Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:
Dəyərli oxucular! Şəkk yoxdur ki, Ramazan ayının müsəlmanlar üçün xüsusi yeri vardır. Bu ay, ibadət və Allaha yönəlmək ayıdır. Bu ay, şəhvətlərdən, qafilliklərdən və dünyaya bağlılıqdan qurtulma ayıdır. Bu ay, ruhi yüksəlişə, ruhi təmizliyə nail olmaq üçün fürsət olan aydır.
Buna görə də iman əhli bu ayı sevinclə qarşılayır və bu ayda rəhmət, bağışlanma və oddan qurtulma diləyirlər.
Baxmayaraq ki, bu hörmətli ayda müsəlmanların çoxu Allaha tərəf yönəlir, üz tuturlar, lakin, bir çox xətalar vardır ki, bəzi insanlar bu ayda bu xətalara yol verirlər. Bu, o həddə çatır ki, artıq bu xətalar mübarək Ramazan ayında edilən pis vərdişlərə çevrilmişdir. Bu pis vərdişlərdən bəziləri bunlardır:
1-ci vərdiş: RAMAZAN AYINI BAŞQA AYLAR KİMİ QARŞILAMAQ
Bəzi insanlar Ramazan ayına qədəm qoyduqda bu ayın fəzilətini bilmir, bu ayda tövbə etmir, nə tövbəsini təzələmir, nə bu aya xalis niyyətlə və düzgün əzmkarlıqla hazırlaşmır, nə də bu ayın onun həyatında bir təsiri olmur.
Beləcə o vərdiş şəklində oruc tutur – o da əgər tutsa – orucundan aclıq və susuzluqdan başqa bir şey bilmir. Amma, orucun hikmətlərindən, faydalarından, mənalarından və məqsədlərindən heç nəyi ağılına gətirmir, orucun hökm və ədəblərindən nə isə bir şey öyrənməyi özünə çətinlik sayır. Heç şəkk yoxdur ki, belə bir insan artıq böyük bir xeyiri və savabı əldən vermişdir.
Saleh Sələflər Ramazandan altı ay əvvəl dua edərdilər ki, Allah onları Ramazan ayına yetirsin, altı ay da (Ramazandan sonra) dua edərdilər ki, bu ayda tutduqları oruclar qəbul olunsun!
Elə insanlar da vardır ki, onlar bu aya tab gətirmir, canları sıxılır, bu ayı onları şəhvət və ləzzətlərindən ayıran düşmən hesab edirlər. Belələri ola bilsin ki, oruc tutsunlar, lakin, onların orucları könüllü, sevərək tutulan oruc deyil, məcburi və ikrahla edilən bir əmələ çevrilir. Bu iki növ oruc arasında fərq isə aydındır.
Xalid Əbu Salihin “Əədəətun Seyyi`ətun fi Ramədan” adlı risaləsindən (mədərul vatən lin-nəşr – nəşriyyatı)
Tərcümə etdi: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!