq, yaxşılıq halında and için; çünki, çox and içmək və ya yalandan and içmək Allahın Şənini alçatmağa, Onu ucaltmamağa dəlalət edir. Bu isə tövhidin kamilliyini inkar edir. Rəsulullah ﷺ hədisdə belə buyurmuşdur: «Üç sinif insan vardır ki, Allah onlarla danışmayacaq, onları təmizə çıxarmayacaq və onlar üçün böyük bir əzab vardır» onlardan da biri: «malını satanda da, alanda da həmişə Allaha and içər» (Tabarani səhih isnadla rəvayət etmişdir). Çoxlu and içməyə şiddətli əzab vədi gəlmişdir, bunun haram olmasına da Uca Allahın İsimlərinə ehtiram göstərmək və Onu ucaltmaq dəlalət edir.

Eyni zamanda Allaha yalandan and içmək də haramdır və bu da ğamusun andıdır (ğamus o kəsdir ki, keçmişdə olan bir şeyə bilərəkdən yalandan and içir), Allah da munafiqləri bildikləri halda yalandan and içənlər kimi vəsf edir.

Xülasə olaraq:
1. Uca Allahdan qeyrisinə and içməyin haram olması; Əmanətə, Kəbəyə, Peyğəmbərə ﷺ and içmək kimi və bu da şirkdir.
2. Allaha bilərəkdən yalandan and içməyin haram olması, bu kəs də ğamusdur.
3. Ehtiyac olmadan doğrudan and içsə belə Allaha çoxlu and içməyin haram olması; Çünki, bu Uca Allahı alçaltmaqdır.
4. Ehtiyac anında Allaha doğrudan and içməyin icazəli olması.

İstifadə olunmuş ədəbiyyat:

1 – Əl-Mufid fi Muhimmətit-Tovhid, Abdul-Qadir ibn Muhəmməd Ata.
2 – Aqidətut-Tovhid, Saleh ibn Fovzan ibn Abdullah əl-Fovzan.

Yazdı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Nail Paşayev

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    20.11. 2024
    NamazVaxt
    Sübh05:55
    Günəş07:33
    Zöhr12:27
    Əsr15:00
    Məğrib17:20
    İşa18:50
    Namaza yeni başlayıram

Son əlavə olunanlar