Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:
5-ci pis vərdiş; Çoxlu televizora baxmaq
İslam düşmənləri insanları azdırmaq və Ramazan ayında insanları Uca Allahın ibadətindən yayındırmaq üçün bir sıra yollara baş vurmuşlar. Bu yollardan bəziləri də müəyyən kinoları və s. teleserialları bu vaxtlarda istehsal edib qəsdli şəkildə Ramazan boyunca yaymalarıdır. Ramazan ayını sanki, teleseriallar (kinolar) və əyləncə proqramlarından ibarət imiş kimi unutdururlar ki, insanlar bu filmlərin əsirinə çevrilsinlər. Hətta, elə bir saat olmur ki, televiziyalarda hansısa yeni film nümayiş etdirilməsin. Beləcə insan bir televiziya kanalından başqa birinə, bir filmdən başqa birinə keçir, hətta, Ramazan ayı bitir, o isə bu pis vərdişindən əl çəkmək bilmir.
Allah Elçisi (salləllahu aleyhi va səlləm) buyurmuşdur:
«Müsəlmanların üzərinə Ramazandan daha xeyirli bir ay gəlmiş deyildir. Münafiqlər üçün isə Ramazandan şərli ay yoxdur. Möminlər bu ayda ibadətə qüvvət toplamalarıyla tədarük görürlər. Münafiqlər isə bu ayda insanların qəflətləri və eyibləriylə (məşğul olmaqla) tədarük görürlər. Bu ay möminlərə qazanc, facirlərə isə müsibətdir.»
(Əhməd və Beyhəqi rəvayət etmişdir. Əhməd Şakir isnadının səhih olduğunu demişdir, 8350; Şeyx Albani isə bu hədisi zəif görmüşdür)
6-cı pis vərdiş; Bəzi oruc tutanların pis əxlaqı
Ramazanda edilən pis vərdişlərdən bəzi oruc tutanların -Allah onları hidayət etsin – pis əxlaqlı davranışlarıdır. Onlar tez qəzəblənir, söyüşü və lənətləməyi çoxaldırlar, əxlaqsız sözlər, yalan, böhtan və insanlara qarşı həddini aşan sözlər işlədilər. Təəccüb doğuran məsələ budur ki, əgər sən belə birisini tənbeh etsən, sənə oruclu olduğunu hüccət gətirəcəkdir. Sanki, oruc pis əxlaqın, çirkin sözün və boşboğazlığın səbəbidir! Allaha and olsun ki, onlar bu iddialarında doğru deyildirlər. Belə danışmaq yalnız onların orucun həqiqətindən və hikmətindən cahil olduqlarına dəlildir.
Allah Elçisi (salləllahu aleyhi va səlləm) həqiqi oruclunun insanların səhvlərindən keçən və orucu salamat qalsın deyə Xaliqini razı salmaq üçün öz haqqını belə istəməyən olmasını bəyan etmiş və buyurmuşdur: «Əgər sizdən birinizin oruclu günü olarsa, çirkin söz söyləməsin və cahillik etməsin. Əgər bir kəs onunla savaşar və ya onu söyərsə, qoy desin: Mən orucam, mən orucam.» (Buxari, Muslim)
Həmçinin, Peyğəmbər (salləllahu aleyhi va səlləm) orucun həqiqətini bəyan edərək demişdir: «Oruc tutmaq yemək və içməyi (tərk etməkdən) ibarət deyildir. Əslində faydasız işlərdən və çirkin sözdən oruc tutulur. Əgər bir kəs səni söyər və ya sənə qarşı cahillik edərsə, de ki: Mən orucam, mən orucam.»
(İbn Xuzeymə və əl-Hakim rəvayət etmiş, Şeyx Albani səhih demişdir)
Həmçinin, Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurmuşdur: «Kim yalan danışmağı, yalanla əməl etməyi və cahilliyi tərk etməzsə, (bilsin ki) Allahın onun yeməyini və içməyini tərk etməsinə ehtiyacı yoxdur.» (Buxari)
Xalid Əbu Salihin “Əədəətun Seyyi`ətun fi Ramədan” adlı risaləsindən (mədərul vatən lin-nəşr – nəşriyyatı)
Tərcümə etdi: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!